“Görək Dilçilik İnstitutu yenə hansı sürprizi təqdim edəcək” Nizami Cəfərov
Icma.az bildirir, Bizim media portalına istinadən.
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanması ilə bağlı xəbər, xüsusilə, əvvəlki lüğətlərdə yer almış sözlərin yazılışının yenidən nəzərdən keçirilməsi, bəzi sözlərdə dəyişikliklərin edilməsi yenidən müzakirə mövzusuna çevrilib. Orfoqrafiya lüğəti üzərində vaxtaşırı iş aparılmasına ehtiyac olmadığını düşünənlər də az deyil.
Ümumiyyətlə neçə ildənbir Orfoqrafiya lüğəti yenilənməlidir?
Akademik, dilçi alim Nizami Cəfərov Bizim.Media-ya bildirdi ki, məsələnin strateji tərəfi orfoqrafiya lüğətinin yenidən nəşrində deyil, orfoqrafiya qaydalarının mükəmməlləşdirilməsindədir:
“Dilimizin orfoqrafiya qaydaları kifayət qədər təkmilləşib. Bununla belə, bu sahədə hələ görüləsi işlər var. Orfoqrafiyanın qloballaşma şəraitində dillərin inkişafına uyğunlaşması, dilimizə daxil olan alınma və xarici sözlərin yazılış prinsiplərinin müəyyənləşdirilməsi vaxtaşırı orfoqrafiya qaydalarına yenidən baxılmasını və onların sistemləşdirilməsini zəruri edir. Əsas məsələ bu işin daim və sistemli şəkildə aparılmasıdır”.
Lüğətlərin nə qədər tez-tez yenilənməsinə gəlincə, N.Cəfərov xatırlatdı ki, vaxtilə Milli Məclisdə Dil haqqında qanunun qəbul edilərkən beş ildən bir yeni orfoqrafiya lüğəti nəşr olunması ilə müzakirələr aparılıb:
“Onu da nəzərə almaq lazımdır ki, lüğətlərin müxtəlif növləri var. Akademik orfoqrafiya lüğəti ilə yanaşı, orta məktəblər üçün ayrıca orfoqrafiya lüğətləri də nəşr oluna bilər. Hər hansı sahəyə aid terminoloji lüğət hazırlanırsa, onun da orfoqrafik xüsusiyyətləri nəzərə alınmalıdır. Digər lüğətlərə də eyni prinsip şamil olunur. Bütün hallarda orfoqrafik normalara riayət olunmalıdır”.
Akademik vurğuladı ki, hazırda Dilçilik İnstitutunda yeni lüğət üzərində iş aparılır. Əvvəlki nəşrlərdə yol verilmiş müəyyən qüsurların aradan qaldırılması istiqamətində çalışırlar.
“Əvvəlki lüğətdə pərakəndəlik vardı”
“Bu qüsurların əksəriyyəti prinsipsizliklə bağlıdır. Yəni eyni bir halda müxtəlif prinsiplərə və qaydalara riayət olunur. Bir yerdə müəyyən qayda tətbiq edildiyi halda, başqa yerdə fərqli yanaşma ortaya çıxır. Bu isə lüğətdə pərakəndəlik yaradırdı. İndi gözləyək görək, Dilçilik İnstitutu bizə növbəti dəfə hansı sürprizi, hansı yeniliyi təqdim edəcək. Müzakirəyə ehtiyac yaranarsa, əlbəttə, müzakirə olunacaq”.
Bəs Tərcümə Mərkəzinin hazırladığı yeni orfoqrafiya lüğətinin aqibəti necə oldu?
N.Cəfərov diqqətə çatdırdı ki, həmin lüğət həm Azərbaycanda, həm də Türkiyədə nəşr olunub:
“Tərcümə Mərkəzinin fəaliyyəti dövründə, qurumun rəhbəri, yazıçı Afaq Məsudla birlikdə tamamilə yeni prinsiplər əsasında, keyfiyyətcə fərqli bir orfoqrafiya lüğəti hazırladıq. Əsas məqamlardan biri də onun Türkiyədə çap edilməsi idi. Bununla biz həm türk dünyasına, həm də Türkiyəyə göstərdik ki, bir türk respublikasında orfoqrafiya lüğətinin hazırlanmasında, əvvəlki lüğətlərlə müqayisədə hansı yeniliklərə və hətta inqilabi dəyişikliklərə nail olmaq mümkündür.
Bu, eyni zamanda onu göstərdi ki, yeni bir qurum da mövcud təcrübələrdən fərqli, alternativ lüğət hazırlaya bilər və həmin lüğət gələcəkdə digər nəşrlərin daha keyfiyyətli hazırlanmasına müəyyən təsir göstərə bilər. Tərcümə Mərkəzinin hazırladığı lüğət uğurlu nəşrdir. Bu, öz mövqeyi, öz orfoqrafiya prinsipləri olan bir lüğətdir. Orfoqrafiya qaydalarına əməl edilməsi baxımından hansı işlərin görülə biləcəyini, hansı potensial imkanların mövcud olduğunu ortaya qoyan bir təcrübədir”.
Akademik əlavə etdi ki, Dilçilik İnstitutu özünün tarixi ənənələrinə əsaslanaraq, eyni zamanda Tərcümə Mərkəzinin hazırladığı lüğəti və digər mövcud təcrübələri də nəzərə almaqla bu istiqamətdə işini davam etdirməlidir. Keyfiyyətli orfoqrafiya lüğəti hazırlamaq Dilçilik İnstitutunun birbaşa səlahiyyəti olmaqla yanaşı, dövlətin onun qarşısına qoyduğu əsas missiyalardan biridir.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 26 Noyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















