Hicab məsələsi süni şəkildə gündəmə gətirilir Professor
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Azərbaycanın dövlətçilik ənənələri, dünyəvilik prinsipləri, təhsil siyasəti və milli-mənəvi dəyərlərin qorunması cəmiyyətdə müzakirə olunan aktual məsələlərdəndir. Xüsusilə məktəblərdə vahid geyim formasının tətbiqi, dini azadlıqlar, sosial bərabərlik və dövlətin müəyyən etdiyi qaydaların əhəmiyyəti ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.
Bu məsələlərin Azərbaycan dövlətçilik prinsipləri və cəmiyyətin gələcəyi baxımından necə qiymətləndirilməli olduğu ilə bağlı professor Allahverdi Məmmədli Sherg.az-ın suallarını cavablandırıb:
-Azərbaycanın dövlətçilik ənənələri, idarəçilik prinsipləri və bu gün ölkəmizə qarşı olan xarici təzyiqlər barədə nə deyə bilərsiniz?
-Hər bir ölkənin öz dövlət quruluşuna və dövlətçilik təcrübəsinə uyğun idarəçilik sistemi var. Biz həmişə deyirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. Azərbaycanda Xalq Cümhuriyyəti qurulanda, ilk növbədə, xalqın fikrinə, xüsusilə də qadınların fikrinə önəm verilirdi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilib. Bu o deməkdir ki, Azərbaycanda cinsi ayrı-seçkiliyə yol verilmir, irqi və dini ayrı-seçkilik də yoxdur. Bu gün də Azərbaycan dünyəvi dövlətdir və Azərbaycanda heç bir dinə qarşı təzyiq yoxdur.
Lakin baş verən hadisələr göstərir ki, Azərbaycana qarşı təzyiqlər var. Azərbaycanın demokratik, hüquqi dövlət olmasına və dünyada müstəqil dövlət kimi mövcudluğuna qarşı basqılar mövcuddur. Bizim başqa ölkələrin özlərini necə idarə etməsinə iradımız yoxdur. Amma bizim də özümüzə məxsus idarəçilik təcrübəmiz və idarəçilik prinsiplərimiz var. Bu prinsiplərdən geri çəkilə bilmərik.
Biz öz torpaqlarımızı azad etdik. İndi Azərbaycan dünyada orta gücə malik dövlət kimi tanınır. Orta gücə malik dövlət o deməkdir ki, ölkə müstəqil yaşamaq və fəaliyyət göstərmək imkanına malikdir. Heç kəs onun siyasətinə asanlıqla təsir edə bilməz. Bunu dövlətlər də bilirlər. Mən istərdim ki, bəzi vətəndaşlarımız da bunu anlasınlar. Əlbəttə, vətəndaşlarımız əksəriyyəti bunu bilir. Onlar başa düşürlər ki, bütün bunlar Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər. Bu gün Azərbaycanın dövlət suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsi və güclənməsi bir çoxlarının xoşuna gəlmir. Onlar həmişə istəyirlər ki, Azərbaycan onların təsiri altında olan bir ölkə olsun, onların diktəsi ilə hərəkət etsin. Regionumuzdakı bəzi qonşularımızın da Azərbaycana münasibətində belə yanaşmaların olduğunu düşünürəm. Ona görə də ölkəmiz haqqında yayılan məlumatlara və baş verən proseslərə diqqətlə yanaşmalıyıq. Bizim öz inkişaf istiqamətimiz var.
-Fərqli dövlət idarəçilik sistemləri fonunda Azərbaycan vətəndaşının öz dövləti qarşısındakı məsuliyyəti və borcu nədir?
-Qısa müddət ərzində Qarabağda böyük əraziləri yenidən qurmuşuq, abadlaşdırmışıq. Beş il bundan əvvəl Qarabağı görən insanlar indi gəlib həmin əraziləri görsələr, baş verən dəyişiklikləri tanımaqda çətinlik çəkərlər. Bu, nəyin sayəsindədir? Azərbaycanın həyata keçirdiyi siyasətin sayəsində.
Bayaq da söylədiyim kimi, hər bir ölkənin öz idarəçilik sistemi var. Biri parlament respublikasıdır, biri prezident respublikasıdır, biri özünü demokratik respublika, digəri İslam respublikası, başqası isə xalq respublikası adlandırır. Hər bir dövlət öz təcrübəsinə uyğun olaraq idarə olunur və dövlətçilik prinsiplərini həyata keçirir. Dövlətçiliyi qorumaq və dövlətin qərarlarına əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Ona görə ki, əgər bu dövlətdə yaşayırsansa, bu dövlətin müəyyən imtiyazlarından yararlanırsansa, bu dövlətin suyunu içib torpağında yaşayırsansa, bu məmləkətin qayda-qanunlarına əməl etməlisən. Dövlət dedikdə yalnız idarəetmə orqanlarını nəzərdə tutmuram. Söhbət Azərbaycan adlı məmləkətdən gedir.
-Məktəblərdə vahid geyim formasına keçid hansı zərurətdən yarandı və burada dünyəvilik prinsipi necə qorunur?
-Məktəb dövlətin nəzarətində olan, dövlətin təhsil siyasətini həyata keçirən müəssisədir. Dövlət öz səlahiyyətləri çərçivəsində məktəblərdə qayda-qanun yaratmağa həmişə maraqlı olub və belə də olmalıdır.
Bilirsiniz, dünyəvilik bizim üçün həmişə əsas xətt olub. Dünyəvilik prinsiplərinə əməl olunması müxtəlif peşə sahiblərinin özünəməxsus geyim formasının olmasına gətirib çıxarır. Bu da dünyəviliyin bir növüdür. Məsələn, həkimlərin öz geyimləri var, hüquq-mühafizə orqanlarının əməkdaşlarının öz geyimləri var, gömrük işçilərinin öz geyimləri var, vergi işçilərinin öz geyimləri var. Məktəblərin də öz geyim forması olmalıdır.
Bu, bir mənada sosial bərabərliyin yaradılması üçündür. Məsələn, niyə olmalıdır? Uşaqlıqdan, erkən yaşlardan uşaqlar arasında sosial bərabərlik yaratmaq üçün. Uşaqlar eyni formada geyindikdə, geyim tərzinə və müxtəlif bəzək əşyalarına o qədər də meyil göstərmədikdə, diqqətlərini yalnız təhsilə yönəldirlər və təhsilləri inkişaf edir.
-Bu qərarın sırf hicabla bağlı olduğu iddialarına və məktəbdəki mövcud vəziyyətin müəllim nüfuzuna təsirinə münasibətiniz necədir?
-Təəssüf ki, hicab məsələsini ortaya atıblar. Nazirlər Kabinetinin bu qərarı təkcə məktəbli formasına keçidlə, başıbağlı şagirdlərlə bağlı deyil. Məktəbli formasına keçid yalnız başıbağlı şagirdlərin başlarını açmaları üçün nəzərdə tutulmayıb. Qeyri-etik geyimdə dərsə gələn şagirdlərə də bu məhdudiyyətlər tətbiq olunacaq. Ona görə ki, bəzən görürsən, azyaşlı şagird bəzək əşyaları taxaraq gəlir və ya həddindən artıq bəzənərək, makiyaj edərək məktəbə gəlir. Bunlar da valideynlərin uşaqlara yanaşması ilə bağlı müəyyən suallar yaradır. Hicab məsələsində də uşaqların məcbur edilərək hicab taxmağa yönləndirilməsi ilə bağlı narahatlıqlar var. Onlar da valideynləri ilə gəlirlər. Ona görə də bütün bunların qarşısını almaq, sosial bərabərliyi təmin etmək, xüsusilə şagirdlərin yalnız elmlə məşğul olmalarına şərait yaratmaq istəyirik.
Məktəblərdə vəziyyətə gəlincə, vəziyyət, mən deyərdim ki, ürəkaçan deyil. Bu vəziyyət müəllimlərin nüfuzdan düşməsinə də gətirib çıxarıb. Müəllimlərin nüfuzu əvvəlki səviyyədə deyil. Ona görə ki, bir məktəbdə uşaqlar müəllimdən daha yaxşı geyinirsə, məktəbə ən bahalı avtomobillərlə gəlib-gedirsə və ya qızlar müəllimlərdən də bahalı zinət əşyaları taxaraq gəlirlərsə, şübhəsiz ki, bu, müəllimin nüfuzuna təsir göstərir. Müəllimin nüfuzu aşağı düşür. Şagird müəllimi üstələyir. Bu, sosial bərabərlik deyil.
Amma bizim dövlətimizin məqsədi sosial bərabərliyin yaradılmasıdır. Müəllimin öz geyim forması, imici, şagirdin isə şagird imici olmalıdır. Bilinməlidir ki, bu, şagirddir, bu isə müəllimdir. Biz onların hansı ailədən gəldiyini, hansının varlı, hansının kasıb olduğunu ayırd etməməliyik. Biz qarşımızda şagird görməliyik. Əsl şagird, Azərbaycan övladı, Azərbaycan məktəblisi görməliyik. Elm öyrənən, təhsil alan, biliklərini artıran şagird görməliyik. Xüsusilə də, bəzən elə şagirdlər görürük ki, onların geyimi, bəzəkləri və xarici görünüşü diqqəti cəlb edir. Elə şagirdlər var ki, müəllimlərin belə istifadə etmədiyi mobil telefonları məktəbə gətirirlər. Smartfonları məktəbə gətirmək nə deməkdir? Bu, müəyyən mənada tənəzzüldür. Bunun sonu yaxşı nəticələrə gətirib çıxarmır.
Biz bu məsələlər haqqında danışırıq. Amma bir şeyi də bilməliyik ki, dövlət və hökumət bu qərarı verəndə, şübhəsiz, götür-qoy edib. Müəyyən məsələlərə istinad edib, müəyyən amilləri nəzərə alaraq bu qərarı qəbul edib. Belə qərarlar səbəbsiz yerə verilmir. Ona görə də həmişə yadda saxlamalıyıq ki, bizim dövlətimiz hüquqi, demokratik dövlətdir. Qonşu dövlətlərdə hansı quruluşun, hansı dövlətçilik sisteminin mövcud olması bizim üçün o qədər də əhəmiyyətli deyil. Biz Azərbaycanda yaşayırıq və Azərbaycan Konstitusiyasının, qanunlarının tələblərinə uyğun yaşamalıyıq.
-Qərarın tətbiqindən sonra baş verən radikal etirazlar və başqa ölkələrdəki qadın hüquqları mənzərəsi necə qiymətləndirilməlidir?
-Mən hesab edirəm ki, Nazirlər Kabinetinin bu qərarı bəlkə də bir qədər gecikmiş qərardır. Məhz gecikdiyinə görə də müəyyən fəsadlar yarandı. Əslində, qərar vaxtında verilsəydi, bəlkə də bu qədər etirazlara səbəb olmazdı və etirazçılar da bu qədər kəskin şəkildə etiraz etməzdilər. Təsəvvür edin, etirazçılar bağlı qapıları sındırırlar, şüşələr qırılır, təhqirlərə yol verilir, məktəb direktoruna qarşı zorakılıq edilir. Bu nə deməkdir? Siz hansı dövlətdə yaşayırsınız? Nə düşünürsünüz? Hansı fikirlə yaşayırsınız? Hansı mədəniyyətə maliksiniz? Dünyagörüşünüz nədir? Etirazın da bir forması olmalıdır. Etiraz etmək o demək deyil ki, sən narazılığını bu dərəcədə kəskin şəkildə ifadə edəsən. Bu, etirazın düzgün forması deyil.
Bəzi şəxslər dövlətin onlara verdiyi azadlıqlardan sui-istifadə edərək radikallaşıblar. Bu radikallaşmanın müəyyən kənar təsirlərlə bağlı olması ehtimalı da var. Bilirsiniz, hər bir insan azaddır. Azərbaycanda dini azadlıq var. İnsan istədiyi dini qəbul edə bilər. İslam dinini qəbul etmək istəməyən şəxs xristianlığı və ya başqa bir dini qəbul edə bilər. Azərbaycanda belə hallar mövcuddur. Elə insanlar var ki, müxtəlif vaxtlarda başqa dinləri qəbul edirlər. Amma burada bir məsələni fərqləndirmək lazımdır. Bir var, insan dini qəbul edir, onu öz dünyagörüşünün bir hissəsinə çevirir, mənəviyyatını zənginləşdirmək və özünü təkmilləşdirmək üçün bundan istifadə edir. Bu, müsbət haldır. İnsan öz mənəviyyatını saflaşdırmaq, yeniləmək istəyir. Ancaq fanatizm tamam başqa məsələdir. Bizim ziyalılarımız, işıqlı düşüncəyə malik insanlarımız həmişə fanatizmə qarşı mübarizə aparıblar. Hicab məsələsini ön plana çəkən bəzi şəxslərdə fanatizm meyilləri daha güclüdür. Təbii ki, insan hicab taxmaq istəyirsə, bunu öz seçimi kimi ifadə edə bilər. Onun etirazını da müəyyən çərçivədə başa düşmək mümkündür. Bəzi hallarda etirazını bu formada bildirə bilər. Ancaq etirazın ifadə forması insanın dünyagörüşü haqqında müəyyən təsəvvür yaradır.
Mən düşünmürəm ki, bu şəxslər Şərq ölkələrində, xüsusilə də İslam ölkələrində baş verən hadisələrdən və orada yaşayan insanların həyat tərzindən xəbərsizdirlər. Bilirlər ki, Əfqanıstanda vəziyyət necədir. Orada qadınlara hansı hüquqlar verilir? Qadınlar kim hesab olunur? Onlara insan kimi yanaşılırmı? Qız uşaqlarının məktəbə getməsinə qadağalar qoyulmurmu? İranda baş verən hadisələrdən də xəbərsiz olduqlarına inanmıram. Qadınlar orada azadlıq istəyirlər. Onlar öz həyatlarına müdaxilələrdən azad olmaq, sərbəst yaşamaq istəyirlər. Qadınların hüquqları uğrunda mübarizə apardıqları, bu səbəbdən ağır cəzalarla üzləşdikləri hallar mövcuddur. Mən inanmıram ki, burada yaşayan insanlar bütün bunlardan xəbərsizdirlər. Onlar başqa ölkələrdə baş verən hadisələri də, dünyadakı prosesləri də bilirlər. Azərbaycanı da tanıyırlar. Ancaq bəlkə də bir məqamı nəzərə almırlar. Mən hesab edirəm ki, bəzi məsələlər süni şəkildə gündəmə gətirilir və ölkənin diqqətini yayındırmaq məqsədi daşıya bilər. Çünki Azərbaycan inkişaf edir, yüksəlir, dünya dövlətləri arasında müasirliyi, dünyəviliyi və hüquqi dövlət olması ilə tanınır.
-Konstitusiyanın təsbit etdiyi azadlıqlarla dövlətin qanunları və ictimai qaydalar arasında sərhəd haradan keçir?
-Düzdür, Konstitusiyamız hər bir insana söz azadlığı, fikir azadlığı, yaşamaq azadlığı və vicdan azadlığı verib. Bu azadlıqlar çoxdur, hətta geniş imkanlar yaradır. Amma mən hesab edirəm ki, bu azadlıqlardan istifadə etməklə yanaşı, qanunlara da əməl etmək lazımdır. Əgər azadlıq anarxiyaya və qeyri-sabitliyə gətirib çıxarırsa, bu, artıq azadlıq deyil. Bu, özbaşınalıq yaratmaq cəhdidir. Bu, dövlətə qarşı çıxmaq cəhdidir. Bu, xalqa qarşı çıxmaq cəhdidir. Ən böyük azadlıq qanunlar çərçivəsində, qanunlara uyğun yaşamaq azadlığıdır. İnsan bu zaman özünü daha rahat hiss edir.
Bizdə hicaba qarşı ümumi qadağa yoxdur. İnsanların ailədə və ictimai yerlərdə geyimlərinə dair ümumi qadağalar mövcud deyil. İnsanlar istədikləri geyimdə müxtəlif tədbirlərə, toylara, yaslara və başqa yığıncaqlara gəlirlər. Hər ailənin öz həyat tərzi var. Amma ictimai yerlərin öz qayda-qanunları var. Məsələn, ictimai yerlərdə siqaret çəkmək məhdudlaşdırılıb. Niyə belə qadağa tətbiq olunur? Çünki bu, digər insanların sağlamlığına və rahatlığına təsir göstərir. Təsəvvür edin, üç nəfər bir yerdə oturubsa, dördüncü şəxs gəlib onların yanında siqaret çəkir və onları narahat edirsə, bu, digər insanların hüquqlarına təsir göstərir. Ona görə də ictimai yerlərdə siqaret çəkilməsinə dair müəyyən qaydalar tətbiq olunur. Bunlar dövlətin müəyyən etdiyi qaydalardır və hamı onlara əməl etməlidir. Bəs niyə dövlətin sosial bərabərliyi təmin etmək məqsədilə müəyyən qaydalar tətbiq etməsi bu qədər çətin qəbul olunur? Niyə buna etiraz edilir?
-Təhsilin Avropaya inteqrasiyası, maarifləndirmə və milli-mənəvi dəyərlərin gələcəyi haqqında yekun fikirləriniz nədir?
-Biz çalışırıq ki, təhsilimiz Avropa təhsilindən geri qalmasın. Avropa Şurasına üzv olduqdan sonra da bütün sahələrdə Avropanın qabaqcıl təcrübələrinə və qabaqcıl elm ocaqlarına inteqrasiya olmağa çalışırıq. Bunlar bizim prinsiplərimiz və arzularımızdır. İstəyirik ki, Azərbaycan insanı, Azərbaycan məktəblisi dünyaya çıxsın, dünya elmində öz sözünü deyə bilsin. Yalnız Azərbaycanda deyil, dünya elmində də onun izi, səsi və sözü olsun. Ona görə də bütün bunlar çox müsbət haldır. Əgər kimsə bunu başqa cür anlayırsa, qadağa kimi qəbul edirsə və ya başqa ölkələrin təsiri altında bu qərarı qəbul etmək istəmirsə, bu, onun öz işidir. Amma söhbət dövlətin prinsiplərindən gedir. Bu prinsiplər illərin təcrübəsinə və dövlət quruluşumuza əsaslanır.
Bilirsiniz, Azərbaycanda insanlar bəzən hesab edirlər ki, hər şey dərhal həll olunmalıdır. Şübhəsiz ki, bizdə də mənfi hallar, çatışmazlıqlar çoxdur. Biz bunu dəfələrlə etiraf etmişik. Azərbaycanda həllini gözləyən problemlər kifayət qədərdir. Amma bir şeyi deyim: ümumiyyətlə, heç bir real inkişafı birdən-birə əldə etmək mümkün deyil. Pilləkənin bütün pillələrini birdən keçib sonuncu pilləyə çatmaq mümkün olmadığı kimi, Azərbaycan da inkişaf yolunda pillə-pillə irəliləməlidir. Bəzən görürsən ki, öz əhalimiz də dövlətdən çox şey tələb edir. Amma hesab edirəm ki, müəyyən məsələləri nəzərə almaq lazımdır. Hər şey tədricən baş verir.
-Səbəb nədir?
-Bütün bunların səbəblərindən biri Azərbaycanda maarifləndirmə işinin gücləndirilməsinə ehtiyac olmasıdır. Biz bilməliyik ki, Azərbaycanda yaşayırıq və özümüzə məxsus dəyərlərimiz var. Azərbaycan xalqı olaraq, Şərqə məxsus ənənələrimiz çərçivəsində ailə dəyərlərinə həmişə xüsusi önəm vermişik. Başqa xalqlarla müqayisədə ailə dəyərlərinə münasibətimiz özünəməxsusdur. Biz ailə dəyərlərini qoruyub saxlayırıq. Bizim ənənələrimiz, təcrübəmiz, atalarımızdan gələn, müəyyən mənada genetik olaraq bizə ötürülən özümüzə məxsus davranış mədəniyyətimiz, etik mədəniyyətimiz və münasibət mədəniyyətimiz var. Bunların hamısını qoruyub saxlamalıyıq. Əgər kimsə buna qarşı çıxırsa və bizi hər hansı bir ölkənin və ya quruluşun təsiri altında yaşamağa yönəltmək istəyirsə, bu, doğru deyil.
Hər hansı qərar qəbul edilərkən qanunlarla yanaşı, Azərbaycan dəyərləri, Azərbaycan insanının xarakteri və mənəviyyatı da nəzərə alınmalıdır. Bu amillər nəzərə alındıqda daha düzgün nəticələr əldə etmək mümkündür. Heç kim düşünməməlidir ki, hansısa qərar qəbul edilən kimi hər şey dərhal dəyişəcək və ya ölkənin inkişaf istiqaməti kökündən fərqli olacaq. Əsas məqsəd sosial bərabərliyi təmin etmək, hər bir insanımızın öz ailəsinə, ənənələrinə və mənəvi dəyərlərinə qayıtmasına, özünü dərk etməsinə şərait yaratmaqdır. Bunun üçün mövcud qaydalara və qanunlara yenidən nəzər salmaq, onları cəmiyyətin ehtiyacları və dövlətçilik prinsipləri baxımından qiymətləndirmək vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 14 Oktyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















