Hər gün evə içkili vəziyyətdə gələn kişi arvadını döydü HÖKM
Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.
Şəmkir Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qüdrət Nəbiyevin (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazlı Heydərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə bu ilin yanvar ayında Şəmkir rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qüdrət Nəbiyev ilə arvadı, zərərçəkmiş Minayə Nəbiyeva (ad, soyadı şərtidir) arasında mübahisə baş verib. Buna səbəb isə zərərçəkmiş şəxsin ərinin mütəmadi spirtli içki qəbul etdiyinə görə ona irad bildirməsi olub. Buna görə də təqsirləndirilən şəxs əli ilə arvadının sifətinə vuraraq ona sağlamlığa yüngül zərər yetirib.
Hadisədən sonra Qüdrət Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Minayə Nəbiyeva məhkəmədə ifadəsində bildirib ki, hazırda əri ilə barışıb, ondan şikayəti və tələbi yoxdur.


