Gürcüstanda yaşayan aşıq Metyu : Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm MÜSAHİBƏ
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Metyu Şultz. ABŞ-ın İllinoyis ştatından olan 27 yaşlı gənc. Gürcüstanda soydaşlarımızın yığcam məskunlaşdığı Marneuli rayonunda yaşayır. İki ay Bakıda təhsil proqramında iştirak edib, azərbaycanca bilir, üç aydır Marneulidə saz dərsləri alır. Azərbaycanlı dost-tanışları üçün o, “Mehdi”dir, onu daha çox bu adla çağırırlar.
APA-nın Gürcüstan bürosunun müxbiri Metyu ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik.
“Azərbaycan dilinin başlanğıc səviyyəsini Bakıda öyrənmişəm”
– Metyu, Azərbaycan və azərbaycanlılarla ilk tanışlığın nə vaxt olub? Həmin zamana qədər bu ölkə haqqında hansı məlumatlara malik idin?
– Azərbaycana ilk dəfə 2018-ci ildə səfər etmişəm. O vaxt mən “Critical Language Scholarship” təqaüd proqramının iştirakçısı idim. Proqram çərçivəsində biz türk dilini öyrənirdik. Bu təhsil proqramından öncə Azərbaycan haqqında elə də çox məlumatım yox idi. 19 yaşım vardı, universitet tələbəsi idim. Bu, bölgə ilə ilk tanışlığım idi. Bakıda yayda yalnız iki ay qaldım. Türk dilini və Azərbaycan dilinin başlanğıc səviyyəsini öyrəndim. Azərbaycan dilini Azərbaycan Dillər Universitetində mənimsədim. Bu, çox yaxşı təcrübə idi.
Bakıda qonaq kimi bir ailədə yaşayırdım. Azərbaycan və türk dillərini həmin azərbaycanlı ailədə təcrübədə tətbiq edirdim. Gürcüstana gəlməzdən öncə Bakıdan olan müəllimdən Azərbaycan dili üzrə onlayn dərslər alırdım.
– Bakı sənə hansı təəssüratları bağışlayıb?
– Bakını, həqiqətən də, çox sevirəm. Bu şəhər möhtəşəmdir. Yay aylarında yaman isti olur, çox maraqlı yerləri var. Köhnə şəhəri çox bəyənirəm, Qız qalası olduqca gözəl abidədir. Bakı özündə köhnə və yeniliyi çox yaxşı birləşdirir. Azərbaycan paytaxtından həqiqətən zövq aldım.
“Marneuli azərbaycanlılarının özünəməxsus sözləri var”
– Maraqlıdır, bəs Gürcüstana səni gətirən nə olub? Yaşayış üçün niyə məhz Marneulini seçmisən?
– 2024-cü ilin avqustundan Marneulidə “Sülh Korpusu”nun könüllüsü kimi çalışıram. “Sülh Korpusu” təşəbbüsü çərçivəsində Gürcüstana “hiking trail” (gəzinti cığırı) könüllüsü kimi gəlmişdim. Gürcüstan təbiətini özüm üçün kəşf etdim, bu ölkəyə vuruldum və bura geri dönməyə qərar verdim. “Sülh Korpusu”na müraciət etdim. Gürcüstanda ən çox bəyəndiyim cəhət burada müxtəlif mədəniyyətləri təmsil edən insanların birgəyaşayışıdır. Həmin insanlarla görüşməyə, onlar barədə öyrənməyə böyük marağım var.
“Sülh Korpusu” proqramı çərçivəsində Gürcüstanda könüllülər müxtəlif şəhərlərdə yerləşdirildi. Tərcümeyi-halımda Azərbaycanda yaşamaq təcrübəmin olduğunu qeyd etmişdim. Məndən Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə yerləşdirilməmdə maraqlı olub-olmadığımı soruşdular. Çox həyəcanlandım və müsbət cavab verdim. Marneulidə yaşayaraq Azərbaycan dilini bir növ təkmilləşdirirəm, gündəlik bu dildən istifadə edə bilirəm. Bazarda, taksi sürücürləri ilə, qonaq olduğum ailəmdə ünsiyyət zamanı Azərbaycan dili ilə bağlı çoxlu təcrübə qazanıram.
– Marneulidə azərbaycanlılar arasında yaşayırsan. Səncə, onlar Bakıda rastlaşdığın azərbaycanlılardan nə ilə fərqlənirlər?
– Əsas fərq dildədir. Marneuli azərbaycanlılarının özünəməxsus sözləri belə var. Burada fərqli dialektdə danışırlar. Məsələn, Marneulidəki azərbaycanlıar “ev” sözünü “öy” deyə tələffüz edirlər. Və bu, mənə maraqlı gəlir. Bir neçə belə söz var, sadəcə indi dəqiqliklə xatırlaya bilmirəm.
Tanış taksi sürücüsü mənə “aşıq Metyu” deyir
– Yerli sakinlərin sənə münasibəti necədir?
– Marneulidə mənə münasibət çox əladır. Qaldığım evin yaxınlığında bir taksi sürücüsü ilə dost olmuşam. O məni tez-tez saz dərslərinə gətirir. Məni “aşıq Metyu” deyə çağırır. Çox mehriban insandır. Bu gün o mənə bir neçə meyvə verdi. Mənə dedi ki, Marneulidə qonağam və qonaqpərvərlik onun üçün çox vacibdir. Bəzən rus olduğumu zənn edib mənimlə rusca danışırlar və adətən Azərbaycan dilində rus deyil, amerikalı olduğumu bildirirəm. Məndən ABŞ barədə tez-tez maraqlananlar da olur. Onlara təcrübəm, mədəniyyətimiz barədə danışıram. İnsanlar ünsiyyətə çox açıqdır. Hesab edirəm ki, bu, çox yaxşıdır, mədəniyyətlərarası dialoqdur.
“Sazım suvenir deyil, ABŞ-a aparacağam”
– Saza marağın haradan qaynaqlanıb? Niyə məhz bu alətdə çalmağı öyrənməyə qərar vermisən?
– Azərbaycanda olanda milli musiqinizi çox bəyənmişdim. Bakıda iki ay qaldığımdan hər hansı bir musiqi alətində çalmağı öyrənə bilməmişdim. Amma fikirləşirdim ki, bir gün öyrənəcəyəm. Marneuliyə gələndən sonra həmkarım saz dərslərinin başladığını dedi. Mən saz öyrənmək istəyimi bildirdim. Artıq üç aydır sazda çalmağı öyrənirəm. Deyə bilmərəm ki, bu, mənə çox asanlıqla başa gəlir. Mən başqa alətdə çalmıram və musiqiçi deyiləm. Fikrimcə, sazda ifa etməyi öyrənmək gitara çalan üçün daha asan gələr. Mənim üçün ən çətin tərəf mahnının sözlərini yadda saxlamaqdır. Saz üçün aşıqlar mahnıların sözlərini əzbər bilirlər və bədahətən söyləyirlər.
Sazımı Marneulidəki sazbənd Bafəli müəllimə düzəltdirmişəm. Bir gün dərsdən sonra aşıq Nargilə xanımla onun emalatxanasına getdik. Bafəli müəllim mehriban insandır. O, amerikalının Marneulidə yaşamasına, saz sifariş etməsinə çox təəccüblənmişdi. Sazım 600 lariyə başa gəldi. Məmin üçün bir az bahalı oldu, amma saz mənə hər gün məşq etməyim üçün lazımdır.
Azərbaycanlılara xas mədəniyyətlə yaxından tanışlığım üçün sazda çalmağı öyrənməyi özüm üçün maraqlı hesab edirəm. Sazım suvenir deyil. ABŞ-a geri dönəndə özümlə aparacağam və ailəmə göstərəcəyəm. Əminəm ki, saz aləti və aşıq musiqisi onların da xoşuna gələcək.
“Nizami Gəncəvinin əsərlərini Azərbaycan dilində oxumaq istəyirəm”
– Metyu, Azərbaycan dilində biliklərini inkişaf etdirirsənmi?
– Bunu çox istəyirəm. Düşünürəm ki, Azərbaycan dili üzrə biliklərim yaxşı səviyyədə olanda Nizami Gəncəvinin əsərlərini oxuyacağam. Marneulidə Nizami Gəncəvi və Şota Rustavelinin abidəsi var. Hər ikisi eyni dövrdə yaşayıb. Sanki bu iki şairdə Azərbaycan və Gürcüstan mədəniyyətləri birləşib. Azərbaycan dilində oxumaq təcrübəm artdıqca, bu dildə ədəbi kitabları mütaliə edəcəyəm. Məncə, hazırkı dil biliklərim A2 və B1 səviyyələri arasındadır. Azərbaycan dilini çox və tez-tez istifadə edirəm. Əlbəttə dilə mükəmməl yiyələnmək zaman və səy tələb edir. Marneulidə yaşamağım Azərbaycan dilində danışıq bacarığımı inkişaf etdirir. Növbəti iki il ərzində Marneulidə qalacağam, Azərbaycan dilini öyrənməyi davam etdirməyim üçün kifayət qədər vaxtım olacaq. Həm də danışıq üzrə həftədə iki dəfə dərs alıram.
“Ə” hərfi mənə çətin gəlir”
– Dilimizlə bağlı əsas çətinliyin nədir? Azərbaycan dili üzrə müəllimlər sənin biliklərini necə dəyərləndirirlər?
– Ən əsas çətinliyim tələffüzlə bağlıdır. “Ə” hərfi mənə çətin gəlir. Düzdür, bizim dilimizdə bu səs var. Amma bu səsi verən spesifik hərfimiz yoxdur. Azərbaycan dilində oxuyanda “ə” və “e” hərfləri ilə bağlı müəyyən çətinliklərim olur. Təcrübə və müəllimlərin köməyi ilə bunun öhdəsindən gələcəyəm.
Müəllimlər Azərbaycan dili biliklərimi müsbət qiymətləndirirlər, daha da yaxşı öyrənmək üçün məni həvəsləndirirlər. Marneulidə bəzən Azərbaycan dilində danışanda mənə “Afərin sənə!” deyirlər.
“Yarpaq xəngəlini, Azərbaycan paxlavasını çox sevirəm”
– Aşıq sənətindən başqa Azərbaycan mədəniyyətində səni daha nə cəlb edir?
– Azərbaycan mədəniyyətində ən çox sevdiyim musiqidir. Bundan başqa, Azərbaycan rəqslərini və toy adətləri də çox maraqlı gəlir. Gürcüstanda iki azərbaycanlı toyunda iştirak etmişəm, səslənən musiqiləri çox bəyənmişəm. Muğamı və xalçaları da bəyənirəm. Azərbaycan mətbəxi də mədəniyyətinizin ən gözəl tərəflərindən biridir. Gürcüstanda sevimli yeməyim yarpaq xəngəlidır. Qonağı olduğum ailə yaxşı yarpaq xəngəli bişirir, çox sevirəm. Qutabı, şah plovu da həmçinin. Və əlbəttə ki, çay. Çayı hər gün içirəm. Çay süfrəsi ətrafında söhbət etməyi sevirəm. Şirniyyatlarınızdan isə ən çox sevdiyim paxlavadır. Türk paxlavasını da bəyənirəm, amma Azərbaycan paxlavası daha çox qozludur və çox ləzzətlidir. Dostlarım Marneuliyə gələndə onları mütləq paxlava dadmağa dəvət edirəm.
“Mehdi”nin aşıq sənəti üzrə müəllimi Nargilə Mehtiyevadan amerikalı tələbəsi barədə maraqlanmaya bilmirik. Nargilə xanım öncə Marneulidəki verdiyi dərslər barədə məlumat təqdim edib. Onun sözlərinə görə, artıq il yarımdır Marneulidə həftədə bir dəfə - bazar günlərində istedadlı yeniyetmə soydaşlarımıza saz dərsləri keçir. Dərslər təmmənasızdır. Nargilə xanım Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində saz dərsləri deyir. Marneulidəki dərslərə gələnlər Tbilisiyə getmək üçün imkan edə bilmirlər. Dərslər Gürcüstanın Azərbaycanlı Qadınları İttifaqının Marneulidəki ofisində təşkil olunsa da, hazırda yerli Mülki Məşğulluq Mərkəzində davam etdirilir.
“Dərslərə iki nəfərlə başladım, hazırda 9 şagirdim var”
– Nargilə xanım, Marneulidə saz dərsləri vermək ideyası necə yaranıb?
– Qaçağan kəndindən olan bacı-qardaş mənə müraciət etdi. Bildirdilər ki, sazda ifa etməyi öyrənmək istəyirlər, amma dərslər üçün Tbilisiyə gedə bilmirlər. Qərara aldım ki, Gürcüstanın Azərbaycanlı Qadınları İttifaqının Marneulidəki ofisində bazar günü olmaqla həftədə bir dəfə dərs verim. Təşkilatın ofisi artıq təhvil verilib, xeyli müddətdir məkansız qalmışıq. Uşaqlar çox istedadlıdırlar, onlar məni, mən də onları itirmək istəmirəm. İstedadlı uşaqları tapmaq, bir araya gətirmək, onlara dəstək olmaq asan deyil. Hətta düşünürdüm ki, havalar xoş olsa, dərsləri parkda da keçə bilərəm. Çətinliklərə baxmayaraq, uşaqların əlini buraxmayacağam. Dərslərə iki nəfərlə başladıq, hazırda isə doqquz şagirdim var. Ən kiçik şagirdim 10 yaşındadır. Yer məhdudiyyətinə görə dərslərin davamlılığını təmin etmək çətindir. Məkan problemi ilə bağlı dəstək üçün Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət etmişik. Dəstəklə bağlı söz veriblər. Müraciətimizə müsbət cavab verəcəklərinə ümid edirik.
“Metyunu saza alətin cazibədar səsi cəlb edib”
– Metyunun saz alətinə, aşıq sənətinə marağını necə izah edərdiniz?
– Metyu böyük maraq və həyəcanla nəinki sazda çalmağı, aşıq sənətinin dərinliklərini də öyrənməyə çalışır. Sazını çox böyük həvəslə alıb. Aşıq sənətini öyrənmək arzusunda olan istənilən şəxs üçün qapım açıqdır. Sənətin incəliklərini böyük həvəslə və sevə-sevə öyrədirəm, dəstəyimi əsirgəmirəm. Metyunun musiqi duyumu da, çalmaq bacarığı da var. Yaddaşı da güclüdür. Barmaqlarının pərdələrə tabe olması çox önəmlidir.
Doğrudur, musiqinin dili yoxdur. Dilimizi bilməyənlərə belə sazı öyrətmişəm. Amma Metyunun Azərbaycan dilində bilməsi mənim üçün önəmlidir və mənə dəstək olur. Aşıq sənətinin sirlərini əlbəttə ki, Azərbaycanca daha dərindən, mükəmməl və ətraflı şəkildə öyrədə bilirəm.
Sazımız böyük gücə malikdir. Bütün türk dünyasının ruhunu oxşayan alətdir. Sazın saf və təmiz səsi əcnəbiləri çox cəlb edir. Gürcüstanın çonquri, panduri kimi milli alətləri var. Metyu istəsəydi, onlarda çalmağı öyrənərdi, lakin saza üstünlük verib. Onu sazın cazibədar səsi cəlb edib. İlk dərsə gələndə ondan niyə sazda ifa etməyi öyrənmək istədiyi barədə soruşdum. Cavabında dedi ki, Gürcüstandakı azərbaycanlıların hansı aləti daha çox sevdikləri barədə maraqlanıb və ona sazı göstəriblər. Düşünürəm ki, tələbəm olmuş digər amerikalı Ben kimi, Metyu ilə də eyni səhnəni bölüşə biləcəyəm. Mənim üçün şagirdlərimlə birgə çıxış etmək çox önəmlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Dekabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















