Görkəmli media xadiminin “İstiqlal söhbətləri”
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Ustad Şirməmməd Hüseynovun məfkurə irsindən yeni səhifələr
Dünən Azərbaycan Milli Kitabxanasında (AMK) milli mətbuatımızın görkəmli araşdırmaçısı, böyük pedaqoq, publisist, professor Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi. Toplantıda geniş ictimaiyyətin nümayəndələri, rəsmi şəxslər, Milli Məclisin deputatları, tanınmış alimlər və media təmsilçiləri iştirak edirdilər.
Məlumat üçün bildirək ki, kitab milli jurnalistikamızın patriarxı, professor Şirməmməd Hüseynovun “Real TV”nin baş direktoru Mirşahin Ağayevlə və digər müsahibələrinin YouTube kanalındakı videoyazıları əsasında hazırlanıb. Bu çətin, məsul iş AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Rəşid Kərimliyə həvalə olunub və o bu vəzifənin öhdəsindən uğurla gəlib. Kitabda dərc olunan müsahibələri isə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə ediblər. Yeri gəlmişkən, kitabın ümumi redaktoru Ramiz Orsər və professor Şirməmməd Hüseynovun həyat yoldaşı, təcrübəli jurnalist Ülkər Hüseynovadır.
AMK-nın direktoru, professor Kərim Tahirov mərasimi giriş sözü ilə açaraq yeni nəşrin böyük əhəmiyyət daşıdığını vurğulayaraq fəxrlə bildirdi ki, AMK-nın “Nadir kitablar fondu” professor Şirməmməd Hüseynovun ikinci evi olub: “Şirməmməd Hüseynov çox böyük, işıqlı ziyalı idi. Onunla canlı ünsiyyət bizə mənəvi zövq verirdi. Professor sağlığında bura tez-tez gələrdi, hətta hansı sənədin harada yerləşdiyini dəqiq bilirdi. Bu mənada, kitabxananın əməkdaşlarına da bəzən yardımçı olurdu”.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd etdi ki, “İstiqlal söhbətləri” kitabı mətbuat və ədəbiyyat tariximizdə bu vaxta qədər rast gəlinməyən çox uğurlu, orijinal bir janrda hazırlanıb. Belə ki, kitabda dərc olunan müsahibələr məzmun və forma etibarilə adi müsahibə janrının imkanlarını aşır. Bu, ustad-jurnalist dialoqunun ilk və çox uğurlu modelidir. Bu kitabı həm də “İstiqlal müsahibələri” adlandırmaq olar.
Akademik sonra bildirdi ki, bu dəyərli əsər milli istiqlalımızın böyük qurucuları haqqında layiqli abidədir. İsa müəllim dedi: “Professor Şirməmməd Hüseynov fədakarcasına AXC qurucularının əsərlərini toplayıb nəşr etdirməklə son dərəcə böyük xidmətlər göstərib və Azərbaycan cəmiyyəti onu təsadüfən “Cümhuriyyət adamı” adlandırmır. Kitab milli istiqlalımızın məğzi, amalı, əsas prinsipləri, konsepsiyası haqqında təsəvvürlərimizi daha da genişləndirir”.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd etdi ki, professor Şirməmməd Hüseynovun milli mətbuatımızın tarixi barədə sanballı araşdırmaları milli mücadilə tariximizlə bağlı həqiqətlərin gənc nəslə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Azərbaycan dövləti professor Şirməmməd Hüseynovun əməyini daim yüksək dəyərləndirib. Böyük alim 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunub.
BDU-nun rektoru, professor Elçin Babayev bildirdi ki, xalqımızın böyük ziyalısı Şirməmməd Hüseynov həyatını tarixi yaddaşımızın qorunmasına həsr edən nadir şəxsiyyətlərdəndir. Onun elmi və pedaqoji fəaliyyəti milli jurnalistika tariximizin xüsusi bir mərhələsidir. BDU-nun rektoru professor Şirməmməd Hüseynovun 60 ilə yaxın bu nüfuzlu ali təhsil ocağında çalışdığını, burada bir neçə nəsil peşəkar jurnalistlər yetişdirdiyini vurğuladı.
Akademik Nizami Cəfərov dedi ki, tələbəlik illərində jurnalistika fakültəsində təhsil alan tələbə yoldaşlarından professor Şirməmməd Hüseynov haqqında çox eşitmişdi. Onun həm savadlı siyasi şərhçi, həm gözəl pedaqoq, həm də fədakar araşdırmaçı alim olduğunu bildirdi. Lakin bu cəhətlərin hansının professorun əmək fəaliyyətində üstünlük təşkil etdiyini özü üçün ayırd edə bilməmişdi. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycanın öz müstəqilliyini bərpası ərəfəsində professorun mətbuatdakı çıxışlarından sonra yəqin etdi ki, Şirməmməd Hüseynov, ilk növbədə, milli məfkurə adamıdır, İstiqlal aşiqidir.
Nizami Cəfərov sonra dedi ki, Şirməmməd Hüseynov tarixdə milli yaddaşımızı oyadan böyük şəxsiyyət kimi qalacaq. O, milli ruhlu, prinsipial ziyalı idi. Cəmiyyətdə həqiqəti deməyi bacaran cəsarətli şəxslərdən idi. Onun ictimai həqiqəti söyləməyə mənəvi səlahiyyəti, haqqı çatırdı və bütün hallarda həqiqəti deməyi bacarırdı.
Xalq şairi Sabir Rüstəmxanlı çıxışını böyük şairimiz Bəxtiyar Vahabzadənin həyatda ən yaxın dostlarından biri olan Şirməmməd Hüseynov barədə qələmə aldığı aşağıdakı misralarla başladı:
Şirməmməd – əxlaqın, haqqın öz səsi,
Ləyaqət, dəyanət məcəssəməsi!
Sabir Rüstəmxanlı sonra dedi ki, Şirməmməd Hüseynov istiqlal tarixini öyrənən və öyrədən böyük ziyalı, eyni zamanda bütün varlığı, ruhu ilə əsl istiqlalçı, olduqca orijinal, bənzərsiz şəxsiyyət idi. Onun kitablarını geniş tirajla nəşr edərək ölkə kitabxanalarına yaymaq lazımdır.
Milli Məclisin deputatı Elnarə Akimova çıxışında xatırlatdı ki, “İstiqlal söhbətləri” kitabını böyük maraqla və diqqətlə oxuyub: “Bu qiymətli nəşr faktoloji məlumatlarla çox zəngindir. Azərbaycan xalqının tarixi yaddaşından istiqlal düşüncələrini ölməyə qoymayan azman şəxsiyyətlər olub. Professor Şirməmməd Hüseynov məhz belə kişilərdəndir. O, milli məfkurə yolunun fədakar bələdçilərindəndir. XX əsrin əvvəllərində milli mücahidlərin işıqlı ideyalarının davamçılarıdır”.
BDU-nun professoru Cahangir Məmmədli unudulmaz Şirməmməd müəllimlə rəhbərlik etdiyi kafedrada çalışdığı zaman bir gənc pedaqoq kimi onun göstərdiyi atalıq qayğısından dərin minnətdarlıq hissi ilə danışdı. Vurğuladı ki, professorun böyük xidmətlərindən biri də uzun illər ərzində qurub-yaratdığı, düzlüyü, təmizliyi, halallığı ilə ad çıxaran jurnalistika fakültəsi olub. Fakültənin pedaqoji kollektivi professorun bu ənənələrini göz bəbəyi kimi qoruyur.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Şirməmməd Hüseynovun baş redaktoru olduğu “525-ci qəzet” ilə sıx və səmərəli əməkdaşlığından söz açdı. Dedi ki, professorun təşəbbüsü ilə ilk dəfə məhz bu qəzetin səhifələrində XX əsrin əvvəllərində nəşr olunan milli mətbuatımızda dərc edilən məqalələrin transliterasiyaları dərc olunub. Müasir oxucular bu yolla milli məfkurəmizin cəfakeş daşıyıcılarının milli ruhlu yazıları ilə yaxından tanış olublar.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan professor Şirməmməd Hüseynovu milli məfkurə tariximizin fikir atalarından biri kimi səciyyələndirdi.
AZTV-nin siyasi şərhçisi Tofiq Abbasov isə professoru “Cümhuriyyət və azadlıq mücadiləmizin güzgüsü” adlandırdı.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qeyd etdi ki, görkəmli şəxsiyyətlərin həyatları əsasən iki hissədən ibarət olur. Onlar əvvəlcə özləri yaşayıb-yaradırlar, cəmiyyətdə tanınıb sevilirlər, sonra bir çox hallarda onların həyat yoldaşları barələrində əlavə maraqlı məlumatları geniş ictimaiyyətə təqdim edirlər. Bu mənada, Şirməmməd müəllimin həyat yoldaşı Ülkər xanım Hüseynovanın əməyini böyük fədakarlıq nümunəsi adlandırmaq olar.
Baş redaktor daha sonra qeyd etdi ki, hörmətli Ülkər xanım 2019-cu ildə Şirməmməd müəllim həyatını dəyişəndən sonra onun 6 kitabını hazırlayaraq nəşr etdirib. Belə bir cəfakeşliyi mütləq qiymətləndirmək lazımdır. Əflatun Amaşov ümid edir ki, məsələn, Şirməmməd Hüseynov mükafatının təsisçiləri gələcəkdə bu barədə düşünəcəklər. Rəşad Məcid isə bu təşəbbüsü alqışladı.
Şirməmməd Hüseynovun qızı, Azərbaycan Musiqi Akademiyasının prorektoru, professor Lalə Hüseynova iştirakçılara anası Ülkər xanımın və özünün adından atası barədə söylədikləri xoş sözlərə görə dərin təşəkkürünü bildirdi. Qeyd etdi ki, burada səslənən səmimi fikirlər professorun parlaq obrazını tamamlayır. Lalə xanım Hüseynovlar ailəsi adından kitabın ərsəyə gəlməsində əməyi olan bütün şəxslərə bir daha səmimi minnətdarlığını bildirməyi özünə borc bildi.
Toplantının sonunda Milli Kitabxana tərəfindən hazırlanmış “Professor Şirməmməd Hüseynov” adlı elektron məlumat bazasının təqdimatı və kitab sərgisinə baxış oldu.
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 08 Oktyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















