Icma.az
close
up
RU
Heydər Əliyev irsi davamlı inkişaf yoluna işıq saçır

Heydər Əliyev irsi davamlı inkişaf yoluna işıq saçır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ulu öndər Heydər Əliyevin bütün sahələrdə, xüsusilə də dövlət idarəçiliyi kimi mürəkkəb və məsuliyyətli bir istiqamətdə nümayiş etdirdiyi fitri istedad, dərin nəzəri biliklər və zəngin praktiki bacarıqlar o qədər geniş, çoxşaxəli və sərhədsizdir ki, bu irsin öyrənilməsi yalnız keçmişin dəyərli irsi kimi deyil, həm də bu gün üçün vacib elmi istiqamət, gələcək üçün isə tükənməz innovativ inkişaf mənbəyidir. Məhz buna görə Heydər Əliyev irsi müxtəlif dövrlərdə, fərqli nəslin nümayəndələri tərəfindən araşdırılır, yeni kontekstlərdə yenidən dəyərləndirilir və hər dəfə yeni mənalar qazanır.

Bu davamlılığın səbəbi sadə, lakin olduqca dərin məntiqə söykənir: dünya dayanmadan dəyişir, qlobal proseslər sürətlənir, bəşəriyyətin üzləşdiyi çağırışların miqyası və mahiyyəti durmadan mürəkkəbləşir. Belə bir mənzərədə tarixi təcrübənin ən qiymətli nümunəsi kimi Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi zamanın sınağından keçmiş, universallığı ilə seçilən etibarlı yol xəritəsi rolunu oynayır.

Bu gün də müxtəlif sahələrdə — siyasətdə, iqtisadiyyatda, təhlükəsizlikdə, sosial sahədə, elmdə və təhsildə — ən optimal qərarların hazırlanmasında Heydər Əliyevin irəli sürdüyü prinsiplərə, formalaşdırdığı idarəçilik fəlsəfəsinə istinad etmək, sanki bəşəriyyətin mürəkkəb suallarına verilən peşəkar cavabların mənbəyinə yönəlmək kimidir. Onun nəzəri irsi yalnız keçmişin deyil, həm bugünün, həm də gələcəyin tələblərinə cavab verən çevik idarəçilik modelidir.

Heydər Əliyevin dövlət idarəçiliyindəki möhtəşəm uğurlarının əsasında onun strateji düşünmə qabiliyyəti, geniş dünyagörüşü, dərin elmi hazırlığı və fitri idarəçilik istedadı dayanırdı. O, mürəkkəb prosesləri yalnız izləmək deyil, onları qabaqlamaq, mümkün ssenariləri əvvəlcədən görmək və ən doğru qərarı seçmək bacarığı ilə seçilən nadir dövlət xadimlərindən idi. Bu keyfiyyətlər Heydər Əliyevi hər bir dövrdə — istər sovet sisteminin sərt inzibati çərçivəsi içində, istərsə də müstəqil Azərbaycanın ən çətin illərində — fərqləndirən əsas amillərdən biri olmuşdur.

Heydər Əliyevin fəaliyyət palitrası o qədər çoxşaxəli idi ki, onun istedadının və idarəçilik məktəbinin nümunələri həm siyasi strategiyanın qurulmasında, həm iqtisadi modelin formalaşmasında, həm təhlükəsizlik və idarəetmə sisteminin tənzimlənməsində, həm də sosial-mədəni inkişafın əsas istiqamətlərinin müəyyən edilməsində özünü açıq şəkildə göstərirdi. Hər bir qərarında dövlətçilik məntiqi, xalqı düşünmək fəlsəfəsi və gələcəyə hesablanmış planlılıq dayanırdı.

Ulu öndərin bütün fəaliyyətinin mərkəzində isə bir amal vardı: Azərbaycanı ən müasir, güclü və nüfuzlu dövlətə çevirmək, xalqın rifahını yüksəltmək, ölkənin intellektual, sosial və mədəni potensialını yeni səviyyəyə daşımaq. Onun üçün dövlət idarəçiliyi sadəcə vəzifə icrası deyildi; bu, milli inkişafın mühərrikinə çevrilən böyük bir missiya idi. Məhz Heydər Əliyevin uzaqgörənliklə cızdığı strateji xəttin nəticəsidir ki, sovet dövründə başlanan bir çox mühüm layihələr, müstəqillik bərpa olunduqdan sonra da öz aktuallığını itirmədi, əksinə, daha da dəyər qazandı və müasir Azərbaycanın inkişafında başlıca rol oynadı. Bu layihələr yalnız iqtisadi və sənaye yönümlü təşəbbüslər deyildi — ölkənin gələcəyini əvvəlcədən düşünən, sabahın çağırışlarına cavab verən tammiqyaslı strateji proqramlar idi.

Heydər Əliyevin dövlətçilik irsinin ən parlaq səhifələrindən biri onun neft siyasətidir. Bu siyasət təkcə iqtisadi layihələr toplusu deyil, strateji düşüncənin, uzaqgörənliyin və milli məsuliyyətin möhtəşəm sintezidir. Azərbaycanın inkişaf salnaməsində neft amilini sərvətə, sərvəti isə dövlətçilik dayağına çevirmək məhz Ulu öndərin adı ilə bağlıdır.

Adətən Heydər Əliyevin neft strategiyasının başlanğıcı kimi 1994-cü il – “Əsrin müqaviləsi”nin imzalandığı tarix göstərilir. Bu, əlbəttə, doğrudur. Çünki 1994-cü ildə onun dəqiq hesablanmış strateji planlaşdırması, çoxsəviyyəli diplomatiyası və siyasi qətiyyəti nəticəsində dünyanın aparıcı neft şirkətləri Azərbaycana gəldi. Neft sənayesində ixtisaslaşmış korporasiyalarla yanaşı, neft hasilatını müşayiət edən texnoloji, ekoloji və mühəndislik şirkətləri də ölkəyə daxil oldu. Bu proses, əslində, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın inkişafı üçün tamamilə yeni iqtisadi-sənaye bazasının qurulmasına start verdi.

Həmin illər Azərbaycanın ən çətin dövrü idi: siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, sosial problemlər, institusional boşluqlar... Belə bir vaxtda xarici şirkətləri ölkəyə cəlb etmək nəinki iqtisadi addım, həm də böyük siyasi iradə və liderlik tələb edən tarixi qərar idi. Heydər Əliyevin imzası ilə reallaşan bu proses, əslində, Azərbaycanın gələcək inkişaf modelinin təməllərini müəyyənləşdirirdi. Çünki neft müqavilələri təkcə sərmayə axını deyil, eyni zamanda yeni texnologiyalar, müasir menecment, beynəlxalq əməkdaşlıq təcrübəsi və ölkənin qlobal enerji xəritəsində yenidən möhkəm mövqeyini təmin etdi.

Bu gün Azərbaycanın enerji siyasətində, iqtisadi uğurlarında və beynəlxalq nüfuzunda Heydər Əliyevin 1990-cı illərdə əsasını qoyduğu neft strategiyasının rolu həlledicidir. Neft sektoru ölkənin iqtisadiyyatını yalnız xilas etmədi, həm də onu regionun geosiyasi mərkəzinə çevirən inkişaf platformasına çevrildi. Bu strategiya nəticəsində Azərbaycan qısa zamanda postsovet məkanının böhran içində olan ölkəsindən regional enerji liderinə çevrildi — bu, sözün əsl mənasında Heydər Əliyevin — dövlətçilik dahisinin şah əsərlərindən biridir.

Lakin aparılan təhlillər və tarixi araşdırmalar göstərir ki, Heydər Əliyevin neft strategiyasının kökləri 1990-cı illərdən qat-qat əvvələ — hələ sovet dövrünə dayanır. Bu, təsadüfi deyil. Çünki Ulu öndərin dövlət idarəçiliyində mühüm qərarlar vermək bacarığı yalnız dövrün tələblərini qarşılayan addımlarla məhdudlaşmırdı; o, gələcəyin konturlarını indidən görən, bir neçə onillik sonranı planlaşdıran strateji lider idi. Bu uzaqgörənliyin ən parlaq sübutlarından biri 1978-ci ildə Bakıda Dərin Özüllər Zavodunun tikintisinə başlanmasıdır. İlk layihə üzrə bu iri sənaye kompleksi Həştərxanda inşa edilməli idi. Lakin Heydər Əliyevin qəti mövqeyi, diplomatik məharəti və milli maraqları müdafiə etməkdə göstərdiyi prinsipiallıq nəticəsində zavodun Azərbaycanda tikilməsi qərara alındı. Bu, əslində, Xəzər dənizində dərin sulu yataqlarda neft hasilatının gələcək mərhələsini təmin edən strateji addım idi.

Dərin Özüllər Zavodu kimi nəhəng bir müəssisənin layihələndirilməsi və tikintisinə başlamaq üçün isə uzunmüddətli hazırlıq tələb olunurdu. Layihələrin işlənilməsi və təsdiqi, maliyyə mənbələrinin müəyyənləşdirilməsi və ayrılması, icraçı qurumların təyin edilməsi, texniki-iqtisadi əsaslandırmaların hazırlanması — bütün bunlar, mövcud təcrübəyə görə, ən azı 3–4 il vaxt aparan proseslər idi. Bu isə o deməkdir ki, zavodun tikintisinə 1978-ci ildə start verilibsə, hazırlıq işləri artıq 1970-ci illərin əvvəllərindən başlanmışdı. Deməli, hələ o dövrdə Heydər Əliyev dənizdə neft hasilatının gələcək mərhələsi barədə düşünür, Neft Daşları epoxasının əvvəlki mərhələ olduğunu, qarşıdakı illərdə Xəzərin daha dərin sularında yerləşən yataqlara çıxışın zəruriliyini dəqiq görürdü. Bu, yalnız texniki məsələlərin deyil, həm də böyük strateji planlamanın məhsulu idi.

Ulu öndərin “Əsrin müqaviləsi”nin imzalanması mərasimində dediyi sözlər həmin uzaqgörənliyə verilən ən doğru qiymətdir: “Bu müqavilənin təməli hələ 1970-ci illərdə qoyulmuşdur. O vaxt Azərbaycanın neft sənayesini yenidən qurduq, dənizdə irimiqyaslı işlər həyata keçirdik. Əgər o dövrdə bu tədbirlər görülməsəydi, bu gün bu müqaviləni imzalamaq mümkün olmazdı”.

Bu fikirlər bir daha sübut edir ki, Azərbaycanın müstəqillik dövründə reallaşan neft strategiyasının əsası əslində 20 ildən çox əvvəl – sovet dövründə Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulmuşdu. Onun neft strategiyası bir günün və ya bir dövrün məhsulu deyil, uzunmüddətli düşüncənin, ardıcıl fəaliyyətin və böyük dövlətçilik vizyonunun sistemli nəticəsidir.

Şəkil 1-dən göründüyü kimi, ulu öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində əsrin kontraktının imzalanması zamanı, Azərbaycanda artıq Dərin Özüllər Zavodu mövcud idi və ölkə bu nəhəng layihənin həyata keçirilməsi üçün hazır idi.

Dərin Özüllər Zavodu fəaliyyətə başladıqdan illər sonra, müəssisənin 25 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyevin söylədiyi fikirlər bu strateji qərarın tarixi əhəmiyyətini bir daha aydın göstərirdi. Dövlət başçısı qeyd edirdi: “Əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsəydi, bəlkə də bu layihələr belə uğurla həyata keçirilməzdi... Ümumi xərclər 700 milyon dollar arta bilərdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məhz o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alır... Neft sektorunda əldə olunan nəticələr ancaq cənab Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təşəbbüs, qətiyyət göstərməsəydi, bu layihələr elə layihə olaraq qalacaqdı”.

Bu sözlər bir daha sübut edir ki, Heydər Əliyevin sovet dövründə gördüyü uzaqgörən işlər müstəqillik illərində Azərbaycanın iqtisadi xilasının və davamlı inkişafının əsas dayaqlarına çevrilib. Bu gün ölkənin enerji sahəsində əldə etdiyi nailiyyətlərin kökündə həmin strateji qərarlar dayanır.

Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu neft strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə yüksəldi. Əgər Heydər Əliyev Azərbaycanın enerji müstəqilliyini təmin etmişdisə, İlham Əliyev enerji təhlükəsizliyinin coğrafiyasını genişləndirdi, ölkəni təkcə neft-qaz istehsalçısı deyil, həm də “yaşıl enerji” dövrünün aparıcı iştirakçısı kimi formalaşdırdı.

Prezident İlham Əliyev 2003-cü ildə xalqın etimadı ilə dövlət başçısı seçildikdən cəmi bir il sonra – 21 sentyabr 2004-cü ildə – Azərbaycanın enerji gələcəyinin istiqamətini müəyyən edən mühüm qərar qəbul etdi: ölkədə bərpaolunan enerji üzrə Milli Proqram təsdiqləndi. Bu addım, əslində, dünyanın qlobal gündəmə çevirəcəyi prosesləri çox erkən mərhələdə qabaqlamaq demək idi.

Həmin illərdə Azərbaycan ağır tarixi sınaqlarla üz-üzə idi. Ölkə ərazisinin 20 faizi işğal altında, əhalinin 13 faizi qaçqın və məcburi köçkün statusunda yaşayırdı. Eyni zamanda, ölkə 2020-ci ilə — işğalın sona çatdırılması, 2023-cü ilə isə tam suverenliyin bərpa olunması kimi tarixi mərhələlərə doğru irəliləmək üçün iqtisadiyyatını gücləndirir, sosial sahəni möhkəmləndirir, modern hərbi-siyasi infrastruktur qururdu. Belə mürəkkəb geosiyasi və daxili şərtlər fonunda, “yaşıl enerji”yə keçid istiqamətində qərar qəbul edilməsi həm cəsarət, həm də strateji zəkaya söykənən liderlik nümunəsi idi.

Bu siyasətin mahiyyəti isə müasir idarəçilikdə nadir rast gəlinən bir metodologiyaya — Prezident İlham Əliyevin tətbiq etdiyi rezonans və komplementar texnologiyalar üzərində qurulub. Bu, müxtəlif sahələrin inkişafının bir-birini dəstəklədiyi, paralel və sinxron şəkildə irəlilədiyi çoxməqsədli planlaşdırma modelidir. Məhz buna görədir ki, Azərbaycan ənənəvi enerji mənbələri ilə tam təmin olunmasına və böyük neft-qaz ixracatçısı olmasına baxmayaraq, bərpaolunan enerji siyasətini enerji qıtlığı deyil, strateji modernləşmə xətti kimi seçmişdir.

2004–2023-cü illər ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yaşıl energetikanın inkişafını hədəfləyən 14 fərman və sərəncam qəbul olundu. Bu qərarlar Azərbaycanın enerji sektorunun strukturunu dəyişdirdi, ölkənin XXI əsrin qlobal enerji transformasiyasının aparıcı oyunçularından birinə çevrilməsinin əsası qoyuldu.

Beynəlxalq təşkilatların hesabatları da bu uğurun təsdiqidir. Azərbaycanın bərpaolunan enerjiyə keçid göstəricilərinə görə dünya ölkələri arasında 32-ci yerdə qərarlaşması, büdcə və əhalisi on dəfələrlə böyük olan inkişaf etmiş bir sıra Avropa və G7 ölkələrini belə qabaqlaması, həyata keçirilən siyasətin nə qədər sistemli və uzaqgörən olduğunu nümayiş etdirir.

Bu nəticələr həm Heydər Əliyevin yaratdığı möhkəm təməl, həm də İlham Əliyevin onu müasir dünyanın yeni çağırışlarına uyğun olaraq inkişaf etdirməsi sayəsində mümkün olmuşdur. Azərbaycanın enerji strategiyası artıq yalnız bir ölkənin inkişaf proqramı deyil — regional və qlobal miqyaslı bir model kimi qəbul edilir.

Şəkil 2. Enerji Keçidi İndeksi (EKİ): Azərbaycan və bəzi “böyük yeddilik” G7 və Avropa Birliyi ölkələri

(Mənbə: Dünya İqtisadi Forum, 2023)

Şəkil 2.-də təqdim olunmuş məlumatlar Dünya İqtisadi Forumu (Cenevrə) tərəfindən 2023-cü ilin sonunda, Bakıda keçirilən BMT-nin iqlim konfransı – COP29 ərəfəsində hazırlanmış xüsusi hesabatda öz əksini tapmışdı. Bu hesabat əslində Azərbaycanın enerji siyasətinin son 20 ildə keçdiyi inkişaf yolunun beynəlxalq miqyasda rəsmi qiymətləndirilməsi idi. Sənəd göstərirdi ki, ölkəmizdə neft strategiyasının müasir mərhələdə genişləndirilməsi və paralel olaraq bərpaolunan enerji mənbələrinin strateji şəkildə cəlb edilməsi nəticəsində tamamilə yeni bir inkişaf modeli formalaşmışdır. Bu model həm qlobal çağırışların tələblərinə, həm də milli prioritetlərə — davamlı iqtisadi artıma, ekoloji təhlükəsizliyə və inklüziv cəmiyyətin qurulmasına yüksək səviyyədə uyğunluq nümayiş etdirir.

Hesabat bir daha sübut edirdi ki, Azərbaycan enerji sahəsində yalnız resurs ixrac edən ölkə deyil, eyni zamanda, enerji transformasiyasını idarə edən qabaqcıl dövlətlərdən biridir. Bu dəyərləndirmə təkcə Dünya İqtisadi Forumunun mövqeyi ilə məhdudlaşmırdı. Dünya Bankının 2025-ci ildə dərc etdiyi analitik məlumatlarda da Azərbaycanın enerji keçidi üzrə əldə etdiyi nəticələr xüsusi vurğulanırdı. Həmin qiymətləndirməyə əsasən, ölkəmiz ümumdaxili məhsulun (ÜDM) hər vahidinə — alıcılıq qabiliyyəti pariteti ilə hesablanmış 1000 ABŞ dollarına — 2,62 enerji keçidi əmsalı formalaşdırır ki, bu da enerji transformasiyasının effektivliyinə görə dünya ölkələri üçün nümunəvi göstərici hesab olunur.

Bu nəticələr təsadüfi deyil. Onların əsasında ulu öndər Heydər Əliyevin qoyduğu strateji təməllər, onun neft siyasətinin yaratdığı güclü iqtisadi baza və ən əsası, bu bazanın XXI əsrin tələblərinə uyğun şəkildə çevrilməsini təmin edən Prezident İlham Əliyevin modern idarəçilik yanaşması dayanır. Prezident İlham Əliyev ölkənin enerji siyasətini yalnız iqtisadi sahə kimi deyil, həm də elm, təhsil, texnologiya və innovasiyaya əsaslanan kompleks dövlət idarəçiliyi modeli kimi inkişaf etdirir. Məsələnin məhz bu yanaşma ilə həll edilməsi Azərbaycanı enerji transformasiyasını optimal şəkildə idarə edən ölkələrdən birinə çevirib.

Bu gün Azərbaycanın enerji strategiyası həm milli maraqların təminatçısıdır, həm də qlobal səviyyədə davamlı inkişaf və yaşıl iqtisadiyyat üzrə aparıcı tendensiyalara cavab verən nümunəvi model kimi qəbul olunur. Bu model Heydər Əliyevin müəyyən etdiyi ideya-siyasi xəttin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə yeni keyfiyyət mərhələsinə yüksəldilməsinin real nəticəsidir.

Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin ən mühüm istiqamətlərindən biri elm və təhsilin inkişafı idi. O, istər sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə, istərsə də müstəqil dövlətimizin rəhbəri olduğu mərhələdə elm-təhsil sahəsini xüsusi həssaslıqla diqqətdə saxlayırdı. Heydər Əliyev yaxşı anlayırdı ki, xalqın intellektual potensialı olmadan nə iqtisadi tərəqqi mümkündür, nə də milli dövlətçilik ideyasının davamlılığı təmin edilə bilər. Buna görə də onun təhsillə bağlı fəaliyyəti təkcə idarəetmə qərarlarının məcmusu deyil, Azərbaycanın gələcək inkişaf xəritəsini müəyyən edən strateji düşüncənin ifadəsi idi.

Bu sahədə Heydər Əliyevin gördüyü işlər uzun illərdir araşdırmaların, elmi əsərlərin mövzusuna çevrilib və hələ də müxtəlif aspektlər üzrə tədqiq edilir. Lakin onun təhsil sahəsində həyata keçirdiyi bir təşəbbüs var ki, bu təşəbbüs təkcə ölkə miqyasında deyil, qlobal səviyyədə yenilik hesab olunur. Söhbət davamlı insan inkişafı fenomeni — o dövrdə dünya üçün tamamilə yeni olan bu konsepsiyanın — Azərbaycan təhsil sisteminə gətirilməsi və ümumtəhsil məktəblərinin proqramlarına daxil edilməsindən gedir.

Bəlli olduğu kimi, davamlı inkişaf anlayışı müasir dünyanın aparıcı prioritetidir. Bu termin son illərdə ölkəmizdə “dayanıqlı inkişaf” kimi də işlədilir. Dünyada iqtisadi, sosial və ekoloji çağırışların mürəkkəbləşməsi BMT-ni 2015-ci ilin sentyabrında — Nyu-Yorkda keçirilən Baş Assambleya sessiyasının və Dünya Sammitinin qərarı ilə — inkişafın yeni modelini müəyyənləşdirməyə vadar etdi. Həmin qərara əsasən, davamlı inkişaf bəşəriyyət üçün birinci dərəcəli problem kimi qəbul edildi və 2015–2030-cu illər üçün Davamlı İnkişaf Məqsədləri irəli sürüldü. Bu məqsədlər dünya dövlətlərinin iqtisadi siyasətində, sosial proqramlarında və ekoloji strategiyalarında aparıcı rol almağa başladı.

Hazırda davamlı inkişaf istiqamətində dünyanın bütün regionlarında genişmiqyaslı fəaliyyət həyata keçirilir. Azərbaycan da bu proseslərdə fəal iştirak edən ölkələrdən biridir. Lakin çox az ölkə var ki, davamlı insan inkişafı sahəsində təməl biliklərini ümummilli təhsilə BMT-dən illər əvvəl gətirib. Məhz bu səbəbdən Heydər Əliyevin həmin dövrdə atdığı addım unikal idi və Azərbaycanın qlobal miqyasda öndəgedən ölkələrdən biri olmasına yol açdı.

Qlobal miqyasda davamlı inkişaf məqsədlərinə nail olmaq üçün təkcə dövlətlərin iqtisadi, sosial və ekoloji siyasətini dəyişməsi kifayət etmirdi. Bu prosesin uğurla həyata keçirilməsi üçün dünya əhalisinin müasir inkişaf modelinin mahiyyəti barədə biliklərə malik olması, yeni davranış qaydalarını və idarəetmə bacarıqlarını mənimsəməsi tələb olunurdu. Başqa sözlə, davamlı inkişaf ideyasını yalnız siyasətçilər və mütəxəssislər deyil, bütün cəmiyyət anlamalı idi. Bu isə təhsilin üzərinə misilsiz bir vəzifə qoyurdu – yeni dövrün fəlsəfəsini, resurslarla davranış mədəniyyətini, ekoloji məsuliyyəti və sosial inklüzivlik kimi anlayışları dünyanın hər bir sakininə çatdırmaq.

Məhz buna görə BMT və UNESCO davamlı inkişafın bu genişmiqyaslı məqsədlərinə nail olmaq üçün təhsil sisteminin qlobal səviyyədə yenilənməsi təşəbbüsü ilə çıxış etdilər. Bu təşəbbüsün nəticəsi olaraq 2005–2014-cü illər dünyada Davamlı İnkişaf üzrə Tədris Onilliyi elan edildi. Məntiq olduqca sadə, lakin strateji baxımdan son dərəcə zəruri idi: on il ərzində (2005–2014) dünya əhalisi davamlı inkişafla bağlı əsas biliklərlə təmin olunacaq, bu sahədə çalışacaq mütəxəssislər hazırlanacaq, tədris proqramları yenilənəcək və cəmiyyət yeni düşüncə tərzi formalaşdıracaqdı.

Daha sonra növbəti illərdə (2015–2030) isə artıq bu biliklərə arxalanaraq Davamlı İnkişaf Məqsədlərinin real şəkildə icrası həyata keçiriləcəkdi.

Bu təşəbbüsün rəsmi əsasını qoyan sənəd 2005-ci ildə o dövrün BMT Baş katibi Kofi Annan və UNESCO-nun Baş direktoru Koişiro Matsuura tərəfindən imzalanmışdı (İNİS/İNF/63, 28 fevral 2005).

Bu sənəd dünyanın bütün ölkələri üçün yeni bir çağırış idi: təhsil sistemlərini yeniləmək, dərs proqramlarını müasirləşdirmək və davamlı inkişafı bəşəriyyətin gündəlik davranış norması kimi formalaşdırmaq.

Beləliklə, davamlı inkişaf üzrə qlobal tədris onilliyi dünyada yeni bir mərhələnin – ekoloji mədəniyyətin, sosial məsuliyyətin və düzgün resurs idarəçiliyinin beynəlxalq sosial normalara çevrilməsinin başlanğıcı oldu.

Ulu öndər Heydər Əliyevin imzası ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Strategiyası ölkəmizi bu sahədə dünyanın qabaqcıl təcrübəsindən xeyli irəli çıxaran addımların əsasını qoydu. Qlobal miqyasda davamlı inkişaf üzrə tədris onilliyi 2005-ci ildən başlanmışdısa, Azərbaycanda bu proses artıq dörd il öncə, 2001-ci ildə start götürmüşdü. Təhsil Nazirliyinin ümumtəhsil müəssisələrində “davamlı insan inkişafı” fənninin tədrisinə dair ilk əmri — № 964, 14 sentyabr 2001-ci il — məhz Heydər Əliyevin təhsilə yönəlmiş strateji baxışının nəticəsi idi. Bu, dünyada orta məktəblər üçün davamlı inkişaf mövzusunun ayrıca fənn kimi nəzərdə tutulduğu ilk nümunələrdən biri oldu.

Dünya üzrə bu sahədə ilk dərslik də Azərbaycanda işıq üzü gördü. Təhsil Nazirliyinin əmri (№ 688, 11 avqust 2003) əsasında nəşr edilmiş bu vəsait davamlı insan inkişafına dair sistemli biliklərin məktəb proqramına daxil edilməsinə xidmət edən mühüm addım idi. Azərbaycanın bu təşəbbüsü o qədər yenilikçi və qabaqcıl idi ki, 19 dekabr 2005-ci ildə BMT-nin Baş Qərargahında “innovativ ideya və fəaliyyət” kimi yüksək qiymətləndirildi və bu məlumat rəsmi kanallarla bütün dünyaya yayıldı.

Artıq 2006-cı ildən etibarən davamlı inkişafla bağlı biliklər ümumtəhsil məktəblərinin 9-cu siniflərində “İnsan və cəmiyyət” fənni çərçivəsində tədris olunmağa başladı. Beləliklə, Heydər Əliyev dünyada ilk dəfə olaraq davamlı inkişaf və insan inkişafına dair biliklərin orta məktəb səviyyəsində sistemli şəkildə tədris edilməsini təmin edən siyasi lider kimi tarixə düşdü. Bu addım Azərbaycanın ümumi təhsil sistemini müasir qlobal trendlərlə sinxronlaşdırmaqla yanaşı, ölkədə insan potensialına əsaslanan inkişaf modelinin qurulması üçün möhkəm baza formalaşdırdı.

Bu strateji təməl sonradan ali təhsil pilləsində də öz davamını tapdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə, BMT-nin Davamlı İnkişaf Məqsədlərini qəbul etməsindən bir neçə ay əvvəl — 2015-ci ilin iyununda — dünyada ilk dəfə “davamlı inkişaf” ixtisası ali təhsil səviyyəsində (bakalavr, magistratura və doktorantura) strukturlaşdırıldı. Bu qərar Azərbaycanı davamlı inkişaf sahəsində ixtisaslı mütəxəssislər hazırlayan qabaqcıl ölkələrdən birinə çevirdi. Hazırda da bu siyasətin ardı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2025-ci ildə davamlı inkişafa dair ali məktəblər üçün yəni tədris proqramı və dərslik təsdiq edilməkdədir.

Davamlı inkişaf biliklərinin tədris prosesinə daxil edilməsi inklüziv cəmiyyətin formalaşmasına geniş imkanlar yaratdı. Bu istiqamətə xüsusi diqqət göstərən ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda inklüziv inkişaf mərkəzləri fəaliyyətə başladı. Elə dünyanın inklüziv inkişafın idarəedilməsinə həsr olunmuş ilk dərsliyinin də məhz Azərbaycanda nəşr olunması bu sahədə ölkəmizin aparıcı rolunun bariz nümunəsidir.

Beləliklə, Heydər Əliyevin uzaqgörən ideyaları və İlham Əliyevin müasir idarəçilik konsepsiyası nəticəsində Azərbaycan təkcə davamlı inkişafın reallaşdırılmasında deyil, həm də onun tədrisində qlobal lider ölkəyə çevrilmişdir.

Azərbaycanın ictimai və dövlət həyatında inklüziv cəmiyyətin formalaşması sahəsində atılan addımların arxasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iqtisadi nailiyyətlərin sosial və humanitar uğurlara çevrilməsi, inklüziv təhsil və inklüziv sağlamlıq sahələrinin təşkili, həmçinin bütün cəmiyyətin inklüziv inkişafına yönəlmiş layihələrin icrası bu institutun fəaliyyətinin başlıca prioritetləridir.

Bütün bu keyfiyyətlər və prinsiplər Azərbaycanın inkişaf modelinin əsas sütunlarını təşkil edir. Bu düsturlar sayəsində ölkəmiz qlobal çağırışlara cavab verən, inklüziv və davamlı inkişafı reallaşdıran nümunəvi dövlətə çevrilmişdir.

Beləliklə, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident İlham Əliyevin strateji idarəçiliyi və Mehriban xanım Əliyevanın humanitar təşəbbüsləri Azərbaycanın uğur hekayəsini təkcə iqtisadi inkişafla məhdudlaşdırmayıb, eyni zamanda, davamlı inkişaf edən inklüziv cəmiyyətin formalaşmasını təmin etmişdir. Bu birlikdə qurulmuş inkişaf modeli göstərir ki, güclü liderlik, strateji düşüncə və insan potensialına verilən yüksək dəyər hər bir ölkənin gələcəyini təmin edə bilər. Azərbaycan isə bu yolu seçərək, həm öz vətəndaşları üçün rifahı, həm də dünya üçün nümunəvi idarəçilik standartlarını ortaya qoymuşdur.

Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri