Icma.az
close
up
RU
İki şair, bir ruh: Bəxtiyar Vahabzadə və Hüseyn Razi Fərman Xəlilov yazır

İki şair, bir ruh: Bəxtiyar Vahabzadə və Hüseyn Razi Fərman Xəlilov yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Fərman XƏLİLOV
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru, filologiya üzrə elmlər doktoru

Totalitar sovet rejiminin amansız məngənəsində sıxılaraq mərkəzdə - Bakıda yaşayan Xalq şairi Bəxtiyar Vahabzadə də, qədim elm və mədəniyyət mərkəzi olan Naxçıvanı yaşayış məskəni seçən Hüseyn Razi də rus imperiya siyasəti və kommunist ideologiyasının məkrli niyyətlərinə yaxşı bələd idi. Onlar fürsət tapdıqca bu mənfur siyasətə və ideologiyaya etiraz, nifrət və lənətlərini sandıq şeirlərində açıq, mətbu əsərlərində isə eyham və sətiraltı mənalarla münasibət bildirmişlər.

Müşahidələri, əqidə və düşüncə yaxınlığı bu şairlərin bir-birindən xəbərsiz yazdıqları bəzi misraları, ifadələri və fikirlərinin səsləşməsinə, hətta eyniliyinə gətirib çıxarmışdı. Bir nümunəyə diqqət edək. H.Razi "Dedilər" adlı şeirini B.Vahabzadənin "Səbr elədik" şeirindən 15 il əvvəl - 1966-cı ildə yazıb:

Dedilər, ömrümüz gözəldir, fəqət,

Gedirik daha xoş, gözəl sabaha.

Qalınca gözdə nur, qollarda qüvvət,

Əlləşib-çalışın ürəkdən daha.

Daha şən, daha xoş, daha da yüksək

Günlərin eşqiylə coşdu ürəklər.

Dahalar sıxlaşdı məngənələr tək,

Düzüldü beşikdən məzara qədər.

Dəryalar adladıq daha sərt, dərin

Getməyi məsləhət görən çox oldu.

"Daha da irəli" söyləyənlərin

Səsini eşitdik, özü yox oldu.

Fəth etdik dağların zirvələrini,

Arxadan səs gəldi: "Daha da qəlbi!"

"Daha da, daha da" kəlmələrini

Bəzən xoş dedilər, bəzən əsəbi.

Gözəli tapmamış, ən gözəl deyə,

Ən böyük bir eşqin izinə düşdük.

Qanadsız şığımaq istədik göyə,

Sıldırım daşlardan yerə sürüşdük.

Hər gün plov yedik söz qaşığıyla,

Fəqət çörəyə də qənaət oldu.

Həyatın ən böyük yaraşığıyla

Görüşmək xəyali bir qismət oldu.

Qopdu dizlərimiz, dirsəklərimiz,

Dedilər, daha da dözümlü olun.

Daha da səbrlə addımladıq biz

Sonu görünmədi başlanan yolun.

Bəzən zəfər çalıb getdik irəli,

Bilmədik rahatlıq dinclik hardadır.

Dedilər, xoş günün daha gözəli,

Daha fərəhlisi sabahlardadır.

B.Vahabzadənin 1981-ci ildə qələmə aldığı şeirin bir parçası isə belədir:      

Bizə ancaq "döz", dedilər.

Elə bildik, düz dedilər.

Hər gecənin gündüzü var,

Gələcək gündüz, dedilər,

Biz gözlədik,

Qəlbimizdə baş qaldıran

ümidləri əzizlədik.

Hey izlədik,

Uca-uca kürsülərdən

vəz olunan nitqləri.

Həyatda yox

Qəzetlərdə göstərdilər

Bizə yalnız xeyri-şəri.

Şirin-şəkər yalanları yeyə-yeyə

Biz inandıq gələcəyə.

O gəlmədi,

Düz əyildi,

Əyriliklər düzəlmədi.

Arzumuzun əvəzinə

Bizə yenə söz verdilər.

Həqiqəti görməməkçün

Dəyişdirib gözümüzü

Bizə başqa göz verdilər.

Baxıb saxta gözümüzlə

Hamar gördük çuxuru biz,

Saray bildik axuru biz.

Şeirlər arasındakı yaxınlıq, az qala eynilik göz qabağındadır. Nə B.Vahabzadə, nə də H.Razi adı çəkilən şeirlərini yazarkən bir-birinin şeirindən xəbəri ola bilməzdi. Çünki bu əsərlər onların sandıq şeirlərindəndir və SSRİ dağılandan sonra çap olunan kitablarına daxil edilib.

Bəs bu yaxınlıq haradan qaynaqlanır? Bu suala cavab vermək üçün əvvəlcə B.Vahabzadə ilə H.Razinin şəxsi tanışlığı və münasibətləri məsələsinə nəzər salmaq lazımdır.

B.Vahabzadə ilk dəfə Naxçıvana 1959-cu ildə gəlib: "1959-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrı (o vaxt həmin teatr M.F.Axundovun adını daşıyırdı - F.X.) "Ədalət" pyesimi tamaşaya hazırlayırdı. Bu münasibətlə Naxçıvana getmişdim... Naxçıvanın böyük yüksəliş və tərəqqisini mən 1973-cü ildə "Yağışdan sonra" pyesimin tamaşasına getdiyim zaman - bu diyara ikinci gəlişimdə daha böyük bir anlayışla gördüm".

Xatırlatma: O vaxtlar H.Razinin hər iki tamaşaya həsr olunan "Ədalət" və "Yağışdan sonra" sərlövhəli resenziyaları "Şərq qapısı" qəzetində dərc olunub.

B.Vahabzadə H.Raziyə yazdığı 4 dekabr 1984-cü il tarixli məktubunda Naxçıvana hər iki gəlişindən razı qaldığını belə ifadə edir: "Azərbaycanda mən ilk dəfə Naxçıvanda sevilmiş, şair kimi naxçıvanlılar tərəfindən qəbul olunmuşam. Son gəlişimdə də mən bu məhəbbəti hiss etdim. Çox sağ olun. Camaata mənim salamlarımı yetirin. Sizə bir daha təşəkkür edirəm".

B.Vahabzadənin Naxçıvana ilk gəlişində H.Razi onunla şəxsən tanış olub, sonralar bu tanışlıq məktublaşma, Bakıda və Naxçıvanda görüşüb "dərdləşməklə" səmimi münasibətlərə və əqidə dostluğuna çevrilib.

H.Razinin "Gündəliy"indən: "8 aprel 1973. Yağışlı gündür. Bəxtiyar Vahabzadəni qarşılamağa getdim. Bir az söhbətdən sonra ayrıldım. Onun Mehmandarov haqqında söhbəti mənim üçün təzə idi.

9 aprel 1973. İnstitutda Bəxtiyarla görüşdə oluram. Axşam onun "Yağışdan sonra" tamaşasına baxıb xeyli söhbət etdik. Söhbətimiz çox tuturdu, fikirlərimiz uzlaşırdı.

10 aprel 1973. Bəxtiyarla söhbət etdim. Şeirlər oxuduq, dərdləşdik".

B.Vahabzadənin H.Razinin anadan olmasının 60 illiyi münasibətilə ona göndərdiyi təbrik sözləri də bu şairlərin arasındakı səmimiyyətdən xəbər verir: "Sənə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adının verilməsini Naxçıvanın 60 illiyi təntənəsində eşitdim. Çox şad oldum. Hamımız üçün doğma və kövrək səslənən Arazın sahilində yazıb-yaradan şairimizə daha xoş günlər, tükənməz sevinc qaynaqları, bir-birindən gözəl əsərlər arzu edirəm".

1984-cü ildə H.Razinin "Sovet Naxçıvanı" qəzetində B.Vahabzadənin yaradıcılığına həsr olunan "Yüksək fikirlər poeziyası" sərlövhəli məqaləsi dərc olunur. B.Vahabzadə ona ünvanladığı 4 dekabr 1984-cü il tarixli məktubunda yazır:

"Salam, əzizim Hüseyn Razi!

Göndərdiyin qəzeti aldım. Məqaləni oxudum. Ürəklə yazmısan, çox təşəkkür edirəm, zəhmət çəkmisən".

H.Razi 1986-cı ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının Naxçıvanda göstərdiyi B.Vahabzadənin "Fəryad" pyesinin tamaşasına yazdığı "Fikirlərin üsyanı" adlı rəydə  onun yaradıcılığını çox yüksək qiymətləndirmişdir.

B.Vahabzadə də H.Razinin yaradıcılığı ilə yaxından tanış idi və onu layiqincə dəyərləndirirdi.

"Hörmətli Hüseyn, salam!

"Sovet Naxçıvanı"nda çıxan məqaləni ("Fikirlərin üsyanı" məqaləsi nəzərdə tutulur - F.X.) və kitabını (Sahil həsrəti. Bakı: Yazıçı 1985 - F.X.) oxudum. Hər ikisinə görə çox sağol. Məqalədən aydın olur ki, "Fəryad"ın fəryadı sənin də ürəyində əks-sədasını tapıb.

"Keçəl Həmzə" misilsiz dərəcədə gözəl şeirdir. Dərdimizin ifadəsidir...

O zaman başımıza kül olub ki, dəlilər dəliliyindən çıxıb müasir havaya uyğunlaşıblar. Koroğlunun, Giziroğlunun başında şapka, boynunda qalstuk gördüyümüz gün evimiz yıxılıb. Nə isə... Bu şeirə görə çox sağ ol.

Poemada ("Sahil həsrəti" - F.X.) fikirlər çox gözəldir..."

Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, yuxarıda adlarını çəkdiyimiz bir-birindən xəbərsiz yazılan və qələmə alınmalarının arasında 15 illik fasilə olan "Dedilər" (H.Razi) və "Səbr elədik" (B.Vahabzadə) şeirlərində, həmçinin sandıq şeirlərindəki bəzi misraların səsləşməsi  müəlliflərin müxtəlif vaxtlarda görüşləri zamanı ətraflı fikir mübadilələrindən, necə deyərlər, "dərdləşərkən" bir-birinə ötürdükləri ideyalardan qaynaqlanır.

Burada bir məsələnin də üzərində dayanmağa ehtiyac duyuruq. İstər B.Vahabzadə, istərsə də H.Razi yaşadıqları sovet dönəmində kommunist ideologiyasının diktə etdiyi mövzulardan yaxa qurtara bilməmiş, həmin mövzularda bəzi şeirlər yazmağa məcbur olmuşlar. Hər iki şair belə şeirləri boğazdan yuxarı yazdıqlarını yaxşı bilirdilər.

H.Razi - "Gündəlik"dən: "3 noyabr 1966. Hər anın bir hökmü olur ki, o hökmün qılıncına baş əyməmək olmur".

B.Vahabzadə 2004: "Ömür yollarında büdrəmələrim olmuş, duyğu və fikirlərimi açıq-aşkar və tam dəqiqliyi ilə yaza bilməmiş, zamanın tufanlarından ehtiyat etdiyim hallar da olmuşdur".

Bu acı gerçəklik sovet rejimində "zamanın tufanlarının" burulğanına düşərək diktə olunan "hökmlərin qılıncına baş əyməyə" məcbur olan milli ruhlu şairlərimizin faciəsi idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see209

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see175

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see174

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see146

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see144

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see143

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see141

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see138

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see138

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see135

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see133

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see132

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see129

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see129

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see125

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see123

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see122

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see122

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see121

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri