Hovuz nəzarətçisi olan Ağayev: “Burnu uzundursa, bu, futbolçunun problemidir” MÜSAHİBƏ
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan böyük futbol ölkəsi olmasa da, bu idman növündə söz sahibi olan şəxsiyyətlərimiz olub. Təbii ki, ilk olaraq yada hakimlərimiz – 1966-cı ildəki dünya çempionatının final matçında yan xətt hakimi olan Tofiq Bəhramov və 1980-ci ildə Moskva Olimpiadasının finalını idarə edən Eldar Əzimzadə düşür.
Hələlik futbolda ən böyük uğurumuza bu iki hakim imza atıb. Müstəqillik dövründə isə üzümüzü yalnız FIFA referisi Əliyar Ağayev güldürür. Hər halda, Çempionlar Liqasının qrup və əsas mərhələsində 4 oyun idarə edən yeganə hakimimiz məhz odur.
İdman.biz 2013-cü ildən beynəlxalq oyunlara təyinat alan Ağayevin Futbolinfo.az-a müsahibəsini təqdim edir.
– Atanız Kərim Ağayevin hakim olmağınızda nə dərəcədə böyük rolu olub? Məhz onun hakim olmasına görə bu sahəyə yönəlmisiniz?
– Təbii ki, ondan görüb-götürmüşəm, amma mənim başlanğıcdan hakim olmaq niyyətim olmayıb. Futbolçu olmaq istəmişəm, bir müddət futbol da oynamışam. Amma bu, qısa çəkib. Səhhətimdə yaranan problemlərə görə karyeramı bitirmişəm. Amma futbolda qalmaq istədiyimə görə hakimliyi seçmişəm. Atam hakim olmağımda təkid etməyib. Sadəcə, istəyimi görüb mənə dəstək oldu.
– Futbolçu karyeranız haqda qısaca danışardız. Neçə yaşına qədər və hansı komandada oynamısınız?
– Futbolçu karyeram çox qısa olub. Mən “Neftqaz”komandasının üzvü olmuşam. Suraxanıda məşq edirdik, məşqçimiz də Böyükağa Ağayevin oğlu Vaqif Ağayev idi. Yalnız bu komandada oynamışam.
– Karyeranızı bitirməyinizin səbəbi nə oldu?
– 15-16 yaşına qədər oynadım, özü də dayaq yarımmüdafiəçisi idim. O vaxt ürəyimdə problem yarandı, üstəlik də yay vaxtı qızılça xəstəliyinə yoluxdum. Tam hazır olmağım üçün bərpa prosesi bir müddət çəkməli idi. Nəticədə çıxışımı başa vurdum. Amma məndə futbol sevgisi o qədər güclü idi ki, hakimliyi seçmək qərarına gəldim. Yenə də haradasa 2 il vaxtım getdi.
– Hakim olarkən, atanız bu çətin yolda sizə nə məsləhətlər verdi?
– Əslində o mənə işin bu qədər çətin olacağını deməmişdi, bunu əvvəlcədən desəydi, oturub fikirləşərdim (gülür). Seçimi mənim öhdəmə buraxdı. O mənə bu yolda sadəcə dəstək oldu.
– Belə təsəvvür edin ki, atanız hakim deyildi, siz yenə bu istiqamətdə irəliləyəcəkdiniz?
– Yox, yenə də hakim olardım.
– Hakimlərlə öz aranızda yığışıb futbol oynayırsınız? Aranızda ən yaxşı oynayan kimdir?
– Yaxşı oynayanlarımız çoxdur.Məsələn, Premyer Liqa hakimlərindən Əli Əliyev və Rəvan Həmzazadənin adını çəkə bilərəm. Hər halda, onlar peşəkar futbolçu olub deyə, bu, öz sözünü deyir. Əkbər Əhmədovu da xüsusi qeyd edərəm.
– Tez-tez oynayırsınız?
– Yox, müntəzəm olaraq oynamırıq. Ümumiyyətlə, mən çalışıram çox oynamayım. Oynayanda zədələnmə ehtimalı artır. Həm də ki, oynayanda dayana bilmirsən, elə hey meydanda olmaq istəyirsən. Hərçənd uşaqlar oynamaqdan imtina etmir.
– Öz aranızda oynayanda hakimliyi kim edir? Yoxsa, özünüz müştərək qərar çıxarırsınız?
– Özümüz. Yeri gələndə mübahisə də düşür. Başa düşürük ki, hakimlik etmək ən çətin işdir.
– Dünyanın aparıcı futbol ölkələrində hakimlər müxtəlif bölgələri təmsil etmir. Məsələn, İngiltərədə hamısı Londonda, Almaniyada hamısı Berlində yaşamır. Əslində, bu, hər yerdə belə olmalıdır. Azərbaycanda vəziyyət necədir? Təbii ki, mən Premyer Liqa hakimlərini nəzərdə tuturam.
– Təəssüf ki, bizdə bölgələrdən çox az sayda hakim var. Premyer Liqamızda isə Bakıdan kənarda yalnız Rəvan Həmzəzadə yaşayır. O, Şəkidə olur. Premyer Liqada baş və köməkçiləri bir yerdə nəzərdə tutsaq, 37 hakim var, onlardan yalnız Rəvan Həmzazadə paytaxtda yaşamır. Hə, bir də Mingəçevirdən Rəşad Əhmədov var, o da artıq Bakıya köçüb. Hərçənd, aşağı liqalarda bölgə hakimləri var, amma onların da sayı azdır.
– Beynəlxalq yarışlarda ilk dəfə nə vaxt hakimlik etmisiniz?
– 2013-cü ildə FIFA hakimi adını qazandım, növbəti il artıq Maltada keçirilən U-17 Avropa çempionatında final mərhələsinə dəvət aldım. Buna qədər də 17 yaşlıların seçmə mərhələsində oyunlar idarə etmişəm. Orada ilk oyunum Estoniya – Ukrayna matçı olub. Avrokuboklarda ilk oyunuma gəlincə, 2013-cü ildə Minsk “Dinamo”su ilə Litvanın “Kruoja” komandalarını meydana çıxartmışam.
– Yeri gəlmişkən, 2014-cü ildən də UEFA Gənclər Liqasının görüşlərinə də təyinat almısınız. Məsələn, ÇSKA – “Bayern”, “Qalatasaray” – “Borussiya Dortmund” və hətta yarımfinalda “Mançester Siti” – “Barselona” oyunlarını idarə etmisiniz. O dövrlərdə belə komandaların heyətində çıxış edib sonradan parlayan hansı futbolçuları xatırlayırsınız?
– Açığı, adları yadımda qalmayıb. Həm də ki, o vaxt bilmək olmur axı sonradan bunlardan kimlərin ulduzu parlayacaq? Amma çox güman ki, aralarından kimlərsə çıxıb.
– Beynəlxalq turnirlərdə ilk qırmızı vərəqənizi kimə göstərdiyinizi xatırlayırsınız?
– Yox, o da yadımda qalmayıb. Fikirləşmək lazımdır…
– Vizit vərəqənizi zənginləşdirən məqamlardan biri də 2016-cı ildə U-19 Avropa çempionatının final matçı olub. İdarə etdiyiniz həmin görüşdə Fransa ilə İtaliya milliləri üz-üzə gəlib. Fransızların 4:0 hesabı ilə qalib gəldiyi final matçını necə xatırlayırsınız?
– Ümumiyyətlə, həmin turnirə təyinat alanda çox sevinmişdim. Bu turnirdə 6 baş hakim var idi. Hətta İspaniyadan Alexandro Ernandes Ernandes orada idi. Belə söhbət yayılmışdı ki, final matçını o idarə edəcək. Mən qrup mərhələsinin oyunlarında yüksək qiymətlər aldım. Yarımfinala da təyinat alacağımı düşünürdüm. Amma finalı mənə verdilər. Buna görə çox sevindim. Oradakı hakimlər də təyinata görə məni təbrik etdilər və buna layiq olduğumu söylədilər. Final görüşündə Kilian Mbappe də meydana çıxmışdı. Oyun “Hoffenhaym”ın çıxış etdiyi “Reyn Nekar Arena”da keçirildi. Çox rahat şəkildə oyunu idarə etdim.
– Çempionlar Liqasının qrup və ya əsas mərhələsində 4 oyun idarə etmisiniz: “Kopenahagen” – “Borussiya”, “Srvena Zvezda” – “Mançester Siti”, “Bolonya” – “Monako” və “Şturm” – “Brügge”. Bu matçlardan yadınızda qalan nə olub?
– Çempionlar Liqasının əsas mərhələsi hər bir futbolçu və hakimin iştirakçısı olmaq istədiyi yarışdır. Mən də bu turnirdə söz sahibi olduğuma görə özümü çox xoşbəxt hiss etmişdim. Tək mən yox, ölkə mənimlə birgə buna sevinib. Təbii ki, ilk dəfə “Kopenhagen” – “Borussiya” oyununa təyinat alanda çox həyəcanlanmışdım. Buna baxmayaraq, oyunu yüksək səviyyədə idarə etdim. Oyun da maraqlı keçdi.
– Bu 4 oyundan hansı daha çox xatirinizdə böyük iz buraxdı? Məsələn, bu oyunların hansında bir maraqlı dialoq yaşandı?
– Hər bir oyunda maraqlı hadisələr oldu. Məsələn, Kopenhagendə azarkeşlərin tribunada yaratdığı atmosferi unuda bilmərəm. Bu, bir növ debütə əlavə rəng qatdı. Eyni sözləri Belqradda “Srvena Zvezda” ilə “Mançester Siti” arasındakı oyuna da aid etmək olar. Serb azarkeşlər mükəmməl idi. Bu oyunda fasilə ərəfəsində də Cek Qrilişlə dialoqumuz oldu. Deməli, ona qarşı rəqib kobudluq etdi, mən də meydan sahiblərinin oyunçusuna sarı vərəqə verdim, amma Qriliş dayanmadı, elə hey əsassız etiraz edirdi. Birtəhər onu sakitləşdirməyi bacardıq. “Boloniya”nın qədimi “Renato Dall`Ara” stadionu xoşuma gəldi. Orada da maraqlı oyun getdi. Həmçinin “Şturm” – “Brügge” matçı bunlardan geri qalmadı.
– “Srvena Zvezda” – “Mançester Siti” oyununda Xosep Qvardiola ilə dialoqunuz oldu?
– Sadəcə, matçdan sonra təşəkkürünü bildirdi. Oyun ərzində təbii ki, etirazlar olurdu, amma onu da ehtiyat hakim Elçin Məsiyevə bildirirdi. Onun qərarlaşdığı tərəfdə yan xətt hakimi Zeynal Zeynalova nəsə deyirdi. Amma belə ciddi etiraz olmayıb.
– Avrokuboklarda hansısa məşqçiyə qırmızı vərəqə göstərmisiniz?
– Yadıma gəlmir. Amma sarı vərəqə olub.
– Yunanıstan çempionatına necə dəvət alırsız? Ora tez-tez yolunuz düşür…
– Komitə sədrimiz Frits Ştuxlik olanda sabiq hakim Kiros Vassaras tez-tez bura gəlirdi. Fikrimcə, təşəbbüs məhz elə yunanıstanlı sabiq FIFA referesindən gəlib. İlk oyunum PAOK – “Atromitos” görüşü olub. Ondan sonra Yunanıstanda 10-a yaxın oyunda komandanı meydana çıxartmışam. Həm ölkə çempionatı, həm də ölkə kubokunda oyunlarda söz sahibi olmuşam. Oradakı atmosferdə oyun idarə etmək çox maraqlı bir təcrübədir. Hərçənd çox çətindir. Daim üzərində təzyiq var.
– Mənə elə gəlir ki, orada komandalar və ya azarkeşlər öz hakimlərinin təmizliyinə inanmır deyə kənardan hakimlər gətirirlər. Yoxsa, yunanlar nə üçün bizə və ya başqa ölkələrin hakimlərinə müraciət etsinlər ki…
– Təbii ki, onların hakimlərinin səviyyəsi aşağı deyil. Onların elit kateqoriyalı hakimləri var. Sadəcə, əvvəlcədən belə bir sistem formalaşdırıblar. Ola bilər, klublar öz hakimlərinə təzyiq göstərirlər. Hətta deyərdim ki, bizim gəlişimiz orada bəzən yerli hakimlərin sevincinə səbəb olur. Bir növ üstlərindən yük götürülür.
– Amma oyunlardan birindən sonra “Olimpiakos” sizin idarəçiliyinizə etiraz etdi, hətta bəyanat da yaydı ki, niyə Azərbaycandan hakim gətirilir?!
– Buna etiraz deməyək. Bu, “Olimpiakos”un AEK-lə oyununda sonra oldu. O mənə qarşı narazılıq deyildi. Bəlkə də onlar böyük ölkələrdən hakim gözləyirdilər deyə belə bir bəyanatla çıxış etdilər. Amma buna qədər mən bir neçə dəfə “Olimpiakos”un oyunlarını idarə etmişəm. Heç vaxt da etiraz olmayıb. Sadəcə, böyük komandalar təzyiq etməyi sevir.
– Misirdə cəmi 1 oyun idarə etmisiniz. Söhbət “Zəmələk” – “Əl İttihad” oyunundan gedir. Ora təyinatınız necə gerçəkləşdi?
– Əslində bu bir günün içində gerçəkləşən maraqlı bir təyinat idi. Təsəvvür edin, biz Premyer Liqa oyununu idarə etmək üçün Qəbələyə getmişik. Ora çatan kimi, AFFA-dan zəng gəldi ki, Misirə uçursunuz, orada həmin ölkənin kubokunun yarımfinal görüşünü idarə edəcəksiniz. Biz dərhal Qəbələdən Bakıya qayıtdıq, həmin gecə Şarm Əl-Şeyxə uçduq. Azərbaycandan ancaq Şərm Əl-Şeyxə vizasız getmək olur, Qahirəyə viza almalısan. Bunu da yarım günə etmək olmur. Biz onlara problemi başa saldıq,dedilər ki, heç bir problem yoxdur. Şarm Əl-Şeyxə gəlin, biz oradan sizi Qahirəyə keçirəcəyik. Belə də etdilər,elə oradaca viza məsələmizi həll etdilər. Misir səfəri bizim üçün gözəl macəra oldu. Futbolu orada həddən artıq çox sevirlər. Təsəvvür edin, oyundan sonra getdik Misir ehramlarını gəzməyə, orada bizi kim gördüsə, tanıdı. Bu, bizi yaxşı mənada şoka saldı. Bir oyuna görə bütün Qahirə bizi tanıdı.
– Əliyar Ağayev deyəndə həm də 2016-cı ildə “Roma” – “Astra” oyununda Françesko Tottiyə sarı vərəqə göstərməyiniz yada düşür. Həmin epizodu xatırlayırsınız?
– Tottinin oynadığı son dövrlər idi. Heç biz onun meydana çıxacağını da gözləmirdik. Bəlkə də məşqçi rəqibə görə onu meydana buraxmışdı. Biz həmin oyunda Françeskonun necə sadə bir insan olduğunu gördük. Bizimlə elə münasibət qurmuşdu ki, sanki uzun müddətdir tanışıq. Sarı vərəqəyə gəlincə, qaydanı pozduğunu etiraf etdi və buna görə etirazını bildirmədi. Sadəcə, Tottiyə sarı vərəqə göstərdiyimə görə bu bir az rezonansa səbəb oldu. Ondan sonra kim məni görürürdüsə, Tottiyə sarı vərəqə göstərdiyimi xatırladırdı.
– Beynəxlaq oyunlara dəvət alarkən, idarə edəcəyiniz komandaları incələyirsiniz, oyunçularını bir-bir araşdırırsınız?
– Mütləq! Həmin komandaların mövsüm ərzində keçirdiyi oyunlara baxıram, vurduğu və buraxıdığı qollara qədər incələyirəm. Vərəqlər də öz yerində. Məsələn, bu komandada bir oyunçu mövsüm ərzində bir neçə vərəqə alıbsa, o artıq xüsusi diqqət mərkəzimizdə olur. Penaltiləri necə qazandıqlarına qədər baxırıq. Standart vəziyyətlərdən necə istifadə edirlər, künc zərbələrini necə qaldırırlar – yəni, bunların hamısına diqqət edirik.
– Məsələn, Çempionlar Liqasında “Bolonya”nın oyununu idarə edirsiniz, matçdan əvvəl bu komandanın bütün oyunçularının adlarını öyrənib onları tanımağa çalışırsınızmı?
– Çempionlar Liqasında vəziyyət tam fərqlidir. Burada bütün oyunlara xüsusi bir adam təyin olunub. Oyundan bir gün qabaq və ya oyun günü, həmin şəxs bizimlə onlayn şəkildə əlaqə saxlayır, bizim üçün komandaları başdan-ayağa təhlil edir. Videolarla hər şeyi xırdalığına qədər başa salır. Bu prosedur mütləqdir.
– Oyundan nə qədər əvvəl matçın keçiriləcəyi şəhərə çatırsız?
– Bir gün qabaq axşam saat 4-ə qədər oyunun keçiriləcəyi şəhərə və yaxud onun yaxınlığındakı məntəqədəki otelə çatmalıyıq. Elə olur ki, həmin şəhərdə otel olmur, biz yaxınlıqdakı şəhərə gedirik.
– Belə şey də olur? O necə şəhərdir ki, otel tapa bilmirsiniz.
– Məsələn, “Ludoqorets”in oyununu idarə etmək üçün Razqrada gedəndə orada otel bir dənə idi, onda da qonaq komanda qalırdı. Biz də komandalarla birgə oteldə qala bilmərik. Ona görə də bizi Varna şəhərinə yolladılar. Farer adaları kimi iqlimi fərqi olan ölkələrə bəzən iki gün qabaq da gedirik. Çünki hava şəraiti sənin ora vaxtında çatmağına mane ola bilər.
– Bir gün qabaq da məşq edirsiniz?
– Bəli, stadion yaxındırsa, orada məşq edirik, uzaqdırsa, yaxınlıqdakı arenaların birində bizə yer təyin edirlər.
– Amma şəhərləri gəzməyə yetərincə vaxt əldə edə bilmirsiniz də, hə?
– Xeyr, vaxtımız olmur. Çıxıb gəzməyə icazə var, sadəcə yorğunluq və ya oyuna hazırlaşmaq məsələsinə görə imkan əldə edə bilmirik. Yalnız oyun günü 1-2 saat vaxt əldə edə bilirik ki, o da çox uzağa gedə bilmirik, sadəcə müəyyən hissələri gəzirik.
– Hakimlərin peşəkarlaşması məsələsi ilə bağlı sizə sual vermək istərdim. Məsələn, futbolçular peşəkar olur, istisnaları kənara qoysaq, onların ikinci iş yerləri olmur. Hakimlərdə vəziyyət bir qədər fərqlidir. Bu nə dərəcədə vacib məqamdır?
– Azərbaycanda artıq 4-cü mövsümdür ki, hakimlər peşəkar status əldə ediblər. Premyer Liqada baş və yan xətt hakimləri müqavilə əsasında işləyir. Federasiya bizə oyun qonorarları ilə yanaşı aylıq maaş da verir. UEFA-ya üzv ölkələrin hamısında belə bir qayda yoxdur, haradasa 30 faizində belədir. Çox yaxşıdır ki, biz də 30 faizin içindəyik. Hətta elə ölkələr var ki, orada yalnız baş hakimlər belə peşəkar statusa malikdir. Buna baxmayaraq, sən məşqlərə və oyunlara çatdıra bilirsənsə, ayrı işlə də məşğul ola bilərsən.
– Bəs sizin bundan əlavə işiniz var?
– Bəli, İdman Akademiyasında dərs deyirəm. Orada dərslər saat hesabıdır deyə, hər iki tərəfə çatdırıram.
– Bəs buna qədər başqa harda işləmisiniz?
– Mən 8 ilə yaxın federasiyada hakimlər departamentində mütəxəssis kimi çalışmışam, daha bir il də şəhər otellərindən birində hovuzlara nəzarət edən bir işçi kimi fəaliyyət göstərmişəm.
– Məşhur avropalı hakimlərdən dostluq etdiyiniz kimsə var?
– Hamısı ilə yaxşı münasibətlərim var, konkret kiminləsə çox yaxın olduğumu deyə bilmərəm. Amma az öncə adını çəkdiyim Alexandro Ernandes Ernadeslə isti münasibətlərim var. Məsələn, o bura gələndə gedib görüşürəm. Maykl Oliverlə ildə 2 dəfə görüşürüksə, hal-əhval tuturuq.
– Bəs hansı hakimin idarə etmə üslubunu daha çox bəyənirsiniz?
– İllərə görə bu dəyişir. Vaxtilə Hovard Uebbi bəyənirdim, daha sonra Cüneyt Çakırı yaxından izləmişəm. Onun soyuqqanlılığı çox xoşuma gəlib. İndikilərdən polşalı Şimon Marçinyak və fransalı Fransua Leteksyeni çox bəyənirəm. Ümumiyyətlə, Leteksye çox yaxşı hakimdir. Cavan yaşında Avropa çempionatının finalını idarə etmək hər hakimə nəsib olmur.
– Keçək hakimliyin ümumi problemlərinə. Sizə elə gəlmir ki, bir müddətdən sonra intellekt işinizə müdaxilə edəcək?!
– Nə deyə bilərəm, görünən odur ki, ildən-ilə texnologiyaları prosesə cəlb edirlər. Hər il müəyyən dəyişikliklər həyata keçir. Amma mən bir neçə ildən sonra hakimlərin meydandan sıxışdırılacağına inanmıram. Süni intellektin təkbaşına qərar çıxaracağını düşünmürəm. Onsuz da VAR texnologiyasının belə futbolu robotlaşdırığını iddia edirlər.
– Elə bil hakim yox, futbol azarkeşisiniz. VAR texnologiyasını təqdir edirsiniz?
– Bəli, mən VAR-ın tətbiqinə sevindim. Videotexnologiya hakimi oyunsonrası təzyiqlərdən xilas edir. Təsəvvvür edin, bir hakim oyun ərzində 2-3 səhvə yol verir, VAR onun səhvlərini düzəldir, oyundan sonra heç kim hakimdən danışmayacaq. Amma bu texnologiyadan yararlanmasaydıq, hakim əsas müzakirə mövzusuna çevriləcəkdi. VAR sırf futbolçu və komandalar üçün tətbiq olunan sistemdir. Komandalar bundan xeyir götürür.
– Amma görünən odur ki, VAR-la da səhvlər edirlər…
– VAR-ın protokolunda belə yazılıb ki, “texnologiya əsasında qərar çıxaranlar da səhv edə bilər”. Düzdür, belə vəziyyətdə səhv qərar vermək bir az ağırdır, biz də bunu başa düşürük. Amma sonda qeyd olunur ki, VAR-da əyləşənlər də insandır. İnsanın həmişə səhv etmək ehtimalı var.
– Ancaq niyə səhv olsun ki?
– Bu, yozumla əlaqədardır. Birinə görə bu epizod qırmızı vərəqəlikdir, digərinə görə yox. Ümumiyyətlə, VAR hakimlərinin işi asan deyil. İstənilən hakimdən soruşsan ki, meydanda olmaq istəyirsən, yoxsa VAR otağında, o meydanı seçəcək. Səbəb məlumadur: çünki meydanda buraxılan səhv başa düşülür, amma otaqdakının xətasını anlamaq olmur. Yuxarıda sənin səhv etmək ehtimalın demək olar ki, yoxdur. Təkrara baxırsansa, doğru qərar verməlisən. Ofsayd qərarında səhv edirsənsə, heç kimi bunun sadəcə səhv olduğuna inandıra bilməzsən.
– Mənə elə gəlir ki, VAR çıxandan sonra hakimlər bir qədər arxayınlaşıb. Epziodu diqqətlə izləmirlər ki, onsuz da nəsə olsa, otaqdan xəbər edəcəklər…
– Elə deyil. Biz meydana çıxanda VAR-ın olmadığını düşünürük. Çünki VAR səhvini düzəldirsə, bu, sənin qiymətini aşağı salır. Heç vaxt fikirləşə bilməzsən ki, epizodu buraxım, nə olsa, mənə xəbər edəcəklər. VAR ədaləti bərpa etmək üçün doğru qərar qəbul edəcək, amma bu səni dala salacaq. Belədə sənin qiymətin düşəcək, VAR hakiminin “bal”ı yüksələcək. Təsəvvür edin, işdə hansısa bir xətaya yol verməmişdən qabaq düşünürsünüz ki, buna görə mənə töhmət verilməyəcək, amma maaşım kəsiləcək, və ya əksinə, töhmət veriləcək, amma maaşım kəsilməyəcək, məsuliyyətsizliyə yol verərsiniz? Yox! Bu da belə…
– İndi də keçək çoxlarının ədalətsiz adlandırdığı VAR qərarlarına. Bu mənada ofsayd qərarları narazılığa səbəb olur. Adam burnunun uzun olmasına görə ofsayda düşür və qol qeydə alınmır. Bu nə dərəcədə doğru qərardır? Olmazmı ki, top necə qapı xəttini tam keçəndən sonra qol sayılırsa, burada da elə olsun, bədən tam qabaqda olanda ofsayd qeydə alınsın?!
– Hələ ki, tam texniki imkanlara görə bunu etmək olmur, amma bu məsələ gündəmdədir. İstənilən halda, ayaqqabısı və ya burnu uzundursa, bu, futbolçunun problemidir. Qaydalar bizdən nəyi tələb edirsə, biz də onu həyata keçiririk.
– Amma bugünkü futbol qaydalarında boşluq olduğunu qəbul edirsiniz?
– Hər bir qaydada müəyyən boşluq tapmaq olar. Məsələn, qapıçı topu 8 saniyədən çox əlində saxlaya bilməz. Top bundan artıq müddətdə əlində olsa, küncdən zərbə qərarı çıxarılır. İkinci hal baş verirsə, yenə də küncdən zərbə və şifahi xəbərdarlıq, 3-cü halda isə korner və sarı vərəqə. Dərindən fikirləşsən, bu da boşluq kimi görünə bilər. Sadəcə, bu, vaxt yubatmaya qarşı tədbirdir. Məsələ ondadır ki, çərçivə qoruyucuları vaxtı topu qapıdan oyuna daxil edəndə də aparırlar. Orada da elə bir ölçü vahidi yoxdur ki, deyəsən, bu qədər vaxtdan sonra qapıçı topa zərbə endirməlidir. Bu da hissiyatla əlaqədardır.
– Belə bir epizod deyim. Futbolçu qapıçını keçir və boş qapını nişan alır. Amma topdaşıyan və yaxud kimsə meydana daxil olub onun qarşısını kəsir. Qol qeydə alınmır. Bu nə dərəcədə doğru qərardır?
– Bəli, bu, qol vurmağa yaxın olan komanda üçün ədalətsizlikdir. Bunu mən də başa düşürəm. Amma nə edək, qayda elə qaydadır. Top qapı xəttini keçmirsə, biz bunu qol saya bilmərik. Məcburuq ki, qaydalara əməl edək.
– Başqa hansı idman növləri ilə maraqlanırsınız?
– Olimpiadalarda bizə medal gətirə biləcək idmançılarımızın çıxışını izləyirəm. Xüsusən də cüdoçu və güləşçilərimizin çıxışları. Basketbolla da yaxından maraqlanıram. Olimpiada, MBA və Avroliqada maraqlı oyunlara baxıram. Xüsusən də Olimpiadada basketbol yarışları futbolla müqayisədə çox maraqlı olur.
– Qəbul edirsiniz ki, basketbolda hakimlik futboldan daha çətindir?
– Bəli. Ona görə də orada futboldan qabaq videotəkrarlara müraciət olunub. Hətta hokkeydə basketboldan da qabaq olub.
– Hokkeydən söz düşmüşkən, bu idman növündə hakimlər qərarları mikrafon vasitəsilə ictimaiyyətə açıqlayır. Klublararası Dünya Çempionatında da bunu gördük. Futbol üçün nə dərəcədə uğurlu addımdır?
– Bu da azarkeşlərə maraq qazandırır. Yaxşı yenilikdir. Bəzən çətin epizodlar olur ki, azarkeş bunu başa düşmür. Onları vəziyyətdən xəbərdar etmək üçün bunu elan etmək yerinə düşür.
– Səhv etmirəmsə, vaxtilə Joze Mourinyo demişdi ki, hakimlər də bizim kimi oyundan sonra jurnalistlər qarşısına çıxıb verdikləri qərarları açıqlamalıdır. Buna münasibətiniz necədir?
– Bu, Azərbaycan çempionatında 1 il tətbiq olundu. Əgər hakim səhv qərar qəbul edibsə, oyundan sonra qərarını izah etməli idi. Yaxınlaşırdıq “CBC Sport”un əməkdaşına, idarəçiliyə şərh verirdik. Mənə elə gəlir ki, bu doğru yol deyil. Çünki həmin anda qərarı tam analiz edə bilməzsən. Ancaq onu da deyim ki, ilk dəfə bu sistemdən Niderlandda yararlanıblar.
– Əliyar Ağayevin hobbisi nədir?
– Səyahəti çox xoşlayıram. İşimə görə ölkələri gəzirəm, amma istirahət üçün səfərə çıxmaq istərdim. Çünki oyuna görə çox gəzə bilmirsən. Özüm belə nə etmək istəyirəmsə, iyun ayında onu planlaşdırıram. Çünki o vaxt bizim boş vaxtlarımız olur. Bəzən film və seriallar izləyirəm. Yeri gələndə öz seriallarımızı da izləyirəm. Son vaxtlar bu istiqamətdə yaxşı ekran əsərləri çəkə bilirik. Çalışıram ki, kitab da oxuyum. Doğrudur, bir əsəri qurtarıb dərhal o birisinə keçmirəm. Ən çox detektiv janrına üstünlük verirəm. Bir də elə əsərləri oxuyuram ki, ondan sonradan film də çəkilib. Birinci əsəri oxuyuram, sonra filmə baxıram. Çünki kinoya baxanda əsəri oxumaq maraqlı olmur. Belə bir əsərin adını çəkmək lazımdırsa, Anri Şaryerin “Kəpənək” romanı əsasında çəkilən “Kəpənək” filmini qeyd edərdim. Əsəri oxudum,çox maraqlıdır, filminə də iki dəfə baxmışam.
– Neçə övladınız var?
– Oğlumun 9, qızımın isə 7 yaşı var.
– Allah saxlasın. Oğlunuzun futbola marağı var?
– Müəyyən mənada futbola marağı var. Görək gələcək nə göstərəcək.
– Bəs o da hakim olmaq istəsə…
– Əslində, onun hakim olmağını heç istəməzdim. Amma hər şey də bizim istəyimizdən asılı deyil. Çox çətin peşədir, ona görə onun belə bir çətinliyə düşməsini istəməzdim.
– Belə çıxır ki, özünüz də keçmişə qayıtsaydınız, bu yolla irəliləməzdiz.
– Futbolun içində olardım, amma bəlkə də hakimliklə məşğul olmazdım. Düzdür, hər bir işin çətinliiyi var, futbolda meydana çıxanda iş daha da ağırlaşır. Hərçənd kənardan asan görünə bilər. Belə düşünəni meydana buraxsaq, 5 dəqiqədən artıq qaça bilməz.
– Elə olur ki, oyunun gedişində yorulduğunuzu hiss edəsiniz?
– Bəli, olur. Bəzən gözləmədiyin oyun səni yorur. Xüsusən də autsayder komandaların oyununda çox çətinlik çəkirsən.
– Heç zədələnib çıxdığınız oyun olub?
– Yarımçıq oyunum olmayıb. Amma matçın gedişində, xüsusən də sonlarında diskomfort vəziyyətlərlə üzləşmişəm. Olub ki,müəyyən ağrılarla oyun idarə etmişəm.
– Avrokubokarda hansısa oyundan sonra azarkeşlər əlaqə vasitələrinizi tapıb sizə xoşagəlməz nələrsə yazıblar?
– Yox, heç vaxt belə bir şey olmayıb. Həm də ki,mən heç bir sosial şəbəkədən istifadə etmirəm.
İdman.biz


