Icma.az
close
up
RU
Həmkarlar İttifaqının pütyovka sistemi necə işləyir? ARAŞDIRMA

Həmkarlar İttifaqının pütyovka sistemi necə işləyir? ARAŞDIRMA

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay mövsümündə minlərlə işçini maraqlandıran məsələlərdən biri də Həmkarlar İttifaqları vasitəsilə təqdim olunan sanatoriya və istirahət mərkəzlərinə pütyovkalardır. Son illərdə bu sistemin necə işlədiyi, pütyovkaların hansı meyarlarla bölüşdürüldüyü və əvvəlki illərlə müqayisədə dəyişikliklərin olub-olmaması ilə bağlı suallar artır.

SİA mövzu ilə bağlı araşdırma edib.

Həmkarlar İttifaqı nədir və əsas funksiyası nədən ibarətdir?

Həmkarlar İttifaqları işçilərin əmək, sosial-iqtisadi və hüquqi mənafelərini qoruyan ictimai təşkilatlardır. Azərbaycanda həmkarlar ittifaqları müxtəlif dövlət və özəl müəssisələrdə fəaliyyət göstərir və onların fəaliyyəti “Həmkarlar ittifaqları haqqında” Qanunla tənzimlənir.

Əsas funksiyalar bunlardır:

-işçilərin əmək hüquqlarının müdafiəsi;
-kollektiv müqavilələrin hazırlanması və icrasına nəzarət;
-əmək mübahisələrinin həllində işçilərin maraqlarının qorunması;
-əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təşviqi;
-sosial layihələrin həyata keçirilməsi;
-üzvlərin istirahətinin təşkili, sanatoriya-kurort müalicəsi və turizm xidmətlərinin göstərilməsi;
-mədəni-kütləvi və idman tədbirlərinin təşkili;
-maddi yardımların göstərilməsi.

Pütyovka nədir?

Pütyovka həmkarlar ittifaqları tərəfindən üzvlərə təqdim edilən sanatoriya, kurort və ya istirahət mərkəzlərində müəyyən müddət qalmaq hüququ verən sənəddir. Onun məqsədi işçilərin sağlamlığının bərpası və istirahətinin təşkilidir.

Pütyovkalar necə verilir?

Ümumiyyətlə proses aşağıdakı mərhələlərdən ibarətdir:

-işçi işlədiyi müəssisənin həmkarlar ittifaqı komitəsinə müraciət edir;
-müraciətə baxılır;
-ayrılmış kvotalar əsasında növbəlilik müəyyən edilir;
-bəzi hallarda tibbi arayış tələb olunur (xüsusilə sanatoriya müalicəsi üçün);
-pütyovkanın müəyyən hissəsi həmkarlar ittifaqı tərəfindən subsidiya edilir, qalan hissəsini isə işçi ödəyə bilər. Bəzi müəssisələrdə isə xərclər tam qarşılanır.

Pütyovkalar hansı meyarlarla bölüşdürülür?

Bu meyarlar müəssisədən və həmkarlar ittifaqının daxili qaydalarından asılı olaraq dəyişə bilər. Ən çox nəzərə alınan amillər:

-həmkarlar ittifaqına üzvlük;
-üzvlük haqlarının müntəzəm ödənilməsi;
-müraciət tarixi;
-əvvəlki illərdə pütyovkadan istifadə edib-etməməsi;
-ailə vəziyyəti;
-sosial həssas kateqoriyaya aid olması;
-sağlamlıq vəziyyəti.

Qaydalar dəyişibmi?

Son illərdə qanunvericilikdə pütyovkaların verilməsi mexanizmini kökündən dəyişən genişmiqyaslı dəyişiklik olmayıb. Lakin ayrı-ayrı həmkarlar ittifaqları və müəssisələr:

-elektron qeydiyyat sistemindən istifadə etməyə başlayıb;
-kvotaların bölüşdürülməsi qaydalarını yeniləyib;
-istirahət obyektlərinin siyahısını dəyişib;
-qiymətlər və subsidiya məbləğlərini yenidən müəyyənləşdirib.

Bu səbəbdən vahid qaydadan çox, müəssisədaxili prosedurlar fərqlənə bilər.

Həmkarlar İttifaqı vasitəsilə gedilən istirahət yerlərində vəziyyət necədir?

Azərbaycanda həmkarlar ittifaqları vasitəsilə əsasən Nabran, Quba, Qax, Şəki, Lənkəran, Naftalan və müxtəlif sanatoriya və istirahət mərkəzlərinə göndərişlər təqdim olunur.

Şərait obyektə görə dəyişir. Son illərdə bəzi istirahət mərkəzləri yenilənsə də, bəzi obyektlərlə bağlı istifadəçilər otaqların köhnə olması, xidmət səviyyəsinin fərqli olması, qidalanmanın keyfiyyəti, internet və əyləncə imkanlarının məhdudluğu, tibbi xidmətlərin səviyyəsi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bununla yanaşı, münasib qiymətə istirahət imkanı yaratdığı üçün sistemdən razı qalan üzvlər də az deyil.

Həmkarlar ittifaqına üzv olmayan şəxs pütyovka ala bilərmi?

Əksər hallarda xeyr. Pütyovkalar ilk növbədə həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulur.

Ailə üzvləri də gedə bilərmi?

Bəzi müəssisələrdə ailə üzvlərinin də güzəştli qiymətlə getməsi mümkündür. Bu, daxili qaydalardan asılıdır.

İldə neçə dəfə istifadə etmək olar?

Adətən ildə bir dəfə nəzərdə tutulur, lakin imkan və kvotadan asılı olaraq dəyişə bilər.

Həmkarlar ittifaqının təqdim etdiyi istirahət paketləri bazar qiymətləri ilə müqayisədə nə dərəcədə sərfəlidir? Bu sistem daxili turizmin inkişafına necə təsir edir?

Bu barədə turizm eksperti Ceyhun Aşurov bildirib ki, Həmkarlar İttifaqı vasitəsilə təqdim olunan pütyovkalara marağın əsas səbəbi onların bazar qiymətləri ilə müqayisədə daha sərfəli olmasıdır. Məhz buna görə də müxtəlif sosial qruplardan olan, həmkarlar ittifaqının üzvü olan vətəndaşlar bu imkandan yararlanmağa çalışırlar:

“Lakin əsas problem həmin pütyovkaları əldə etməyin çətinləşməsidir. Bəzən mövcud sistem artan tələbatı qarşılaya bilmir və mexanizmin operativ işləməsi ilə bağlı müəyyən problemlər yaşanır. Vətəndaşlar müraciət zamanı sistemə daxil ola bilmədiklərini, telefonla əlaqə saxlamağın çətin olduğunu və lazımi məlumatı əldə etməkdə problemlərlə üzləşdiklərini bildirirlər. Bu da təbii olaraq narazılıqlara səbəb olur.

Əslində isə bu imkan hər bir həmkarlar ittifaqı üzvü üçün daha əlçatan olmalıdır. Qiymətlər kifayət qədər münasib olsa da, yüksək tələbat səbəbindən hər kəs bu xidmətdən yararlana bilmir.

Hesab edirəm ki, sistem genişləndirilsə və daha səmərəli təşkil olunsa, daha çox insanın istirahətini təmin etmək mümkün olar. Eyni zamanda, bu yanaşma daxili turizmin inkişafına da mühüm töhfə verə bilər. Hazırda turizm sektorunda müəyyən geriləmə müşahidə olunur və Həmkarlar İttifaqı vasitəsilə təşkil olunan istirahət proqramlarının genişləndirilməsi daxili turizmin canlanmasına xidmət edə bilər.

Bunun üçün daha çox otel və istirahət mərkəzinin Həmkarlar İttifaqının proqramına cəlb edilməsi, xidmətlərin coğrafiyasının genişləndirilməsi məqsədəuyğun olardı. Bu addım həm regionlarda fəaliyyət göstərən turizm obyektlərinin doluluq səviyyəsini artırar, həm də vətəndaşların daha rahat və münasib qiymətlərlə istirahət etməsinə imkan yaradar”.


Həmkarlar ittifaqlarının işçilər qarşısında hüquqi öhdəlikləri nələrdir? Üzvlər hüquqlarının pozulduğunu düşündükdə hansı addımları ata bilərlər?

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, “Ümumiyyətlə, həmkarlar ittifaqlarının fəaliyyəti işəgötürənlə bağlanmış kollektiv müqavilələrlə də tənzimlənir. Onların əsas funksiyası işçilərin əmək hüquqlarını müdafiə etmək, hüquqi məsləhət vermək və əmək münasibətlərində işçilərin maraqlarını təmsil etməkdir.

Əgər işçinin hüquqlarının pozulduğu hesab edilirsə, həmkarlar ittifaqı əvvəlcə məsələ ilə bağlı işəgötürənlə danışıqlar aparmalıdır. İşəgötürənin mövqeyi qanunsuz və ya əsassız hesab olunduğu təqdirdə isə həmkarlar ittifaqı işçi ilə birlikdə məhkəməyə müraciət edə və məhkəmə prosesində onun hüquqlarını müdafiə edə bilər. Əslində həmkarlar ittifaqlarının əsas missiyası da məhz bundan ibarətdir.

Bununla yanaşı, Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu institut daha çox dövlət müəssisələrində fəaliyyət göstərir və özəl sektorda geniş yayılmayıb. Bu səbəbdən həmkarlar ittifaqları işçilərin hüquqlarının müdafiəsində gözlənilən dərəcədə fəal rol oynamır.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqqı tutulur və bunun müqabilində müəyyən sosial xidmətlər, o cümlədən sanatoriya və istirahət mərkəzlərinə güzəştli göndərişlər təqdim edilir. Lakin, bu imkanlardan kimlərin yararlanması ilə bağlı şəffaflıq məsələsi zaman-zaman müzakirə mövzusu olur”.

Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq AHİK-dən cavab verilib.

AHİK-dən verilən məlumata görə, artıq bu proses tamamilə elektronlaşdırılıb. Məqsəd insan amilini aradan qaldırmaq və bütün üzvlər üçün əlçatanlığı artırmaqdır. Güzəştli yollayış almaq üçün aşağıdakı sadə addımları ardıcıllıqla yerinə yetirmək lazımdır:

Portala daxil olun: Həmkarlar ittifaqının üzvü olan işçilər, sığortaolunanlar və əmək pensiyaçıları ilk növbədə e-ahik.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

İstirahət parametrlərini seçin: Sistemdə getmək istədiyiniz giriş tarixini, müəssisədə (sanatoriyada) qalmaq müddətini və istirahət etmək istədiyiniz mərkəzi seçərək "Axtar" düyməsini sıxmalısınız.

Müraciəti təsdiqləyin: Sistemin təqdim etdiyi uyğun variantlardan birini müəyyən edərək müraciətinizi elektron qaydada təsdiqləyirsiniz.

Ən çox maraq doğuran məsələlərdən biri də yerlərin hansı kriteriyalar əsasında paylanmasıdır. Çox vaxt işçilər arasında vəzifə və ya iş stajının bu prosesə təsir etdiyinə dair fikirlər dolaşır.

Bildirilib ki, yollayışlar həm qismən ödənişli (güzəştli), həm də tam ödənişsiz olmaqla, hər təqvim ilində yalnız bir dəfə verilə bilər. Müraciətlərə vəzifə və ya staja görə deyil, müraciət tarixinə uyğun olaraq, sırf növbəlilik prinsipi əsasında baxılır.

İşçilərin ən çox şikayət etdiyi məqam illərlə ödəniş etdikləri halda heç vaxt sanatoriyaya gedə bilməmələridir.

Qurum bildirir ki, bu kateqoriyadan olan şəxslərin hüquqları qanunvericilik və daxili nizamnamə ilə tam qorunur. Həmin şəxslərin hər il müraciət etmək hüququ var. Elektron sistemin tətbiq edilməsi də məhz bu cür "unudulan" və ya növbəsi çatmayan üzvlərin müraciətlərinin sistemli şəkildə qeydə alınmasına və insan müdaxiləsi olmadan ədalətli növbəliliyin qorunmasına xidmət edir.

Həmkarlar ittifaqı üzvünün həyat yoldaşı və ya uşaqlarının da güzəştli şərtlərlə istirahətə getməsi mümkündür. Bunun üçün əsas şərt odur ki, müraciət edən şəxsin ailə üzvü də öz növbəsində sığortaolunan, əmək pensiyaçısı və ya həmkarlar ittifaqının üzvü statusuna malik olmalıdır. Bu şərtlər ödənildiyi halda, müraciətçilər ailə üzvləri ilə birlikdə ortaq müraciət ünvanlaya bilərlər.

Əgər sizə imtina cavabı gəlibsə, bunun səbəbi rəsmi şəkildə izah olunur. Portaldakı şəxsi kabinetinizə daxil olaraq imtinanın konkret səbəbi ilə tanış ola bilərsiniz.

Əsas imtina səbəbləri aşağıdakılardır:

-Tələb olunan sənədlərin tam və ya düzgün yüklənməməsi;

-Cari təqvim ili ərzində artıq bir dəfə yollayışdan istifadə edilməsi;

-Seçilən tarix və mərkəz üzrə yerlərin (resursların) tam dolması;

-Müraciət edən şəxsin həmkarlar ittifaqı üzvü, sığortaolunan və ya pensiyaçı statusunun olmaması.

İmtina qərarı ilə razılaşmayan vətəndaşlar üçün rəsmi şikayət mexanizmi də mövcuddur. Daxil olan şikayətlərə qanunvericilik çərçivəsində baxılır və müvafiq qərar barədə vətəndaşa rəsmi məlumat verilir”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri