Heç kim sən olmadı Aygün Bəylər Hümmətova üçün
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Telefonuma zəng gəldi: "Aygün Bəylərin xatirə gecəsini keçirəcəyik Beynəlxalq Muğam Mərkəzində. Sizi də orada görmək istərdik".
Sevindim. Tərəddüd etmədən "Mütləq gələcəyəm. Təşəkkür edirəm Aygün xanıma xatirə gecəsi keçirdiyiniz üçün" - dedim.
Xatirə gecəsinə bir ağrıyla, amma sevə-sevə getdim.
O, mənim üçün əziz idi - bütün təbiəti, hərəkətləri, danışığı, geyim tərzi ilə əziz idi. Çox təbii, çox səmimi idi. Səsin zirvəsindəydi. Sənətin zirvəsi idi. Ona görə də gündəmdə qalmaq üçün sənətindən başqa əlavə nəyəsə ehtiyacı yox idi. Ədalı duruşa, baxışa, yersiz əzilib-büzülmələrə ehtiyacı yox idi. Özünə arxayın, istedadına əmin idi.
Aygünsevərlər gəlmişdilər. Gözüm sənət adamlarını, ifaçıları axtardı. Zalda kimsəni görmədim. Onların yeri boşdu... Adlarını bilmirəm. Əvvəl öyrənmək istədim, sonra fikrimdən daşındım. Niyə yazım ki? Aygünün xatirə gecəsinin olmasından xəbərsiz kimi davranan, şəxsən dəvət alsalar da, gəlməyənlər guya bu yazını oxuyacaqdılar ki? Yəqin bilirlər ki, Aygünün xatirə gecəsində iştirak etmək üçün sənətinlə böyük olmalısan.
Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Nəcibə Hüseynova, yazıçı, şair, publisist Aysel Əlizadənin xatirələri maraqla qarşılandı. Sevimli İlqar Muradov, Nazim Pişyari, Mirələm Mirələmov. Murad Laçın, Məzahir Fikrətoğlu onun xatirəsini əziz tutdular. Xatirə gecəsinin aparıcısı - dəyərli Saleh Bağırovun Aygün xanıma sevgi və hörmətini hiss etməmək mümkünsüz idi.
Mən tədbirin keçirilməsinə dəstək verən Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadəyə, mərkəzin bütün kollektivinə, bu işdə böyük zəhməti olan redaktor Validə xanım Kazımovaya bir daha təşəkkür etmək istəyirəm.
Tədbir bundan sonra Zümrüd Aygün kimi dinləyəcəyimiz Zümrüd Hümmətovanın çıxışı ilə başa çatdı. Alqışlarla başlayan, alqışlarla davam edən xatirə gecəsi alqışlarla da bitdi.
Mənim həyəcanım, təəssüfüm bitmədi...
Aygündən var-dövlət qalmadı, bir vəzifəli yaxını da yoxdu. Ona görəmi ötən il 50 illiyi sadəcə bəzi verilişlərdə xatırlandı? Ona görəmi xatirə gecəsinə sənət yoldaşları gəlmədilər?..
Aygün olduğu zirvəyə özü qalxmışdı. Ayağının altında sənətindən-səsindən başqa heç nə yox idi. Amma sağlığında da adları sənətindən çox olanlar kimi bahalı doğum günləri keçirə bilmədi. Niyə? Nəyə görə? Doğrudanmı, sənətin ölçü meyarı əlaqələr, vəzifə, pul olub? İnanmaq istəmirsən. Özünü sənət dünyasında hesab edənlərin bu düşüncəsinə inanmaq istəmirsən.
Və onun İbrahim Tatlısəsi heyran etməsini xatırladım. Bir də məşhur türk müğənnisi Sibel Canın konsertində səs-istedad axtarmasını xatırladım. Qarşısına kimsə çıxa bilmədi. Oxuyan oldu, amma... Zəng vurub Aygün Hümmətovanı çağırmışdılar - sənəti ilə heyrətləndirən Aygünü. O çəkilişlər indi də durur. Baxmaqdan doymursan. Sibel Can, onunla olan musiqiçilər heyrətlə baxırdılar. Səs yazılarını, disklərini istədilər. "Nadir səs. Azərbaycanda tək səs" kimi ifadələrin təkrar-təkrar səsləndiyini çoxumuz eşitdik. Aygünün təbii sevinci adamı kövrəldirdi.
Özünün Sibel Candan istedadsız olmadığını düşünmürdü. Öz oxuyanlarımız etiraf edə bilmirlər axı... Onun özündən sonra da həmişə yaşayacaq sənətindən də ehtiyat edirlər, məncə. Çünki çoxu özüylə birgə aparacaq geyim-kecimini də, adlarını da, səsini də. O isə yaşayacaq. Hər kəs özündən sonra qalanlar qədərdir.
Aygün cismən ayrılığıyla yenidən doğuldu. Böyüdü, böyüdü, daha böyük oldu. Daha da çox oldu.
Və Aygünə dedim ki:
Heç nə aparmır adam bu dünyadan.
Nəyi varsa qalır bu dünyada.
Hər kəs özündən sonra qalanlar qədərdi,
Yoxsa ki ömür hədərdi.
Kimsə bir vaxt səhv edib
"Əvəzsizlər yoxdu" deyib.
Səndən sonra heç inanmadım.
Yerinə kimsəni tapmadım.
Heç kim sən olmadı.
Sən özündən sonra da böyüdün.
Ürək-ürək sevgi tək.
Öz zirvəndəsən -
Səsin, sənətin zirvəsisən.
Sevgi var-dövlətlə alınmır,
Ən gözəl duyğular satılmır.
Özü var-dövlət olanları alıb-satmaq olmur.
Kimsə özüylə birgə yox olur,
Kimsə hər gün yenidən doğulur bu dünyada.
Səsindən doğulan adam.
Sən Ayımız-günümüz oldun,
Əbədi Aygünümüz oldun.
Kamalə ABİYEVA
Baxış sayı:106
Bu xəbər 20 Noyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















