Həmkarlar İttifaqının fəaliyyətində yeni yanaşma, yeni nəfəs
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Yeniliyə qarşı çıxanlar kimlərdir?
Cəmiyyətdə fərdlər, insanlar qruplara bölünür. Baş verən hər hansı bir prosesi, hansısa sahədə görülən işləri, yaxud həyata keçirilən islahatı təhlil edib onun müəyyən çatışmayan tərəflərini sağlam şəkildə tənqid edənlər və baş verənlərdən, onun müsbət və ya mənfi tərəflərindən anlayışı olmayıb kor-koranə şəkildə fikir bildirənlər. Mahiyyətcə kiçik, cılız olduqları halda kompüter arxasında şirə-pələngə dönüb şər-böhtan yağdıranlar. Əslində onlara klaviatura qəhrəmanları da demək olar. Belələri sanki klaviatura arxasında balta ilə dayanıb fərd və ya qrumun kiminsə tərəfindən tənqid edilməsi fürsəti gözləyirlər. Öz içlərini, kin-küdurətlərini büruzə vermək üçün. Fərqi yoxdur hədəfə aldıqları fərd və ya qurum dövlətçiliyə xidmət edir, öz fəaliyyəti ilə insanları, vətəndaşı məmnun etməyə çalışır, ya yox. Yetər ki, əllərinə “əsaslı” və ya əsassız bir “fakt” düşsün. Dərhal hərəkətə keçirlər.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son vaxtlar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da həmin klaviatura “qəhrəmanları”nın, şər kampaniyasının hədəfinə çevrilib. Maraqlısı odur ki, sözügedən qurumun fəaliyyətini yersiz, heç bir əsası olmayan tənqid edənlərin əksəriyyəti ümumiyyətlə AHİK-in hansı fəaliyyətlə məşğul olduğundan, onun nizamnaməsindən tamamilə məlumatsız adamlardırlar. Diqqət etsək görərik ki, AHİK-I əsassız tənqid edən, bu quruma qarşı kor-koranə “səlib yürüşünə” keçənlərin özü də bir neçə qrupa bölünür.

Birincilərə uzun illər haqqı olub-olmadı AHİK-dən yararlananlar, rəhbərlik etdikləri qurumların, hətta media subyektlərinin tərkibində həmkarlar təşkilatı yaratmayıb, çalışanlarının belə əmək hüquqlarını pozanlar daxildir. Çünki AHİK-də son illərdə baş verən kadr dəyişiklikləri köhnə sxemin, idarəetmə üsulunun üzərindən xətt çəkmiş, qurumun fəaliyyətində günümüzün reallıqlarına uyğun yeni yanaşmalar ortaya qoymuşdu. Bu, yeni yanaşmalar isə bu gün küyə düşüb AHİK-i tənqid edənlərin maraqlarına uyğun deyildi.
Bəs, görəsən AHİK-in fəaliyyətində yeni yanaşmalar nədən ibarətdir?
AHİK-in fəaliyyətində yeni yanaşmalar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyətində yeni yanaşmalar son bir neçə ildə özünü ciddi şəkildə göstərməyə başlayıb. Qurum bu fəaliyyətini İnkişaf Strategiyasının Yenilənməsi əsasında tətbiq edib. AHİK-in 2025–2027-ci illər üzrə inkişaf strategiyasının təsdiq edilməsi bu mənada xüsusi əhəmiyyət kəsb edir. Strategiya 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36 tədbiri ehtiva edən plandan ibarətdir. Bütün bunlar həmkarlar ittifaqı hərəkatının daha sistemli, strateji yanaşma ilə qurulması üçün əhəmiyyətlidir. Onu xüsusi qeyd etmək lazımdır ki, təsdiq edilən İnkişaf Strategiyası əvvəlki dövrlərdən xeyli fərqlənir və strategiyanın icrası istiqamətində atılan addımlar onun kağız parçası deyil, real fəaliyyəti əks etdirən sənəd olduğunu ortaya qoyur. Açığı etiraf edək ki, son illərə qədər Həmkarlar İttifaqının fəaliyyəti yalnız seçkilərdən seçkilərə gözə dəyirdi. Qurumun fəaliyyətinin digır diqqət çəkən məqamı isə “putyovka” ilə bağlı idi. Daha dəqiq desək cəmiyyətdə AHİK yalnız “putyovka” verən qurum kimi tanınırdı. İndi isə həm yanaşma, həm də fəaliyyət fərqlidir. AHİK-in cəmiyyət və dövlətlər üçün nə dərəcədə mühüm bir qurum olduğunu artıq vətəndaşlarımız dərindən dərk etməyə başlayıb ki, burada da Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinin son illərdəki məqsədyönlü fəaliyyəti xüsusi rol oynayır. Artıq kağız üzərində, sözdə deyil əməldə əmək hüquqlarının müdafiəsi və hüquqi yardım göstərilir. Bu məqsədlə AHİK-də “Əmək Mühafizəsi və Hüquqi Yardım Mərkəzi” fəaliyyət göstərir, ittifaq üzvlərinə əmək münasibətlərindəki problemlərlə bağlı pulsuz hüquqi yardımlar verilir. Mərkəz bu istiqamətdə təlimlər, seminarlar təşkil edir ki, bu da işçilərin əməyin təhlükəsizliyi və əmək hüquqları haqqında kifayət qədər məlumatlı olmaları və maariflənmələrinə şərait yaradır. Ümumilikdə sözügedən mərkəzin fəaliyyətində əsas məqsəd həmkarlar ittifaqı üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinin daha etibarlı təşkili ilə məmnunluq səviyyəsinin yüksəldilməsidir.
Pərakəndəlikdən peşəkarlıq və şəffaflığa
AHİK üzv təşkilatlar və onların istirahət hüquqlarının ən yüksək formada təşkili üçün də çoxşaxəli və səmərəli fəaliyyət ortaya qoyur. İllərlə baxımsız qalan, heç bir təmir-bərpa işləri aparılmayan sanatoriya və istirahət mərkəzləri demək olar ki, yenidən qurulur, abadlaşdırılır. Vaxtı ilə AHİK-in sanatoriya və istirahət mərkəzinə göndəriş veriləndə ağzını büzən, ondan imtina edən təşkilat, qurum işçiləri indi həmin mərkəzlərdə istirahət hüququ əldə etmək üçün çalışır, növbə gözləyirlər. Təbii ki, bu da yuxarıda qeyd etdiyimiz kimi həmin sanatoriya və istirahət mərkəzlərində yaradılan yeni şəraitlə bağlıdır. Son bir ildən artıq müddətdə sanatoriya və istirahət mərkəzlərində şəraitin təkmilləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər görülüb.

Belə ki, AHİK-ə məxsus sanatoriyalar, “Bilgəh”, “Abşeron”, “Şıx”, “Buzovna” və s. üzv işçilərin istirahəti və müalicəsi üçün aktiv istifadə olunmağa başlayıb. Məsələn, “Şıx” sanatoriyasında müasir şərait yaradılıb, müalicəvi xidmətlər kükürdlü vannalar, parafin terapiyası və s. təmin edilib. Ayrıca, sanatoriyalarda, istirahət mərkəzlərində modernləşdirmə işləri aparılır, bu tipli müəssisələrin fəaliyyəti təkmilləşdirilir.
Qeyd etdiyimiz kimi AHİK-in sanatoriya və istirahət mərkəzlərində aparılan yenidənqurma işləri onlara olan tələbatı, istəyi də artırıb. Lakin konfederasiyanın əvvəlki illərdən qalan “ənənəvi” üsulu, “putyovka biznesi” bu mərkəzləri hər bir üzv təşkilat və ya fərd üçün əlçatan etmirdi. AHİK-də olan “putyovka dəllaları” müəyyən vəsait qarşılığında göndərişlərin verilməsi prosedurunu həyata keçirirdilər ki, bu həm konfederasiya üzvləri arasında ayrıseçkiliyə, həm də qeyri-sağlam rəqabətə səbəb olurdu.
Artıq bir ildən çoxdur ki, həm ayrıseçkilik aradan qalxıb, həm də qeyri-sağlam rəqabət. AHİK prezidenti Sahib Məmmədovun qurumun fəaliyyətində təkmilləşdirmə, yeni yanaşmalar tətbiq etməsinin nəticəsi olaraq istirahət mərkəzləri və sanatoriyalara göndərişlərin onlayn yolla əldə edilməsi prosesi həyata keçirilir ki, bu da qeyd etdiyimiz neqativ halların aradan qaldırılmasına yol açıb. Nəticə etibarilə, AHİK-in sanatoriya və istirahət mərkəzləri hər bir üzv təşkilat və fərd üçün əlçatan olub, eyni zamanda istirahət mərkəzlərinin əksəriyyətinin yenidən qurulması, abadlaşdırılması yalnız barmaqla sayılan istirahət ocaqlarına deyil, AHİK-in balansında olan bütün müəssisələrə tələbatı artırıb. Bu da öz növbəsində müəssisələr arasında sağlam rəqabət mühitini formalaşdırıb. Ən əsası, AHİK-də “putyovka biznesi” aradan qalxıb, bütün proseslər şəffaflaşdırılıb. Kiməsə minnətçi düşmədən, göndəriş üçün müəyyən məbləğdə vəsait sərf etmədən, bütün bunlarla yanaşı istirahət üçün hara göndəriləcəyini əvvəlcədən öyrənə bildiyin halda bu tətbiqdən nədən gileyli olub, onu qəbul etməyəsən ki?

Günümüzdə əksər xidmətlərin internet üzərindən, təmassız, onlayn yolla həyata keçirildiyi halda, vətəndaş istirahət hüquq əldə etmək üçün nə üçün AHİK-də hansısa “putyovka biznesmen”inə yol tapmalıdır? Məhz bütün bu neqativlikləri aradan qaldırmaq üçün istirahət mərkəzlərinə onlayn göndəriş sisteminin əldə edilməsi proseduru tətbiq edilib. İndi hər bir vətəndaş öz istirahət hüququndan azad, şəffaf şəkildə, evində rahat şəkildə oturaraq kompüter arxasında bir düyməni sıxmaqla əldə edə bilir. Bunun nəyi pisdir ki? Bəli, əslində AHİK-in fəaliyyətində tətbiq edilən yenilik, yeni yanaşma və şəffaflıq prinsipi məhz “putyovka dəllaları” üçün arzuedilən deyildi. Bu mənada AHİK-ə qarşı “qara piar” kampaniyası aparan ikinci qrup sırasında məhz onlar dayanır desək yanılmarıq. Axı Sahib Məmmədovun AHİK-ə gətirdiyi yenilik, şəffaflıq onların bazarını öldürüb.
Uğurlu beynəlxalq əməkdaşlıq və əldə edilən nəticələr
AHİK-in son bir neçə ildəki uğurlu fəaliyyətində hər kəs üçün faydalı olan sosial layihələr də aktivləşdirilib. Məsələn, “Həmkardan Həmkara Qayğı ilə” layihəsi çərçivəsində dağlıq rayonlarda, daha dəqiq desək Lerikdə səyyar tibbi müayinələr təşkil olunub. Aksiyada 300-ə yaxın aztəminatlı şəxslərə tibbi xidmət göstərilib.
“Sağlamlığa doğru qaç” layihəsi çərçivəsində müxtəlif zonalarda qaçış yarışı təşkil edilib ki, bu da hərəkətli sağlamlıq təşviqi deməkdir.
Bütün bunlar AHİK-in fəaliyyətində müşahidə edilən aktivliklərdəndir və bu da konfederasiyanı yalnız bəlli dairələrə (hansı ki, AHİK ilə yaxından-uzaqdan əlaqələri yoxdur) əl tutmaq, yardım etmək ənənəsinə son qoyurdu. Çünki bu “ənənə” konfederasiyanın əvvəlki illərdə üstünlük verdiyi dostluq, yaxınlıq, qohumluq prinsiplərinə dayanırdı. Ona görə də indiki fəaliyyət istiqaməti həmin dairələri qane etmədiyi üçün AHİK-ə qarşı qara piar kampaniyası həyata keçirilir.
Son illərdə AHİK-in beynəlxalq əlaqələri də əsasılı dərəcədə inkişaf edib. Həyata keçirilən uğurlu fəaliyyətin nəticəsidir ki, AHİK bir çox beynəlxalq həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Məsələn, bir müddət əvvəl OİC (İslam Əmək Təşkilatı) Əmək Mərkəzi ilə görüş keçirilib, qarşılıqlı layihələr müzakirə olunub. Yaxud, AHİK ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV)arasında əməkdaşlıq deklarasiyası imzalanıb. Bu deklarasiya vasitəsilə həmkarlar ittifaqı üzvlərinin peşəkar bacarıqlarının artırılması, əmək hüquqları sahəsində təlimlərin aparılması planlaşdırılır. Günümüzdə Konfederasiya 70-dən çox ölkənin həmkarlar ittifaqı mərkəzləri ilə əlaqələr saxlayır. Bununla yanaşı Sahib Məmmədov AHİK sədri kimi 2024-cü ildə BHİK-də (Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası) vitse-prezident seçilib. Bu etimad həm də AHİK-in təkcə daxildə deyil, eləcə də beynəlxalq səviyyədə nüfuzunun artdığını göstərir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu əməkdaşlıq yalnız nüfuz üçün deyil, həm də təlim, təcrübə mübadiləsi və işçi hüquqlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün fürsət yaradır. Beynəlxalq əlaqələrin genişləndirilməsi həm də AHİK-ə xarici təcrübəni götürmək, yerli həmkarları gücləndirmək və işçi hüquqları sahəsində qlobal trendləri izləmək imkanı verir.
AHİK cəmiyyətin ən həssas təbəqəsi olan şəhid və qaziləri, onların ailə üzvlərini də diqqətdən kənar saxlamır, müntəzəm olaraq bu təbəqədən olan insanlara yönəlik tədbirlər həyata keçirir. Bütün bu fəaliyyətlər göstərir ki, AHİK sadəcə formal həmkarlar qurumu deyil, həm əmək hüquqlarının müdafiəsi, həm sosial rifah, həm də ictimai məsuliyyət daşıyan bir qurum kimi aktiv işləyir.
Bir sözlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədə sosial tərəfdaşlıq modelinin formalaşması, əmək hüquqlarının qorunması və işçi–işəgötürən münasibətlərində balansın saxlanması sahəsində mühüm rol oynayan təşkilatlardan biridir. Konfederasiya həm dövlət qurumları, həm işəgötürənlər, həm də müxtəlif sosial institutlarla əməkdaşlıq edərək işçilərin hüquq və maraqlarının müdafiəsinə yönəlmiş çoxşaxəli fəaliyyət həyata keçirir.
S.İsmayılbəyli
Bu mövzuda digər xəbərlər:Həmkarlar İttifaqının İçərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI
20 May 2025 20:55
Futbolçuların həmkarlar ittifaqının prezidenti çoxsaylı zədələrdən danışıb
17 Oktyabr 2025 01:01
Həmkarlar ittifaqının nümayəndələri Arif Babayevi ziyarət ediblər FOTOLAR
03 İyun 2025 13:09
AMEA Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə tədbir keçirilib
17 Dekabr 2024 14:01
Baxış sayı:53
Bu xəbər 24 Noyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















