Heç nə ifadə etməyən obrazların Hacıbaba Bağırovu Orxan Saffari yazır...
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
Azərbaycanda hansı aktyorun həyatına baxırsan, ya özündən soruşursan, o dəqiqə dediyi bir söz var:
“Teatrda qalırdım”.
Əlbəttə, ola bilər. Müxtəlif səbəblərdən baş verə bilər belə şey. Onsuz da, sənət adamlarının imkanı yaxşı olmur. Amma məsələn, arvadı evdən qovub deyə teatrda qalan aktyor da gərək bundan özünə bioqrafiya düzəltməsin. Təəssüf ki, Azərbaycan aktyorları arasında belələri də var.
Eşitdiyimə görə, Hacıbaba Bağırovun da imkansızlıqdan teatrda qaldığı dövrlər olub.
Hacıbaba Bağırov, əslində, film kimi həyatı yaşayıb. Ancaq mən onu heç vaxt filmə yaraşdırmamışam. Beş dəfə evli olan Hacıbaba Bağırov insan kimi kefqom adam idi.
Bəs sənətkar kimi?
Ümumiyyətlə, mənə elə gəlir ki, sənət adamı vəzifə üstündə dəridən-qabıqdan çıxırsa, sənətini vəzifəyə alət edirsə, o, heç vaxt böyük ola bilməz.
Hacıbaba Bağırovun da belə hadisəsi olub.
Uzun illər dost olduğu Siyavuş Aslanla küsülü olublar. Onların mübahisəsi nə üstə olsa yaxşıdır? Heç nə. Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə. Başa düşmək olmur ki, iki sənət adamı bir-birini vəzifə üstündə niyə qırır? Buna görə də küsülümü qalmaq olar?
Dava isə belə sonlanıb: bir müddət sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan bədii rəhbər.
Elə bu, sənətin də sonlanmağı deməkdir.
Az qala bütün aktyorlar teatrda qaldığı kimi, bütün komediya aktyorları haqqında deyilən bir söz də budur:
“Həyatda çox ciddi adam idi”
Ə, di bəsdi də. Bezdirdiniz, vallah. Həyatda da gülməli olanda nə olacaq ki? Ümumiyyətlə, belə bir yalan nəyə lazımdır? Bunun bir səbəbi odur ki, bizdə gülüş hələ də ikinci dərəcəli sənət sayılır. Adamlar özləri də bunu ciddi qəbul etmir. Yumor və yüngüllük arasındakı fərqi bilmir. Guya adam səhnədə güldürürsə, evdə mütləq kədərli olmalıdır ki, balans qorunsun. Sanki gülüş günahdır, onu yumaq üçün şəxsi həyatında əzab çəkməlisən. Halbuki dünyanın ən böyük komediya ustalarının çoxu həyatda da zarafatcıl idi, yumorla düşünürdü, ironiyanı həyat tərzinə çevirmişdi.
Biz isə komediyaçını ciddi göstərməklə onu “böyütməyə” çalışırıq. Bu da bir növ kompleksdir: gülən adamı ciddi göstərməsək, guya hörmət etməyəcəyik. Bu isə həm də onun səhnədəki rollarının süniliyini göstərir.
Yaxud başqa cür:
“Çox istedadlı idi, amma dəyəri bilinmədi”.
Ömrü boyu eyni ampluada oynayan, bir obrazı yüz dəfə təkrar edib, özünü yeniləyə bilməyən adamın qədri hansı formada bilinməlidir ki?
Ümumiyyətlə, Hacıbaba Bağırov bəzi rollarını ortabab oynayıb. Ancaq heç vaxt rolunu yaşamayıb.
İnsanların yaddaşında daha çox bu söz qalıb:
“Nə istəyirsən, edim səninçün? İstəyirsən lap texnikoma girim, bazarı bağlatdırım”.
Düzü, dəfələrlə baxsam da, hələ də bu sözlərdə böyük bir şey görməmişəm. O qədər məhəlli səviyyədədir ki, adamların da yadında ancaq belə şeylər qalır. Ümumiyyətlə, onun bircə ciddi rolu da olmayıb. Hansı var? Kim deyə bilər? Hansı bir ciddi əsərdə möhürünü vura bilib?
Diqqət edin, adamlar da onun haha-hihi ilə tanıyıblar. Sənətində vurğulamağa o qədər bir şey yoxdur, haqqında hər yerdə də yazırlar ki, bəs bəy nəslindən olub, səliqəli geyinib. Ay başına dönüm, adam səliqəli geyinər də. Bunun bəy nəslinə nə dəxli var? Guya hansı aktyorumuz cında geyinib ki? Hətta dərinə getsək, burda da problem tapmaq olar. Məsələn, Hacıbaba Bağırov çox ağappağ kostyum geyinirdi. Başdan ayağa ağ geyinmək nə vaxtdan zövq olub? Adam belə geyimə baxanda da əsəbiləşir.
Bir sözlə, Hacıbaba Bağırovun komediya formatında bir ciddi rolu da yoxdur ki, baxanda deyək, hə, bax bu, əsl performansdır, sənətkar oyunudur. Olsaydı, heç nə ifadə etməyən, tamaşaçıya heç nə deməyən rollarından biri olan Şirbala obrazı şişirdilməzdi.
O cümlədən Mitoşbala, Sonqulu, Məmmədəli və digər bir sıra obrazları da.
Orxan Saffari
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 04 Fevral 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















