“İstiqlal söhbətləri” məfkurə kitabıdır
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Professor Şirməmməd Hüseynovun milli yaddaş dərsi
XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik cümhuriyyətin – AXC-nin qurucuları xalqımızın azadlığına, istiqlalına qovuşması naminə yüksək milli təəssübkeşlik, hünər və səriştə nümayiş etdiriblər. Onlar ağıl və zəkaları ilə quru yerdə dövlət yaradıblar, üçrəngli bayrağımızı ucaldıblar, tariximizin şərəfli səhifələrini yazıblar. Cümhuriyyət qurucularının keçdikləri şərəfli yolun yorulmaz tədqiqatçısı və heyranı idi professor Şirməmməd Hüseynov! Bu böyük ziyalını Cümhuriyyət adamı adlandırırdılar.
Professor uzun onilliklər boyu İstiqlal mücahidlərinin həyat və fəaliyyətini sonsuz şövqlə dərindən araşdırıb, əldə etdiyi fakt və məlumatları böyük həvəslə geniş ictimaiyyətlə bölüşüb. Bundan mənəvi zövq alıb, qəlbi rahatlıq tapıb. O, bu sahədə bəlkə də bir institutun görə biləcəyindən daha çox faydalı işlər görüb. Ölkə ictimaiyyəti, ziyalılarımız bunun fərqindədir. Xalqımız professor Şirməmməd Hüseynovu millət yaddaşının keşikçisi kimi tanıyaraq qəbul edib və sevib! Bu gün də onun zəngin mənəvi irsi millətin intibahına xidmət göstərir!
Təqdirəlayiq haldır ki, bu günlərdə “Optimist” nəşriyyatında professor Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” kitabı nəfis şəkildə işıq üzü görüb. Milli jurnalistikamızın patriarxının burada əsasən Əməkdar jurnalist Mirşahin Ağayevin müxtəlif illərdə ANS və Real TV-də keçmiş, sevimli müəllimi ilə apardığı müsahibələrin mətni yerləşdirilib. Müsahibələri filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli və Şəki Pedaqoji Kollecinin müəllimi Ramiz Orsər redaktə ediblər. Ramiz Orsər, eyni zamanda, tanınmış publisist Ülkər Hüseynova (professorun həyat yoldaşı) ilə birlikdə bu dəyərli nəşrin redaktorudur.
Kitaba yazdığı “Ön söz”də Ramiz Orsər vurğulayıb ki, “Ustadlar ustadı olan Şirməmməd Hüseynov müdriklik və akademik zirvənin təcrübəsindən yararlanmaqla uzun onilliklər boyu milli mətbuat və jurnalistika, eləcə də İstiqlal və Cümhuriyyət tariximizi araşdıraraq tarixi həqiqətləri üzə çıxarmağa çalışıb və buna heyrətamiz şəkildə nail olub. Şirməmməd müəllim milli İstiqlal və Cümhuriyyət yolunun bələdçisi və şəffaf, ləkəsiz güzgüsüdür!”
2013-cü ilin 24 noyabrında Prezident İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim edilməsi mərasimində dövlətimizin başçısı demişdir: “...Yadımdadır ki, 1970-ci illərdə siz Azərbaycan televiziyasında “Siyasi icmal” verilişi aparırdınız. Mən o vaxt sizin verilişlərinizi maraqla izləyirdim. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə də bu icmaldan biz məlumat əldə edirdik. Bax, o vaxtdan mən sizi qiyabi tanıyırdım. Sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirdim...”.
Professor Şirməmməd Hüseynov, həqiqətən, Cümhuriyyət sevdalısı idi. Bunu onun bu mövzuda hər bir çıxış və nitqində, saysız-hesabsız məqalələrində açıq-aşkar hiss edərək duymaq olurdu. Professor “İstiqlal söhbətləri”ndə sonsuz fəxarət hissi ilə qeyd edib: “Cümhuriyyətin tarixi – əslində millətin tarixidir. Maraqlı cəhət odur ki, bu dövləti quranlar Azərbaycan adlı dövlət yaradıblar. Bizim min ildən çox dövlətçilik tariximiz var. Amma o dövlətlərin hamısı şəxsiyyətlərin, qəbilə, nəsil və tayfaların adı ilə yaranıb. Eldənizlər, Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, xanlıqlar – Şəki xanı, Bakı xanı, Quba xanı. Məhəmməd Əmin Rəsulzadə yazıb ki, “Azərbaycan” adı təkcə coğrafi ad deyil, həm də millətin adıdır – Azərbaycan türkünün adıdır!”
Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu milli mətbuatımız son bir əsr yarım ərzində xalqımızın ictimai-fikir tarixinin salnaməçisi rolunda çıxış edib. Bunu nəzərə alaraq, Şirməmməd müəllim 15 yanvar 2015-ci il tarixli müsahibəsində deyib: “Məmməd Əmin yaxşı deyirdi ki, türklər tarix yaradandırlar, tarix yazan deyillər. Bu, xüsusilə azərbaycanlılara aiddir. Biz də gərək tariximizi, sözün həqiqi mənasında, geniş mənada – yəni nə var, onu ortaya çıxaraq, onu təbliğ eləyək, özü də faktlarla, həm də tək arxiv faktları ilə yox. Bizim tariximizin ən zəif nöqtəsi odur ki, bizim tarixçilərimizin böyük bir qismi Azərbaycan mətbuatını dəqiq, hərtərəfli öyrənib oxumayıblar”.
Professor ANS televiziyasına 19 fevral 2015-ci il tarixli müsahibəsində isə sonsuz qürur hissi ilə vurğulayıb: “Cümhuriyyət dövründə bizə Azərbaycan adlı dövlət yaradan kişilərin, sözün geniş mənasında, savadlı, qabiliyyətli, ziyalı, dünya səviyyəli diplomat məntiqi olan, tarixini bilən, keçmişini bilən, milli namuslu, milli qeyrətli kişilər olduqlarını gərək bu millətə tanıdaq. Elə-belə oxumamış, bilməmiş kiminsə ünvanına söz demək yaramaz. Gərək müasir nəslə, bizə cümhuriyyət yaradan, Azərbaycan adlı dövlət yaradan kişiləri, mücahidləri, sözün həqiqi mənasında, vətəni sevdiyimiz kimi, onları da sevməyi öyrədək”.
Elə həmin müsahibədə Cümhuriyyət sevdalısı deyib: “Üzeyir bəyin (Hacıbəyli) bir məqaləsi var. Yazır ki, biz Tomsonla, general Tomsonla, ordu komandanıyla görüşdük, dedik ki, beynəlxalq miqyasda hamı bilir ki, Qarabağ Azərbaycan torpağıdır. İngiltərədə bir şəhəriniz, bir vilayətiniz qanuni hökumətə qarşı üsyan qaldırsa, siz nə edərsiniz? Dedi, gedib onların üsyanını yatırdarıq. Dedik, icazə verin, biz də gedək, qanuni hökumətə qarşı üsyan qaldıranları özümüzə tabe eləyək. Dedi, gedin, özünüzə tabe eləyin”.
Professor sonra vəziyyəti müdrikcəsinə şərh edir: “Məntiq lazımdır, danışmağı bacarmaq lazımdır – siyasətçi məharəti lazımdır. Burada Topçubaşov da, Məhəmməd Əmin də, Fətəli xan Xoyski də, Nəsib bəy də, Hacınski də, Üzeyir bəy də vardı. Bu dövləti yaradanlar, sözün həqiqi mənasında, dövrün ən qabil, istedadlı siyasətçiləri idilər. Məsələni qurmağı bacarırdılar.” Şirməmməd müəllim bu faktları qeyd etməklə Cümhuriyyət qurucularının ruhu qarşısında əsl, həqiqi övladlıq sədaqəti ilə mənəvi borcunu verib. Böyük ziyalılıq nümunəsi budur!
Professor “İstiqlal söhbətləri”ndə AXC iqtidarı dönəmində hakimiyyətin əsas sütunlarından hesab olunan milli parlament quruculuğu məsələlərinə də geniş toxunub. 5 fevral 2015-ci il tarixli müsahibəsində deyib: “Parlament 7 dekabrdan 1920-ci il aprelin 27-dək fəaliyyət göstərdi. Bunu yaradanlar kim idi? Parlamentin üzvləri, bu işi görənlər, hüquqşünaslar. Kim idi hüquqşünas? Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski (oranın əjdahası), Xəlil Xasməmmədov. Parlamentdə olan 80 adamın təxminən 60-ı (iclaslarda) iştirak edirdi”.
Professorun yüksək natiqlik qabiliyyəti vardı. Onun qeyri-adi elmi-bədii publisistikası dinləyiciləri valeh edirdi. O, cəmiyyətin ürəyindən keçənləri cəsarətlə dilə gətirməyi bacarırdı: “Bunların əksəriyyəti, yəni o qanunla məşğul olanlar hüquqşünaslar idilər. Azərbaycan parlamentində nə bir nəfər artist var idi, nə bir nəfər şair vardı, nə də bir nəfər yazıçı vardı, nə də bir nəfər müəllim vardı. Kim vardı? Hamısı hüququ bilənlər, tarixi bilənlər, siyasətçilər, hüquqşünaslar idi.”
Kitabda professor Şirməmməd Hüseynovun həyat yoldaşı Ülkər Hüseynova ilə “Xalq qəzeti”nin 18 dekabr 2024-cü il tarixli sayında dərc olunan “Xatirələrdə yaşayan böyük müəllim” sərlövhəli müsahibə də yer alıb. Ülkər xanım professorun yüksək insani məziyyətlərindən danışarkən deyib ki, çoxları onu həyatda sərt adam kimi tanıyırdı. Amma son dərəcə mülayim insan idi. O, haqq-ədalət tapdalananda sərt olurdu, haqsızlıqla barışmırdı.
Jurnalistin Şirməmməd müəllimin dostları ilə bağlı sualı cavablandırarkən isə Ülkər xanım deyib: “Mən deməzdim ki, onun dostları az olub. Əksinə, çox olub. Onun dostları da özü xarakterində adamlar idi. Məsələn, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məmməd Xələfov onun dostu idi. Məmməd müəllim dövrün əvəzolunmaz, vicdanlı, ədalətli hüquqşünası idi. Tarix elmləri doktoru, professor Süleyman Əliyarov, tarix elmləri doktoru Mahmud İsmayılov, Xalq şairi Bəxtiyar Vahabzadə onun dostları idi. Bəxtiyar müəllim şeirlərinin birində belə yazmışdı:
Şirməmməd – əxlaqın, haqqın öz səsi,
Ləyaqət, dəyanət mücəssiməsi!
Həqiqətən də, Şirməmməd müəllimi düz yolundan heç kim sapdıra, əqidəsindən döndərə bilməzdi. Bəxtiyar müəllim də onu dəfələrlə sınayıb bu nəticəyə gəlmişdi”.
Ülkər xanım həmin müsahibədə həmçinin bildirib ki, Şirməmməd müəllim BDU-nun professoru idi, universitetdə yaxşı qiymət yazılsın deyə tələbəni tapşıranlar da olurdu. Şirməmməd müəllimin kredosu bu idi: oxu, qiymətini al! Vəssalam. Kim tapşırsa da. Tələbə kim olsa da, o, heç kimə haqq etmədiyi qiyməti yazmazdı. Şirməmməd Hüseynov BDU-da çalışdığı 70 ilə yaxın müddətdə jurnalistlərin bir neçə nəslinin müəllimi olub. Onların hamısı sevimli müəllimlərinin həyat prinsiplərinə əməl etməyi özlərinə şərəf biliblər. Dünən də belə olub, bu gün də belədir!
Bu yerdə bir məqamı da vurğulamağı vacib sayırıq. Belə ki, “İstiqlal söhbətləri” kitabından danışarkən istedadlı televiziya jurnalisti Mirşahin Ağayevin yüksək peşəkarlığından, qısa da olsa, söz açmamaq ədalətsizlik olardı. Qəzetçilər bunu yaxşı bilirlər ki, hər bir müsahibənin uğuru, ilk növbədə, sualların düzgün və məqamında səsləndirilməsindən çox asılıdır. Mirşahin bu sahədə, həqiqətən, yüksək standartlar yaratmış jurnalistlərdəndir, müasir leksikonla desək, brenddir. O biri tərəfdən, nə yaxşı ki, bu təcrübəli telejurnalist geniş oxucu marağına səbəb olan bu müsahibələri vaxtında götürməyə və efirdə yayımlamağa müvəffəq olub. Bunu, əlbəttə, onun uğurlu jurnalist fəaliyyətinin aktivinə yazmaq lazımdır.
Yeri gəlmişkən, Mirşahin kitabın ilk səhifələrində yer alan “Sonradan sonra” adlı giriş məqaləsində belə yazıb: “Mən ona həmişə Cümhuriyyət dövrümüzün şərəf lövhəsi kimi baxmışam. Şirməmməd Hüseynov, ilk növbədə, Müəllimdir, Öyrədəndir. “Müəllim idi” yox, Müəllimdir. Öyrədəndir, İzah edəndir. Bu gün də belədir, sabah da belə olacaq, birisi gün də. Nə qədər Azərbaycan jurnalistikası var, araşdırmaçılıq, tədqiqatçılıq var, Şirməmməd Hüseynov da olacaq. Müəllimimiz olacaq!”
Bu, bir qürurverici həqiqətdir ki, bu gün professor Şirməmməd Hüseynovun adı, peşə fəaliyyəti, cəmiyyətin tərəqqisi naminə faydalı əməlləri Azərbaycan mətbuatında, publisistikasında, elmində, millətin yaddaşında və ictimai şüurunda bir rəmz kimi qəbul edilir. Bəli, bu böyük ziyalının parlaq obrazı hər birimizin qəlbində yaşayır. Ruhun şad olsun, ustad!
Məsaim ABDULLAYEV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 15 Oktyabr 2026 01:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















