Havalar çox isti və quraq keçir: Azərbaycanda hökmən bu, məhsul qıtlığına səbəb olacaq
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Ekologiya və ətraf mühitin mühafizəsi
Ekoloq deyib ki, Azərbaycan fəlakət riskinin azaldılması üçün "çox ciddi işləməlidir”
Noyabrın son günlərini yaşayırıq. Cəmi iki gündən sonra dekabr gələcək, lakin havalar hələ də payızdan çox yazı xatırladır. Ölkənin demək olar ki, bütün bölgələrində temperaturun mövsüm normasından yüksək olması diqqət çəkir.
İqlim dəyişiklikləri planetimizin ekosisteminə ciddi təsir göstərir, təbii resursların tükənməsinə, hava hadisələrinin ekstremallaşmasına və canlı həyatın pozulmasına səbəb olur. Belə bir mənzərənin fonunda ekologiya və ətraf mühitin mühafizəsi məsələsi daha da aktuallaşır. Ona görə ki, ekoloji mühit insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan istər beynəlxalq konvensiyalara, istərsə də daxili düzənə uyğun olaraq ətraf mühitin və ekologiyanın qorunması üçün mümkün olan hər bir addımı atır. Lakin bizdən asılı olmayan səbəblərdən ekologiya və ətraf mühit zərər görə, çirklənə bilir. Xüsusən də, qlobal istiləşmənin neqativ təzahürləri illər keçdikcə planetin hər yerində özünü büruzə verməyə başlayıb. Bunun da səbəbi ətraf mühitin qorunması və ekoloji tarazlığın təminatı ilə bağlı vəziyyətin qənaətbəxş səviyyədə olmamasıdır.
Məsələn, yay aylarında tez-tez müşahidə edilən meşə yanğınları təbii sərvətlərə və ətraf mühitə böyük zərər vurur. Bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da enerji daşıyıcıları və enerji resurslarından geniş istifadə, atmosferin sənaye və avtomobil qazları ilə çirklənməsi istiləşmə effektini artıran amillər arasındadır. Havaların isti və quraq keçməsi də öz növbəsində ətraf mühitə təsirsiz ötüşmür. 
Qlobal iqlim dəyişikliyinin özünü büruzə verən fəsadlarından biri də son illər dünyada, o cümlədən də ölkəmizdə qışda yaz, yayda payız havasının müşahidə edilməsidir. Adətən noyabr ayında havalar soyuyar, yağış, bəzən hətta qar yağardı. Bu il isə adət etdiyimizdən fərqli hava şəraiti hökm sürür. Payızda yaz havası hökm sürür. Ekoloqlar isə bunu qlobal iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirir. Qeyd edirlər ki, qlobal iqlim dəyişikliyi dünyanın bəzi bölgələrində qasırğaların, sel və daşqınların artmasına səbəb olub. Həmçinin davamlı quraq havanın da təbiətə bir çox mənfi təsiri var. Bu, ilk növbədə insanların və heyvanların həyatı üçün ciddi təhlükə hesab olunur. İqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir. Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə adaptasiya tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından Bakıda və Abşeron yarımadasında 3,9 dərəcə yüksəkdir: “Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyüdür. Ümumilikdə noyabrda 22 gün temperatur normadan yüksək olub. Çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən, ötən illərin noyabr aylarına nəzər salsaq, əvvəlki illərdə də yüksək temperatur rejimi qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ildə 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir".
Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında isti hava müşahidə olunur: "Rayonlarda havanın temperaturunda 7-8, Naxçıvanda isə 12 dərəcəyədək artım var. Bu, iqlim dəyişikliyi ilə bağlıdır".
R.İsmayılov əlavə edib ki, Azərbaycanda havanın dəyişməsinə ən çox təsir şimaldan və cənubdan daxil olan hava kütlələri ilə bağlıdır: "Hazırda cənubdan axan hava kütlələri səbəbindən ölkədə isti hava müşahidə edilir. Qışda havanın temperaturunun soyuq keçib-keçməməsinə gəlincə, bu, ekzotik proseslərlə bağlıdır. Şimal hava kütlələri ölkəyə daxil olanda artıq havalar soyuya bilir".
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov “Şərq”ə açıqlamasında bildirib ki, əvvəlki illərin statistikasına baxanda bu, normal deyil: “Havalar çox isti və dolayısı ilə quraq keçir. Bu, quraqlıq hadisəsidir. Əvvəllər ilin bu fəslində, xüsusilə bu ərəfələrdə güclü yağışlar yağardı və bu da kənd təsərrüfatında suya olan tələbatın xeyli hissəsini ödəyirdi. Hazırda bu yoxdur və Azərbaycanda hökmən bu, məhsul qıtlığına səbəb olacaq. Yem, taxıl bitkilərinin qıtlığına səbəb olacaq. Bu, ərzaq çatışmazlığına da səbəb olacaq. Azərbaycanda Milli Uyğunlaşma konsepsiyası çərçivəsində həm kənd təsərrüfatında, həm də su ehtiyatlarının idarə olunmasında iqlim dəyişikliklərinə necə hazırlaşmaqla bağlı işlər görülür. 2021-ci ilin iyul ayından tətbiq olunan Milli Adaptasiya Proqramı Azərbaycanda çoxsaylı fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur. Burada məqsəd su qıtlığı şəraitində kənd təsərrüfatının inkişafına nail olmaq - su qıtlığı şəraitində kənd təsərrüfatı bitkilərinin becərilməsi, sudan qənaətlə istifadə etməyə imkan verən texnologiyaların geniş tətbiqi, suya tələbatı az olan yerli bitkilərin əkilməsi, virtual su ticarətinin genişləndirilməsi, çox su tələb edən məhsulların becərilməsini dayandırmaq və həmin məhsulları hazır şəkildə xaricdən almaq, onların əvəzinə digər daha az su tələb edən kənd təsərrüfatı məhsulları istehsal edib xaricə satmaq da bir çıxış yolu ola bilər”.
Bütün dünyada baş verən iqlim dəyişikliklərinin Azərbaycandan da yan keçməyəcəyini qeyd edən ekoloq əlavə edib ki, Azərbaycan fəlakət riskinin azaldılması üçün "çox ciddi işləməlidir”. Mütəxəssis iqlim dəyişiklikləri ilə bağlı Azərbaycanın və qonşu ölkələrin su çatışmazlıqlarının qarşısını almaq üçün tikintisi planlaşdırılan su anbarları layihələrini dayandırmasının vacib olduğunu deyib: "Transsərhəd ölkələrlə danışmalıyıq. Gürcüstanda iri su anbarı tikilir, bu ölkə Kür üzərində 5 su anbarı tikməyi planlaşdırır. Xudafərin üzərində su anbarı tikdik, tikməyə də bilərdik. Bu, Arazın suyunu azaldır. Yəni bax, biz qonşu ölkələrlə danışmalıyıq. Azərbaycan transsərhəd çaylarının idarə olunması üzrə Beynəlxalq Konvensiyanı imzalasa da, Türkiyə, Gürcüstan, Ermənistan imzalamayıb. Biz onlarla danışmalı, suyun doğru paylanması, bizə az gəlməsinin qarşısını almaq istiqamətində çalışmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Noyabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















