Güc amilinin önə çıxdığı dünyada Azərbaycanın iqtisadi güvən strategiyası
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Prezident cənab İlham Əliyevin 20 yanvar 2026-cı il tarixində Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə qlobal iqtisadi proseslərin siyasi faktorlarla sıx bağlı olduğu bir dövrdə Azərbaycanın seçdiyi strateji xəttin mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq hüququn zəiflədiyi, güc amilinin ön plana çıxdığı yeni dünya reallığında iqtisadi təhlükəsizlik, enerji sabitliyi və regional əməkdaşlıq məsələlərinin nə qədər həlledici olduğunu göstərir. Cənab Prezidentin vurğuladığı kimi, beynəlxalq hüquq normaları artıq bütün dövlətlər üçün birmənalı və mütləq mexanizm kimi çıxış etmir. Bu vəziyyət iqtisadi münasibətlərə də birbaşa təsir göstərir.
Qlobal bazarlarda qeyri-müəyyənlik, geosiyasi risklərin artması və regional münaqişələr iqtisadi qərarların qəbulunda milli maraqların əsas meyara çevrilməsini zəruri edir. Azərbaycanın strateji yanaşması məhz bu reallıqlara uyğun formalaşıb. Dövlət başçısının qeyd etdiyi kimi, əldə olunan bütün nəticələr – istər siyasi müstəvidə, istərsə də ərazi bütövlüyünün bərpası istiqamətində – beynəlxalq hüquqa riayət olunmaqla, eyni zamanda milli iqtisadi maraqlar qorunmaqla reallaşdırılıb.
Bu yanaşma ölkənin uzunmüddətli iqtisadi dayanıqlığını təmin edən əsas sütunlardan biridir. Prezident cənab İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi yalnız siyasi deyil, həm də iqtisadi baxımdan mühüm məna daşıyır. Otuz ildən artıq davam edən münaqişədən sonra Cənubi Qafqazda sülh mühitinin formalaşması regionun iqtisadi inkişafı üçün yeni imkanlar açır. Beş-altı aydır davam edən sülh şəraiti Azərbaycan iqtisadiyyatı üçün keyfiyyətcə yeni mərhələdir. Tarixində ilk dəfə olaraq ölkə uzunmüddətli sülh perspektivi fonunda iqtisadi planlamanı daha proqnozlaşdırılan mühitdə həyata keçirir.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tədricən əməkdaşlığa çevrilməsi regionda ticarət əlaqələrinin, logistikanın və nəqliyyat kommunikasiyalarının bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistana gedən yüklərin daşınmasında məhdudiyyətlərin aradan qaldırılması, bu ölkənin əsas istehlak məhsullarının, xüsusilə neft məhsullarının tədarükünə başlanılması regional iqtisadi inteqrasiyanın real nəticələrini nümayiş etdirir. Bu yanaşma göstərir ki, sülh yalnız siyasi sabitlik deyil, eyni zamanda qarşılıqlı iqtisadi fayda deməkdir. Cənab Prezidentin ölkə daxilində potensial risklərin mövcud olmadığını vurğulaması Azərbaycanın iqtisadi mühiti üçün mühüm mesajdır.
Daxili sabitlik, təhlükəsizlik və güclü dövlət idarəçiliyi investisiya cəlbediciliyinin əsas şərtləridir. Azərbaycan bu baxımdan regionun ən etibarlı ölkələrindən biri kimi çıxış edir. Bütün potensial risklərin kənar mənbələrdən qaynaqlanması isə regional sabitliyin iqtisadi əhəmiyyətini daha da artırır. Dövlət başçısının qeyd etdiyi kimi, sülh və proqnozlaşdırıla bilənlik həm hasilatçılar, həm də istehlakçılar üçün əsas dəyərdir. Neft bazarında qiymətlərin stabil qalması, regional gərginliklərin qlobal enerji bazarlarına ciddi təsir göstərməməsi Azərbaycanın iqtisadi siyasətinin düzgünlüyünü təsdiqləyir.
Prezident cənab İlham Əliyevin müsahibəsində xüsusi yer tutan məsələlərdən biri Azərbaycanın enerji sektorundakı aparıcı mövqeyidir. Azərbaycan Cənubi Qafqazda neft və qaz ixrac edən yeganə ölkə olmaqla regionun enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilib. Gürcüstan uzun illərdir, Ermənistan isə artıq bu gün enerji ehtiyaclarını Azərbaycandan idxal hesabına qarşılayır. Avropa İttifaqı ilə enerji əməkdaşlığının genişlənməsi Azərbaycanın qlobal enerji bazarındakı rolunu daha da gücləndirir. Hazırda 16 ölkəyə təbii qaz ixrac edən Azərbaycan boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Müasir nəqliyyat infrastrukturu və etibarlı boru kəməri sistemi ölkəyə həm siyasi, həm də iqtisadi üstünlüklər qazandırır.
Bununla yanaşı, Azərbaycanın qaz ixrac coğrafiyasının genişlənməsi, o cümlədən Suriyaya ixracın başlaması ölkənin enerji strategiyasının çevik və bazar yönümlü xarakter daşıdığını göstərir. Lakin qiymət baxımından Avropa bazarı hələ də Azərbaycanın enerji resursları üçün ən premium və stabil bazar olaraq qalır. Cənab Prezident Avropa Parlamentinin daimi tənqidlərinə artıq reaksiya verilmədiyini bəyan etməsi iqtisadi praqmatizmin nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycan emosional deyil, rasional yanaşmanı üstün tutur. Avropa Komissiyası ilə əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı iqtisadi maraqlara əsaslanan münasibətlərin qorunması ölkənin xarici iqtisadi siyasətinin əsas xəttidir.
Xüsusilə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin paraflandığı bir dövrdə, Avropa Parlamentinin köhnə ittihamlarla çıxış etməsi real iqtisadi proseslərdən uzaq düşdüyünü göstərir. Azərbaycanın seçdiyi yol isə sabitlik, enerji təhlükəsizliyi və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqdır. Cənab Prezidentin verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan yeni qlobal iqtisadi reallıqlarda özünü etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin əsas oyunçusu və regional sabitliyin təminatçısı kimi təsdiqləyir. Sülh, sabitlik və praqmatik iqtisadi siyasət ölkənin dayanıqlı inkişafının əsas təminatıdır və bu strategiya Azərbaycanın yaxın və orta perspektivdə mövqelərini daha da gücləndirəcək.
Tahir Mirkişili
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















