İftixar və qürur mənbəyi ŞƏRH
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik Şuşa yarası sağaldı! Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günü Azərbaycanın şanlı tarixinə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev bununla bağlı dekabrın 3-də Sərəncam imzaladı. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının Ümummilli Lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər.
Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün Kapitulyasiya Aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Bu qələbə ölkə rəhbərinin qurduğu müzəffər Azərbaycan ordusunun qələbəsi idi. Düşmən tapdağında olan torpağımızın hər qarışının şəhid qanı və canı ilə qayıdışının qələbəsi idi. Xalqın həmrəyliyinin, milli birliyinin, ölkə rəhbərinə inam və güvəninin qələbəsi idi. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı ilə qazandı. Bəli, bu Qələbə müzəffər Azərbaycan Ordusunun bütün güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igid, cəsur və qorxmazlığının, peşə bacarığı və ruh yüksəkliyinin təsdiqi idi. Şuşa Qələbəsi, Şuşa Uğuru Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, haqq yerinə düşdü, ədalət bərpa edildi.
Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür. Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü. Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Bir sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm rola malik oldu. Beləliklə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə də start verildi. Ağdərədə, Xocavəndddə, Xocalıda və nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, Xocalı, Ağdərə, Xankəndi azaddır. Müzəffər Ali Baş Komandanımızın 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsi sözün əsil mənasında qızıl sözlər kimi tarixə yazıldı.
Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb-Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi kimi mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verir. Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Sözün əsil mənasında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdi, inkişafa yol açdı. Vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə xalqımızın qürurunu özünə qaytardı, suverenliyimizi təmin etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı.
Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Noyabr 2026 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















