Icma.az
close
up
RU
Heydər Əliyev: liderliyin konseptual kodları

Heydər Əliyev: liderliyin konseptual kodları

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

III MƏQALƏ

Azərbaycançılıq və müstəqillik

Təbii ki, Azərbaycan dövlətçiliyi prinsipində “Azərbaycan dövləti” anlayışı mərkəzi yer tutmalıdır. Həmin prinsipdə Azərbaycan dövləti “Azərbaycan xalqının öz tarixi ərazisində” formalaşmış idarəetmə sistemi kimi təsnif edilir. Azərbaycançılıq baxımından burada “xalqın tarixi ərazisi” ifadəsinin mühüm anlamı mövcuddur.

Birincisi, “Azərbaycan dövləti” anlayışı ciddi tarixi kontekstə malikdir. Yəni azərbaycançılıq prinsip kimi çoxəsrlik bir tarixi dönəmdə “Azərbaycan dövləti” anlayışı dövlətçiliyin əhatə etdiyi bütün siyasi-coğrafi məkanı ehtiva edir. Bu o deməkdir ki, tarixi dönəmdən asılı olaraq Azərbaycan dövlətinin ərazisinin genişlənməsi və ya kiçilməsi həlledici meyar deyildir. Burada başlıca məqam dövləti azərbaycanlıların (türklərin) qurması və onu öz identikliyinin hüdudları daxilində qoruyub saxlaya bilməsdir.

Həmin anlamda azərbaycançılıq prinsipi birbaşa “müstəqil dövlət” anlamına bağlıdır. Yəni faktiki olaraq azərbaycançılıq özündə dövlətçiliyi ehtiva edən ideya, konsept və konsepsiyadır!

Burada ideyanın prinsip kimi dövlətçiliyə bağlanması olduqca əhəmiyyətli məqamdır. Bu, azərbaycanlıların dövlətqurucu qövm təşkil etdiklərinin göstəricisidir. Azərbaycançılıq “müstəqil Azərbaycan dövləti” anlamının semantik hüdudlarından kənarda mövcud deyildir və ya romantik mahiyyət daşıyır. Azərbaycançılığın ideya kimi dövlətçiliyin təməlində durması anlamı, ümumiyyətlə, müstəqil olmanın fəlsəfəsinin ana tezisidir. Burada “müstəqilliyin” iki anlamını vurğulamaq lazımdır.

Birincisi, azərbaycançılıq müstəqil toplum və müstəqil dövlət olmanın ideya bazasıdır. Azərbaycan cəmiyyəti azərbaycançılığı özünüdərkin atributu qismində tam qəbul etdikdə (inklüziv və legitim) öz mahiyyətində müstəqil ola bilər. Ulu öndər Heydər Əliyevin “mən fəxr edirəm ki, azərbaycanlıyam” məşhur kəlamının fəlsəfi və politoloji məna çalarlarını bu kontekstdə bir daha xatırlamaq olar.

Azərbaycanlı olmağın fəxarətini daxili yaşantı kimi duymaq Heydər Əliyev liderliyinin vacib kodlarından biridir. Çünki azərbaycançılıq elə azərbaycanlılığı daxili tələbat olaraq dərindən duymaqdan başlayır. Azərbaycanlılığın emosional-psixoloji artefaktlığı sosial praktika sayəsində intellektual fakta çevrilir. Azərbaycanlılıq intellektual fakt kimi azərbaycançılıq ideyasının nüvə obrazıdır.

İkincisi, buradan mənəvi, rasional və praktiki sferaların qarşılıqlı əlaqəsi azərbaycançılığı intellektual fakt qismində konseptə, konsepsiyaya və ideologiyaya proyeksiya edə bilir. Azərbaycançılıq məfkurəsi həmin idraki və sosial-mədəni mexanizmlərin vəhdətində azərbaycanlılığın Aristotel mənasında bitkin yekun mərhələsidir. Azərbaycanlılıq azərbaycançılıq məfkurəsində özünü tam olaraq təsbit edir, tapır və o keyfiyyətdə özyetərli olur. Yəni müstəqilliyini toplum miqyasında tam “dərk edir”. Azərbaycançılıq ideologiya kimi müstəqilliyin daxili “canatması” (Aristotel mənasında) halına gəldiyində “Azərbaycan dövləti” ideyası reallaşma mərhələsinə qədəm qoyur.

Beləliklə, Azərbaycan dövləti ideya kimi özündə azərbaycançılığı və müstəqilliyi “xalqın tarixi ərazisi” anlamını ehtiva etməklə, əvvəlcə dövlət obrazını intellektual fakt kimi yaradır, sonra isə onu praktika ilə sıx münasibətlər sayəsində ideya-konsept-konsepsiya-məfkurə vəhdəti kontekstinə proyeksiya edir. Bununla toplum (xalq) həm özünün müstəqillik idealını yarada bilir, həm də onun praktiki gerçəkləşməsinə dövlət qurmaqla nail olmanın anlamına varır. Burada başqa bir mühüm məsələ “Azərbaycan dövləti” prinsipi kontekstində vurğulanmışdır.

Çoxəsrlik dövlətçilik ənənəsi

Dövlətçiliyin bir ənənə olması hər bir qövm üçün mühüm məsələdir. “Azərbaycan dövləti” prinsipində dövlətin “xalqın öz tarixi ərazisində çoxəsrlik ənənələri olan” idarəetmə sistemi kimi dərk edilməsi buna görə çox əhəmiyyətlidir. Başqa məqamlarla yanaşı, həm də ona görə ki, bu tezisdə dövlətçilik üçün strateji vacibliyi olan iki faktor - ərazi və ənənənin sintezi vardır. Azərbaycan dövlətçiliyi xalqın tarixi ərazisində əsrlərlə formalaşan bir ənənədir! Bu keyfiyyətdə Azərbaycan dövlətçiliyinin özünəməxsus təkamül dinamikası mövcuddur ki, davamlılıq əsas parametrlərdən biridir. Yəni Azərbaycanda dövlət quruculuğu bir proses kimi oturuşmuş dövlətquruculuğu təcrübəsidir!

Dövlətçilik ənənəsi yalnız dövlət quruculuğunun təcrübə kimi prosessuallıq kəsb etməsi şərti daxilində konseptuallıqla praktikiliyin “semantik və feili kəsişmə sahəsi”ndə əyaniləşə (əmələgəlmə, predmetləşmə anlamında) bilir. Onu da vurğulayaq ki, tarixi faktlara görə, heç də hər bir qövm davamlı dövlətçilik təcrübəsi yarada bilmir. Bunun üçün, bizcə, güclü və praktiki səmərəsi olan baza ideya lazımdır. Elə bir ideya ki, ən çətin dönəmlərdə belə toplumda dövlətçilik duyğusunu və fəaliyyət intensiyasını (Aristotel anlamında reallaşmaya canatma hərəkiliyi) aktuallaşdıra və reaktuallaşdıra bilsin.

Vurğuladığımız bu baxış bucağının işığında azərbaycançılığın dövlətqurmaq kontekstində tarixi dinamikası çox maraqlıdır. Nəyi nəzərdə tutduğumuzu izah edək.

Azərbaycan dövlətçiliyi tarixi dönəmlərdə siklik (dövrü) trayektoriya üzrə özünü təsdiq etmiş və mövcudluğuna varmışdır. Lakin onun ideya kimi təzahür formaları zahirən fərqli olmuşdur. Çox uzun müddət tam haqlı olaraq Azərbaycan dövlətçiliyi ümumtürk kontekstində xüsusi yeri və gücü olan prosessual faktor kimi yer tutmuşdur.

Bundan başqa, tarixin bir dönəmində dövlətqurma prosesi müxtəlif çəkişmələrin intensiv surətdə “at oynatdığı” bir sahə olmuşdur. Məsələn, 2-3 əsr bir çox güclü Azərbaycan dövlətləri savaşmışlar. Ancaq ondan sonrakı mərhələdə dövlət quruculuğu səngimiş və müəyyən müddətdən sonra ciddi çətinliklərlə rastlaşmışdır. Bu, qeyri-xətti və fərqli ritmlərlə dövlət quruculuğu prosesinin davam etməsi deməkdir.

Lakin “müstəqil dövlət” anlayışının Avropa kriteriyaları çərçivəsində formalaşması son bir neçə yüz ili əhatə edir. Bu kriteriyalara dünyanın müxtəlif bölgələrində qurulan dövlət modelləri uyğun deyildir. Yeni dövr Avropa dövlət modelinə qədər dünya üzrə qurulan dövlət modelləri fərqli olmuşdur.

Bununla bağlı filosoflar, politoloqlar və konkret dövlətşünaslar arasında ciddi müzakirələr və mübahisələr indi də davam edir. Hətta bir sıra alim hesab edir ki, müasir Avropa dövlət quruculuğu standartına uyğun olmayan, lakin tarixdə dövlət kimi təsnif edilən idarəetmə sistemləri psevdodövlətlər olaraq tərif edilə bilərlər. Bir başqa yanaşmada imperialist dövlətlərin də əsl dövlət olmadığı iddiası irəli sürülür. Liberalizmdə dövləti “gecə gözətçisi” statusuna endirmək cəhdləri hamıya məlumdur. Digər nümunələr də göstərmək olar.

Fundamental məsələ

Amma və lakin... Burada bir mühüm məqam gözdən qaçırılır ki, bizcə, dövlət məsələsinə tarixi reallıq aspektində uyğun gəlmir. Bunun səbəbi isə əsassız olaraq son yüzillərin Avropa siyasi şüurunda formalaşmış təsəvvürləri sərhədsiz və hüdudsuz zaman-məkan kontekstində bəşər tarixinin bütün dönəmlərinə universal kriteriyalar kimi sırımaqla bağlıdır.

Qərbin bir sıra tanınmış yaradıcı insanları bu cür yanaşmanı “fərqli mədəniyyətlərə hörmətsizlik” kimi dəyərləndirmişlər (məsələn, O.Şpenqler, Orteqa və Hasset, M.Maklüyen, B.Anderson və b.). B.Anderson millətlər və millətçiliklə bağlı yazdığı məşhur əsərində bu barədə açıq fikir bildirmişdir. Müasir sinergetiklər sırasında da çoxlu sayda alimlər vardır ki, eyni fikri bölüşürlər.

Bu cür yanaşmanı əsaslandırmaq çətin deyildir. Çünki tarixin hər bir dönəmində dünyanın müxtəlif regionlarında yaşayan toplumlar fərqli konkret reallaşma forması üzrə idarəetmə sistemləri qurmuşlar. Onların heç biri tam anlamında müasir Avropa dövlət nümunələrinin kriteriyalarına uyğun deyildir, ancaq müəyyən dövrdə öz funksiyalarını indi “dövlət funksiyası” kimi anladığımız qavrama çərçivəsində təmin etmişlər.

Belə alınır ki, hər hansı qövmün dövlət qurmaqla bağlı öz təcrübəsini dünya üçün universal dəyərlər səviyyəsinə yüksəltmək cəhdinin tarixi, mədəni, sosial-praktiki əsası yoxdur. Bunun əvəzində, bizcə, daha faydalı olanı hər bir konkret dövlət quruculuğu və dövlətçilik ənənəsini liderlər və toplumlar səviyyəsində formalaşdıran ideya faktorunu olduğu kimi dərk etməklə bağlıdır. Bizim üçün bu məsələ tarixin hansı mərhələsində hansı ad, məzmun və siyasi məqsəd almasından asılı olmayaraq Ana Xətt statusunda azərbaycançılığın adekvat qavramıdır.

Dövlətçiliyin “Əsas ideya oxu”

Deməli, Azərbaycan dövlətçiliyinin ənənə və siyasi təcrübə kimi adekvat anlamının Ana Xətti tarixi dönəmdən asılı olmayaraq dövlətçiliyin “Əsas ideya oxu” olan azərbaycançılıqdan hansı “məsafədə uzaq” və ya “hansı məsafədə yaxın” olmasının fəlsəfi-elmi, geosiyasi və politoloji obrazının yaradılmasıdır. Bu anlam Karl Yaspersin “Zaman oxu” anlayışından tamamilə fərqli bir qavramdır.

K.Yaspersə görə, “Zaman oxu” bəşəriyyət tarixində mifoloji dünyagörüşünün rasional dünyagörüşü ilə əvəzlənməsi dönəminə aiddir. Bu dövrü fransız filosof Miladdan öncəki 800-200-cü illərə aid edir. K.Yaspersin qavramına görə, həmin dövrdə meydana gələn antik fəlsəfə, zərdüştlük, iudaizm, buddizm, daosizm və başqaları insanların o dövrə qədər olan norma, adət və ənənələri yenidən dərk etmələri ilə xarakterizə olunur. Bu prosesdə dəyişikliklərə uyğunlaşa bilməyən sivilizasiyalar tarixin səhnəsindən getmişlər (məsələn, Qədim Misir).

Bizim daxil etdiyimiz dövlətçiliyin “Əsas ideya oxu” “Achsenzeit“ (K.Yaspers zaman oxunu belə adlandırmışdır) deyildir, özlüyündə bütün tarixi zamanı əhatə edən, davamlı geştalt prosessuallığa (yəni özlüyündə fraqmentar deyil, tam, bütöv, lakin mərhələli keçidlər üzrə reallaşan, hər nümunəsində özünəxas zaman-məkan vəhdətinə malik olan) sonsuz təşəkküldür.

Onun bariz nümunəsi yuxarıda vurğuladığımız azərbaycançılığın 7 əsas prinsipinin yaratdığı ortaq semantik və funksional-praktiki sahədir. Elə bir sahə ki, yaradıcı subyekti xalq, predikatı isə dövlətçilikdir. Azərbaycançılıq isə bu sonsuz prosesi istiqamətləndirən, cilalayan, zamanın çətin dönəmlərindən, məkanın qarışıqlığından çıxaran əsas ideya oxudur! Bu kontekstdə “Azərbaycan dövləti” prinsipinin üç aktual və vacib saydığımız faktorunu xüsusi vurğulamağa ciddi ehtiyac görürük.

Onlar aşağıdakılardır: Güclü dövlət idealı, milli sərvət və ərazi bütövlüyü.

Həmin prinsip çərçivəsində ayrıca vurğulanan demokratik prinsiplər, iqtisadi inkişaf və hərbi qüdrət kodları qeyd etdiyimiz öncəki üç koddan məntiqi olaraq alınır. Onlar güclü dövlət idealının semantik sahəsində mühüm funksional aktuallıq kəsb edirlər.

Ulu öndər Heydər Əliyev liderliyində güclü dövlət quruculuğunda demokratik prinsiplər, iqtisadi inkişaf və hərbi qüdrət faktor-kodlarının roluna xüsusi yer vermişdir. Heydər Əliyev demokratik prinsiplərin funksionallığı çərçivəsində multikulturalizm, tolerantlıq, siyasi dialoq kimi parametrlərin öz yeri və rolunu müəyyən etmişdir. Bu çərçivədə tənzimləyici faktor kimi Ulu öndər daim hüquqa üstünlük vermişdir. Onun da iki səviyyəsini uğurla sintez etmişdir. Daxili mühit üçün konstitusion hüquqi çərçivələr müəyyən etmişdir. Dünya miqyası üçün beynəlxalq hüquq çərçivəsində “Əsrin müqaviləsi” və müstəqil dövlət identikliyi xüsusi kodlar olaraq funksionallaşdırılmışdır.

Müstəqil dövlət identikliyi beynəlxalq aləmə Azərbaycanın müasir mərhələdə müstəqil dövlətçiliyinin başlıca meyarlarını təqdim edir. Ulu öndər burada əsas kodlar kimi hüququ, sülhü, qarşılıqlı faydalı əməkdaşlığı, mehriban qonşuluğu, dünyanın hər bir regionunda ixtilafların danışıqlar yolu ilə həllini müəyyən etmişdir.

“Əsrin müqaviləsi” isə müstəqil dövlətçilik baxımında tarixi bir gediş idi. Çünki enerji məsələsinin dünya dövlətləri üçün nə dərəcədə aktual olduğunu XXI əsrin üçüncü onilliyinin indiyə qədər olan illərində və hazırkı anda görür və duyuruq.

Ulu öndər “Əsrin müaviləsi”ni, sözün həqiqi mənasında, müstəqil dövlətçiliyi təmin etmənin mühüm kodu olaraq müəyyən etmişdir. Həmin dönəmdə Xəzərin sektorlara bölünməsi ideyasını ifadə edəndən sonra dərhal onun reallaşmasına başlaması, bu zaman qarşılaşdığı bütün maneələri yüksək zəkası və möhkəm siyasi iradəsi ilə aşması həmin kodun təzahürləri idi.

Bunları kimsəyə tam açıqlamadan Ulu öndər praktiki fəaliyyətində “Əsrin müqaviləsi”nin şərtləri daxilində yeni enerji siyasəti strategiyasını həyata keçirdi! Bu prosesin siyasi və diplomatik incəlikləri Prezident İlham Əliyevin “Xəzərin Azərbaycan nefti” (2003) adlı monoqrafiyasında dolğun təhlil edilmişdir.

Azərbaycançılığın prinsipləri baxımından mühüm funksional potensialı olan digər faktor müstəqil dövlət identikliyidir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri