Gürcüstanda baş nazir lənəti : Saakaşvilinin adamı öldürüldü, məşhur varis razılaşdı
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanın Baş Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvilinin təqsirini boynuna alaraq 5 il həbs cəzasına razılaşdığını açıqlayıb. Məlumata görə, o, artıq təqsirini təsdiq edən sənəd imzalayıb.
İrakli Qaribaşvili həmçinin 370 min dollar cərimə olunub və cinayətkar fəaliyyətlə əldə etdiyi pulları, eləcə də evində axtarış zamanı müsadirə edilən 6,5 milyon dolları dövlətə təhvil verməsi qərarlaşdırılıb.
Bununla belə, ekspertlər onun taleyinin heç də xoş olmayacağını iddia edirlər. Son 20 ildə Gürcüstanın baş nazirlərinin başına gələnlər bu iddiaları gücləndirir. Məsələn, sabiq prezident Mixail Saakaşvilinin hökumətində baş nazir olan Zurab Jvaniya 3 fevral 2005-ci ildə müəmmalı şəkildə qətlə yetirilib. Onun ölüm səbəbi kimi dəm qazından (karbon monoksid zəhərlənməsi) boğulma göstərilir, lakin əksəriyyət hesab edir ki, Jvaniya sui-qəsd nəticəsində aradan götürülüb.
Hazırda İrakli Qaribaşvili mənimsəmədə təqirli sayılır. Lakin iddialara görə, “boz kardinal” kimi tanınan siyasətçi Bidzina İvanişvili onu cəzalandırıb. Bu baxımdan Qaribaşvilinin də Jvaniyanın taleyi ilə üzləşəcəyi ehtimal edilir.
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Gürcüstan Azərbaycan üçün çox əhəmiyyətli bir ölkədir:
“Həm qonşu ölkə kimi, həm də tranzit ölkə kimi Tbilisi uzun müddətdir regiona inteqrasiya edib. Əlbəttə ki, Gürcüstanda baş verən hər hansı olay Azərbaycanı mütləq yaxından maraqlandırır.
Hazırda biz hüquq dövlətlərinə nəzər saldıqda xalqın suverenliyi ilə dövlətin suverenliyi arasında iki mühüm paradiqma ilə üzləşirik. Bunlardan birincisi dövlətin suverenliyi hesab olunsa da, xalqın suverenliyi ona bərabər əhəmiyyət daşıyır. Xalqın suverenliyi bütün hallarda xalqın iradəsinə əsaslanaraq hakimiyyətin formalaşma prosesini müəyyən edir.
Hikmət Babaoğlu
Bu pozulduqda bəzən dövlətin funksiyalarında davamlılıqla bağlı əfsadlar əmələ gəlir. Əgər diqqət etsək, 2000-ci illərin əvvəllərində MDB məkanında rəngli inqilablar dalğası oldu. Gürcüstanda da “Qızılgül” inqilabı baş verdi. Mənə elə gəlir ki, bu ardıcıllıqla sonrakı mərhələlərdə kənar müdaxilələr nəticəsində müəyyən dövlətçilik məsələləri həll olunduğu üçün bu gün müşahidə etdiyimiz hallar yaranır.
Amma nə olursa olsun, bizim mövqeyimiz kənar baxışdır. Biz Gürcüstanda hansı proseslərin hansı ssenari üzrə gedəcəyini təxmin edə bilərik. Nəticə etibarilə Gürcüstan hüquqi dövlət olaraq qonşu ölkədir və biz bu ölkədə sabitliyin olmasına maraqlıyıq”.
Gürcüstanlı politoloq Vasiliy Papava isə deyib ki, keçmiş baş nazir İrakli Qaribaşvilinin qanunsuz gəlirlərin leqallaşdırılmasında günahını qəbul edərək Prokurorluqla razılaşma əsasında 5 il müddətinə azadlıqdan məhrum olunması xəbəri, son günlərdə ölkə KİV-lərində əsas mövzulardan biridir:
“Bu, 12 yanvar tarixində baş verib. Lakin cinayət işi ötən ilin oktyabrından davam edir. Həmin vaxt hakim partiyaya yaxın bir neçə keçmiş yüksək vəzifəli şəxsin evlərində genişmiqyaslı axtarışlar aparılıb. İstintaq iddia edir ki, Qaribaşvili dövlət vəzifələrində çalışdığı müddətdə qanunla qadağan olunmuş biznes fəaliyyəti ilə məşğul olub və gəlirlərini qohumlardan aldığı hədiyyələr kimi bəyannamələrdə gizlədib. Günahını qəbul etməməsi halında ona 12 ilədək həbs cəzası verilə bilərdi.
Keçmişlə paralellər mövzusuna gəldikdə, məsələn, 2005-ci ildə Zurab Jvaniyanın ölümünə rəsmi əsas həmişə eyni olub: Nasaz istilik cihazından sızan karbon monoksid qazından təsadüfi zəhərlənmə. Əlbəttə, o vaxtdan bəri müxtəlif şayiələr və alternativ versiyalar yayılıb, xüsusilə müxalif dairələrdə, lakin istintaq zorakılıqla ölüm faktını təsdiqləyən sübutlar tapmayıb. Bu, Gürcüstan siyasətində zaman-zaman müzakirəyə çıxan mövzulardan biridir.
Qaribaşvili uzun müddət İvanişvilinin ətrafında ən sədaqətli şəxslərdən biri kimi qəbul edilirdi, lakin 2024-cü ildə istefa verdikdən və 2025-ci ilin yazında siyasətdən çıxdıqdan sonra hakim elitanın daxilində mümkün daxili mübahisələr və ya “təmizlik” barədə danışmalar yayılmağa başladı.
Vasiliy Papava
17 oktyabr 2025-ci ildə xüsusi xidmət orqanları bir neçə keçmiş yüksək vəzifəli şəxsin evində axtarışlar aparıb, onlara arasında sabiq Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Grigol Liluaşvili və keçmiş Baş Prokuror Otar Partskhaladze də olub. Bu, korrupsiya işləri ilə bağlı istintaq çərçivəsində baş verib. Digər tərəfdən, hakimiyyət bunu keçmiş məmurları da əhatə edən anti-korrupsiya kampaniyasının bir hissəsi kimi təqdim edir. Hələlik bu versiyalara rəsmi təsdiq yoxdur – məsələlər yalnız ehtimallar səviyyəsində qalır.
Ümumilikdə, vəziyyət Gürcüstan siyasətində ciddi dönüş kimi görünür: bu səviyyəli bir fiqurun, üstəlik, günahını etiraf etməsi ilə təqib olunması nadir hallardandır. Bu, sistem daxilində nüfuz uğrunda mübarizə və ya hüquq-mühafizə orqanlarının müstəqilliyini göstərmək cəhdi ilə bağlı ola bilər, lakin dəqiq motivlər hələlik məlum deyil“.
Politoloq Zeynal Əmrəliyev bildirib ki, Gürcüstanda baş nazir olmaq olduqca təhlükəli məsələdir:
“Bu, Mixail Saakaşvili dövründə də belə olub, Bidzina İvanişvilinin faktiki rəhbərlik etdiyi indiki hakimiyyət dövründə də. 2003-cü ildə ‘Qızılgül inqilabı’ baş verdikdən sonra Saakaşvili baş nazir vəzifəsinə Zurab Jvaniyanı gətirdi. Yeni prezidentin ağlında olan əslində itaətkar baş nazir profili idi. Lakin Jvaniya kifayət qədər müstəqil fiqur kimi çıxış etdi. Məsələn, o, güc strukturlarının prezidentin nəzarətinə verilməsinə qarşı çıxırdı. Bu, onunla Saakaşvili arasında ilk ciddi problem oldu.
İkinci və ən təsirli məsələ isə prezidentin oliqarxlara qarşı apardığı mübarizə idi. Baş nazir belə bir prosesə qarşı çıxırdı. Bu isə münasibətlərin tam qırılması demək oldu. Nəticə etibarilə Zurab Jvaniya 3 fevral 2005-ci ildə karbon monoksidlə zəhərlənərək həyatını itirdi. Aydın idi ki, baş nazirin müstəqil fəaliyyətindən narahat olan qüvvələr onu bu üsulla aradan götürmüşdülər.
Bundan sonra Gürcüstan hökumətinin başına Zurab Noqoydeli gətirildi. O, çox sakit fiqur idi və prezidentin tapşırıqlarını eynilə yerinə yetirirdi. Lakin bir şəxsin uzun müddət baş nazir olması onun siyasi çəkisini artıra bilərdi. Buna görə də Saakaşvili iki il sonra, 2007-ci ildə Noqoydelini də istefaya göndərdi.
2007-ci ildə baş verən etirazlardan sonra ölkədə yaranan iqtisadi uğursuzluqlar Noqoydelinin üzərinə yazıldı. Elə həmin il Saakaşvili ölkəni iqtisadi böhrandan çıxarmaq üçün baş nazir postuna bank sektorunun tanınmış siması Lado Qurganedzeni dəvət etdi. Lakin Saakaşvili onu da 2008-ci il müharibəsindəki uğursuzluğun qurbanına çevirdi. Bu müharibədən sonra artıq aydın idi ki, Gürcüstanda “Mişanın sistemi” çökmüşdü. Buna görə daha sakit və idarəolunan fiqura ehtiyac vardı və 2009-cu ildə Saakaşvili baş nazirliyə hər zaman yanında gəzdirdiyi və çox etibar etdiyi Nika Gilaurini gətirdi”.
Zeynal Əmrəliyev
Politoloq bildirib ki, 2012-ci ildə Gürcü Arzusu Partiyası hakimiyyətə gəldikdən sonra da bu proses davam etdi:
“Əvvəlki illərlə müqayisədə Gürcüstan artıq parlament respublikası idi və ölkəni formal olaraq baş nazir idarə etməli idi. Lakin ölkəni real şəkildə cəmi bir il — 2012–2013-cü illərdə — Bidzina İvanişvili özü baş nazir olarkən idarə etdi. Ondan sonra hökumətə İrakli Qaribaşvili gətirildi. Qaribaşvili hər zaman İvanişvilinin ən yaxın adamı olub. Olduqca qorxaq və siyasi baxımdan fərasətsiz fiqurdur. İvanişvili ondan iki il istifadə etdi və 2015-ci ildə istefaya göndərdi. Məqsəd partiyadakı digər gənclərə şans vermək və onları ətrafında saxlamaq idi.
Bu məqsədlə Georgi Kvirikaşvili, Mamuka Baxtadze və Giorgi Qaxariya kimi şəxslər 2015–2021-ci illərdə sınaqdan keçirildi. 2021-ci ildə isə İvanişvili öz sadiq adamını varisi kimi yetişdirməyə qərar verdi və gözlənilmədən İrakli Qaribaşvilini yenidən baş nazir postuna gətirdi. Bu dəfə ona daha geniş səlahiyyətlər verilmişdi. Məqsəd Qaribaşvilinin sədaqətini yoxlamaq idi. Lakin o, ikinci şansını dəyərləndirə bilmədi. Həm özünə yaxın iş adamları üçün şərait yaradıldı, həm də İvanişvilinin kadrlarına qarşı hökumət və parlamentdə hücumlar başladı. Bu isə 2024-cü ildə onun vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Beləliklə, İvanişvilinin ilk varis cəhdi uğursuz oldu.
Ümumiyyətlə, Bidzina İvanişvili də Mixail Saakaşvili kimi heç vaxt güclü fiqurlara baş nazirlik vermir. Məsələn, ‘Gürcü Arzusu’nun ən uğurlu kadrı hesab edilən Tbilisi meri Kaxa Kaladze nə hökumətin, nə də partiyanın rəhbərliyinə gətirilir. Çünki Kaladze iradəsi möhkəm və nüfuzlu siyasətçidir. Gürcüstanda baş nazir vəzifəsinə isə adətən zəif və iradəsiz fiqurlar gətirilir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















