Icma.az
close
up
RU
GİDİ DÜNYA, ELDAR BƏYİ NEYLƏDİN?

GİDİ DÜNYA, ELDAR BƏYİ NEYLƏDİN?

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Şəmkirin məşhur Bədirbəylilər nəslinin Cəbrayılovlar ailəsinə ağır itki baş verib. Nəslin ləyaqətli təmsilçisi Eldar Cəbrayıl bəy oğlu Bədirbəyli (Cəbrayılov) 78 yaşında - doğum gününə dörd gün qalmış - 3 may 2025-ci ildə gecə saat 3 radələrində haqq dünyasına qovuşmuşdur. Mərhum  Şəmkirdə - doğmalarının uyuduğu Morul qəbiristanlığında dəfn edilmişdir.

O gündən onu tanıyan hansı bir kəslə görüşmüşəmsə, hamısından eşitmişəm: Eldar bəy bir evdən yox, eldən gedən ziyalılardandır. 

Rəhmətlik, şair dostum Səyavuş Sərxanlı söhbət düşəndə həmişə deyərdi: “Yaxşı adamlar günəş işığı kimidir: onların işığı özlərindən, qohumlarından çox elin, obanın üstünə düşür. Belə olanda həmin insanlar hamı tərəfindən sevilir və ehtiramla qarşılanır”.

Şəmkirdə yaxşı tanınan Bədirbəylilər nəslinin tanınmış təmsilçilərindən olan,  iyunun 8-də 40 mərasimi qeyd edəiləcək Eldar Cəbrayılov (Bədirbəyli) da belə insanlardandır. Xalqını, millətini sevən  vətənpərvər və xeyirxah ziyalı idi. O, arxasıza arxa duran, kimsəsizə, imkansıza kömək əli uzadan əsl bəyzadə idi.

Onunla ilk tanışlığım 1994-cü ilin qış aylarında oldu.  Redaksiyada adi iş günü idi. Üç nəfər qadın otağa daxil oldu, məlum oldu ki, onların üçü də ali təhsilli müəllimə, ailəlikcə qaçqındır. Bakıda, Bayıl qəsəbəsindəki çörək zavodunun yaxınlığında məskunlaşdıqlarını, onlara olan diqqət və qayğı barədə zavod rəhbərliyinə qəzet vasitəsi ilə təşəkkürlərini bildirməyə gəldiklərini açıqladılar.

Bir neçə gündən sonra “Azərbaycan” qəzetində  “Xeyirxahlıq unudulmur” sərlövhəli məqalə  həmin sıradan olan Almaz xanımın imzası ilə dərc olundu.

İllər sonra Eldar müəllimlə dost məclisində yaxından tanış olduq. O zaman Eldar müəllimin sürücüsü olmuş Aslan kişi bu əhvalatı təklikdə belə açıqladı:

- 1994-cü ilin qış ayları idi, bir də gördülər ki, 6 nəfər orta yaşlı qadın gəlib zavodun giriş qapısında dayanıb. Deyir, direktorla şəxsi işləri var, onunla görüşmək istəyirlər... Müavin, kadrlar şöbəsinin rəisi, digər məsul şəxslər ayrı-ayrılıqda gəlib onların ehtiyaclarını yerbəyer edəcəklərinə söz versələr də, bu qadınlar dediklərini dedilər: “Eldar müəllimin adına gəlmişik, vicdanlı, insaflı adamdır, biz sözümüzü ona demək istəyirik.  Ona deyin, biz Cəbrayıl rayonundan qaçqınıq, qəbul edirsə, gözləyək, mümkün deyilsə, heç kimdən incimədən, gedə bilərik...”.

Bu barədə Eldar müəllimə məlumat çatanda:

- Heç elə şey olar, gətirin, gəlsinlər, elə insanları qapıda gözlətmək olmaz... dedi:

Eldar müəllim onları kabinetində çox təmkinlə bir-bir dinlədi...

Altısı da müəllim idi, orta məktəbdə dərs deyiblər, əri şəhid, qazi olan da var, itkin düşən də... Dolanışıq vəziyyətlərini açıqlayaraq sonda zavodda işlə təmin olunmalarını xahiş etdilər. 

- Xanımlar, axı, ali təhsilli müəllimi fəhlə kimi işə götürə bilmərik, buna qanun yol vermir.

- Onda elə-belə işləyək, zəhmətimiz müqabilində evimizə, ailəmizə çörək apara bilək, axı uşaqlarımız...

Qışın oğlan çağında rezin qaloşlu müəllimlərin bu sözlərindən rəng verib-rəng alan Eldar müəllim xəyalən bolşevik-erməni birləşmələrinin 1920-1930-cu illərdə bəy və ağa babalarına, xanım-xatın nənələrinə verdikləri zülmü, bir loxma çörəyə möhtac qoyduğu repressiya illərini xatırladı, narahatlıq keçirə-keçirə dilləndi:

- Dediklərinizlə razıyam, amma bir şərtim var, birlikdə gedək rayon icra hakimiyyətinə, orada mən deyəni eləməsələr, siz sabahdan burada işləyəcəksiniz.

Eldar Cəbrayılov onlarla birlikdə maşına oturub gəlirlər Səbail Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm müəllimin qəbuluna.  Məsələni xanımların iştirakı ilə başçıya açıqlayır, ... “Vicdanım ağrıyır, neçə ilin ali təhsilli müəllimidirlər, necə fəhlə işləsinlər?” - deyə başçıdan xahiş edir ki, onların orta məktəblərdə ixtisaslarına uyğun işlə təmin edilməsinə kömək göstərilsin.

Eldar müəllimin xeyirxahlığına, xeyriyyəçiliyinə və ağayanalığına yaxşı bələd olduğundan Rüstəm müəllim telefonun dəstəyini qaldırıb rayon təhsil şöbəsinin müdiri ilə əlaqə yaradır, üç gün sonra 6 nəfər məcburi köçkün müəllimin iş problemi öz həllini tapır.

Zavoda yaxın ərazidə müvəqqəti məskunlaşan o ailələr bu görüşdən sonra Eldar müəllimin hesabına gündəlik çörək, un və bulka məmulatları ilə təmin edilirdilər.  O ailələrə Novruz, Qurban və Ramazan bayramlarında, Yeni ildə xüsusi sovqat bağlamaları çatdırılırdı. 

Gidi dünya, millətini sevən, vicdanı olan belə olmazmı?!

Dünyanın o qarmaqarışıq vaxtlarında Eldar müəllim  Qarabağda, eləcə də ölkəmizin Ermənistanla həmsərhəd bölgələrində erməni silahlı birləşmələrinə qarşı yaradılmış könüllü özünümüdafiə dəstələrinə istənilən yardımlar edib. 1992-ci ilin yazında Eldar müəllim  Qarabağda erməni quldurlarına qarşı döyüşən könüllülərə kömək məqsədilə  “Yardım Fondu”na 2 milyon rubl (manat) keçirib. O məbləğin qaiməsi indi də durur.

Eldar Bədirbəyli Şəmkir Xeyriyyə Cəmiyyətinin xətti ilə Ermənistan silahlı qüvvələrinin hücum əməliyyatlarının qarşısını almaq üçün respublikamızın Gədəbəylə həmsərhəd kəndlərindəki könüllü özünümüdafiə dəstələrinə daim yardımlar edib, Başkənddəki hərbi hissəyə BMP, BTR, dörd ədəd  “Qrad” qurğusu göndərib. Xatırladaq ki, polkovnik Cahangir Rüstəmovun komandirliyi altında fəaliyyətdə olan hərbi hissəni günaşırı çörək, bulka məmulatları, siqaret və digər gündəlik tələbat malları ilə təchiz edib.

O vaxtlar qonşu Gürcüstanda Azərbaycan dilli “Sovet Gürcüstanı” qəzetinin nəşri dayanmışdı, redaksiya əməkdaşları aylarla əməkhaqqı ala bilmirdilər...

Sağ olsun, Eldar Cəbrayılovu! Bunu bilən kimi o zaman “Təfəkkür” Universitetinin rektoru işləyən, əslən Şəmkirdən olan yazıçı-jurnalist Mail Dəmirli ilə əlaqə yaradıb, onun vasitəsi ilə Tbilisidə Azərbaycan dilli qəzetin mətbəəsinin fəaliyyətə düşməsi üçün kompyüter, printer, katrec, bir sözlə, ümumilikdə 5 min 200  ABŞ dolları dəyərində  müxtəlif çap ləvazimatları alıb göndərdi. Nəticədə qəzet nəşrini davam etdirdi.

O zaman Tbilisidə azərbaycanlıların dəfn olunduqları ərazi abadlaşdırılanda   büst və barelyeflər xeyriyyəçi Eldar Cəbrayılov tərəfindən Bakıda hazırlanıb Tbilisiyə gətirilmişdi. Pantionda istifadə olunan üzlük daş və digər dekorativ materialları o göndərmişdi...

Tanınmış rəssam Fərman Hüseynov bildirir ki, o vaxt Çardaxlının adı dəyişdirilib Çənlibel adlandırılanda Eldar müəllim çox sevindi. Hətta bu kənddə Aşıq Ələsgərin büstünün qoyulması təklifinə dəstək verib, bütün xərcləri öz üzərinə götürdü. Az müddət keçməmiş Aşıq Ələsgərin Bakıda  Əməkdar rəssam Azad Əliyevin  hazırladığı büstü Çənlibelin görməli yerində qoyuldu.

Heç yadımdan çıxmaz: Qafqaz Müsəlmanları İdarəsindən, Gəncədən və ətraf rayonlardan dəvət olunmuş din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəmkir şəhərinin görməli yerində baş tutan  məscidin açılış mərasimində jurnalist olaraq mən də iştirak edirdim.

Rəsmi hissədən sonra məsciddə yaradılan şəraitlə tanışlıq zamanı söhbətdən məlum oldu ki, məscidə yeni təyin olunmuş axund (cavan oğlan idi) Şəmkirə gəlmədir, qalacağı yeri olmadığından hələlik oteldə yerləşib...

Bakıdan dəvət olunmuş fəxri qonaqlar sırasında yer alan Eldar müəllim bu söhbəti eşidən kimi, ictimaiyyət nümayəndələri və qonaqların qarşısında rayon Polis Şöbəsinin binası yaxınlığındakı birotaqlı evini axund Azərə bağışladı.

Gidi dünya, yenə soruşuram: millətini sevən, vicdanı olan belə olmazmı?!

Əliaçıq, xeyirxah və kimsəsizlərə kömək olmağa çalışan Eldar Bədirbəyli  həmkəndlilərinə, uzaq və yaxın qohumlarına da əl tutmağı özünə mənəvi borc bilirdi.

Eldar müəllimin dostu kimi mən özüm şahidiyəm ki, bu günlərə kimi onun və həyat yoldaşı Sevil xanımın pensiya kartından  neçə illərdir Morulda yaşayan yaxın ailə üzvləri istifadə edir. Bu barədə söhbət düşəndə  Eldar müəllimin əmisi oğlu Oqtay özü ürək açıqlığı ilə dedi:

- Eldar bəy elədiyi yaxşılığı kiməsə bildirən deyildi, qohum-əqrəbamın bəlkə də çoxu bilmir ki, mənim qızım Nailənin nişanını da, toyunu da Eldarla Sevil xanım edib. Tək mənim qızımın yox eyy, rəhmətlik Bəhmən əmimin kiçk qızı Elmira xanımın oğlu Elçinin nişanının, toyunun ağsaqqalı Eldar müəllim idi. Belə misallardan çox çəkə bilərəm. Çünki Eldar bəyin evi və ailəsi bizim Bədirbəylilər nəslindən olan hər kəsin üzünə həmişə açıq olub, o adam, o ev ümid yerimiz idi...

Eldar müəllim həm də gözəl ailə başçısı idi. Həyat yoldaşı - əmisi qızı Sevil xanımla yaman günlərdə də, yaxşı günlərdə də mehribanlıqla dolanıblar. Cəmil və Bəşir adlı iki oğul övladı böyüdüblər, yaxşı tərbiyə və təhsil veriblər. Cütlüyün    Eldar, Elay, Murad, Məryəm və Camal adlı beş oğul nəvəsi var. Allahın işinə bax ki, onlar da babalarının ölümünə inanmırlar, söz düşəndə: - Babam bir azdan gələcək - deyirlər.

Nədənsə, dostları və onu yaxından tanıyanlar da bu itki ilə barışa bilmirlər... Bəzən üzlərini Tanrı dərgahına tutub təəssüflə: - Gidi dünya, belə bir insanı - Eldar bəyi neylədin?! - deyirlər.

Ruhun behiştlik olsun, əziz dost!

Rəhman SALMANLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 May 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see147

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see127

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see124

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see119

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see117

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see116

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see115

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see115

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see114

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

APL klublarının transfer fəallığı

14 İyul 2025 03:41see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

18 yaşını xüsusi parti ilə qeyd edən Lamin Yamal hakim qarşısına çıxmalı olacaq

14 İyul 2025 08:49see112

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see112

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see111

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri