Icma.az
close
up
RU
Heydər Əliyev təbiətcə yaradıcı adam idi

Heydər Əliyev təbiətcə yaradıcı adam idi

525.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.

Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.

 nömrədən başlayaraq söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.

Elmira Axundova - Fərhad, sizin Heydər Əliyevlə ilk görüşünüz nə zaman və hansı şəraitdə baş tutub?

Fərhad Bədəlbəyli - Heydər Əliyevlə ilk dəfə maestro Niyazinin evində görüşmüşük. Bu, 1968-ci ildə olub, o zaman Heydər Əliyev DTK-ya rəhbərlik edirdi. Məsələ burasındadır ki, Heydər Əliyev və Niyazi həmin illərdə böyük bir iş görürdülər - onlar bizim mühacirlərlə əlaqələr qururdular. Niyazi bu işdə mühüm rol oynayırdı... O zaman Ceyhun Hacıbəylinin oğlu Timurçinlə əlaqələr qurulmuşdu. Yeri gəlmişkən, Heydər Əliyev, görünür, bunu gələcəyə hesablayırdı. Timurçin Fransada yaşayırdı, Alüminium Konserninin baş mühəndisi idi. Atamın əmisi oğlu Türkiyədə yaşayırdı, o, iri kommersant idi, Niyazi onu da tapdı və bizim ailə ilə əlaqələrini bərpa etdi. Və ümumiyyətlə, maestro Niyazi qastrollara gedəndə bakılıların çoxu ondan kiməsə məktub çatdırmağı xahiş edirdilər, kiməsə o, xaricdən bağlama gətirirdi. Sonralar, Timuçin Hacıbəyli 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 ilik yubileyinə gələndə bütün bunların üstü yavaş-yavaş açılmağa başladı. Hələ Sovet İttifaqı mövcud idi və yenidənqurma hələ, demək olar ki, başlanmamışdı.

Yaxud SSRİ-yə türk senatorlarının nümayəndə heyəti gələndə onlar Bakıya düşən kimi mütləq Niyazinin evində görüş keçirilirdi. Hər şey xırdalığına qədər nəzərə alınırdı. Bu da bir siyasət idi - insani əlaqələr qurulurdu və əlbəttə ki, bu, Heydər Əliyevin razılığı və iştirakı ilə baş verirdi. Ən vacib məqam da bu idi ki, belə əlaqələrə görə heç kəsi sürgün etmir və ya partiyadan çıxarmırdılar. Əksinə, bu, təqdir olunurdu. Nə qədər insanın maestro Niyaziyə minnətdar olduğunu xatırlayıram - o, İstanbulda kiminsə əmisiqızını, ya xalasıoğlunu tapırdı, kiminsə yaxın qohumu Parisdən tapılırdı, bir başqasına suvenir ötürürdü... Düşünürəm ki, bu işləri görərkən o, Heydər Əliyevlə məsləhətləşir və ondan razılıq alırdı.

E.A. - Heydər Əliyev özü sovet dövründə başqaları üçün mümkünsüz olan işləri görürdü: Stalin dövründə əsassız təqiblərə məruz qalan Cənubi Azərbaycan demokratı Məhəmməd Biriyanı sürgündən xilas edir, həm də onun dalınca özü şəxsən gedir. Yaxud elə Azərbaycan şairi Hüseyn Cavidin cənazəsinin qalıqlarının Sibirdən Bakıya gətirilməsini və onun sonradan Naxçıvanda torpağa tapşırılmasını xatırlayaq! Ya da professor Abbas Zamanovun nadir əlyazmalar üçün Parisə, qoca mühacirin yanına getməsini yada salaq. Mən bütün bunlar barədə öz bioqrafik kitablarımda yazmışam. Amma maestro Niyazi barədə bilmirdim, bu, çox maraqlıdır.

F.B. - O  zaman mənim 20 yaşım vardı, Portuqaliyadan yeni qayıtmışdım, pianoçuların Lissabonda keçirilən Viana da Motta adına beynəlxalq müsabiqəsində birinci yeri qazanmışdım. Maestronun yanına gəldim, Niyazi məni Heydər Əliyevə təqdim etdi, dedi ki, bu, mənim "sevimli oğlumdur" (o mənə "oğlum" deyirdi), nüfuzlu müsabiqədə birinci yeri qazanıb. Heydər Əliyev məni ürəkdən təbrik etdi. Beləcə tanışlığımız yarandı. Üç il sonra isə bizim Konservatoriyanın 50 illiyində gözləmədiyim halda mənə "Əməkdar artist" adını verdilər. Mən o zaman Moskva konservatoriyasının aspiranturasını yenicə bitirmişdim və Bakıda dərs deyirdim.

E.A. - Sizin sovet dövründəki ünsiyyətiniz davam etdimi?

F.B. - Necə deyim, mən onu müxtəlif rəsmi tədbirlərdə görürdüm. Axı o zaman ictimai fəallardan idim, Komsomol Mərkəzi Komitəsinin büro üzvüydüm. Yadımdadır ki, Bakıda keçirilən Özbəkistan mədəniyyəti günlərinin açılışında Mərkəzi Komitənin birinci katibi qonaqları salamladı, gənclərin adından da mən danışmalı idim. Belə məqamlar çox olurdu. Yəni o, məni təkcə pianoçu kimi yox, həm də fəal vətəndaşlıq mövqeyi olan, respublikanın taleyinə biganə qalmayan insan kimi görürdü və sair. Sonra filarmoniyada partiya elitası üçün təşkil olunan məşhur cümə konsertləri başladı, mən orada maestro Niyazi ilə birgə çıxış edirdim. Heydər Əliyev məmurları ali mədəniyyətə alışdırmağa cəhd göstərirdi və biz ona bu işdə fəal şəkildə kömək edirdik.

E.A. - Bəs Heydər Əliyev özü klassik musiqinin hansı növlərinə üstünlük verirdi?

F.B. - Fikrət Əmirov, obrazlı desək, onun ruhuna daha yaxın idi, amma Heydər Əliyev Qara Qarayevin də əzəmətini anlayırdı. Bir dəfə, artıq müstəqillik illərində biz maesro Rostropoviç və Tofiq Quliyevlə onun yanına getmişdik, yanımızda başqa kimsə də vardı, bu zaman Heydər Əliyev dahiyanə bir ifadə söylədi: "Mən Fikrət Əmirovun "Azərbaycan kapriççiosu"nu dinləyəndə Azərbaycanın dağları, meşələri, çayları, şəhərləri, adamları - bütün Azərbaycan gözlərimin önündə canlanır". Məncə, bu, həmin gözəl əsərə verilə biləcək ən yaxşı qiymət idi. Məhz Heydər Əliyevin birbaşa yardımı ilə "Min bir gecə" baletinin yaradıcıları və ilk növbədə Fikrət Əmirov 1980-ci ildə SSRİ Dövlət Mükafatına layiq görüldü. Heydər Əliyev artıq Moskvada işləyəndə Fikrət Əmirovun baletinin Kremlin qurultaylar sarayında nümayişinə nail oldu, səhv etmirəmsə, bu, 1983-cü ilə təsadüf edirdi. Tamaşaya özü gəlməsi bir yana, mədəniyyət naziri Demiçevi - o da Siyasi Büro üzvü idi - baletə baxmağa vadar etmişdi. O zaman üçün bu, böyük hadisə idi, milli respublikaların Kreml sarayına düşməsi, demək olar ki, mümkün deyildi!..

Bununla yanaşı, o, şübhəsiz ki, Arif Məlikovun və onun "Məhəbbət əfsanəsi"nin də əzəmətini anlayırdı, Heydər Əliyev həyat yoldaşı ilə baletin tamaşalarında olmuşdu və 1985-ci ildə Üzeyir Hacıbəyovun "Bolşoy Teatr"dakı yubileyinə də yenə Demiçevlə gəlmişdi.

E.A. - Sizin konsertinizə də o, Zərifə xanımı və qızını gətirmişdi. Həmin vaxt Heydər Əliyev artıq Moskvada işləyirdi.

F.B. - Bəli, doğru deyirsiniz. Mən Veronika Dudarovanın (SSRİ-də ilk qadın dirijor olan Dudarova bakılı idi - E.A.) rəhbərliyi altında Sütunlu zalda Moskva simfonik orkestri ilə birgə ifa edirdim. Məşq zamanı zalda qəfil mülki geyimdə adamlar peyda oldular, bütün kresloları axtarmağa, qapıları yoxlamağa başladılar. Mən vəziyyətin nə yerdə olduğunu anlamırdım. Məlum oldu ki, Siyasi Büronun üzvü Heydər Əliyev axşam konsertə gələcək. Hə, Dudarovanın az qaldı ürəyi getsin, bütün musiqiçilər, ən çox da mən həyəcanlanmışdım. Siyasi Büro üzvləri o zaman konsertlərə nadir hallarda gedirdilər və hər dəfə onların ictimaiyyət arasında görünmələri böyük siyasi əhəmiyyətli hadisəyə çevrilirdi. Düşünürəm ki, Heydər Əliyev Moskvada məndən xeyli güclü və maraqlı pianoçuları dinləyə bilərdi, çünki o zaman paytaxtda Rixter, Gilels kimi dahiyanə sənətkarlar çıxış edirdilər. Başa düşürəm, təbii ki, bu jest onun öz gənc həmyerlisinə mənəvi dəstək demək idi. Konsertdən sonra rusiyalı musiqiçilər mənə yaxınlaşıb heyrət içərisində etiraf edirdilər: "Fərhad, biz bir neçə onillikdir Moskva orkestlərində çıxış edirik, amma heç yadımıza gəlmir ki, Siyasi Büro üzvləri bizim konsertlərə gəlsinlər".

Konsertdən sonra o, təbii ki, mənimlə görüşdü və soruşdu: "Bakıda nə var, nə yox?" Mən özüm də bilmədən cavab verdim: "Sakitlikdir". Bu sözləri deyəndə özümdən asılı olmadan üz-gözümü turşutdum. Bizdə, doğrudan da, həmin vaxt durğunluq idi, maraqlı heç nə baş vermirdi. Onlar gülümsədilər...

E.A. - Yeri gəlmişkən, siz tamamilə haqlı idiniz. Yadımdadır ki, 90-cı illərin ikinci yarısında Heydər Əliyev xəstələnmişdi və müalicə almaq üçün ABŞ-a yola düşdü. O zaman mən bir məqalə yazmışdım. Orada prezidentə müraciətlə aşağıdakı sətirlər vardı ki, əziz Heydər Əliyev, tez qayıdın, çünki sizsiz respublikada heç nə baş vermir və jurnalistlər də yazmağa heç nə tapmırlar.

F.B. - Əmim Əfrasiyab (Şəmsi Bədəlbəylinin qardaşı, Azərbaycan bəstəkarı və dirijoru - E.A.) danışırdı ki, Heydər Əliyev bütün korifeyləri öz bağ evində toplayır və onları barışdırırdı. Xüsusən də Fikrət Əmirovla Qara Qarayevi. Təsəvvür edirsiniz? Çox çətin dövlət işlərinin arasında onların münasibətlərini izləməyə də vaxt tapırdı. Heyrətamiz adam idi!

1977-ci ildə Veronika Dudarova ilə biz Bakıya gəlmişdik, burada Moskva simfonik orkesrti ilə birgə konsertlərimiz oldu, sonra İrana getdik. Və gözlənilmədən mənə Azərbaycanın Xalq artisti adını verdilər.

E.A. - Bəli, o, həmin sistem çərçivəsində sizin hamınız üçün mümkün olanı etmişdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra necə, nəsə dəyişmişdimi? Yoxsa o, mədəniyyət xadimlərinə eyni dərəcədə həssaslıq göstərirdi?

F.B. - Bu, çox heyrətamizdir. O, müharibə vəziyyətində, daxili çəkişmələrin məngənəsində əzilən ölkəyə qayıtmışdı. Milyonlarla işin, problemin, çıxılmazlığın içərisində o, heç nəyə baxmayaraq, ilk görüşlərindən birini bizimlə, konservatoriyada keçirdi. Gənc laureatları təbrik etdi. Nə üçünsə mənim ağzımdan belə bir cümlə çıxdı: "Bilirsiniz, biz siyasətlə məşğul olmuruq, bizim üçün ən əsası incəsənətdir". O məni sınayıcı nəzərlərlə süzüb dedi: "Yox, sən səhv edirsən. Sənin gördüyün işlərin hamısı elə siyasətdir".

Bu görüşdən sonra vəsait ayırdılar, biz təmirə başladıq, lazımi alətləri aldıq, orqanı bərpa etdik. Başqa bir adam olsa, deyərdi: "Bilirsiniz, indi vəziyyət elədir ki, sizin hayınızda deyilik..." Amma Heydər Əliyev heç vaxt bu cür düşünmürdü.

Amma onun iş üslubunu səciyyələndirən ən heyrətamiz hadisə Almaniyada oldu. Fidan və Xuraman Qasımovlarla mən çox zaman prezidentin rəsmi səfərlərində onunla birgə olurduq. Almaniyaya, Fransaya getmişdik. Belə səfərlərin birində hansısa qədim qəsrdə bizim konsertimiz baş tutdu. O zaman Azərbaycanın səfiri Hüseynağa Sadıqov idi. Biz qarşıdakı konsert proqramını müzakirə edəndə Hüseynağa müəllim dedi: "Azərbaycan bəstəkarlarını ifa edin. Öz musiqilərini onlar onsuz da hər gün dinləyirlər". Mən düşünüb razılaşdım, fikirləşdim ki, bəlkə də, haqlıdır. Konsertimiz böyük uğurla keçdi, almanlar çox məmnun qaldılar. Qəfildən Heydər Əliyev məni yanına çağırıb soruşdu: "Bəs nə üçün alman bəstəkarların musiqisindən heç nə ifa etmədiniz?" Mən özümü itirib dedim: "Belə məsləhət gördülər... mən düşündüm ki..." O israrla soruşdu: "Kim məsləhət gördü?" Mənsə ürəyimdə düşündüm ki, öz "məsləhətçimi" ələ verməyim. - "Biz məsləhətləşdik və qərara aldıq ki... yaxşısı budur..." O yenə soruşdu: "Kiminlə məsləhətləşdiniz?" O zaman mən cavab verdim: "Bu, mənim səhvimdir. Günah məndədir". O, əlbəttə, inanmadı, istehza ilə gülümsədi, amma ciddi-cəhdlə apardığı sorğu-sualı dayandırdı. Bilirsən, o, azərbaycanlıların Bethoveni almanlardan pis ifa etmədiklərini sübuta yetirmək istəyirdi. Və əlbəttə, o, haqlı idi, Hüseynağa ilə biz səhv etmişdik.

Amma məni o zaman heyrətləndirən tamam başqa məsələ idi: Helmut Kolla mürəkkəb danışıqlar gedir, Qarabağ məsələsi və digər siyasi problemlər gündəmə gətirilir. O isə mənimlə musiqili axşamın proqramını müzakirə edir. Bu onun üslubu idi - Heydər Əliyev üçün heç bir xırda məsələ mövcud deyildi. Hər detalın özünəməxsus əhəmiyyəti vardı.

Məsələn, bir hadisəni danışım. 1997-ci ildə mənim 50 yaşım olurdu. O vaxt bir yüksəkçinli məmur xanım - ad çəkməyəcəm - Polad Bülbüloğluya zəng edib deyir: "Qoy Fərhad heç nəyə ümid eləməsin". Mən doğrudan da heç nəyə ümid etmirdim.

Beləliklə, biz aşağıda yeyib-içirdik, konservatoriyanın yeməkxanasında dekanlar süfrə açmışdılar. Polad gəlib çıxdı. Biz artıq, necə deyərlər, hazır vəziyyətdə idik. Qəfil katibə qaça-qaça gəldi, onun təəccübdən gözləri bərəlmişdi: "Təcili öz kabinetinizə qalxmalısınız". Əvvəlcə dəstəyə Poladın yaxınlaşmasını istədilər. O gəldi və dedi: "Fərhad, tez ol, səninlə Heydər Əliyev danışacaq". Mən mat-məəttəl yuxarı qalxdım. Səsimi eşidən kimi Prezidentin dediyi ilk söz bu oldu: "Həə, qeyd edirsiniz?" Mənsə azacıq sərxoş halda bizim hamımızın onu necə çox sevdiyimizdən və sair danışıram. O deyir: "Hə, mən səni "Şöhrət" ordeni ilə təltif etmək qərarına gəlmişəm... Odur ki, təbrik edirəm..." Bax belə bir əhvalat olmuşdu. Hələ də anlamıram ki, o məmur xanımın məqsədi nə idi: bəlkə, istəyib ki, əsəbiləşim, şikayətlənim... bilmirəm...

E.A. - Yox, düşünürəm ki, onlar həqiqətən də, sizi hər hansı mükafata təqdim etməyiblər. Çünki adətən 50 yaşda orden verilmirdi. Heydər Əliyev isə sizin yubileyinizdən xəbər tutub - ya məmurlardan kimdənsə eşidib, ya mətbuatdan öyrənib və hər hansı təqdimatsız-filansız özü sizi təltif etməyi qərara alıb. Yəqin ki, sizin yubileyinizlə bağlı onu xəbərdar etmədiyi üçün o xanım məmuru da danlayıblar. Axı adətən yubilyarları yubiley tarixindən bir, ya iki gün əvvəl təltif edirlər. Əlbəttə, əgər əvvəldən təqdimat olursa...

F.B. - Bəlkə də, haqlısınız. Çünki mən, doğrudan da, ordeni həmin gün aldım. Prezidentlə bir yerdə getdiyimiz bir səfərdən - Fransaya səfərindən də danışım. Orada maraqlı bir hadisə baş verdi. Fransaya çatdığımız ilk gün bizə dedilər ki, bu gün sərbəstik və mən Bakının meri ilə birgə şəhəri gəzməyə qərar verdim. Sonradan məlum oldu ki, biz üçümüz - mən, Fidan və Xuraman Qasımova bacıları Heydər Əliyevlə birlikdə hansısa nüfuzlu markizanın qonağı olmalıymışıq. Amma məni bu barədə xəbərdar etməmişdilər.

Səhərsi gün Dilarə xanım Seyidzadə danışırdı ki, Heydər Əliyev zarafatla gileylənib: budur, mənimlə gənc bir musiqiçi gəlmişdi və o, işləmək əvəzinə əyləncə yerlərini gəzməklə məşğuldur. Axşam isə biz hansısa zalda şam yeməyi yeyirdik. Görürəm, Prezident mənə narazı nəzərlərlə baxır. Fikirləşdim ki, nüfuzumu xilas etməliyəm. Qonşu zalda royal vardı. Bizim mühafizədəki uşaqları dilə tutdum, onlar aləti daşıyıb gətirdilər və biz orada Qasımova bacıları ilə ən yaxşı repertuarımızı ifa etdik.

E.A. - Bəs markizanın evində nə baş verdi? Qızları müşayiət edən olmayıb axı.

F.B. - Elə bu məqam məni xilas edib - markizanın evində royal yoxmuş. Bacılar musiqi müşayiəti olmadan - kapella oxuyublar. Parisdən qayıdarkən Prezident məni  və Qasımova bacılarını öz yanına, salona çağırdı, biz uzun və səmimi söhbət etdik, ünsiyyət saxladıq. Bu əvəzsiz anlar mənim yaddaşımda əbədi həkk oldu...

E.A. - Zəhmət olmasa, maestro Rostropoviçlə Heydər Əliyevin qarşılıqlı münasibətləri barədə danışardınız. Necə oldu ki, Soljenitsini evində gizlədən, Qərbə köçən antisovet mövqeli dissidentin keçmiş kommunist lideri ilə mehriban və səmimi dostluğu yarandı?

F.B. - Ondan başlayaq ki, Heydər Əliyev Sovet İttifaqında partiya biletini ilk təhvil verənlərdən idi və artıq kommunist deyildi. Bəli, elə Rostropoviç də çevik adam idi, hamı haqqında hər şeyi bilirdi və başa düşürdü ki, tale onu dahi bir adamla görüşdürüb.

Digər tərəfdən, informasiya müharibəsi gedirdi, bu müharibədə çox zaman ermənilər qazanırdılar. Bizi bədbəxt bir xalqı mühasirədə saxlayan barbar kimi təqdim edirdilər və sair və ilaxır. Bu səbəbdən də, Rostropoviçi öz tarixi vətəninə dəvət etmək Heydər Əliyev tərəfindən dahiyanə addım idi.

Bilirsən, Rostropoviç axı təkcə böyük musiqiçi deyildi, həm də kral ailəsinin üzvləri, iri dövlətlərin prezidentləri və baş nazirlərlə rahatlıqla ünsiyyət saxlayan bir insan idi. Yəni o da özlüyündə dünya səviyyəli siyasi fiqur idi. Bu səbəbdən, Rostopoviçə "sərmayə qoymaq" çox düzgün gediş idi: bakılı idi, atası burada dərs demişdi. Demək olar ki, dərhal Rostropoviçlər adına muzeyin açılması barədə qərar verildi və sair. Rostropoviçin dünya ictimai rəyinə nəhəng təsiri vardı. Və bütün dünya böyük maestronun qaçqınlar və qaçqın uşaqları ilə bürküdə, vaqonların altında oturduğu şəkili nümayiş etdirirdi. Bu, o cümlədən, yaddaqalan bir siyasi aksiya idi.

Ermənilər daim müxtəlif məşhur şəxslərdən - gah Kardaşyandan, gah Şarl Aznavurdan bu cür məqsədlərlə istifadə edirdilər. Amma onlar etnik ermənilər idilər və öz soydaşlarını müdafiə edirdilər. Rostropoviç isə neytral və eyni zamanda, təkrar edirəm, dünya səviyyəli fiqur idi.

Onun səfərlərinin birində məzəli bir hadisə baş verdi. Maestronun şərəfinə qəbul keçirilirdi, hamı - Tofiq Quliyev, Polad və bizim başqa musiqiçilər toplaşmışdılar. Mən Tofiq əmiylə bir az çox içmişdik. Heydər Əliyev isə bizdən nəsə ifa etməyimizi istədi. Biz artıq sərxoş idik və düz-əməlli bir şey ortaya qoya bilmədik. Heydər Əliyev bizi dinlədi, dinlədi və gülərək dedi: "Eh, sizə nə deyim, Zərifə xanım sizdən daha yaxşı ifa edərdi".

Biz sonradan elə hey bunu yada salıb gülürdük... Mən Tofiq əminin - Allah ona rəhmət eləsin - heykəlinin açılışında bu hadisəni Prezident İlham Əliyevə də danışdım.

Heydər Əliyeviç heyrətamiz adam idi: bütün ciddiyyətinə baxmayaraq, biz özümüzü rahat hiss edirdik, o bizə - yaradıcı adamlara təzyiq göstərmirdi, şıltaqlıqlarımızı bağışlayırdı. Yəqin, onu çox sevdiyimizi hiss edirdi.

E.A. - Rostropoviç sonradan bir neçə dəfə Azərbaycana gəldi - həyat yoldaşı ilə birgə uşaq xəstəxanaları üçün milyon dollar dəyərində avadanlıq gətirdi, burada konsertlər verdi...

F.B. - ...Eyni zamanda o, Azərbaycan musiqisini təbliğ edir, hər yerdə öz tarixi vətəni barədə danışırdı. 2007-ci ildən bəri Bakıda Rostropoviç adına Beynəlxalq festival keçirilir. Bura görkəmli musiqiçilər gəlir, albomlar, disklər buraxılırdı, festival çox yüksək səviyyədə təşkil  olunurdu. Əlbəttə, bütün bu tədbirlər Azərbaycanın imicini qaldırırdı və bütün bunlar Heydər Əliyevin uzaqgörənliyi sayəsində baş verirdi.

E.A. - Heydər Əliyevin yaradıcı ziyalılarla ünsiyyət üslubu və tərzi barədə daha nə deyə bilərsən?

F.B. - Mən onun iş üslubunu akademik adlandırardım. Hərçənd mənim atamla bağlı bir əhvalat da baş vermişdi. Şəmsi müəllim "Dostluq" teatrının xətti ilə bir tamaşanı -  "Posledniy pılko vlöblennıy" ("Sonuncu çılğın aşiq") tamaşasını Bakıya dəvət etmişdi, burada sovet ordusu teatrının ulduzları Zeldin və Qolubkina oynayırdılar. Tamaşada seksual məqamlar çox idi. Gördüm ki, atamla yanaşı oturan Həsən Həsənov onun qulağına pıçıldayır, yəni bu nə biabırçılıqdır, atam da gərgindir. Biz arxada Poladla yanaşı oturmuşduq, vəziyyətə görə narahat idik. Heydər Əliyev də həyat yoldaşı ilə birgə zalda idi. Tamaşa bitdi, o, səhnəyə çıxdı. Əvvəlcə Zeldinin bütün bioqrafiyasını danışdı, Zeldin özü də buna heyrətlənmişdi. Sonra gözlənilmədən dedi: "Hə, bu tamaşada ailə dəyərləri xüsusi vurğulanır" və səhnə əsərini təhlil etməyə başladı. Atama təşəkkür elədi ki, gözəl tamaşa üçün çox sağ ol. Həsən Həsənov arxayınlaşdı ki, təhlükə sovuşub.

Axşam Poladla mən Larisa Qolubkinanı şam yeməyinə apardıq, orada Qolubkina bizə dedi: "Mən bu dünyada hər şeyi görmüşəm, amma partiya xadiminin kifayət qədər açıq-saçıq tamaşanı əsl teatrşünas kimi təhlil etdiyini eşitməmişəm - belə şeylə  ilk dəfədir qarşılaşıram". Və sonra da soruşdu: "Yəqin ki, onun teatr təhsili var, elə deyil?"

E.A. - Bu hal dəfələrlə təkrarlanırdı axı. Filoloqlar onun filoloq, rəssamlar rəssam olub-olmadığını soruşurdular.

F.B. - Zeldin əslən haralıdır, onun hansı uğurları var, o, Qolubkina ilə birgə hansı filmlərdə çəkilib. Heydər Əliyev belə görüşlərə gedəndə hər şeyi bilməli idi. Bu səbəbdən də, mən onun iş və ünsiyyət üslubunu "akademik" adlandırırdım. Hesab edirəm ki, xüsusən də icra hakimiyyəti başçılarımız və müxtəlif vəzifələrdə çalışan məmurlarımız bu üslubu öyrənməlidirlər. O bu və ya digər sahədəki peşəkarların qarşısına hazırlıqsız çıxa bilməzdi, Heydər Əliyev onların səviyyəsində və ya hətta onlardan bir-iki pillə yuxarı səviyyədə danışmalıydı. Buna görə də həm Bakıda, həm də Moskvada ona belə diqqətlə qulaq asırdılar, onu belə hörmətlə qəbul edirdilər.

E.A. - Yaşlı nəslin kino adamları onun kinematoqrafçılar qarşısındakı məruzəsini indiyədək xatırlayırlar.

F.X. - Təkcə kinematoqrafçılar yox, elə həkimlər, memarlar qarşısındakı məruzələri də xatırlayırlar. Bəs o, yazıçılarla necə ünsiyyət saxlayırdı? Asanlıqla Markovun (Georgi Markov - 1971-1989-cu illərdə SSRİ Yazıçılar İttifaqının rəhbəri - E.A.) yanına gedə bilirdi. Buna görə də, düşünürəm ki, Qorbaçovun və ətrafının Heydər Əliyevə qısqanclığı təkcə onun peşəkar fəaliyyəti ilə bağlı deyildi. O, bir şəxsiyyət kimi də qısqanclıq doğururdu.

E.A. - Qüsursuz zahiri görkəmini və Hollivud təbəssümünü də bura əlavə edək. Heydər Əliyevin köməkçisi Camal Camalov mənimlə söhbətində xatırlayırdı: "Mən Kremldə çoxlu məşhur adamları - respublika rəhbərlərini, nazirləri, Siyasi Büro üzvlərini görmüşəm. Amma inanın, elə bir adam tanımıram, kostyum onun əynində Heydər Əliyevdəki kimi gözəl və rahat otursun, qalstuku Heydər Əliyevdəki kimi məharətlə bağlansın".

Daha bir sual: - Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə qayıdanda aclıq dövrü idi. Nə gizlədək, bizim korifeylər ehtiyac içərisində yaşayırdılar.  Heydər Əliyev prezident təqaüdlərini təsis etdi. Bu proses necə baş verdi?

F.B. - Biz Poladla birgə 5-6 nəfərdən ibarət ilk siyahını hazırladıq - orada Əminə Dilbazinin, Cövdət Hacıyevin, Qəmər Almaszadənin və dövlət qarşısında böyük xidmətləri olan başqa şəxslərin adı vardı. Təəssüf ki, onlar qocalmışdılar, səhnəyə çıxa, işləyə bilmirdilər. Yəni məqsəd seçib, məhz yaşlanmış və iş qabiliyətini itirmiş ziyalılara dəstək olmaq idi. Amma sonra təqaüd həvəsində olanların sayı yüz dəfə artdı. Və xüsusi ehtiyacı olanlara dəstək ideyası bütünlükdə adi mükafata çevrildi.

E.A. - Bununla belə, Heydər Əliyev incəsənət xadimləri üçün böyük işlər gördü: onlara təqaüdlər verdi, mənzillər ayırdı, bütün ədəbi jurnalları büdcədən maliyyələşdirdi, mədəni tədbirlərin keçirilməsinə yardım göstərdi və sair və ilaxır.

F.B. - Özü də bunu büdcədə, az qala, pulun heç olmadığı dövrdə etdi... Heydər Əliyevin mədəniyyət adamlarına xüsusi rəğbəti vardı, ona bizimlə çox maraqlı idi. O, təbiətcə yaradıcı adam idi. Mən Heydər Əliyevin Maqsud və Rüstəm İbrahimbəyovun yubileylərindəki çıxışlarını xatırlayıram. O, bizim bütün korifeylərin yubileylərində iştirak edir, orada gözəl nitqlər söyləyirdi. Buna heyrətlənməmək mümkün deyildi!

E.A. - Sizin həyatınızda Heydər Əliyev epoxası nə deməkdir?

F.B. - Həyatımın ən gözəl illəri. Gənclik, uğur, şöhrət. Böyük bir şəxsiyyətlə ünsiyyət. Mən bütün bunlar üçün taleyimə minnətdaram!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicablı qadın uşağı ilə metro relslərinə yıxıldı VIDEO

27 Mart 2025 20:55see463

Myanmada güclü zəlzələ yüzlərlə insan həlak oldu və yaralandı — ANBAAN VİDEO

28 Mart 2025 20:35see452

Qız kirayə puluna görə tualetdə yaşayır İNANILMAZ

27 Mart 2025 20:01see302

Putin: Tramp səmimi şəkildə Ukraynadakı münaqişəyə son qoymaq istəyir

28 Mart 2025 01:28see127

Masazırda ər arvadını döydü TƏFƏRRÜAT

27 Mart 2025 13:52see118

Fərdi evdə baş vermiş yanğında 4 nəfər ölüb

27 Mart 2025 21:14see114

Xarkovda əks hücumun qarşısını aldıq, irəliləyirik Qançev

28 Mart 2025 01:04see111

Myanmada güclü zəlzələ: iki ölkə də silkələndi

28 Mart 2025 11:04see110

İş adamı Fərhad Əhmədovun keçmiş arvadı vəkilinə qarşı iddiasını geri götürüb

28 Mart 2025 02:42see109

Xavi Simons və daha 3 ulduzun qiyməti 10 milyon avro ucuzlaşdı

27 Mart 2025 20:36see109

Superliqada 29 cu tur start götürdü “Fənərbaxça”dan qələbə

29 Mart 2025 01:05see107

Ukraynanın bu 3 bölgəsinə yeni hücum gözlənilir

28 Mart 2025 01:47see107

ABŞ nin Cənubi Qafqazda öz maraqları mövcuddur Elçin Xalidbəyli

27 Mart 2025 21:50see106

Fransanın dövlət borcu rekord səviyyədədir

29 Mart 2025 06:25see106

Mövsümü erkən başa vurdu

27 Mart 2025 20:51see105

Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq

27 Mart 2025 23:23see105

Kadi “Turan Tovuz”un qapıçısından üzr istəyib

29 Mart 2025 01:08see105

Yer atmosferində yerdənkənar həyatın mümkün izləri aşkar edilib..?

29 Mart 2025 01:10see105

Zəlzələdən sonra xarici ölkələrdən yardım istədilər

28 Mart 2025 23:06see105

Ən çox asılılıq yaradan 2 növ spirtli içki...

29 Mart 2025 01:50see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri