Icma.az
close
up
RU
Gömrükdə sistemli qanunsuzluq baş verir

Gömrükdə sistemli qanunsuzluq baş verir

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.

Son dövrlərdə Azərbaycanda sahibkarlıq mühitinin real vəziyyətini anlamaq üçün rəsmi hesabatlara və statistik göstəricilərə baxmağa ehtiyac yoxdur. Bunun üçün gömrük bəyannamələrinə nəzər salmaq kifayətdir. İdxal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün gömrük artıq fiskal nəzarət orqanı funksiyasını aşaraq faktiki olaraq qiymət diktə edən, iqtisadi münasibətlərə birbaşa müdaxilə edən və bazar mexanizmlərini öz subyektiv yanaşması ilə yönləndirən bir struktura çevrilib. Bu, ayrı-ayrı icraçıların səhvi deyil, uzun müddət ərzində formalaşmış və davamlı xarakter alan sistemli qanunsuzluqların nəticəsidir.

Reyting.az xəbər verir ki, bu mənzərənin ən aydın nümunələrindən biri “Fenix Parts Group” MMC-nin işlənmiş avtomobil ehtiyat hissələrinin idxalı zamanı üzləşdiyi vəziyyətdir. Şirkət Amerika Birləşmiş Ştatlarından malları rəsmi alqı-satqı müqavilələri, kommersiya invoysları, nəqliyyat sənədləri və ixrac bəyannamələri əsasında, beynəlxalq ticarət qaydalarına tam uyğun şəkildə idxal etdiyi halda, gömrük orqanı tərəfindən təqdim edilmiş bəyannamələr dəfələrlə əsassız, formal və hüquqi məzmundan məhrum qeydlərlə geri qaytarılıb. Bu qeydlər nə konkret normativ aktlara, nə də ölçülə bilən hüquqi faktlara söykənməyib.

Gömrük orqanı iddia edir ki, bəyannamənin 31-ci qrafasında malların “tam təsviri”, “keyfiyyət göstəriciləri”, “istehsalçı” və “ticarət nişanı” barədə məlumatlar guya yetərli deyil. Halbuki söhbət işlənmiş, sökülmüş, müxtəlif avtomobillərdən çıxarılmış ehtiyat hissələrindən gedir. Bu kateqoriyaya aid mallar üçün istehsalçı, brend və artikul kodlarının göstərilməsi nə Azərbaycan Respublikası Gömrük Məcəlləsində, nə də “Gömrük tarifi haqqında” Qanunda məcburi tələb kimi nəzərdə tutulmayıb. Gömrük tərəfindən irəli sürülən bu tələblər faktiki olaraq qanunda mövcud olmayan öhdəliklərin sahibkara yüklənməsi və hüquqi əsas olmadan yeni “qaydaların” icra edilməsi deməkdir.

Ən ağır və prinsipial pozuntu gömrük dəyərinin müəyyən edilməsi mərhələsində baş verir. Gömrük orqanı heç bir obyektiv, ölçülə bilən və sübuta yetirilmiş əsas təqdim etmədən “sövdələşmə qiyməti” üsulunun tətbiqindən imtina edir və avtomatik qaydada “ehtiyat üsulu”na keçdiyini bildirir. Halbuki “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və GATT-ın VII maddəsinə əsasən, gömrük dəyərinin müəyyən edilməsində əsas və prioritet üsul məhz sövdələşmə qiymətidir və bu üsul yalnız ciddi, hüquqi cəhətdən əsaslandırılmış və sübuta yetirilmiş hallarda istisna edilə bilər.

Konkret bu iş üzrə sövdələşmə qiyməti rəsmi kommersiya invoysları, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələri və onların əlavələri, ABŞ-nın ixrac bəyannamələri, eləcə də nəqliyyat və yük sənədləri ilə tam, ardıcıl və bir-birini tamamlayan şəkildə təsdiq edilib. Gömrük orqanı nə bu sənədlərin saxtalığını iddia edir, nə də onların etibarsız olduğunu sübuta yetirir. Sadəcə, “kifayət qədər məlumat yoxdur” kimi ümumi, hüquqi nəticə doğurmayan ifadələrlə sahibkarı əlavə ödənişlərə məcbur etməyə çalışır. Bu isə artıq gömrük nəzarəti deyil, açıq-aşkar qiymət manipulyasiyasıdır.

Vəziyyəti daha da ağırlaşdıran məqam ondan ibarətdir ki, eyni sənədlər əvvəl qəbul edilir, daha sonra isə eyni əsaslarla yenidən rədd olunur. Bu davranış inzibati icraatın hüquqi müəyyənlik, sabitlik və etibarlı gözlənti prinsiplərinə ziddir. Sahibkar əvvəlcədən bilməlidir ki, hansı sənəd yetərlidir və hansı şərtlər daxilində fəaliyyəti qanuni hesab olunur. Qanun “təxminlə idarəetmə”ni tanımır.

Sahibkara məxsus yük artıq təxminən bir aydır ki, Bakı Baş Gömrük İdarəsinin ərazisində nəqliyyat vasitəsinin üzərində saxlanılır və bu vəziyyət açıq şəkildə qəsdən yaradılmış süründürməçilik təsiri bağışlayır. Gömrük orqanının hərəkət və hərəkətsizliyi nəticəsində sahibkara davamlı olaraq maddi zərər vurulur, eyni zamanda ciddi mənəvi təzyiq göstərilir. Gömrük bəyannaməsi gah tamamilə əsassız və hüquqi əsasdan məhrum bəhanələrlə geri qaytarılır, gah da heç bir qərar qəbul edilmədən həftələrlə hərəkətsiz vəziyyətdə saxlanılır. Bu proses zamanı sahibkarın hüquqları sistemli və məqsədli şəkildə kobud formada pozulur, qanunvericilikdə nəzərdə tutulmuş müddətlər bilərəkdən gözardı edilir, sahibkar faktiki olaraq inzibati süründürməçiliyə məruz qalır. Nəticədə sahibkar gömrük orqanının qanunsuz, normativ aktlarda nəzərdə tutulmayan və hüquqi əsası olmayan tələblərini yerinə yetirməyə məcbur edilir. Bu cür davranış artıq inzibati nəzarət çərçivəsindən çıxaraq, iqtisadi fəaliyyətə qarşı təzyiq və zorakı inzibati təsir mexanizminə çevrilib.

Gömrük əməkdaşlarına yaxın olduğu iddia edilən karqo şirkətlərinin fəaliyyəti isə vəziyyəti daha da ağırlaşdırır və bazarda rəqabəti faktiki olaraq məhv edir. Bu karqo strukturları gömrük prosedurlarından asanlaşdırılmış, selektiv və qeyri-şəffaf şəkildə istifadə etməklə malları ölkəyə xeyli ucuz və sürətli yollarla gətirirlər. Nəticədə qanunla işləməyə çalışan heç bir müstəqil sahibkar bu cür imtiyazlı mexanizmlərlə rəqabət aparmaq imkanına malik olmur.

Beləliklə, bir tərəfdən sahibkarlar rəsmi idxal zamanı süni əngəllərlə, şişirdilmiş qiymət tələbləri və süründürməçiliklə sıxışdırılır, digər tərəfdən isə gömrük orqanlarına yaxın karqo şirkətləri üçün faktiki olaraq “yaşıl dəhliz” yaradılır. Bu ikili standart bazar iqtisadiyyatının əsas prinsiplərini açıq şəkildə pozur, sağlam rəqabəti sıradan çıxarır və gömrük nəzarətinin korrupsiya risklərini daha da dərinləşdirir.

Bu cür yanaşma yalnız bir şirkəti deyil, bütövlükdə idxal mühitini iflic edir. Sahibkar iqtisadi riskləri hesablaya bilər, lakin gömrükdə risk artıq bazar şərtlərindən deyil, subyektiv və dəyişkən qərarlardan asılıdırsa, bu, biznesin ölkədən çıxmasına səbəb olur. İdxalın azalması, qiymətlərin kəskin artması və real rəqabətin sıradan çıxması məhz bu siyasətin birbaşa nəticəsidir.

Xüsusilə vurğulanmalıdır ki, “Fenix Parts Group” MMC uzun müddət ərzində əsasən yeni, istehsalçı tərəfindən buraxılmış ehtiyat hissələrinin idxalı ilə məşğul olmuşdur. Lakin ölkədə alıcılıq qabiliyyətinin zəifləməsi və istehlakçı tələbatının dəyişməsi fonunda şirkət bazarın real ehtiyaclarına uyğun olaraq işlənmiş ehtiyat hissələrinin idxalına keçmişdir. İlkin mərhələdə bu mallar Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri üzərindən gətirilmiş, lakin bu marşrutun iqtisadi baxımdan səmərəsiz olduğu aydın olmuşdur. Çünki həmin ölkələrdə mallar artıq gömrük rüsumlarına və vergilərə cəlb olunur, nəticədə eyni mal üzərində ikiqat fiskal yük formalaşır və əldə edilən gəlirin əsas hissəsi Azərbaycan büdcəsinə deyil, vasitəçi ölkələrin büdcəsinə yönəlir. Bu səbəbdən daha səmərəli və şəffaf qərar qəbul edilib: ehtiyat hissələrinin birbaşa “Ford” avtomobillərinin istehsal və əsas istismar ölkəsi olan ABŞ-dan idxalı. Lakin paradoks ondadır ki, məhz bu mərhələdə gömrük orqanı qanunsuz maneələr yaratmağa başlayıb, ABŞ-dan birbaşa idxal olunan malların Dubay və Gürcüstan üzərindən gətirilən eyni mallardan qat-qat yüksək qiymətlərlə bəyan edilməsi tələbini irəli sürür. Bu yanaşma nə iqtisadi məntiqə, nə milli qanunvericiliyə, nə də beynəlxalq ticarət prinsiplərinə uyğun gəlir. Əksinə, bu, səmərəli iqtisadi qərar verən sahibkarın cəzalandırılması, qeyri-səmərəli marşrutların isə faktiki olaraq təşviq edilməsidir.

Problemin həlli üçün sahibkar birbaşa Dövlət Gömrük Komitəsi sədrinin qəbuluna düşməyə cəhd göstərsə də, Bakı şəhərində real və əlçatan qəbul mexanizminin faktiki olaraq mövcud olmadığı ilə üzləşib. Bu səbəbdən sahibkar Komitə sədrinin region səfərlərini izləyərək Quba və Zaqatala şəhərlərinə getməyə məcbur olub. Lakin bu görüşlər problemin mahiyyətinin dinlənilməsi və həllinə yönəlməyib, tələsik, formal və açıq şəkildə “tez yola vermə” xarakteri daşıyıb. Texniki və hüquqi məsələləri məqsədli şəkildə emosional müstəviyə keçirməyə çalışıb, sahibkara irad tutulub, məsuliyyət problemdən yayındırılıb. Heç bir konkret tapşırıq və ya göstəriş verilməyib. Hətta görüşlərin birində sahibkar ABŞ-nın hüquqi dövlət olduğunu, qlobal ticarət sistemində hegemon mövqeyə malik ölkə sayıldığını və ixracatçı tərəfindən qanunvericiliyin tələb etdiyi bütün sənədlərin tam və vaxtında təqdim edildiyini vurğuladığı halda, Komitə sədri ABŞ-ı “sadə sıradan bir ölkə” kimi təqdim edib. Bundan da təəccüblüsü odur ki, görüşün bir hissəsi problemin hüquqi və iqtisadi mahiyyətinə deyil, “banan” sözünün guya düzgün işlədilməməsinə həsr edilib, Komitə sədrinin qəbulunda bu ifadənin istifadəsinin yolverilməz olduğu xüsusi qabardılıb. Belə bir yanaşma müzakirənin mahiyyətindən açıq şəkildə yayınmaqla yanaşı, problemin ciddiliyinə münasibətdə məsuliyyətsiz, qeyri-peşəkar və dövlət idarəçiliyinə yaraşmayan mövqenin tutulduğunu açıq şəkildə nümayiş etdirir.

Komitə sədrinin qəbulundan hər hansı real nəticə əldə edə bilməyən sahibkar son ümid yeri kimi Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurasına müraciət edib. Lakin burada da vəziyyət dəyişməyib, şikayət mahiyyəti üzrə araşdırılmadan, faktlar və sənədlər təhlil edilmədən, formal prosedur çərçivəsində rədd edilib. Praktikada Apellyasiya Şurası sahibkar üçün real hüquqi müdafiə mexanizmi rolunu oynamayıb, əksinə, əvvəlcədən verilmiş qərarların “rəsmiləşdirildiyi” görüntü xarakterli bir mərhələyə çevrilib.

Apellyasiya Şurasının sədri Bəhruz Quliyev iclas zamanı emosional və populist çıxış edərək Azərbaycan Respublikasının “banan ölkəsi” olmadığını və guya gömrük orqanlarının tam qanuni, şəffaf və qüsursuz fəaliyyət göstərdiyini bəyan edib. Lakin bu iddialar iclasın faktiki gedişi ilə tam ziddiyyət təşkil edir. Sahibkara cəmi 1-2 dəqiqəlik formal çıxış imkanı yaradılıb, o, məsələni hüquqi və faktiki əsaslarla izah etməyə çalışdığı anda sözləri yarımçıq kəsilib və məsələ mahiyyəti üzrə müzakirə edilmədən dərhal səsvermə mərhələsinə keçilib. Nəticədə, şikayət heç bir real araşdırma aparılmadan təmin edilməyib.

Daha da diqqətçəkən və narahatedici məqam ondan ibarətdir ki, bu qərar elan edildikdən dərhal sonra Apellyasiya Şurasının iclası zamanı aparılan video çəkiliş dayandırılıb. Halbuki Apellyasiya Şurasının iclaslarının video qeydə alınması məhz şəffaflıq və hesabatlılıq məqsədi daşıyan institusional praktikadır. Kamera söndürüldükdən sonra isə iclasın xarakteri kəskin şəkildə dəyişib, artıq ictimai nəzarət olmadığı şəraitdə sahibkar qısa müddət ərzində dinlənilib, məsələ şura üzvləri ilə qapalı şəkildə müzakirə edilib.

Lakin bu mərhələdə də ortaya hər hansı konkret tapşırıq, göstəriş və ya hüquqi nəticə qoyulmayıb. Bu fakt açıq şəkildə göstərir ki, Apellyasiya Şurasının açıq iclasları mahiyyət etibarilə formal xarakter daşıyır, real müzakirə və qərarvermə isə yalnız kamera söndürüldükdən sonra, qeyri-rəsmi və nəzarətsiz müstəvidə baş verir. Belə bir praktika isə Apellyasiya Şurasının yaradılma məqsədi, hüquqi funksiyası və ictimai etimad anlayışı ilə kökündən ziddiyyət təşkil edir.

Məhz bu səbəbdən sahibkar Apellyasiya Şurasına yazılı müraciət edərək sözügedən iclasın tam video görüntüsünün ona təqdim edilməsini tələb edib. Məqsəd bu materialları ictimaiyyətə açıqlamaq, sosial şəbəkələr və açıq platformalar vasitəsilə Apellyasiya Şurasının iclaslarının formal keçirildiyini, sahibkarların real dinlənilmədiyini və faktiki vəziyyətin ölkə rəhbərliyinə təhrif olunmuş şəkildə təqdim olunduğunu açıq və danılmaz sübutlarla nümayiş etdirməkdir.

Sahibkar Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunan foruma da qatılıb. Lakin forum çərçivəsində vəzifəli şəxslər yalnız formal çıxışlar edib, çıxışlarını bitirdikdən sonra zalı tərk edib, sahibkarların suallarını və problemlərini dinləyən olmayıb. Bu hal bir daha göstərir ki, Komitə tərəfindən keçirilən tədbirlər real dialoqa deyil, formal görüntü yaratmağa xidmət edir və mahiyyət etibarilə ictimai iştirakçılıq funksiyasını daşımır.

Bütün bunların fonunda son illərdə KİV-lərdə gömrük orqanlarında baş vermiş qaçaqmalçılıq, vəzifə cinayətləri və milyonlarla manatlıq qanunsuz dövriyyə faktlarının ifşa olunması təsadüfi deyil. Bu hallar problemin tək-tək icraçılarla deyil, dərin institusional xarakter daşıdığını açıq şəkildə göstərir.

Nəticə etibarilə bu gün sahibkar hər tərəfdən sıxışdırılır: gömrükdə şişirdilmiş qiymət tələbləri, inzibati süründürməçilik, qeyri-bərabər rəqabət mühiti. Bu siyasətin nəticəsi bazarda süni qiymət artımı, istehlakçının zərəri və sahibkarlıq mühitinin sistemli tənəzzülüdür.

Bu artıq bir şirkətin problemi deyil. Bu, gömrük idarəçiliyinin böhranı və sahibkarlıq azadlığının faktiki olaraq boğulmasıdır. Sual isə son dərəcə sadədir: qanun işləyəcək, yoxsa “praktika” adı altında qanunsuzluq davam edəcək?

Bu sual cavabsız qaldıqca, gömrük iqtisadiyyatın boğazında dayanmağa davam edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see159

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see151

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see149

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri