Icma.az
close
up
RU
İki memar, iki ömür və iki güllə səsi

İki memar, iki ömür və iki güllə səsi

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Əczaçılar ailəsində yetişən memar
Almanəsilli Adolf Eyxler hərçənd 1869-cu ilin 8 noyabrında Rusiyanın qərbində – Oryol şəhərində dünyaya gəlibsə də, onun bütün həyatı, demək mümkündür ki, Bakıya ilə sıx bağlıdır. Atası Vilhelm (1821/1825-1891) kimyaçı və əczaçı, anası Yelena isə evdar qadın idilər. Vilhelm Bakıya ilk dəfə 1864-cü ildə üz tutub; qızları Vilhelmina 1866-cı ildə, Viktoriya isə 1870-ci ildə Suraxanıda dünyaya göz açıblar. Adolfun kiçik qardaşı Robert də (təvəllüdü: 1881) "bakılı"dır – ancaq o, təəssüf ki, körpə yaşlarında həyatını itirib.
Adolfun Bakıda memarlıq fəaliyyətindən danışmazdan qabaq atası Vilhelmin şəhərimizə verdiyi töhfələrdən, gördüyü işlərdən söhbət açmaq lazımdır. Deyilənə görə, Vilhelm 1870-ci illərin axırlarında Qubernator (indiki Filarmoniya) bağında öz hesabına bərpa işləri aparıb. 1888-ci ildə Neft Sənayeçiləri İttifaqı şəhərdə kerosinin keyfiyyətinə nəzarət işini Vilhelmə tapşırıb. Maraqlıdır ki, onun fəaliyyəti haqqında düzgün bilinməyən məqamlar da var. Belə ki, Azərbaycanda bitən "tulipa eichleri" (Eyxler dağlaləsi) və "bulbocodium eichleri" (Eyxler vaxtsızçiçəyi) adlı gülləri həvəskar təhqiqatçılar səhvən Vilhelm Eyxlerin adı ilə əlaqələndirirlər. Halbuki həmin gülləri o yox, eyni soyada malik alman botanik Avqust Eyxler (1839-1887) üzə çıxarıb.

(Bakıda Qubernator (indiki Filarmoniya) bağı. 1901-ci il)

(Bakıda Parapet (indiki Fəvvarələr) meydanı. 1904-cü il)
Gələcəyin görkəmli memarının təlim-tərbiyəsində əmisi Karl böyük rol oynayıb, onun köməyi ilə Sankt-Peterburqda təhsil alıb. Karl da əczaçı idi; deyilənə görə, o, Parapet (indiki Fəvvarələr) meydanının yaxınlığında Bakıda ilk apteki açmışdı.
Adolf 1892-ci ildən vəfatınadək Bakıda sahə memarı işləyib. 1907-ci ildə 38 yaşında ikən 24 yaşlı Lidiya Nagellə evlənib. Onların nikah mərasimi memarın layihəsi əsasında ucaldılmış "Xilaskar" kilsəsində baş tutub. 1908-ci ildə qızları İren, 1910-cu ildə isə Korneliya dünyaya gəliblər. Onların evi Şamaxı (indiki Cəfər Cabbarlı) və 2-ci paralel (indiki Balababa Məcidov) küçələrinin kəsişməsində yerləşirdi. Hərçənd Adolf həm həyatının, həm də yaradıcılığının yetkinləşən, gözəlləşən çağında çiçək xəstəliyinə tutulub. O, xəstəliyindən doğan ağrılara tab gətirməyərək 1911-ci ilin 5 fevralında, dan yerinin hələ sökülmədiyi radələrdə cəmi 42 yaşında ikən özünü güllələyib. Belə söylənilir ki, o öz canına qıyanda yoldaşı və uşaqları evdə deyilmişlər; Lidiyanın atasıgilə gedibmişlər…
Memar keçmiş Dağüstü qəbiristanlığının lüteranlara məxsus hissəsində (indiki Şəhidlər məscidinin ətrafında) torpağa tapşırılıb. Şəhər idarəsi onun qəbirüstü abidəsini ucaltmağı nəzərdə tutubsa da, bu iş həyata keçirilməyib. 1931-ci ildən başlayaraq qəbiristanlıq tamamilə dağıdılıb, yerində Sergey Kirovun şərəfinə park salınıb. Onda bir çox cəsəd başqa məzarlıqlara köçürülübsə də, yüzlərlə şəxsin, o cümlədən Adolf Eyxlerin, habelə general Səməd bəy Mehmandarovun, maarif xadimi Əlirza Rasizadənin qalıqları daş-torpaq yığınında əbədi yoxa çıxıb. Adolf Eyxlerlə oxşar taleyi bölüşən həmkarı Zivər bəy Əhmədbəyovun da məzarı həmin dövrdə itib…

(Dağüstü qəbiristanlığın qeyri-müsəlmanlara məxsus hissəsi. XX əsrin əvvəlləri)
Bakı məscidlərinin nəqqaşı
Görkəmli memarımız Zivər bəy Əhmədbəyov 1873-cü ilin 25 mayında Şamaxıda doqquz uşaqlı ailənin sonbeşiyitək dünyaya gəlib. Atası maarif xadimi Gəray bəy (1835-?), anası isə şairə Töhfə xanım idi. Nəvəsi Oqtay Əfəndiyevin dediyinə görə, ziyalı ailədə böyüyən Zivər kiçik yaşlarından musiqiyə, ədəbiyyata, rəssamlığa böyük maraq göstərib, yaxşı royal çalmağı bacarıb. Bakıda gimnaziyanı, 1902-ci ildə isə Peterburq İnşaat Mühəndisləri İnstitutunda təhsilini başa vuran Zivər, beləliklə, ilk ali təhsilli azərbaycanlı memartək tanınıb. O həmçinin Rusiya Memarlıq və İncəsənət İttifaqına üzv seçilib.
37 yaşında Bakıya köçüb, quberniya və şəhər idarələrində mülki mühəndis işləyib. Azərbaycanda Xalq Cümhuriyyəti qurulanda Bakı şəhərinin baş memarlıq vəzifəsi ona tapşırılıb. Zivər bəy 1922-ci ilədək bu vəzifəni yerinə yetirib.
Zivər bəy Əhmədbəyov Şövkət xanımla ailə həyatı qurub, onların yeganə Firəngiz dünyaya gəlib. Sovet dövründə erməniəsilli şəxslər tərəfindən mütəmadi təqibə məruz qalıb. Günbəgün artan təqib və təzyiqlərə dözməyən, Azərbaycanda ermənilərin hakim kəsilmələri ilə, ümumilikdə sovet hökuməti ilə qətiyyən barışmayan Zivər bəy 1925-ci ilin 16 fevralında 51 yaşında ikən Bakının Çəmbərəkənd məhəlləsindəki evində özünü güllələyib.
Görkəmli memar Dağüstü qəbiristanlığının müsəlmanlara məxsus hissəsində (indiki Şəhidlər Xiyabanının yerində) torpağa tapşırılıb. Yuxarıda vurğuladığımız kimi, 1931-ci ildə qəbiristanlıq yerində park salınması üçün söküləndə Zivər bəyin əbədi mənzili də təcavüzə uğrayıb. Firəngiz xanım atasının qalıqlarını indiki Fəxri Xiyabanın ərazisinə köçürüb. Halbuki 1948-ci ildə xiyaban qurularkən həmin məzarlıq da dağıdılıb. Beləliklə, ilk ali təhsilli memarımızın cəsədi həmişəlik itib…
Oqtay Əfəndiyevin sözlərinə görə, dul qalan Şövkət xanım sonralar varlı bir şəxsə ərə gedib; onların "Elxan" və "Mələk" adlı iki övladı dünyaya gəlib. Ailə əvvəlcə İrana, ardınca isə Parisə köçüb. Firəngiz xanım isə Bakıda qalıb. Zivər bəyin Çəmbərəkənddəki evi isə, bir sıra şəxsin, o cümlədən SSRİ xalq memarı Mikayıl Useynovun (1905-1992) etirazına baxmayaraq, 1967-ci ildə sökülüb.
Memarların ömründən parallellər – güllənin havada yaratdığı xəyali oxtək

Almanəsilli Adolf Eyxler və azərbaycanlı Zivər bəy Əhmədbəyov – onların hər ikisi haqqında da qısa arayış verdik. Beləliklə, mətləbə keçirik. Ərsəyə gətirdikləri müəyyən tikililər haqqında da bu başlıq altında söhbət açacağıq.
Adolf və Zivəri peşələrindən əlavə sanki hansısa ilahi bağlar birləşdirirdi.
Uzaq Oryol torpağında, alman ailədə dünyaya göz açan uşaq Adolfun, görəsən, ağlına gələrdimi ki, cənubda tanımadığı "Bakı" adlı şəhər onun aqibətidir? Ağlına gələrdimi, o öz xoşbəxtliyinə də, bədbəxtliyinə də, sonda ölümünə də məhz Bakıda çatacaq? Tanımadığı şəhəri əzizləyəcək, onu yeni, daxilən əlvan naxışlarla bəzəyəcək, nəhayət, bu "naxış"ların birində ölüm onun həyatının üstündən qapqara xətt çəkəcək?
Bəs Zivər Şamaxıda anasının laylalarını, nəğmələrini dinləyə-dinləyə böyüyərkən ağlına gələrdimi ki, "Bakı" adlı şəhərdə qəfil bir atəş səsi qulağında çınlayan o laylaları əbədi kiridəcək? Şamaxının yamyaşıl, səfalı guşələrində ağlına gələrdimi, "Bakı" adlı doğma şəhərdə, ona bomboz görünən nabələd mühitdə gündən-gündən əzilib boğulacaq?
Görəsən, onların ağlına gələrdimi ki, "Bakı" adlı şəhərdə biri digəri ilə – zahirən tamamilə yad adamla, yad həmkarla oxşar aqibəti bölüşəcək?...
Adolf və Zivər – onlar yaşca da bir-birindən uzaq deyillər. İkisi də təqribən eyni dövrdə Bakıda yaşayıb. Maraqlısı budur ki, Zivər şəhərə 1910-cu ildə köçüb, Adolf isə burada vur-tut bircə il içində öz canına qıyıb. Görəsən, bu bir il ərzində bir-birini tanıyıb, ən azından, görüblərmi? Əfsus, onların mümkün tanışlığı barədə hər hansı məlumat yoxdur. Bəlkə də, tanışlığa ehtiyac qalmırdı: axı həyatları ilahi qatda, onsuz da, bir-birinə oxşar idi – özləri də bu oxşarlıqdan, batini tanışlıqdan xəbərsiz idilər…
Onların ikisinin də yaradıcılığında məbəd binalarının layihələri xüsusi yer tutur. Adolf Eyxler Bakıda bir kilsə ("Xilaskar" kilsəsi) və bir məscid ( Haşımov məscidi ) ucaldıb.
1896-1899-cu illərdə ərsəyə gətirilən "Xilaskar" kilsəsi ("Kirxa") – Bakının ovaxtkı lüteran icmasının məbədi 28 may küçəsində yerləşir. Adolf Eyxler bu kilsə ilə yanaşı onun ətrafındakı bir sıra binanın da layihə müəllifidir. Kirxa 1936-ci ilədək öz təyinatını qoruyub. 1937-ci ildə sovet hakimiyyətinin dinə qarşı mübarizə kampaniyası çərçivəsində icmanın bir çox fəal nümayəndəsi güllələnib. Məbəd isə, əvvəla sökülməsinə qərar verilibsə də, müəyyən məqsədə görə qorunub saxlanılıb. Çünki həmin illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş I katibi Sergey Kirovun (1886-1934) Bakıda qoyulacaq heykəlinin hazırlanması üçün hündürtavanlı tikiliyə ehtiyac vardı. Taleyin qəribə ironiyasıdır: Adolf Eyxlerin ucaltdığı binada düzəldilən Kirov heykəli məhz onun uyuduğu torpaqdan – Dağüstü qəbiristanlığından şəhərə kölgə salıb…

("Xilaskar" kilsəsi müasir dövrdə)
Kirxa sonrakı illərdə kamera və orqan musiqisi zalına çevrilərək Dövlət Filarmoniyasının nəzdinə verilib. 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, binada əsaslı bərpa işləri aparılıb.
Adolf Eyxlerin layihəsi üzrə tikilən Haşımov məscidi Hacı Hacıbaba Haşımovun sifarişi əsasında 1895-1896-ci illərdə ərsəyə gətirilib. "Xilaskar" kilsəsi və şəhərdəki başqa məbədlərtək bu məscid də sovet dövründə dinə qarşı mübarizə kampaniyasına tuş gəlib.

(Haşımov (İmam Hüseyn) məscidi)
İndiki Abdulla Şaiq küçəsindəki bina sökülməyibsə də, burada müxtəlif emalatxana və təşkilatlar fəaliyyət göstərib. 1988-ci ildə “Tövbə” cəmiyyətinin təşəbbüsü ilə yenidən məscidə çevrilib, həmin dövrdən “İmam Hüseyn məscidi” adlanmağa başlayıb.
Zivər bəy Əhmədbəyov isə ümumilikdə 5 məscidin layihə müəllifidir:
- Murtuza Muxtarovun sifarişi ilə Əmircanda Muxtarov məscidi (1901-1908) - Murtuza Muxtarov məhz bu məscidin həyətində torpağa tapşırılıb;
- Göyçayda Əbülfəzl Abbas məscidi (1902);
- Hacı Sultanəli Haşımovun sifarişi ilə Bakıda Hacı Sultanəli məscidi (1904-1910) - bu məbədin layihə müəllifi, əslində, mübahisəlidir; iddiaya görə, polyak İosif Ploşkonun (1867-1931) layihəsi əsasında tikilib. Məscidin minarəsi orijinal deyil: 1995-1996-cı illərdə ucaldılıb.
- Nabat Aşurbəyovanın sifarişi ilə Təzəpir məscidi (1905-1914);
- Əjdər bəy Aşurbəyovun sifarişi ilə Bakıda Əjdərbəy məscidi ("İttifaq" məscidi; 1912–1913).

(Təzəpir məscidi)

(Əjdərbəy məscidi)
Sadalanan məscidlərin binaları da sovet dövründə müxtəlif məqsədlər üçün işlədilib, yalnız müstəqillik illərində yenidən möminlərin ixtiyarına verilib.
Adolf Eyxler və Zivər bəy Əhmədbəyovun hər ikisi Bakıda uşaqların rifahı üçün binalar ərsəyə gətirib: Adolf 1904-cü ildə təmənnasız surətdə uşaq evinin, Zivər bəy 1914-1918-ci illərdə uşaq xəstəxanasının layihəsini hazırlayıb. İndiki Süleyman Rüstəm və kəsişməsində tikilmiş həmin uşaq evi sonralar sökülüb. Murtuza Muxtarov küçəsi, 201 ünvanında yerləşən xəstəxana binası isə Kübra Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun bir hissəsidir.

(Zivər bəy Əhmədbəyovun layihəsi üzrə uşaq xəstəxanasının binası)
Memarların hər ikisi Bakıya yeni məktəb binaları qazandırıb. Zivər bəy Əhmədbəyovun layihəsi əsasında məşhur "Səadət" məktəbi 1912–1913-cu illərdə tikilib. İndiki Sona Vəlixan küçəsində yerləşmiş binada sovet dövründən etibarən Oftalmologiya Tədqiqat İnstitutu fəliyyət göstərib. Adolf Eyxlerin məktəb binası isə indiki Bəşir Səfəroğlu və Kiçik dəniz küçələrinin kəsişməsindədir. Son illər burada müxtəlif hökumət təşkilatları fəaliyyət göstərib.

("Səadət məktəbinin binası. 1918-ci il)

(Adolf Eyxlerin layihəsi üzrə məktəb binası)
Onların başqa işləri – irili-xırdalı, həm yaşayış təyinatlı, həm də inzibati binalar da Bakının memarlıq ansamblının əvəzsiz nümunələri, öz müəlliflərinin əziz yadigarlarıdır. Daha bir qəribə təsadüfdür ki, vaxtı ikən Adolf Eyxlerin yaşadığı Şamaxı (indiki Cəfər Cabbarlı) küçəsi öz adını məhz Zivər bəyin doğulduğu şəhərdən alıb. Balababa Məcidovun küçəsinin paralelində isə Zivər bəy Əhmədboyun adını daşıyan küçə uzanır...
Sonda, bir daha söyləyək ki, onların hər ikisi indiki Şəhidlər Xiyabanı, ovaxtkı Dağüstü qəbiristanlığının ərazisində torpağa tapşırılıb. Hər ikisinin də məzarı 1930-cu illərin əvvəllərində məzarlıq dağıdılanda həmişəlik yoxa çıxıb...
Düzdür, onların əbədi mənzilləri torpağa qarışıb, amma ruhları həmin torpaqda daima gəzməkdə, bəlkə də, nəyisə axtarmaqdadır. Bəlkə də, o iki gözəl, əbədi, amma itkin ruh vaxt-bivaxt görüşür, Bakının doğma küçələrinə, 100 il qabaq ərsəyə gətirdikləri nəfis binalara baş çəkərək söhbətləşir, bixəbər adamlara nələrsə pıçıldayır. Bəlkə də, bu görüşlərin axırında Dağüstüdə dərin sükut içində Bakının tamaşasına dururlar…
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see281

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see248

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see224

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see224

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see219

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see211

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see206

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see192

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see189

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see188

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see188

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see187

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see185

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see185

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see175

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see173

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see171

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see165

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see164

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri