İlanlar şahı Şahmaranla saat yarım
Icma.az bildirir, 525.az portalına istinadən.
Bu ayın ilk günlərində bəstəkar Vüqar Camalzadədən bir dəvətnamə aldım. Məni Türk dünyasının məşhur əfsanəsi əsasında hazırlanmış “Şahmaran” rok-müziklinin oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək premyerasına dəvət edirdi. Dəvətnamənin üzərində çox hörmət bəslədiyim, həmişə dəyər verdiyim iki sənətkarın – rejissor İradə Gözəlova və bəstəkar Vüqar Camalzadənin adları yazılmışdı.
İradə xanımın quruluşunda Tuncer Cücenoğlunun “Qadınım” tamaşasına bir neçə il öncə baxmışdım – çox bəyənmiş,mətbuatda münasibət də bildirmişdim.
Vüqar Camalzadənin isə 2023-cü ilin iyul ayında Vaqif Poeziya Günləri çərçivəsində Şuşada – Natəvanın evi qarşısında keçirilən “Dövri-səda” konsertində ədvar sistemi üzərində bəstələdiyi 8 musiqini dinləmişdim. Yarıqaranlıq atmosferdə, açıq havada Qədim Musiqi Alətləri Ansamblının ifasında səsləndirilən o musiqilər, istedadlı xanəndələrimizin yaratdığı aura heç yadımdan çıxmır.
Sürətlə dəyişən indiki zamanda çox şeylər unudulur, tez yaddan çıxır, amma o gecənin ab-havası yaddaşımda hələ də yaşayır. O konsertdə səslənən, Mir Həmzə Nigarinin sözlərinə Vüqar Camalzadənin bəstələdiyi “Qarabağ” mahnısı aradan xeyli müddət keçsə də, bu gün də tez-tez dinlədiyim, ovqatımın müxtəlif vaxtlarında ruhuma sakitlik gətirən musiqilərdəndir. “Dövri-səda”ya görə o vaxt mən Vüqar Camalzadəyə şəxsən təşəkkürümü çatdırmış, sonralar isə müxtəlif məclislərdə bu barədə müsbət fikirlərimi bildirmişdim.
Bu mənada dərin rəğbət bəslədiyim iki insanın ərsəyə gətirdiyi rok-müziklin – “Şahmaran”ın da fərqli təsir bağışlayacağını, gözlənilməz çalarlarla zəngin olacağını təsəvvür edirdim. Ona görə də həmin vaxta, həmin saata dəvət aldığım digər tədbirləri ixtisara salıb, məmnuniyyətlə “Şahmaran”ın premyerasına qatıldım (hesab edirəm, ixtisara düşən o həmin tədbirlərin təşkilatçıları məni üzrlü sayarlar).
Dostum, millət vəkili Elçin Mirzəbəyli ilə bir yerdə saat yarım sanki başqa bir aləmə düşdük, gördüklərimizdən, dinlədiklərimizdən böyük zövq aldıq. Tamaşa bitəndə bir-birimizə söylədik ki, informasiya neqativlərinin hücumundan saat yarım uzaqlaşıb, unudulmaz, xoş duyğular yaşaya bildik.
Tamaşanın təqdimatında deyilirdi ki, qədim Şahmaran əfsanəsi müasir dövrün reallıqları ilə qovuşaraq insanın sevgi, etibar və xəyanət qarşısında etdiyi seçimlərdən danışır. Təşkilatçılar “Şahmaran” tamaşasını düşündürən, duyğulandıran, insanlığa olan ümidin heç vaxt ölmədiyini xatırladan poetik bir səhnə hekayəsi kimi təqdim edirdilər.
Premyera yüksək səviyyədə keçdi - doğrudan da, qeyri-adi bir iş ərsəyə gətirilmişdi. Bu, Azərbaycanda ilk dəfə səhnələşdirilən rok-müzikl idi. Aktyorların oyunu məni valeh etdi. Əlbəttə, burada tamaşanın quruluşçu rəssamını da, xormeysterini də xüsusi qeyd etmək lazımdır. Xalq artisti Pərviz Məmmədrzayevin əməyi isə ayrıca vurğulanmalıdır.
Sonda tamaşa böyük alqışlarla qarşılandı. Birinci sırada oturduğumuzdan bu alqışlara aktyorların reaksiyasını, üzlərindəki ifadəni aydın görə bilirdik. Heç vaxt unutmayacağam, “Şahmaran” rolunun ifaçısı Aydan Həsənovanın bu sürəkli alqışlar qarşısında gözləri necə dolmuşdu! O zaman ağlıma gələn tək fikir bu oldu - doğrudan da, bir aktyor üçün tamaşaçı alqışından üstün təltif yoxdur.
Ömər Xəyyamın şeirlərinə Vüqar Camalzadənin bəstələdiyi musiqilər dəfələrlə alqışlandı. Aktyorların oyunu, tələbə rolunu canlandıran Əmrah Dadaşovun çıxışı çox bəyənildi. Xorun və balet qrupunun çıxışları da olduqca uğurlu alınmışdı.
Mən bütün yaradıcı heyəti ürəkdən təbrik edir, saat yarım ərzində bizi gündəlik həyat qayğılarından uzaqlaşdırıb fərqli bir dünya yaşatdıqlarına, düşüncələrə qərq etdiklərinə görə dərin minnətdarlığımı bildirirəm.
Rəşad Məcid
Baxış sayı:66
Bu xəbər 06 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















