Icma.az
close
up
RU
Həyatın verdiyinə qarşı getmə İlyas İsmayılov sağlığındakı MÜSAHİBƏSİ

Həyatın verdiyinə qarşı getmə İlyas İsmayılov sağlığındakı MÜSAHİBƏSİ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Pul olan yerdə heç vaxt xəsislik etməmişəm”
Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri, Ədalət Partiyasının sədri İlyas İsmayılov 17 fevral 2025-ci il tarixində müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
Mərhum öz vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristablığında oğlu Etimad İsmayılovun yanında dəfn olunacaq.
İlyas İsmayılovun 2012-ci ildə Modern.az saytının "Karyera" rubrikasına verdiyi müsahibəni təkrar yayımlayırıq.


Ondan qeyri-siyasi mövzuda müsahibə almaq nə deməkdir, bunu jurnalistlər yaxşı bilir. Siyasi mövzuda da danışmağa çox səxavətli olmayan bu siyasətçi sərbəst mövzularda müsahibəyə razılaşarkən maksimum konkretliyə üstünlük verir. Biz jurnalistlərin belə adamları açılışdırmaq üçün istifadə etdiyimiz metodlar, məsələn, onu sual yağışına tutmaq da effekt vermir. Əksinə, onun  “bunun nə əhəmiyyəti var ki”, “bu barədə danışmağın nə mənası var ki” deyə cavab zərbələri adamı çıxılmaz duruma da sala bilir. Bizim müsahibə də bu cür “mübarizə” şəraitində keçdi. Əlbəttə mən, müsahibimin cavab zərbələrini yox, yalnız səmimi cavablarını oxucuya təqdim edirəm. Beləliklə, Modern.az saytının “Karyera” rubrikasının növbəti qonağı tanınmış siyasətçi, millət vəkili, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru, Azərbaycanın kecmiş baş prokuroru, müstəqil Azərbaycanın ilk ədliyyə naziri və... yuxarıda qeyd etdiyimiz “xəsisliyinə” baxmayaraq, jurnalistlərin sevdiyi müsahiblərdən olan İlyas İsmayılovdur.        
 

- Mən Tovuz şəhərində anadan olmuşam. Atam milis işçisi olub. 33 yaşında vəzifəsinin icrası zamanı, qaçaqlarla vuruşanda həlak olub. Mən anamın tərbiyəsini görmüşəm. O dövrlər hamı üçün ağır illər idi. Müharibədən sonrakı illər... Belə bir şəraitdə böyümüşük. Atasız böyümək də yəqin atasız böyüyən insanlar bilirlər ki, nə deməkdir.
Puşkin adına Tovuz şəhər orta məktəbini bitirmişəm. Attestat qiymətlərim hamısı “5” və “4”dür. İki fəndən “3”üm var: bir rus dili, bir də alman dilindən.
 

- Hansı peşəni seçmək istəyirdiniz?


- Hüquqşünas olmaq istəyirdim. Ona görə də tarixə və ədəbiyyata meylim çox güclü idi.


- Yəqin atanızın peşəsinə görə.

- Bəli atamla bağlı idi bu arzu. Həm də məndən böyük çox hörmət bəslədiyim xalam oğlu var idi. Hüquqşünas idi. Mən də onun kimi hüquqşünas olmaq istəyirdim. Orta məktəbi qurtarandan sonra iki il instituta girə bilmədim, konkursa düşdüm. Getdim fəhlə işlədim. 1957-ci ildə gəldim Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil oldum və 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirdim.
 

- Tələbəlik illəri xatirinizdə necə qalıb?
 

- Maddi cəhətdən çətinliyimiz olsa da, çox xoşbəxt idik. Hamı eyni səviyyədə idi maddi cəhətdən. Bir-iki nəfərin maddi təminatı bizdən yaxşı idi. Ancaq böyük bir həvəslə oxuyurduq. Gələcəyə ümid var idi. İctimai işlərlə məşğul idik. Tələbə elmi cəmiyyətində çalışırdıq. Yadıma gəlir ki, hələ 1961-ci ildə dördüncü kursda oxuyanda Leninqrad şəhərində tələbələrin elmi konfransı keçirilirdi. Azərbaycandan cəmi iki nəfəri göndərmişdilər o konfransa, biri mən idim, biri də Daşdəmirov Sabir. Ora getdik məruzə ilə çıxış etdik. Bütün bunlar çox xoş, əlamətdar hadisələr idi bizdən ötrü. Mən universiteti qurtaranda həm rus, həm Azərbaycan bölmələrində 50-dən artıq tələbə qurtarmışdı. Hamı da prokurorluğa işə getmək istəyirdi. Bizdən cəmi 5 nəfəri işə göndərdilər. Onların da biri mən idim. Artıq təyinatım gəlmişdi. O vaxt gənc mütəxəssisləri işə SSRİ prokuroru təyin edirdi. Məni Göyçaya müstəntiq təyin etmişdilər. Ancaq ərizə verdim, prokurorluqdan getdim. Bu da yəqin prokurorluğun tarixində yeganə hadisədir ki, ora işə getməkdən kimsə könüllü imtina edib.
 

- Yəqin həmin səfərin təəssüratı ilə universiteti bitirəndən sonra təhsilinizi Leninqradda davam etdirmək qərarı vermisiniz?
 

- Bəli, sonradan da Leninqradda təhsilimi davam etdirdim. Orda getdim, elmi mühiti gördüm. Qiyabi tanıdığımız bir çox alimlərlə şəxsən tanış oldum. Sonra da aspiranturaya daxil oldum, oxudum. 1966-cı ildə vaxtından qabaq müdafiə elədim. Qayıtdım Azərbaycana, Fəlsəfə və Hüquq İnstitutunda əvvəl kiçik, sonra baş elmi işçi işlədim. 
 

- Rusiyada niyə qalmadınız?
 

- Açığı özüm qalmaq istəyirdim və orda da məni saxlamaq istəyirdilər. Ancaq anam çox əziyyət çəkirdi burda. Məni də əziyyətlə böyütmüşdü. Anama görə gəldim. Fəlsəfə və Hüquq institutunda işləyib getmişdim, qayıtdım, elə orda da işə başladım. Eyni zamanda o vaxtlar hüquq elmləri namizədləri çox az idi. Barmaqla göstərirdilər. Hüquq fakültəsinin axşam şöbəsində mən rus və Azərbaycan bölmələrində cinayət hüququndan dərs deyirdim. Eyni zamanda Xalq Təsərrüfatı İnstitutunda fəlsəfədən dərs deyirdim. Paralel olaraq “Sosialist qanunçuluğu” deyilən bir jurnal çıxırdı. Onun redaksiya heyətinin sədri idim. Əslində redaksiya heyəti bir məndən ibarət idi. İki il o jurnalı təkcə çıxartmışam. Ali məhkəmənin ayrı-ayrı məhkəmə tədqiqat işlərini ümumiləşdirirdim, məqalələr yazırdım. Jurnalla əlaqədar olaraq bir çox hüquq-mühafizə orqanlarının rəhbərlərinin yanında olurdum. Və onlar da hər dəfə məni işə dəvət edirdilər. Mən də getmək istəmirdim. İstəyirdim gənc yaşlarımda elmlər doktoru olam.
 

- Amma bir gün bu dəvətlərdən birini qəbul etdiniz?
 

- Bəli. İşə getməyim də sırf təsadüf oldu. Mən bir amerikan filosofunun konsepsiyası ilə tanış oldum. Onun mahiyyəti bundan ibarət idi ki, həyat sənə nə təqdim edirsə, onu qəbul et. Şüurlu surətdə həyatın tələbinə qarşı getmə. Həyatın sənə təqdim etdiyinə qarşı getmə. Son nəticədə həyatdan razı qalacaqsan, çünki həyat ədalətlidir. Elə bu ərəfədə də növbəti iş dəvətini qəbul etdim. Köçürülmə qaydasında Akademiyadan Fəlsəfə İnstitutuna getdim. Məni respublika prokurorunun köməkçisi təyin elədilər.
 

- ...və nəticədən razı qaldınız...
 

- Bəli, sonra da tale elə gətirdi ki, orda prokuror müavini, prokuror oldum. Amma ondan qabaq 6 il Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı vəzifəsində şalışdım. Sonra respublika prokurorunun müavini oldum, sonra respublika prokuroru. Respublika Prokurorluğundan sonra məni SSRİ Prokurorluğuna keçirdilər. Orda şöbə müdiri oldum. Bütün azadlıqdan məhrumetmə yerlərində qanunvericiliyin həyata keçirilməsinə nəzarət edən şöbənin rəisi oldum. Eyni zamanda SSRİ Prokurorluğunun institutunda islah-əmək hüququndan dərs deyirdim. SSRİ dağılana qədər də orda çalışdım. SSRİ dağılandan sonra vətənə qayıtdım və məni ədliyyə naziri təyin etdilər. Üç il də ədliyyə naziri vəzifəsində çalışdım.
 

- İndi də qərarlarınızda həmin filosofun fikrinə əsaslanırsınız?
 

- İndi də o fikrə böyük hörmətim var.
 

- Amma hüquq doktoru da oldunuz.
 

- Bəli, bu 1990-cı ildə oldu. Leninqradda “Cinayətkarlıq və cinayət siyasəti” mövzusunda müdafiə etdim və hüquq elmləri doktoru adını aldım.
 

- SSRİ Prokurorluğunun fəxri işçisi adını da almısınız. O adı ki, onu hər adama vermirdilər... Belə demək olar ki, uğurlu karyeranız olub. Amma indiki dövrdə də karyeranızı qurmağa başlasaydınız nəticə belə olardı sizcə? 
 

- Nə deyim? Onu kim deyə bilər ki? Həyat feilin lazım formasını qəbul eləmir.
 

- Son vaxtlar insanlarda keçmiş sovet dövrüylə bağlı nostalji yaranıb. Sizdə necədir?
 

- Bizim həyatımızın çox hissəsi o dövrdə keçib. O dövrün yaxşı tərəfi də var idi, pis tərəfi də. Onun üstündən xətt çəkməyə ehtiyac yoxdur. Mən hesab edirəm ki o dövrdə gələcəyə bir inam da var idi.  O vaxt kollektivçilik prinsipi var idi. İnsanı kollektivçilik ruhunda tərbiyə edirdilər. İndi isə insan tənha qalıb, öz dərdiylə...
 

- Siyasətə gəlməyiniz necə oldu?
 

- Görünür hər kəs siyasəti bir cür qavrayır. Mənə elə gəlir ki, insanın şüurlu fəaliyyəti elə siyasətlə bağlı olur. Siyasətdən kənarda qalmır insan. Partiya yaratmağıma gəlincə, artıq çoxpartiyalı sistem yaranmışdı. O dövrün tələbinə uyğun olaraq, bizim də tərəfdarlarımız yığıldı, qərara gəldik ki, Ədalət Partiyasını yaradaq. Ədalət hissi güclü olan insanlar yığıldı, partiyanı yaratdıq.
 

- ADP ilə birləşmək qərarı necə verildi?
 

- Biz düşünürük ki, o proses gələcəkdə də davam etməlidir, partiyalar birləşməlidir. O zaman bizə çox partiyalar müraciət edirdilər birləşmək üçün. Sosial Demokrat Partiyası, Demokrat Partiyası... Müzakirə etdik, belə qərara gəldik ki, birləşək. ADP adı qalsın, mən də sədr olum. Və birləşdik. 
 

- Bir yerdə güclü idiniz. Amma sonra ayrıldınız və hər iki tərəf zəiflədi...
 

- ADP-nin yüksək inkişafı təkcə mənim fəaliyyətimlə bağlı deyildi. Partiyanın rəhbərliyində olan insanların, xüsusilə də Sərdar Cəlaloğlunun da fəaliyyəti ilə bağlı idi. Ayrılandan sonra məlumdur ki, qüvvələrimiz də azaldı. Burda da hansısa fərdi qınamaq istəmirəm. Hər şey dövrlə, zamanla, şəraitlə bağlı idi. Və indiki dövrdə zəif görünməyimizin,  ictimai fikrə təsir imkanlarımızın olmamasının səbəbləri tamamilə başqadır.
 

- Övladlarınızdan Etimad İsmayılovu artıq tanıyırıq. Bəs o birisi oğlunuz nə ilə məşğuldur?
 

- Etimad Leninqrad Universitetinin Hüquq fakültəsini qurtarıb. Mətin də Moskva Universitetinin Hüquq fakültəsini qurtarıb. Mətin sonra Nyu-York, Kolumbiya universitetlərini qurtarıb, indi də Nyu-Yorkda çalışır. Mətinin üç övladı var. İki qız nəvəm var, bir oğlan.
 

- Siyasətçi kimi hədəfiniz nədir?
 

- Hədəfim xalqa qulluq etmək.
 

- Amma politologiyanın qanunları var. Partiya rəhbəri olan hər bir kəsin hədəfi rəhbərlik etdiyi siyasi qurumu hakimiyyətə gətirməkdir. O cümlədən özünün prezident olması.
 

- Mən prezident olmaq haqda hələ fikirləşmirəm.
 

- Nəhayət sonuncu sual: “söz xərcləməkdə” xəsissiniz. Bəs pul xərcləməkdə necə?
 

- Mənim heç vaxt artıq pulum olmayıb. Həmişə planlı bir büdcəm olub və ona uyğun hərəkət etmişəm. Amma pul olan yerdə heç vaxt xəsislik etməmişəm. Pul xərcləmək kişi üçün böyük xoşbəxtlikdir.
 

Qızılgül Abdinova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see354

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see338

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see266

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see205

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see183

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see139

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see136

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see136

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see135

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see133

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see133

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see133

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see129

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see128

İlham Əliyev bu qanuna dəyişikliyi təsdiqlədi

15 Oktyabr 2025 15:56see127

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see124

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see123

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see122

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri