Icma.az
close
up
RU
Heydər Əliyevin akademiklik seçkisi və Akademiyanın dövlətçilik dərsləri

Heydər Əliyevin akademiklik seçkisi və Akademiyanın dövlətçilik dərsləri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Unudulmaz səhifələr

Məlum olduğu kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi tarixi epoxada cəmiyyət həyatının bütün sahələri ilə bir sırada ölkə elminin və Elmlər Akademiyasının da inkişafını yeni mərhələyə qaldırmışdır. Sovet hakimiyyəti dövründə Azərbaycanda fundamental və tətbiqi elmlərin inkişaf etdirilməsinə dövlət səviyyəsində dəstək verilməsi, Elmlər Akademiyasının “Xalqlar dostluğu” ordeni ilə təltif olunması, müstəqillik illərində ali dövlət elmi təşkilatının Milli Elmlər Akademiyası statusu qazanması, görkəmli elm xadimlərimizin dövlətimizin ən yüksək mükafatları və fəxri adları ilə təltif olunmaları görkəmli dövlət xadimi Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə üzvi surətdə əlaqədardır.

Ulu öndər Heydər Əliyevin tərcümeyi-halının Azərbaycan Elmlər Akademiyası ilə bağlı daha bir səhifəsi də ölkə rəhbəri kimi onun Elmlər Akademiyasının həqiqi üzvlüyünə qəbul edilməsinə dair seçkinin keçirilməsi ilə əlaqədar indiyə qədər haqqında çox az, epizodik şəkildə söz açılmış məsələdir. Hesab edirik ki, həm elm tarixi ilə əlaqədar əhəmiyyətli fakt olduğu üçün və həm də dahi şəxsiyyət Heydər Əliyevin əsl dövlət xadimi olaraq xarakter xüsusiyyətlərinə yaddaqalan səhifələr əlavə etdiyinə görə bu məsələni də sənədlərin dili ilə geniş ictimaiyyətə çatdırmaq əhəmiyyətlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Elmi irs arxivindən ilk dəfə əldə etdiyimiz sənədlərdən aydın olur ki, Elmlər Akademiyasının Rəyasət Heyəti 22 may 1998-ci il tarixdə Akademiyanın prezidenti, akademik Fəraməz Maqsudovun sədrliyi ilə keçirilmiş iclasında Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərini, dünya siyasətindəki xüsusi rolunu və mövqeyini, həmçinin ölkə elminin inkişafına göstərdiyi əvəzsiz diqqət və qayğısını əsas götürərək, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin siyasi elmlər üzrə Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə əlaqədar qərar qəbul etmişdir. AEA Rəyasət Heyətinin iclasında görkəmli dövlət xadimi Heydər Əliyevin Akademiyanın həqiqi üzvü seçilməsi aşağıdakı elmi müddəalarla əsaslandırmışdır: “Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzu, daxili sabitliyə nail olunması, yürüdülən daxili və xarici siyasət, ölkədə aparılan demokratik islahatlar məhz böyük siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. XX əsr dünya siyasət tarixinə adı əbədilik həkk olunmuş Heydər Əliyevin dövlət quruculuğu, siyasi, iqtisadi, hərbi, elmi-mədəni sahələrdəki qaynar, səmərəli və məhsuldar fəaliyyəti fundamental tədqiqat obyektidir. Artıq ölkəmizdə Heydər Əliyev siyasi məktəbi yaranmışdır və bu məktəbdən nəinki siyasi elmlər sahəsində çalışan Azərbaycan alimləri, habelə digər ölkələrin tədqiqatçıları da bəhrələnirlər”.

Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri Akademiyanın prezidenti, akademik Fəraməz Maqsudovun təklifini müdafiə edərək, yekdilliklə Heydər Əlirza oğlu Əliyevin siyasi elmlər ixtisası üzrə AMEA-nın tərkibinə həqiqi üzv seçilməsini məqsədəuyğun saymışlar. Bu məqsədlə Elmlər Akademiyasının Rəyasət Heyəti 22 may 1998-ci ildə aşağıdakı kimi qərar qəbul etmişdir: “Bu gün Azərbaycanın müstəqil dövlət kimi yaşaması, möhkəmlənməsi və onun təhlükəsizliyinin təmin edilməsi üçün digər elm sahələrindən daha çox siyasi elmlərin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq və Heydər Əliyevin AEA-nın tərkibinə siyasi elmlər ixtisası üzrə həqiqi üzv seçilməsini məqsədəuyğun hesab edərək, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti qərara alır:

1. 23 may 1998-ci il tarixdə AEA-nın Ümumi Yığıncağı çağırılsın.

2. Ümumi Yığıncağın gündəliyinə Heydər Əlirza oğlu Əliyevin AEA-nın həqiqi üzvlüyünə siyasi elmlər ixtisası üzrə seçkilərinin keçirilməsi məsələsi daxil edilsin.

3. Heydər Əlirza oğlu Əliyevin AEA həqiqi üzvlüyünə siyasi elmlər ixtisası üzrə namizəd seçilməsi məsələsinə İctimai Elmlər Bölməsinin Ümumi Yığıncağında müəyyən olunmuş qaydada baxılsın”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Akademiyanın həqiqi üzvlüyünə seçilməsinə dair seçkinin keçirilməsi üçün Nizamnaməyə uyğun olaraq 23 may 1998-ci il tarixdə çağırılan AEA İctimai Elmlər Bölməsinin iclasında Bölmədə təmsil olunan akademiklər görkəmli dövlət xadimi Heydər Əliyevin bu akademik qurumun siyasi elmlər üzrə həqiqi üzv seçilməsi məsələsini müzakirə edərək, böyük məmnuniyyətlə təklif edilən qərarın lehinə səs vermişlər. AEA-nın İctimai Elmlər Bölməsinin Ümumi Yığıncağının akademik Cəmil Quliyevin sədrliyi ilə keçirilmiş 23 may 1998-ci il tarixli iclasında çıxış edən AEA-nın həqiqi üzvləri: Asəf Nadirov, Ziyad Səmədzadə, Firudin Köçərli, müxbir üzvlər: Səlvər Aslanov, Mənsumə Məlikova, Məqsəd Səttarov, İqrar Əliyev, Teymur Bünyadov, Ağasəlim Ələsgərov, Fuad Qasımzadə kimi tanınmış elm adamları görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərini yüksək qiymətləndirdiklərini bildirmiş, onun geniş siyasi dünyagörüşü və dünya siyasətindəki yeri və mövqeyi haqqında elmi cəhətdən əsaslandırılmış fikirlər irəli sürmüşlər. AEA-nın İctimai Elmlər Bölməsinin 23 may 1998-ci il tarixli 3 saylı protokolundan görünür ki, akademik Firudin Köçərlinin sədrliyi ilə təşkil olunmuş və akademik Asəf Nadirovla akademik Ziyad Səmədzadənin üzv olduqları hesablama komissiyası Heydər Əlirza oğlu Əliyevin siyasi elmlər üzrə AEA-nın həqiqi üzvlüyünə seçkidə yüz faiz səs aldığını elan və təsdiq etdikdən sonra Bölmə onun AEA-nın həqiqi üzvlüyünə namizəd seçilmiş hesab olunduğunu nəzərə almaqla, Akademiyanın Ümumi Yığıncağının qarşısında bu qərara baxılması üçün vəsatət qaldırmışdır.

AEA-nın 23 may 1998-ci il tarixdə, günün ikinci yarısında keçirilmiş Ümumi Yığıncağında isə akademiyanın bütün elmi sahələri üzrə çıxış edən həqiqi üzvlərinin hamısı Heydər Əlirza oğlu Əliyevin siyasi elmlər üzrə həqiqi üzv seçilməsi məsələsini müzakirə edərək, onun lehinə böyük ruh yüksəkliyi ilə səs verəcəklərini bildirmişlər. Seçkinin keçirilməsinə dair protokoldan məlum olur ki, AEA-nın Ümumi Yığıncağında iştirak edən 26 nəfər Akademiyanın həqiqi üzvlərinin əksəriyyəti səsvermədən əvvəl Heydər Əliyevin çoxcəhətli yorulmaz fəaliyyətini, böyük xidmətlərini müxtəlif aspektlərdən elmi-siyasi cəhətdən təhlil edərək yüksək qiymətləndirmişlər. AEA-nın Ümumi Yığıncağında Heydər Əliyevin Akademiyanın həqiqi üzvü seçilməsi məsələsinin akademiyanın çoxsaylı akademiklərinin müraciətləri əsasında həyata keçirildiyi nəzərə alınmaqla, akademik düşərgəni təmsil edərək çıxış edənlər onun fəaliyyətini dövrlər və problemlər üzrə sistemli şəkildə təhlil edərək, ümumiləşdirilmiş elmi fikirlər və mülahizələr irəli sürmüşlər. Heydər Əliyevin Akademiyaya həqiqi üzv seçilməsi ilə əlaqədar səsləndirilmiş bu mülahizələr elm adamlarının siyasi mövqeyi və Azərbaycanda elmi-siyasi fikrin inkişaf səviyyəsi haqqında da aydın təsəvvürün yaranmasına xidmət edir. Dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi Heydər Əliyevin çoxillik və çoxcəhətli fəaliyyətini geniş şəkildə təhlil edib dəyərləndirən AEA-nın prezidenti, akademik Fəraməz Maqsudov Azərbaycan Respublikasının Prezidentində dünya siyasətçilərinə və böyük dövlət xadimlərinə xas olan yüksək dövlətçilik xüsusiyyətlərini Ümumi Yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır: “Heydər Əliyevin siyasət elmi sahəsindəki işlərini 3 dövrə bölmək olar. 1970-ci illərdə apardığı işlər. O zaman Azərbaycan Respublikası Rusiyanın (SSRİ nəzərdə tutulur – İ.H.) tərkibində idi. Bu dövlətin tərkibində ola-ola özünə xas olan üsullarla, dəlillərlə Heydər Əliyev cənabları Azərbaycan diplomatiyasını ayaq üstə qaldırdı... Azərbaycanı dünya miqyasında tanıtdı.

Heydər Əliyev siyasətinin ikinci dövrü Moskvada işləyərkən, Baş Nazirin Birinci müavini olarkən apardığı siyasət idi. Dünyanın siyasi xadimləri, rəhbərləri Heydər Əliyev cənablarını əfsanəvi bir şəxsiyyət kimi qiymətləndirirlər. İstər xarici, istərsə də daxili siyasətdə ən çətin anlarda belə Heydər Əliyev cənabları öz işini görməkdə idi.

Heydər Əliyev cənabları siyasət sahəsində üçüncü dövrdə, bu çətin dövrdə Azərbaycanı dünyaya yenidən tanıtmaq üçün çox nəhəng, titanik işlər görmüşdür... O, dünya siyasətində aparıcı yerini tutur.

...O, Azərbaycanla nəfəs alır. Bu xüsusiyyət ona ana südü ilə daxil olub.

…Heydər Əliyev əsl bir alim kimi hər şeyə öz üsulu ilə yanaşır,… elmə əsaslanır… Riyaziyyatçı ilə riyaziyyatçı kimi, musiqiçi ilə musiqiçi kimi, memarla memar kimi danışır. O, hər şeyi bilir, tariximizə gəldikdə isə… bizim bir nömrəli tarixçimiz cənab Prezidentimizdir”.

AEA Ümumi Yığıncağının protokolunun stenoqramından görünür ki, bu elmi qurumun rəhbərinin giriş sözündən sonra Nizamnamənin müddəalarına əməl edilməklə, Akademiyanın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Cəmil Quliyev həmin Bölmədə Heydər Əliyevin siyasi elmlər üzrə AEA-nın həqiqi üzvü seçilməsi haqqında qəbul edilmiş qərar və qaldırılmış vəsatət haqqında məlumat vermişdir. AEA Ümumi Yığıncağının iştirakçıları olan Akademiya üzvləri çıxış edərək İctimai Elmlər Bölməsinin qərarını və vəsatətini ürəkdən dəstəklədiklərini bildirməklə yanaşı, həm də başlanmış müzakirələri davam etdirərək, Azərbaycan xalqının böyük oğlu və dünya şöhrətli qüdrətli dövlət xadimi, mahir siyasətçi Heydər Əliyev haqqında baxışlarını meydana qoymuşlar. Hesab edirik ki, Akademiyada keçirilən məsuliyyətli və şərəfli bir seçki prosesində Heydər Əliyev barəsində səsləndirilmiş elmi mülahizələr sadəcə yalnız seçki məsələsi ilə bağlı olmayıb, ümumiyyətlə bu dahi insanın şəxsiyyətinin və fəaliyyətinin miqyası, dövlətçilik sahəsindəki xidmətləri haqqında Azərbaycan alimlərinin elmi baxışlarının ifadəsidir. Akademiyanın Ümumi Yığıncağının 23 may 1998-ci il tarixli iclasında ölkəmizin görkəmli alimləri tərəfindən deyilmiş və indiyədək naməlum qalan, heç bir yerdə çap edilməmiş fikirlər Azərbaycan Heydər Əliyevşünaslığının əhəmiyyətli səhifələrindən ibarətdir. Ümumi Yığıncaqda bəyan edilmiş mülahizələrdən hər biri həmin fikirlərin sahibləri olan alimlərin Azərbaycan Respublikasında Heydər Əliyev epoxasında gedən proseslərə, qazanılmış nailiyyətlərə, baş vermiş ictimai-siyasi hadisələrə dair elmi yanaşmalarını, təhlillərini və dəyərləndirmələrini diqqətə çatdırır.

AEA-nın İctimai Elmlər Bölməsini təmsil edən akademik Asəf Nadirovun çıxışında Heydər Əliyevin ölkəni elmi əsaslarla idarə etməsi diqqət mərkəzinə çəkilmişdir: “Heç zaman Akademiyanın həyatında akademiyanın üzvlüyünə seçki mərasiminin bu qədər ruh yüksəkliyi ilə keçirilməsinin şahidi olmamışam. Bu şəxsiyyət əsl mənada Azərbaycanın ən böyük alimidir. Heydər Əliyev cənabları böyük iqtisadçı, filosof, tarixçidir.

Ancaq bir həqiqət var… 60-cı illərin axırlarında Azərbaycanın iqtisadiyyatı ağır vəziyyətdə idi. Lakin az bir müddət ərzində Azərbaycanın iqtisadiyyatı keçmiş SSRİ-də yüksək səviyyəyə qalxdı. Bəs, bu necə oldu? Həmin iqlim, həmin adamlar… Bu ondan irəli gəlir ki, Azərbaycanı idarə edən müdrik rəhbər var, bu müdrik rəhbər Azərbaycan iqtisadiyyatını elmi əsaslarla idarə edir.

… Biz müstəqillik deyəndə elə bilirdik ki, bu, 1991-ci ildə oldu. Doğrudur, bu belə idi. Ancaq gəlin həqiqətlərin üzünə düz baxaq. Mən Azərbaycan xalqının müstəqilliyinin ilk ab-havasını 70-80-ci illərdə görmüşəm. Məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan o səviyyəyə qalxmışdı. ...Bəli, biz onunla fəxr edirik”.

Akademiyanın həqiqi üzvü Ədilə Namazova: “Akademik seçəndə, istər SSRİ dövründə, istərsə də indi, biz onun elmi cəhətdən necə olduğunu nəzərə alırıq… Biz akademik seçəndə onun kadr hazırlığını nəzərə alırıq. Bütün bunlar bizim cənab Prezidentimiz Heydər Əliyevə məxsusdur.

Azərbaycanda nə qədər tibb elmləri doktoru varsa, hamısı Heydər Əliyevə borcludur. …Mən vaxtaşırı Rusiyada oluram. Doğrudan da, Rusiyanın tibb alimləri bizə həsəd aparırlar.

Siz Lissabon Sammitini yəqin ki, dinləmisiz. Mən sənədləri oxuyanda, hətta orada çıxan qəzetlərdən deyə bilərəm ki, orada yazılır ki, «Ne tolko Lissabonskom Sammite i o nem». Bu, çox fərəhləndirici haldır. Mən qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev cənabları Azərbaycan Elmlər Akademiyasının üzvü olsa, bizim hörmətimizi daha da yüksəldər”.

Akademik İsmayıl İbrahimov dövlət işlərində çalışdığı dövrdə Heydər Əliyevin fəaliyyətində müşahidə etdiyi yüksək dövlət idarəçiliyi qabiliyyətlərindən danışmışdır: “O illər, 60-80-ci illər Azərbaycan tarixinin xüsusi illəridir. Bu dövrdə bizim sənayemiz, iqtisadiyyatımız sox inkişaf etmişdir. Bu göstəriciləri əmələ gətirmək üçün... Büro iclaslarında Heydər Əliyev bütün məsələləri ətraflı öyrənməmiş, hiss etməmiş heç bir qərar qəbul etmirdi.

…Demək istəyirəm ki, o, ...hər bir məsələ üzrə təşkilatçı idi. Apardığı işlərə görə… ona bütün texniki elmlər üzrə elmlər doktoru adı vermək olar. Eyni zamanda, EA-nın həqiqi üzvü seçilməsinə də tam hüququ var”.

AEA-nın 23 may 1998-ci il tarixli iclasında iştirak edənlərdən hazırda müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirən akademik Akif Əlizadə, akademik Urxan Ələkbərov və akademik Ziyad Səmədzadə həmin xüsusi əlamətdar günün şanlı şahidləridir. Ümumi Yığıncağın iclasında akademik Akif Əlizadə və akademik Ziya Səmədzadə çıxış etmiş, akademik Urxan Ələkbərov isə seçki üzrə təşkil edilmiş müsabiqə komissiyasının üzvü kimi üzərinə düşən şərəfli vəzifəni məsuliyyətlə yerinə yetirmişdir.

Akademik Ziyad Səmədzadənin çıxışından: “Bu gün Azərbaycan elmində çox böyük bir hadisə baş verir. Onun problemlərinin həllində Heydər Əliyev cənablarının böyük xidmətləri vardır… Təkcə təşkilatçılıqda deyil, struktur dəyişikliklərində, Azərbaycanda əmək məhsuldarlığının surətlə artmasında Heydər Əliyev elmə əsaslanır və əsaslanmaqdadır. İlk dəfə olaraq çox cəsarətlə Azərbaycanın özü-özünü saxlamaq, yaşatmaq imkanlarını göstərmişdir.

Bu, Azərbaycan elminin tarixində yeni hadisədir. Bu, Azərbaycan elminin inkişafına, ictimai elmlərin surətli inkişafına, alimlərin qorunmasına xidmət edəcəkdir”.

Akademik Akif Əlizadə: “Çox yaxşı oldu ki, mən də öz sözümü deyə bildim. Onun çox gözəl idarəetmə qabiliyyəti vardır... Bütün qlobal problemlərin, iqtisadi problemlərin həllində dərin iz buraxmışdır. Kadr hazırlığına göstərdiyi qayğı hamıya məlumdur… …Bu gün bizim yaddaşımızda dərin iz buraxacaqdır”.

(ardı var)

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri