Icma.az
close
up
RU
Müasir dövrdə rəsmi statistikanın önündə duran əsas çağırışlar

Müasir dövrdə rəsmi statistikanın önündə duran əsas çağırışlar

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT Baş Assambleyasının 2010-cu ilin fevralında keçirilən 41-ci sessiyasında BMT-nin Statistika Komissiyası rəsmi statistikanın əldə etdiyi nailiyyətləri qeyd etmək, qlobal inkişafda rəsmi statistik məlumatların oynadığı mühüm rolu vurğulamaq və bu sahədə yeni formalaşan çağırışlara diqqəti cəlb etmək məqsədilə 20 oktyabr 2010-cu il tarixini Ümumdünya Statistika Günü kimi qeyd etməyi təklif etmiş, Baş Assambleya 3 iyun 2010-cu ildə qəbul etdiyi 64/267 saylı qətnamə ilə 20 oktyabr 2010-cu il tarixinin birinci “Ümumdünya Statistika Günü” kimi keçirilməsi barədə qərar qəbul etmişdir. 2015-ci ildə Baş Assambleya 96/282 saylı qətnamə ilə 20 oktyabr 2015-ci il tarixinin ikinci Ümumdünya Statistika Günü kimi keçirilməsi, eləcə də hər beş ildən bir oktyabrın 20-də Ümumdünya Statistika Gününün qeyd edilməsini bəyan etmişdir. BMT-nin Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında Ümumdünya statistika günü ilə bağlı BMT Baş katibinin məruzəsi təqdim olunaraq bu il ümumdünya statistika günün beynəlxalq, milli və regional səviyyədə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında keçirilməsi qərara alınmışdır.

2025-ci ildə qeyd ediləcək Ümumdünya Statistika Günü ərəfəsində 24-26 sentyabr tarixlərində keçirilmiş “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumuna Azərbaycan tərəfi ev sahibliyi etmişdir. Forum milli statistika sistemlərinin modernizasiyası, rəsmi statistikada süni intellektin tətbiqi, smart texnoogiyalardan statistika sahəsində istifadə, müxtəlif məlumat bazalarına inteqrasiya imkanları kimi bir çox mövzuların müzakirəsi və təcrübə mübadiləsi baxımından mühüm platforma rolunu oynamışdır. Forumda Avropa, Asiya, Amerika və Afrika qitələrini təmsil edən 16 ölkənin və 10 beynəlxalq təşkilatın nümayəndə heyətləri, tanınmış elmi ictimaiyyət xadimləri və ekspertlər iştirak etmiş və “Statistik islahatlar və inkişaf perspektivləri”, “Statistikanı dəyişdirən innovasiyalar” və “Beynəlxalq müqayisələr proqramı” mövzularında keçirilən sessiyalarda müasir statistikanın aktual məsələləri müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunduğu kimi, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir və rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellekt və rəqəmsal transformasiyaya əsaslanan islahatların aparılması xüsusi əhəmiyyət kəsb edir.

Son illər ərzində rəqəmsal texnologiyaların sürətlə inkişaf etməsi rəsmi statistik məlumatların istehsalı və yayımlanması sahəsində də bir çox irəliləyişlərə səbəb olmuşdur. Rəqəmsallaşma rəsmi statistika orqanlarının fəaliyyətinə əhəmiyyətli şəkildə təsir göstərərək, statistik məlumatların əhatəliliyi, dövriliyi, istifadə asanlığı və keyfiyyətinin artmasına gətirib çıxarmışdır. Belə ki, məlumatların toplanmasında baş verən transformasiya sayəsində ənənəvi kağız sorğu vərəqələri elektron sorğu vərəqələri ilə əvəz edilmiş, toplanan məlumatların mərkəzi statistika sistemlərinə ötürülməsi sürətlənmiş, peyk müşahidəsi məlumatlarından rəsmi statistika sahəsində istifadə imkanları genişlənmişdir. Statistik məlumatların əlçatanlığının artması və informasiya texnologiyaları sahəsində baş verən irəliləyişlər məlumatların toplanması, emalı və yayımlanması kimi rəsmi statistikanın bütün aspektlərinə təsir etməklə Big data (İrihəcmli məlumatlar), Data mining, süni intellekt və digər məlumat mənbələrindən istifadəni şərtləndirir və rəsmi statistikanın önündə yeni çağırışlar qoyur.

Rəqəmsallaşan dünyada ən önəmli məsələlərdən biri rəsmi statistikanın məlumatların toplanması, işlənməsi və yayımlanması prosesində texnoloji yeniliklərə uyğunlaşması, məlumat istifadəçilərinin artan gözləntilərinə cavab verməsi və yeni formalaşan məlumat ekosistemini dəstəkləməsidir. Rəsmi statistika orqanları həm internet məlumatlarından istifadəni, həm də özəl məlumat istehsalçıları ilə əməkdaşlığı genişləndirməli, eləcə də öz potensiallarını tam reallaşdırmaq üçün məlumatların istehsalı ilə yanaşı onların istifadəsi və tətbiqini də dəstəkləməlidirlər.

Hazırda statistika orqanları tərəfindən əhali, turizm və miqrasiya statistikası sahəsində mobil telefon məlumatlarından (passiv şəkildə toplanan) istifadə artmaqdadır. İndoneziya, Yeni Zelandiya, Koreya, Braziliya, Gürcüstan və bir çox ölkələrin statistika orqanları yerli Mobil Şəbəkə Operatorları ilə əməkdaşlıq sayəsində həm məlumatların toplanmasında operativliyi artırmış, həm də məlumatların toplanmasına çəkilən xərci azaltmışlar. Estoniya Mərkəzi Bankı tərəfindən mobil telefon məlumatlarından istifadə turizm statistikası sahəsində görülən işləri 4 dəfə sürətləndirmiş və turistlər üzərində olan statistik yükü tamamilə azaltmışdır. İndoneziya statistika qurumunun 2017-ci ildən etibarən Mobil telefon məlumatlarından istifadəni genişləndirməsi sayəsində daxili turizm sorğusuna cəlb olunan 8000 sayıcı 8 Big data ilə işləyə bilən işçilərlə əvəz edilmişdir.

Lakin bu tip məlumatlara girişin müəyyən üstünlüklərinin olmasına baxmayaraq, müəyyən çağırışları da vardır. Bu məlumatlardan istifadə edərkən statistika orqanları 2013-cü ildə BMT Statistika Komissiyası tərəfindən qəbul edilmiş Rəsmi statistikanın əsas prinsiplərindən biri olan “konfidensiallıq” prinsipinə (6-cı prinsip) əməl etməli, mövcud texniki imkanları qiymətləndirməli və yeni əmədaşlıq modellərini nəzərdən keçirməlidirlər. Əməkdaşlıq imkanları mobil şəbəkə operatorlarının əməkdaşlıq üçün açıqlığından və hər bir ölkənin milli qanunvericiliyindən asılı olaraq müxtəlif formalarda ola bilər.

Müasir dövrdə rəsmi statistika orqanları ilə yanaşı ənənəvi olmayan məlumat istehsalçılarının sayının sürətlə artması, məlumatlar üzərində rəsmi statistikanın monopolyasının getdikcə azalması rəsmi statistika orqanları qarşısında müəyyən tələblər qoyur. Özəl şirkətlər elektron vasitələrdən istifadə etməklə müxtəlif kommunikasiya şəbəkələri vasitəsilə (onlayn ticarət saytları, əyləncə platformaları və sair) əhatəli məlumat bazaları yaratmağa nail olmuşlar. Bu məlumatlar biznes sektoruna biznes modellərini inkişaf etdirmək, yeni trendləri aşkar etmək və bizneslə bağlı qərarlar qəbul etmək üçün böyük imkanlar yaradır. Bu məlumat bazalarına giriş hazırda kəskin bazar rəqabəti, məxfilik və digər səbəblərə görə məhdudlaşdırılmışdır.

Lakin baş verən texnoloji yeniliklər göstərir ki, yeni formalaşan müxtəlif məlumat mənbələri ilə inteqrasiya nəticəsində rəsmi statistika gələcək istehsal prosesində bu mənbələrdən istifadə etməklə bir çox sahələrdə yalnız müəyyən məlumat boşluqlarını doldurmaq üçün ənənəvi metodlardan istifadə edəcəkdir ki, bu da statistika orqanlarına məlumatların təhlili, istifadəçilərlə kommunikasiya, metodoloji inkişaf və sair fəaliyyətlərə diqqəti artırmağa imkan verəcəkdir.

Dövlət idarəetmə sistemində rəqəmsallaşma səviyyəsinin getdikcə artması statistik məlumatların inzibati mənbələrdən daha az xərclə əldə etmək imkanı verməklə RSO-nın işinə əlavə dəstək verir. Lakin inzibati mənbələrdən məlumatların toplanmasının artması imkanlar yaratmaqla bərabər, rəsmi statistika sahəsində müəyyən çağırışlar da meydana gətirir. Belə ki, Big data elminin inkişaf etdiyi və məlumat istehsalı ilə bağlı müxtəlif aktorların meydana gəldiyi müasir dövrdə rəsmi statistika orqanları məlumat ekosistemində öz mərkəzi funksiyalarını qorumalı, paralelçiliyə yol verməməli, vahid təsnifat və metodlardan istifadəni təşviq etməlidirlər. Bunun üçün dövlət orqanları arasında koordinasiya, qəbul edilmiş vahid norma və standartlar olmalıdır.

Bununla yanaşı qeyd etmək vacibdir ki, müxtəlif məlumat istehsalçıları məlumatları əsasən kommersiya məqsədilə, daxili idarəetmə və fərdi qərarların qəbulu üçün topladığı halda, statistika orqanları ictimai əhəmiyyəti olan, rəsmi statistikanın prinsiplərinə, beynəlxalq təsnifat və standartlara əsaslanan, yalnız iqtisadi məqsədlər üçün deyil, demoqrafik, sosial, ekoloji və dövlət siyasətinin həyata keçirilməsi üçün əhəmiyyət kəsb edən digər sahələrin vəziyyəti haqqında da məlumatlar toplayaraq həm dövlət idarəetmə orqanlarını, həm də biznes dairələri kimi digər maraqlı tərəfləri də ardıcıl və etibarlı statistik məlumatlarla təmin edir, onların ehtiyaclarına cavab verərək ümumi ictimai mənafeyə xidmət edirlər.

Rəsmi statistika orqanları istifadəçilərin keyfiyyətli statistik məlumatlarla təmin edilməsi sahəsində öz aparıcı rollarını qoruyub saxlamaq üçün rəsmi statistikanı yeni çağırışlara uyğun olaraq daim təkmilləşdirilməli, dövlətlərin apardığı siyasətlərin informasiya təminatını yaxşılaşdırmalı, məlumat istifadəçilərinin cari və gələcək ehtiyaclarını düzgün qiymətləndirərək gələcəklə bağlı strateji planlaşdırma apararkən bu ehtiyacları nəzərə almalıdırlar. Məlum olduğu kimi, iqlim dəyişmələrinə qarşı mübarizə qlobal səviyyədə aparılan mübarizədir. Statistika orqanları da iqlim dəyişmələrinə qarşı mübarizəyə hansı töhfə verəcəkləri barədə düşünməli, bu sahədə qlobal və yerli siyasəti həyata keçirən təşkilatlarla əməkdaşlıq edərək onların informasiya ehtiyaclarına dəstək verməlidirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, iqlim dəyişikliyi diqqət çəkən əsas sosial problemlərdən biri olmaqla geniş sahədə məlumatların toplanmasını zəruri edir ki, bu da praktiki baxımdan yalnız statistika orqanları tərəfindən toplana bilməz. Bunun üçün prosesə həm əlaqəli dövlət orqanları, həm də institutlar, sənaye assosiasiyaları və digər maraqlı tərəflər da cəlb olunmalıdır.

İqlim dəyişikliyi ilə bağlı rəsmi statistika orqanlarının əsas rolu müvafiq sahə ilə bağlı statistik informasiya ilə ictimaiyyəti məlumatlandırmaqdır. Bu rol həm BMT Statistika Komissiyası tərəfindən qəbul edilmiş Rəsmi statistikanın əsas prinsiplərində (Prinsip 1), həm də Paris Sazişindən irəli gələn İqlim Gücləndirilməsi üzrə Fəaliyyət prinsiplərində əks olunmuşdur.

Aparılan araşdırmalar dünyanın bir çox regionunda iqlim dəyişikliyinin təsiri, xüsusilə onun sağlamlıq, iqtisadiyyat və təbiətə qarşılıqlı təsirinə dair məlumatların mövcudluğunda əhəmiyyətli boşluqlar olduğunu göstərir. Həmçinin müvafiq sahə ilə bağlı məlumatların əhatəliliyi, əlçatanlığı və vaxtlı-vaxtında olmasını ilə bağlı çətinliklər mövcuddur.

İqtisadiyyat və ətraf mühitlə bağlı dövlət qərarlarının verilməsində ən önəmli məsələlərdən biri də statistik və geoməkan məlumatlarının inteqrasiyası, statistika orqanları ilə Milli Geoməkan İnformasiya Agentlikləri arasında effektiv əməkdaşlığın inkişafından asılıdır. Bununla bağlı BMT-nin Statistika Komissiyası və Qlobal Geoməkan Məlumatlarının İdarə edilməsi üzrə Ekspert Komitəsi tərəfindən birgə işlənib hazırlanmış “Qlobal Statistik Geoməkan Çərçivəsi (GSGF), İkinci Nəşr” adlı beynəlxalq standart RSO-nı üçün rəsmi statistika sahəsində geoməkan məlumatlarından istifadə əlçatanlığını artırmaqla struktur yanaşma təqdim edir. Bu beynəlxalq standart geoməkan məlumatlarından istifadə zamanı 5 prinsipi əsas götürməyi tövsiyyə edir:

statistik vahidlər coğrafi baxımdan kodlaşdırılmalı və milli səviyyədə vahid fundamental geoməkan infrastrukturdan istifadə edilməli; statistik vahidlər coğrafi kodlaşdırma koordinatlarından istifadə edərək məlumatlarını məlumat idarəetmə sisteminə daxil etməli; müqayisəlilik və ardıcıllığı təmin etmək məqsədilə məlumatlar yayımlanarkən ümumi coğrafi amillər nəzərə alınmalı; məlumatlarla bağlı standartlarda və proseslərdə statistik sistemlə geoməkan sistemi arasında əməkdaşlıq mövcud olmalı; geoməkan məlumatları əlçatan və istifadə edilə bilən olmalıdır.

Geoməkan məlumatları rəsmi statistika üçün yerin müşahidəsi, urbanizasiya, əhalinin miqrasiyası, ətraf mühitin çirklənməsi, torpaqlardan istifadə və iqlim dəyişikliyi kimi sahələrdə yeni məlumat mənbəyi olmaqla, həmçinin siyahıyaalınma və müayinələr kimi statistik müşahidələrin keyfiyyətini, sürətini və səmərəliliyini artırmağa imkan verir.

Məlumat və informasiya mühitinin sürətlə dəyişdiyi müasir dövrdə statistika orqanları əməkdaşlarının xüsusi təlimlərdə (big data, süni intellekt və s.) fəal iştirakını təmin etməli, məlumatların toplanması, emalı və yayımlanması ilə bağlı yeni standartların işlənib hazırlanması zamanı maraqlı tərəflərlə əməkdaşlığı gücləndirməli, statistika sisteminin modernizasiyasını sürətləndirməlidirlər. Nəzərə alsaq ki, müasir dövr süni intellekt və açıq məlumat mənbələrinin geniş yayıldığı bir dövrdür, statistika orqanları məlumatları yalnz ənənəvi məlumat istifadəçiləri tərəfindən istifadə oluna biləcək şəkildə deyil, həm də süni intelekt tərəfindən oxunub təhlil edilə bilən formatda hazırlamalıdırlar. Rəsmi statistika orqanları bu çağırışlara çevik şəkildə cavab verməklə statistik məlumatların əsas təminatçıları kimi cəmiyyətdə etibarlı mövqelərini möhkəmləndirə və yeni inkişaf istiqamətlərinə nail ola bilərlər.

Son onilliklər ərzində rəsmi statistikanın geniş şəkildə modernizasiyaya məruz qalması və baş verən texnoloji dəyişiklərə uğurla uyğunlaşması onu göstərir ki, gələcəkdə də rəsmi statistika yeni çağırışlara uğurla cavab verəcəkdir.

İlkin Şahvələdov

Dövlət Statistika Komitəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin Qeyri-dövlət xarici borc və beynəlxalq investisiyalar statistikası sektorunun müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri