Uşaqlar ailədə təhlükə ilə üz üzədir: 4 şagird sığınacağa yerləşdirildi
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin ilk 10 ayında məktəblilərə qarşı məişət zorakılığı ilə bağlı 92 hal qeydə alınıb. Faktlar “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən əməkdaşlar tərəfindən aşkarlanıb. Bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfransda danışıb. O bildirib ki, qeydə alınan hallardan 42-si davamlı xarakter daşıyıb və daha ciddi olub.
“Hər bir hal araşdırılıb. Baş verən hadisələrlə bağlı aidiyyəti təşkilatlara müraciət edilib. Məişət zorakılığı ilə əlaqədar 4 şagird sığınacağa yerləşdirilib. Bizə müraciət edilən məişət zorakılığı hallarından 10-u valideynlər tərəfindən deyil, ailədə yaşayan digər şəxslər - ögey ana, ögey ata və ya qohumlar tərəfindən törədilib”, – deyə o vurğulayıb.
16 günlük kampaniyanın fəal iştirakçıları arasında olan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında bildirib ki, ailələrdə uşaqların vəziyyəti mütəmadi monitorinq edilməlidir. Xüsusilə də təkrar ailə qurmuş şəxslərin himayəsində olan uşaqlara diqqət yetirilməlidir:

“G.Səfərovanın təqdim etdiyi faktlar illərdir təkrarladığım təklifi yenidən gündəmə gətirir. Təkrar ailə quran şəxslərin himayəsində olan uşaqlar nəzarətə götürülməlidir. Uşaq hüquqları üzrə qurumlararası komissiyalar həmin uşaqların ailədəki vəziyyətini davamlı şəkildə monitorinq etməlidir.
Reallıq budur ki, ögey ana və ataların himayəsində olan uşaqlara qarşı psixoloji, iqtisadi, verbal, hətta cinsi zorakılıq halları baş verə bilir. “Özgə uşağı olmur” desək də, düşüncəmizdə özümüzdən olmayan uşaqlara qarşı amansız davranış hələ də mövcuddur. Məncə, 16 günlük kampaniya həm də bu cür problemləri aşkarlamaq və növbəti ilədək qanunvericilikdə müvafiq dəyişikliklərin həyata keçirilməsini düşünmək üçün fürsətdir”.
M.Zeynalova qeyd edib ki, zorakılığın bütün formalarının qarşısının alınması üçün hər gün, hər an çalışmaq lazımdır. 16 gün ərzində həyata keçirilən fəallığın əsas məqsədi uşaqdan böyüyə qədər hər kəsin diqqətini bu problemə yönəltməkdir:
“Bu baxımdan hər kəsin yaşına uyğun şəkildə məlumatlandırılması mühüm yanaşmadır. Ən vacibi isə zorakılıqla bağlı mifləri dağıtmaq, özümüzdə formalaşmış stereotiplərdən xilas olmaqdır. Zorakılığa bəraət qazandırmaq olmaz. Hər hansı şəxsin zorakılığa məruz qalmasını onun günahı kimi qiymətləndirmək düşüncəsindən azad olmalıyıq.
Bu 16 gündə “Təmiz Dünya” QYİB adından qadınlara çağırışım budur: qadınları mühakimə etməzdən əvvəl onlara dəstək verməyə çalışın. Zorakılığa bəraət qazandıranların, onu dəstəkləyənlərin özlərinin də zorakılığın hansısa forması ilə üzləşməsi qaçılmazdır. Çünki zorakılıq yumruqdan yox, düşüncədən qaynaqlanır.
Zorakılığa məruz qalmış şəxsləri mühakimə etdikcə, zorakılıq düşüncəsinin möhkəmlənməsinə, zorakılıq törədənlərin öz əməllərinin qanuniliyinə inanmasına dəstək vermiş olursunuz. 16 gün həm də fərqli düşünmək üçün fürsətdir. Çalışaq, vaxtımızı itirməyək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 26 Noyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















