Hibrid və elektrikli avtomobillər: Əsas fərqlər nələrdir?
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Son illərdə ekoloji təmiz həyat tərzi anlayışı gündəlik seçimlərimizdə daha çox yer almağa başlayıb. Ərzaq alış-verişindən qidalanmaya, enerji istifadəsindən geyimə qədər bir çox sahədə olduğu kimi, nəqliyyatda da ətraf mühitə daha az zərər verən alternativlərə maraq artır. Bu baxımdan hibrid və elektrikli avtomobillər sürücülərin diqqətini çəkən əsas seçimlər sırasındadır. Bəs bu iki avtomobil növü arasında hansı fərqlər var və hansını seçmək daha məqsədəuyğundur?
Hibrid və ya elektrikli avtomobil seçmək sürücünün ehtiyaclarından asılı olduğu üçün həmişə asan deyil. Hibrid avtomobillər həm daxiliyanma, həm də elektrik mühərriki ilə təchiz olunur. Elektrikli avtomobillər isə enerji yığan batareyalar vasitəsilə işləyir və elektrik mənbəyindən doldurulur. Elektrikli avtomobillər istismar zamanı ətraf mühitə daha az zərər vurmaqla yanaşı, yanacaq xərclərinə qənaət etməyə də imkan verir.
Bu gün bazarda ailə avtomobillərindən tutmuş yükdaşıma və idman modellərinə qədər müxtəlif seçimlər mövcuddur. Bəzi alıcılar üçün təhlükəsizlik, digərləri üçün qiymət, sürət və əlavə funksiyalar əsas meyardır. Avtomobilin texnoloji imkanları və enerji sərfiyyatı da seçim zamanı nəzərə alınan amillərdəndir.
Hibrid və elektrikli avtomobillər son illərdə texnologiyanın inkişafı və daha təkmil modellərin bazara çıxarılması nəticəsində benzin və dizellə işləyən avtomobillərə ciddi alternativə çevrilib. Eyni zamanda, ekoloji şüurun artması və dayanıqlı nəqliyyatı təşviq edən qanunvericilik təşəbbüsləri elektrikli avtomobillərə marağı gücləndirir.
Batareya və mühərrik gücü
İlk növbədə qeyd edək ki, hibrid avtomobillərdə ən azı iki mühərrik olur. Bunlardan biri daxiliyanma, digəri isə elektrik mühərrikidir. Avtomobildə, həmçinin daxiliyanma mühərriki vasitəsilə enerji toplayan batareya yerləşir. Bəzi hibrid modellərdə isə batareyanı elektrik kabeli vasitəsilə də doldurmaq mümkündür. Belə avtomobillər plug-in hibrid adlanır.
Hibrid avtomobillərdə hər iki mühərrik avtomatik şəkildə bir-birini tamamlayaraq daha rahat və fasiləsiz hərəkəti təmin edir. Xüsusilə avtomobilin işə salınması və aşağı sürətlə hərəkəti zamanı elektrik mühərriki əsas rol oynayır. Daha çox güc tələb olunduqda isə daxiliyanma mühərriki işə düşür. O, həm hərəkətə dəstək verir, həm də generator vasitəsilə batareyanın doldurulmasına kömək edir.
Bu baxımdan hibrid avtomobillər elektrikli modellərlə müqayisədə daha yüksək güc və hərəkət məsafəsi təklif edə bilər. Bununla belə, daxiliyanma mühərrikindən istifadə etdikləri üçün ətraf mühitə təsirləri də daha çoxdur. Hibrid avtomobillər xüsusilə şəhərdaxili hərəkət üçün əlverişli alternativ hesab olunur. Çünki onlar ənənəvi benzin mühərrikli avtomobillərlə müqayisədə daha az yanacaq sərf edir və uzun müddətdə qənaət yaradır.
Məsələn, 100 kilometr məsafə qət etmək üçün benzinlə işləyən avtomobil təxminən 45 kVt/saat enerjiyə (6,8 litr benzinə) ekvivalent yanacaq sərf etdiyi halda, elektrikli avtomobildə bu göstərici 17 kVt/saat təşkil edir. Bu da elektrikli avtomobillərin enerji səmərəliliyini göstərir.
Elektrikli avtomobillərdə isə əsasən elektrik şəbəkəsindən doldurulan litium-ion batareyalardan istifadə olunur. Hazırda bazarda olan modellərin orta hərəkət məsafəsi təxminən 300 kilometrdir. Bu avtomobillərin əsas üstünlüklərindən biri enerji xərclərinin aşağı olmasıdır. Bununla yanaşı, şarj məntəqələrinin mövcudluğu mühüm amildir. Uzun məsafəli səfərlərdə elektrikli avtomobil sürücüləri marşrutu əvvəlcədən planlaşdırmalı və yolboyu şarj məntəqələrinin yerini müəyyənləşdirməlidirlər. Bununla belə, şarj infrastrukturunun genişlənməsi və sürətli doldurma məntəqələrinin sayının artması bu problemi tədricən azaldır. Belə məntəqələrdə avtomobilin batareyasını təxminən 20 dəqiqəyə dolduraraq səfəri davam etdirmək mümkündür.
Səs-küy baxımından da iki avtomobil növü arasında fərq var. Elektrikli avtomobillər daha səssiz işləyir. Hibrid modellərdə isə daxiliyanma mühərriki işə düşdükdə səs yaranır. Ümumilikdə, iki mühərrikin birgə fəaliyyəti hibrid avtomobillərə hərəkət məsafəsi və maksimal sürət baxımından bəzi üstünlüklər qazandıra bilər.
Daha ekoloji və dayanıqlı nəqliyyat sisteminə keçiddə hibrid və elektrikli avtomobillər mühüm rol oynayır. Dünyada bu avtomobillərə tələbatın artması da nəqliyyat sektorunda dəyişən tendensiyaların göstəricisidir. Texnologiyanın inkişafı, enerji xərcləri və şarj infrastrukturunun genişlənməsi gələcəkdə bu avtomobillərin daha geniş yayılmasına şərait yarada bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















