Icma.az
close
up
RU
“Heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam” Videomüsahibə

“Heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam” Videomüsahibə

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Onları birləşdirən təkcə eyni ailədə böyüməkləri deyil, həm də eyni sənəti seçməkləridir. İllərdir Azərbaycan səhnəsində onların simasını görür, səsini eşidirik.

“Qafqazinfo” olaraq bu dəfə Azərbaycan kino və teatr sənətinin tanınmış simaları - Əməkdar artist Dilarə Əliyeva və Vüsal Murtuzəliyevlə söhbətləşdik.

Aparıcı Dilarə Əliyeva qardaşı ilə birgə bu dəfə sualları ünvanlayan yox, cavab verən tərəfdə əyləşib. Uğurlar, itkilər, ailə dəyərləri, valideyn-övlad münasibətləri, sənətdə “qırmızı xətlər”, süni intellektin yaratdığı imkanlar və cəmiyyətdə formalaşan stereotiplər... Müsahibəmizdə bütün bu mövzular müzakirə olundu.

- Hər şeyə rəğmən, 2025 sizin üçün necə il oldu?

- Dilarə Əliyeva: Sualda çox yaxşı bir məqam var - “Hər şeyə rəğmən”... İnsanın həyatında heç də hər şey yaxşı olmur. Amma çox şey yaxşı oldu. “Harper's Bazaar” kimi bir dərginin üz qabığında azərbaycanlı aktrisanın fotosunun yer alması çox böyük bir hadisə idi və mənim yaradıcılığımda ömrüm boyu bəs edəcək bir naliyyətdir. Osloda çox gözəl tədbirim baş tutdu. Bundan başqa, sahibkar xanımlardan ibarət işgüzar klubumuz da var. Biz onlarla bərabər bir çox sosial layihələr həyata keçiririk, orada da çox gözəl uğurlarımız oldu. İlin sonunda “SOY production” olaraq “Səma qurbanları” adlı süni intellekt filmi hazırladıq. Mükəmməl bir layihə idi və bir uğurumuz da o oldu ki, “Forbes” jurnalı 6 dəqiqə 20 saniyəlik ən yaxşı süni intellekt filmi kimi bu barədə yazdı. Azərbaycan mətbuatının 150 illiyi ilə əlaqədar olaraq medala layiq görüldüm. Həm özümü, həm də bu medala layiq görülən digər həmkarlarımı təbrik edirəm. 

- Vüsal Murtuzəliyev: Dilarə xanımdan fərqli olaraq, mənim “Harper's Bazaar”ın üz qabığında şəklim çıxmadı. Müəyyən bir mərhələlərdə sağlıq durumumla bağlı vəziyyəti çıxsaq, deyə bilərik ki, il stabil keçdi. Serialda çəkildim, dublyajlarım oldu, xüsusi bir uğur olmadı. 

- Bir-birinizdən öyrəndiyiniz nələr var? 

- Dilarə Əliyeva: Qardaşım olduğu üçün demirəm, Vüsal öz işinin peşəkarıdır və mən onun ən birinci fanatıyam. Ən yaxşı işlərimdə həmişə ona müraciət edirəm. Vüsaldan öyrəniləcək çox şey var. İstər səhnə arxasında, istərsə də ekranda. Hər zaman onun bir ev tapşırığı olur. Hər zaman hazırlıqlı gəlir. Onun belə hazırlıqlı olması yaşıdlarına, ondan sonra gələnlərə bir örnəkdir. Gündəlik efirə gedən serialdakı obrazını o qədər sevirdilər ki, bəzən ona nifrət də edirdilər. Mən özüm də Vüsaldan çox şey öyrənirəm. 

- Vüsal Murtuzəliyev: Dilarə xanımın layihələrində həmişə sevə-sevə iştirak edirəm. Mən də etməsəm, kim edəcək ki? Çox zəhmətkeşdir və işdən yorulmayandır. Etiraf edirəm ki, bir balaca tənbəlliyim var. Çalışıram ki, özümü onun sürətinə çatdırım. Mütəmadi olaraq bir yerdə oluruq, bir-birimizin işini görürük, birlikdə işləyirik. Bir ailədə böyümüşük və bir-birimizin xarakterini yaxşı bilirik, eyni zamanda bir-birimizə keçən şeylər də var, məsuliyyətli olmaq kimi. 

- Səhhətinizdə problem yaşadınız, hazırda özünüzü necə hiss edirsiniz? Bu narahatlıq sizə nə öyrətdi?

- Vüsal Murtuzəliyev: Təbii ki, bu, normal haldır. Hər bir insanın həyatında belə anlar yaşana bilər. Çox şükür ki, pozitiv sonluq oldu. Bu hadisə mənə çox şey öyrətdi. Qəlb qırmamaq, kimdənsə incik düşməmək, həddindən artıq mübahisə etməmək, mübahisə yarandıqda belə onun üstündən keçmək lazımdır. Bu, həm özünə, həm də qarşındakına təsir edir. Ondan sonra həyat tərzimdə də bəzi dəyişikliklər baş verdi. Artıq həyata başqa gözlə baxırsan. Sanki nəsə baş verməlidir, o baş verdi və mən müəyyən şeyləri dəyişməli oldum. 

- Dilarə Əliyeva: Biz çox zaman ölümü düşünməkdən qorxuruq. Amma belə deyil. İnsan öləcəyini bildiyi anda yaşamağa başlayır. Ölümün nəfəsi üzünə dəyəndə Vüsal artıq həyatın mənasını anlamağa, hər şeyi dəyərləndirməyə başladı. Bəzən biz xoşbəxt olduğumuz məqamların yanından ötüb keçirik. Xoşbəxtliyi orada qoyduğumuzun fərqinə varmırıq. Vüsal bunun fərqinə vardı və mən bunu o qədər gözəl hiss edirəm ki…  

- Dilarə xanım, insan ən yaxınını itirəndən sonra onun həyatında, düşüncəsində çox şey dəyişir. Həyat yoldaşınızı itirdiniz. Ötən il isə qardaşınızla bağlı çətin günlər yaşadınız. Sənət dostlarınızdan da itirdiklərinizdən oldu. Bütün bunlar sizə nə öyrətdi?

- Çətin məqamlar indi də davam edir. Onlar bitmir ki, ömür boyu səninlədir. Sadəcə olaraq bir şeyi anlayırsan ki, sən hər şeyə rəğmən başqa dünyada yaşamayacaqsan, sənin var olduğun dünya bundan-sevincindən, kədərindən ibarətdir. Mən bu an üçün nəyi bacarıramsa, onu da edirəm. Bu yolda yeriyirəm, anı yaşayıram və bunun da mənə çox gözəl geridönüşləri olur. Əlimi yanıma sallamıram, əksinə, qolumu çırmalayıram, davam edirəm. Özümü və ətrafımı işlədirəm, onlara da gözəlliklər bəxş edirəm, özümdən ağıllı adamlarla yola çıxıram. Heç kəs aldığı zərbədən sonra əlini yanına salmamalıdır. Çünki zəif olsan, sıradan çıxacaqsan. Həyat isə güclü insanları sevir. Güclü olmaqdan başqa çarən yoxdur. 

- Cəmiyyətdə belə bir fikir var ki, sənət adamlarının evlilikləri uzunömürlü olmur. Halbuki sizin və qardaşınızın illərdir davam edən xoşbəxt ailə həyatı var. Bu davamlılığın sirri nədədir? 

- Dilarə Əliyeva: Bir araya gələn, birlikdə yaşamağa, evlənməyə qərar verən insanlar ikisi də eyni ağılda olmalıdır. Eyni hədəfləri olmalıdır. Əgər biri aydan, biri çaydan danışacaqsa, fikir ayrılığı yaranacaqsa, bir-birinin sənətinə hörmət etməyəcəklərsə, bir yerdən sonra aralarında hörmətsizlik yaranacaq. Bizim evliliyimizin uzun illər davam etməsinə səbəb mənim onun, onun da mənim sənətimə, arzuma olan hörmət idi. Açıq etiraf edirəm, sənətimlə bağlı ciddi problem yaşandığını görsəydim, Oqtayla evlənməyəcəkdim. Mən bəlli bir yaşdan sonra bu dünyaya niyə gəldiyimi anlayırdım. Hər şeydən öncə mənim üçün işim, səhnə olub. Çünki beynim bu cür qurulub. Məni sevibsə, işimi də, sənətimi də sevməlidir. Qızlar da, oğlanlar da bəzən heç nəyə baxmırlar. Biri digərinin işini qəbul etmir, lakin razılaşırlar. Sonradan isə münasibətlərdə çatlar əmələ gəlir. Oqtay heç vaxt mənə deməyib ki, bunu geyindin, sənə qəşəng yaraşdı, gözəl görünürsən. Onun həmişə mənə tənqidləri də, hərdən-birdən dediyi tərifləri də yalnız işimlə bağlı olub. Çünki mənə də bu lazım idi. Bizim məişətlə bağlı problemlərimiz ayda-ildə bir dəfə ya çıxardı, ya çıxmazdı. Əsas problemlərimiz iş üstündə idi ki, sən bunu daha yaxşı edə bilərdin. Bütün bunlara görə bu gün də minnətdarlıq duyuram. Bu gün də hansısa işi edəndə durub düşünürəm. Elə bilirəm, Oqtay baxıb deyir ki, yox Dilarə, sən bunu daha yaxşı edə bilərsən. 

Vüsalın da ailəsində belədir. Onun yoldaşı sənətinin pərəstişkarıdır. Bəzən məndən Vüsala hansısa təkliflər olur, Vüsal razılaşmır, deyir ki, hələ hazır deyiləm. Amma Röya deyir ki, Vüsal niyə razılaşmadı, axı bunu çox gözəl bacarar?! Yəni bizim ailəmizdə əlavə söz-söhbətlərə yer yoxdur. 

- Vüsal bəy, müsahibələrinizdən birində qırmızı xəttinizin olmadığını bildirmisiniz. Maraqlıdır, hansısa rolunuz həyat yoldaşınızın qısqanclığına səbəb olub?

- Qırmızı xəttim yoxdur deyəndə yəqin ki, orada bir anlaşılmazlıq olub. Təbii ki, qırmızı xəttim var. Məsələn, heç vaxt LGBT üzvünü oynamaram. Heç vaxt... Yəni nəyin müqabilində olursa-olsun, oynamaram. Amma ondan başqa qırmızı xəttim yoxdur. Həyat yoldaşım da bunu normal qarşılayır. Dəfələrlə bununla bağlı söhbətimiz də olub. Orada olan orada qalır. Təbii ki, insandan insana, aktyordan da aktyora fərq var. Bunu şəxsi həyata gətirmək peşə etikasına ziddir, sənətinə böyük hörmətsizlikdir. 

- Xarici filmləri izləyərkən tərcümədə ən çox sizin səsinizi eşidirik. Sanki dublyaj işi sizin kurasiyanızdadır. Aktyorlar bəzən bu tip dublyaj işlərinə dəvət olunmadıqlarından gileylənirlər. Kamal Yaşar da bu barədə paylaşım etmişdi. 

- İlk olaraq deyim ki, bu, sırf mənim kurasiyamda olan bir şey deyil. Çox yaxşı həmkarlarım var. Yetərincə istedadlı, çox gözəl səsləri olan dublyajçılarımız var. Sadəcə olaraq kiminsə səsi digərindən bir balaca önə çıxa, sevilə bilər. O ki qaldı istifadə olunmayan səslərə... Müraciət edənlər, istəyənlər çoxdur. Gənclər olub ki, mən dəvət etmişəm, gəliblər, mətn oxuyublar və özüm onları yoxlamışam. Demişəm ki, bu, bir günün, bir həftənin, hətta bir ayın belə işi deyil. Buna illər lazımdır. Mən 2005-ci ildən bu işdəyəm, amma hər dəfə yeni bir şey tapıram.

Kamal Yaşar da istedadlı dostumuzdur, haqlı iradları da var. Bu işin təşkilatçıları var, mən sıradan bir aktyoram. Kimdəsə nəsə problem varsa, məncə müəyyən qədər səhvi özündə axtarmalıdır. 

- Sənətçi ailəsində böyüyən uşaqların seçimi həmişə maraq doğurur. Övladlarınız sizin sahəni davam etdirmək istəyir? 

- Dilarə Əliyeva: Təbii ki, belədir. Mənim kiçik qızım Mədəniyyət və İncəsənət Universitetində oxuyur, dram və kino aktyorluğu üzrə təhsil alır. Bu sahəyə çox böyük marağı var və olduqca istedadlıdır. Mən onun gələcəyinə böyük inam bəsləyirəm. İnşallah, ümidlərimiz də doğrular.

Vüsalın qızlarının da hər ikisinin sənətə böyük həvəsi var. Aysu da, Günəş də çox istedadlıdır. Onları da burada gözləyirik. İnşallah, gələcəkdə hər birini görəcəksiniz.

- Dilarə xanım, olduqca gözəl, baxımlı bir xanımsınız. Bu gün qadınlar gözəllik uğrunda çox prosedurlar etdirirlər. Həm də lap gənc yaşlarından. Buna münasibətiniz necədir?

- Kosmetologiya yaş məsələsi deyil, göstəriş məsələsidir. Ola bilər ki, insan gəncdir, amma üzündə özünün bəyənmədiyi, düzəltmək istədiyi müəyyən məqamlar var. Mən buna çox normal yanaşıram. Bu gün müasir kosmetologiya çox inkişaf edib, kifayət qədər uğurlu və təhlükəsiz prosedurlar mövcuddur. Hər bir qız, hər bir xanım istəyir ki, formada olsun, baxımlı görünsün, tamamlanmalı olan cizgiləri tamamlansın, önə çıxmalı olan məqamlar isə daha da vurğulansın. Əgər hər şey ölçü ilə, dozunda və qaydasında edilirsə, bunu tam normal qarşılayıram.

Özüm də bu prinsiplə yanaşıram. Üzümdə kosmetoloji baxımlar, biorevitalizasiya, kollagen prosedurları etdirirəm. Hələlik təbii baxımlarla davam edirik və bu mərhələnin vaxtını uzatmağa çalışırıq. Gələcəkdə plastik və ya estetik əməliyyatlara ehtiyac yaranarsa, o zaman düşünüləcək. Amma hər halda məqsəd odur ki, dəyişikliklər gözə batmasın. İnsan baxanda “çox gözəl görünür” desin, amma bunun necə əldə edildiyini fərq etməsin.

- Artıq demək olar ki, süni intellekt bütün sahələrə öz təsirini göstərir. Bir müddət öncə sizin də filminiz təqdim edildi, çox da maraqlı alınmışdı. Niyə həmin filmi ənənəvi çəkiliş üsulu ilə deyil, süni intellektdən istifadə etməklə çəkdiniz?

- Dilarə Əliyeva: Qeyd etmək istəyirəm ki, süni intellekt artıq dünyanın ən vacib tendensiyalarından biridir və bu gün bütün dünya ondan istifadə edir. Biz də “SOY Production” olaraq mövcud trendlərdən maksimum yararlanmağa çalışdıq. Bu istiqamətdə Sarvan Hüseynlə işlədik - o, hazırda bu sahənin ən peşəkar mütəxəssislərindən biridir və işini ən yüksək səviyyədə görür. Ortaya qoyduğu nəticələrə görə tam məsuliyyətlə deyə bilərəm ki, çox uğurlu işlər ərsəyə gəlib. Süni intellektlə görülən işlərin həm texniki, həm də maliyyə tərəfi fərqlidir-imkanlar daha geniş, nəticə isə daha effektiv olur. Əgər mövcud büdcə ilə trendlərə uyğun, güclü motivasiya yarada bilmişiksə, demək ki, məqsədimizə çatmışıq. Gələcəkdə sizin qeyd etdiyiniz müstəvidə yeni sifarişlər olarsa, yenə də ən yaxşısını etməyə hazırıq. Hazırkı mərhələdə isə bunu öz imkanlarımız daxilində, süni intellektdən istifadə edərək reallaşdırdıq.  

- Son illərdə çox yayılmış bir ifadə var- uşaqlıq travmaları. Bunu biz də valideynlərimizlə olan münasibətlərdən qaynaqlanaraq çox işlədirik. Çünki əvvəlki illərdə övladların ata-ana ilə sanki daha çox məsafəsi, soyuqluğu olub. Biz onlarla hər şeyi rahatlıqla bölüşə bilməmişik. Sizdə necə idi? 

- Dilarə Əliyeva: Bu, artıq dövrün gətirdiyi bir sözdür. Hətta valideynlərimiz belə deyir ki, biz əziyyət çəkmişik, uşaq böyütmüşük, indi də gedib psixoloqa ki, məni bağışlasın. Amma mən “uşaqlıq travmaları” ifadəsinə çox ehtiyatla yanaşıram. Hətta bəzən elə həmin sözün özü də travmaya çevrilir. Biz belə düşünməməliyik. Hər dövrün öz şərtləri, öz imkanları olub. O vaxt şərait nəyə icazə verirdisə, insanlar da o cür böyüyüb, o cür tərbiyə olunub. Qonaq gələndə uşağın qonaq otağından keçməməsi, böyükdən qalan paltarın kiçiyə geyindirilməsi, oyuncağın paylaşılması, bunlar hamısı o dövrün düşüncə tərzi idi.

İndi dayanıb demək olmaz ki, valideynlərimiz bizi sevməyiblər. Əksinə, onlar da seviblər, sadəcə sevgilərini bildikləri şəkildə göstəriblər. Onların qorxuları olub, yıxılarsan, nəsə olar, başına bir iş gələr. Bəzən bu qorxular sərt davranışlarla ifadə olunub. Amma bu da sevgidən doğub. İnsan sevmədiyi adama görə bu qədər narahat olmaz.

Mən valideynlərimi də sevirəm, böyüdüyüm mühiti də. Bəli, bəzi şeylər daha fərqli ola bilərdi, amma olub. Biz 21-ci əsrdə yaşayırıq, amma 20-ci əsrin övladlarıyıq və o dövrün sovet psixologiyası hamımızın düşüncəsində olub. Ona görə də mən psixologiyaya bu cür yanaşmanı doğru hesab etmirəm. Mütləq şəkildə “gəl uşaqlıq travmanı açaq, valideynini bağışla, yoxsa xoşbəxt olmayacaqsan...” Mən heç vaxt düşünməmişəm ki, valideynimi bağışlamalıyam. Bu yanaşmanın adını belə qoymayaq.

Şərait belə gətirib, həyat belə formalaşıb. Sən o ailədə böyümüsən, indi isə öz həyatına davam edirsən. Valideynini travma mənbəyi kimi yox, səni dünyaya gətirən, böyüdən insanlar kimi qəbul etməlisən. Əlbəttə, hansısa qadağalar sənin xoşuna gəlməyibsə, bu, artıq sənin övladınla münasibətində fərqli davranmağına səbəb ola bilər. Mən, məsələn, Vüsalın qızları ilə münasibətini çox bəyənirəm. Onlarla ünsiyyəti, yanaşması xoşuma gəlir. Qızlar nə istəsə gəlib rahat ona deyirlər. Eyni zamanda xoşlarına gəlməyən şeyləri də deyirlər. Vüsal da onları çox gözəl anlayır. 

- Vüsal Murtuzəliyev: Biz bu gün hər şeyin adına “travma” deməyə başlamışıq. Sanki bu anlayışı həddindən artıq ümumiləşdirmişik. Ən xırda bir hadisəyə də, ən böyük vəziyyətə də eyni ad qoyuruq -uşaqlıq travması. Halbuki dövr fərqi var, şərtlər tamam başqa idi. Məsələn, etiraf edirəm, bizim ailədə anamız bizə qarşı sərt idi. Döyüb də, qorxumuz da olub. Amma o insan bizi sevərək böyüdüb, əziyyət çəkib, əlindən gələni edib. Onun sevgisi bu cür idi. Qorxurdu, narahat olurdu, kömək imkanları yox idi, düşünürdü ki, bizə nəsə olar, ya da nəzarətdən çıxarıq.

Biz bu gün istəsək belə, övladlarımızı o cür böyüdə bilmərik. Bu, artıq mümkün deyil. Çünki dövr dəyişib. Texnologiya, internet, sosial şəbəkələr uşaqların həyatına çox ciddi təsir edir. Bizim dövrümüzdə olmayan bir dünya var indi - telefonların, planşetlərin, internetin içində olan paralel bir dünya. Uşaqlar artıq təkcə ailədə deyil, eyni zamanda o dünyada da böyüyürlər.

Ona görə də “mənim övladım mütləq mənim istədiyim kimi olmalıdır” düşüncəsi artıq keçmişdə qalıb. Amma yenə də valideyn olaraq üzərimizə düşən əsas məsuliyyət var. Ən əsas məsələ nədir? Uşağa yaxşı insan olmağı aşılamaq. Onun beyninə, düşüncəsinə bunu yerləşdirmək. Qalan hər şey-xarakter, seçimlər, çatışmazlıqlar hamımızda var. Heç kim ideal deyil. 

- Cəmiyyətdə sanki başqa bir fikir də formalaşıb ki, kişilər əvvəlki kimi deyil. Yəni illər öncə qadınların nazını çəkən, ailədə yükü daha çox üzərinə götürən məhz kişilər idi. İndi isə bəziləri düşünür ki, onlar da qadınlar qədər qayğı tələb edir. Bəlkə problem gözləntilərdədir?

- Vüsal Murtuzəliyev: Ona qalsa, heç indiki qadınlar da əvvəlki qadınlar kimi deyil. Yox, mən bu fikirlərlə qətiyyən razı deyiləm. Ümumiyyətlə, bu cür müqayisələri etik hesab etmirəm. Əgər kişilik qalmayıbsa, 44 günlük Vətən müharibəsində oğullarımız gedib Qarabağı düşməndən azad etməzdilər. Deməli, kişilik olub və bu gün də var. Kişilik əbədi dəyərdir.

Təbii ki, zaman dəyişir, baxışlar dəyişir. Dünya dəyişdikcə bizim də düşüncələrimiz istəsək də, istəməsək də dəyişməlidir. Biz bu axına uyğunlaşmalıyıq. Bəzən bu dəyişikliklərə bizi müəyyən sistemlər, idarəetmələr, kapitalist münasibətlər məcbur edir. Amma əsas məsələ hər şeyə daha geniş prizmadan baxmaqdır. Nə qadınları, nə kişiləri dövrlərə bölüb dəyərdən salmaq doğru deyil. Mən bu fikirlə qətiyyən razı deyiləm.

- Gənc aktyorlar, aktrisalardan kimləri bəyənirsiniz? 

- Vüsal Murtuzəliyev: Çoxdur, həm də çox. Bu, bir-iki nəfərin məsələsi deyil. Bəzən tamaşaçılar deyir ki, “heyif o əvvəlki aktyorlardan, aktrisalardan”. Amma mən düşünürəm ki, sadəcə olaraq yeni çəkilən serialları və filmləri izləmirlər. İzləsələr, görəcəklər ki, bu gün də çox güclü aktyor və aktrisalarımız var.

Şəxsən özüm sevdiyim aktyorları saya bilərəm: Ziya Ağa, Hikmət Rəhimov, Türkan Cəfərli. Aktrisalardan Kəmalə Piriyeva, Günay Əhməd, Azər Aydəmir, Həcər Ağayeva, Akademik Milli Dram Teatrında Lalə xanım var, gənc, çox istedadlı aktrisadır, onu da xüsusi vurğulamaq istərdim. Görün nə qədər istedadlı ad var, sadalamaqla bitməz. Bir şeyi əminliklə deyə bilərəm: Bu gün nə səhnəmiz boşdur, nə seriallarımız, nə də filmlərimiz.

- Dilarə Əliyeva: Adlarını çəkdiyimiz şəxslər artıq təkcə “gənc” deyil, onlar bu sahədə öz sözünü deyən, prosesi diktə edən sənətkarlardır. Uğurlu işləri, yaddaqalan səhnələri var. Ona görə də mən fəxrlə deyirəm ki, bu gün inanılmaz dərəcədə bacarıqlı, istedadlı aktyor və aktrisalarımız var. Bəyəndiklərimiz də çoxdur, həm də çox.

- Dilarə xanım, söhbətimizin əvvəlində ötən il qazandığınız uğurlardan danışdınız. İlin sonunda siz məşhur türkiyəli fotoqraf Ünal Avcının kamerası qarşısına keçdiniz. Lakin bu fotosessiyada sanki gözəlliyiniz tam şəkildə göstərilmədi.

- Hər kəsin öz baxış bucağı var. Onun qarşısına qoyduğu məqsəd heç də mənim gözəlliyimi ön plana çıxarmaq deyildi. Orada bir qadının duruşu, aurası, təqdimatı tamam başqa cür idi. Ona görə də biz bu işdə gözəllik məsələsinə çox fokuslanmadıq. Bu baxımdan onun mənimlə işləməsi çox maraqlı və fərqli bir təcrübə oldu. İndiyə qədər rastlaşmadığım yanaşma idi. Amma yaradılan ümumi obraz və quruluş həqiqətən çox maraqlı alındı. Türkiyədə olduğumuz müddətdə bir çox televiziya kanalları tərəfindən çəkilişlər aparıldı. Orada tanınmış maqazin jurnalisti Akif Yamanla da qarşılaşdıq. O, Türkiyədə ən çox səs-küy yaradan hadisələri işıqlandıran məşhur müxbirdir. Onun məni tanıması və maraq göstərməsi mənim üçün xoş oldu.

Lamiyə Məmmədova 

Foto - Video: Xəyal Vəlizadə 





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Fevral 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see280

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see217

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see216

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see212

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see190

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see169

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see169

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see165

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see165

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see160

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see158

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see158

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see158

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see157

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see151

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see148

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri