Gördüyümüz hər şey doğrudurmu? Deepfake TƏHLÜKƏSİ
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya mühitində yeni imkanlarla yanaşı, ciddi risklər də yaradıb. Bu risklərdən biri də son illərdə geniş yayılmağa başlayan deepfake məlumatlardır. Deepfake texnologiyası reallıqla saxtanı bir-birindən ayırmağı çətinləşdirərək cəmiyyət, media və fərdlər üçün təhlükəli nəticələr doğura bilər və ölkə olaraq biz bü cür təhlükəli məqamlarla tez-tez qarşılaşırıq.
Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından "deepfake" texnologiyası tətbiq olunmaqla hazırlanmış saxta məzmunlu daha bir videonun yayılması dediklərimi bir daha təsdiq edir.
Bu videoya görə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yaymağa məcbur oldu:
"Süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi Azərbaycan və Türkiyə arasında olan münasibətləri zədələməyə, iki qardaş ölkə arasında mövcud olan strateji müttəfiqliyə xələl gətirməyə və qarşılıqlı etimadı sarsıtmağa xidmət edir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, "deepfake" texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik".
Göründüyü kimi, artıq cəmiyyət demək olar hər gün ortaya çıxan yeni bir problemlə üz-üzə qalır və təbii olaraq həmin problemlərlə mübarizə immuniteti də yaranmaqdadır. Bu cur zərərli vasitələrə qarşı ən yaxşı mübarizə isə maariflənmə, diqqət və texnoloji bilgilərdir.
Bəs deepfake nədir və onun təhlükələri nədən ibarətdir?
Deepfake süni intellekt və dərin öyrənmə (deep learning) alqoritmləri vasitəsilə yaradılan, real insana aid saxta video, səs və ya görüntülərdir. Bu texnologiya mövcud şəkil, video və səs materiallarını analiz edərək bir insanın üzünü, mimikasını və səsini başqa bir video və ya audio fayla tətbiq etməyə imkan verir.Nəticədə, insanın heç vaxt demədiyi sözləri deyirmiş və ya etmədiyi hərəkətləri edirmiş kimi göstərən olduqca inandırıcı məzmun yaranır. Deepfake texnologiyası ilkin mərhələdə kino və əyləncə sənayesində istifadə olunsa da, bu gün daha çox dezinformasiya və fırıldaqçılıq aləti kimi diqqət çəkir.
Mütəxəssislər əsas təhlükələri belə sıralayır:
Dezinformasiya və ictimai manipulyasiya – saxta siyasi çıxışlar və xəbərlər
Maliyyə fırıldaqları – səs deepfake vasitəsilə rəhbər və ya yaxın adam adı ilə pul tələb edilməsi
Şəxsi nüfuzun zədələnməsi – fərdlərin adından saxta videoların yayılması
Psixoloji və sosial təsirlər – cəmiyyətin informasiyaya olan etibarının azalması
Bu hallar informasiya təhlükəsizliyi anlayışını yeni mərhələyə çıxarır.
Deepfake-i aşkar etmək niyə çətindir?
Müasir deepfakelər texniki baxımdan o qədər inkişaf edib ki, adi istifadəçi üçün onları ayırd etmək çətindir. Çünki süni intellekt real mimikanı təqlid edir, səs tonunu və emosiyanı kopyalayır, video keyfiyyətini təbii saxlayır. Bu səbəbdən yalnız texniki bilik deyil, tənqidi düşüncə də vacib rol oynayır.
Deepfake məlumatlardan necə qorunmaq olar?
İlk növbədə Tənqidi yanaşma formalaşdırmaq, hər görünən video və eşidilən səsə dərhal inanmaq olmaz. Xüsusilə, “təcili” xarakterli çağırışlar, pul və ya şəxsi məlumat tələbləri şübhə ilə qarşılanmalıdır. Məlumatı alternativ mənbələrdən yoxlamaq da vacibdir. Əhəmiyyətli bir xəbər və ya açıqlama yalnız bir mənbədə varsa, onun doğruluğu sual altındadır. Etibarlı media və rəsmi kanallar əsas meyar olmalıdır. Rəsmi qaynaqlarla işləmək vacib amildir. Sosial mediada, açıq platformalarda çoxlu video və səs paylaşmaq deepfake yaradılmasını asanlaşdırır. Xüsusilə şəxsi və peşəkar məlumatların qorunması vacibdir.
Rəqəmsal savadlılığı artırmaq
Deepfake texnologiyası haqqında məlumatlı olan insan:
manipulyasiyanı daha tez anlayır,
emosional qərarlar vermir,
informasiya təhlükəsizliyinə daha məsuliyyətlə yanaşır.
Təbii ki, rəqəmsal savadlılığa elə ailədən, uşaqlardan, məktəblərdən başlamaq lazımdır. Uşaqların deepfake və ümumilikdə rəqəmsal saxtakarlıqlar barədə məlumatlandırılması müasir təhsil sisteminin vacib tərkib hissəsinə çevrilməlidir. Məktəblərdə bu istiqamətdə şagirdlərin yaş səviyyəsinə uyğun rəqəmsal savadlılıq dərsləri, real və saxta məzmunu ayırd etməyə yönəlmiş praktik nümunələr, həmçinin onlayn təhlükəsizlik və şəxsi məlumatların qorunması mövzusunda maarifləndirici müzakirələr aparıla bilər. Müəllimlər şagirdlərə hər gördükləri video və ya eşitdikləri məlumata tənqidi yanaşmağı, şübhəli hallarda valideyn və ya müəllimə müraciət etməyin vacibliyini aşılamalıdırlar. Bu cür sistemli iş uşaqların həm informasiya manipulyasiyasından qorunmasına, həm də məsuliyyətli rəqəmsal vətəndaş kimi formalaşmasına töhfə verər.
Nəticə etibari ilə
Deepfake məlumatlar müasir dövrün ən ciddi informasiya təhlükələrindən biridir. Texnologiyanın inkişafı qarşısında tam müdafiə mümkün olmasa da, məlumatlılıq, tənqidi düşüncə və düzgün davranış vərdişləri bu riskləri minimuma endirə bilər. Cəmiyyət olaraq əsas vəzifə yalnız texnologiyanı izləmək deyil, onu düzgün istifadə etməyi də öyrənməkdir.
Sahil Tahirli
Media mütəxəssisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 28 Yanvar 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















