İlham Əliyev ‒ qlobal lider xüsusiyyətlərinə malik dövlət xadimi
Müasir tariximizə şərəfli salnamə kimi yazılan ötən 21 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl liderliyi sayəsində misilsiz inkişaf yolu keçib, möhtəşəm uğurlara imza atıb. Bu dövr ərzində respublikamız sürətlə iqtisadi intibah yolu keçərək adını inkişaf etmiş dövlətlərin sırasına yazdırmış, bölgənin liderinə və söz sahibinə çevrilmiş, dünya birliyində öz layiqli yerini tutmuşdur.
Azərbaycan xalqı 2003-cü il oktyabrın 15-də Ümummilli Lider Heydər Əliyevin alternativi olmayan siyasi kursunu dəstəkləyərək onun siyasi varisi cənab İlham Əliyevi prezident seçməklə ölkəmizin inkişafında yeni bir mərhələnin əsasını qoydu. Heydər Əliyevin mükəmməl dövlətçilik fəlsəfəsini dərindən mənimsəyərək davamçımissiyasını çiyinlərinə götürən İlham Əliyevin 2003-cü ildə əsasını qoyduğu yeni inkişaf modeli Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında əsaslı dəyişikliklərə yol açmış, öz iqtisadi potensialı və hərbi gücü ilə öz müqəddəratını və problemlərini həll edən qüdrətli dövlətə çevirmişdir.
Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsindən sonra fundamental məramı güclü və qüdrətli Azərbaycan qurmaq, bir nömrəli müqəddəs tapşırıq olan ərazi bütövlüyümüzü təmin etmək idi. O, dövlətin ali siyasi kürsüsündə bu ağır mirası və məsuliyyəti şərəflə başa çatdırmaq üçün bütün gücünü, diplomatik bacarığını və siyasi müdrikliyini ortaya qoyaraq Azərbaycanı zirvələrə qaldırdı. Beynəlxalq siyasi sistemdə Azərbaycanı məğlub dövlət sindromundan xilas edərək regional liderə, etibarlı tərəfdaşa çevirməyi bacardı.
Onun dövlət idarəçiliyi sahəsində peşəkar qabiliyyətləriAzərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının dərinləşməsində, xarici dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla hərtərəfli bərabərhüquqlu əməkdaşlığın möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Azərbaycanın güclü iqtisadi potensialının tam hərəkətə gətirilməsi, güclü milli gəlir arxitekturasını formalaşdırdı, dayanıqlı valyuta xəzinəsi yaratdı. Vaxtilə “Əsrin müqaviləsi”ninimzalanmasında əvəzolunmaz xidmətləri olan İlham Əliyevin müasir enerji diplomatiyasının həyata keçirilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi transmilli enerji arteriyalarının işə düşməsi dünyanın enerji xəritəsini büsbütün dəyişdirməklə, Azərbaycana yüksək tərəqqi gətirdi.
Milli enerji faktoru Azərbaycanın karbohidrogen ehtiyatı və mineral resursu kimi onun iqtisadi imkanlarının, maliyyə qüdrətinin artmasına və qlobal inteqrasiya proseslərində güclənməsinə stimul vermiş, ümumdünya proseslərində fəal iştirak və təsir imkanlarını aktivləşdirmişdir. Həmçinin, tranzit potensiallarının reallaşdırılması istiqamətində həyata keçirilən müdrik siyasət tədbirləri, o cümlədən Avropa-Qafqaz-Asiya, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhlizə inteqrasiya regionda dayanıqlı sülh və əməkdaşlıq üçün ən etibarlı vasitələrdən birinə çevrilməkdədir.
2003‒2023-cü illər ərzində ümumi daxili məhsul (ÜDM) 3,5 dəfə, dövlət büdcəsinin xərcləri 31 dəfə artıb. Adambaşına düşən ÜDM 3 dəfə artaraq 13400 manat təşkil etməkdədir. Eləcə də adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3600 manatdan çoxdur. Bu dövrdə xarici ticarət dövriyyəsi 11 dəfə, o cümlədən ixrac 17 dəfə artıb. Ölkəmizin xarici borcunun həcmi azalaraq hazırda ümumi daxili məhsulun 8 %-ni təşkil edir. Strateji xarici valyuta ehtiyatları isə son 21 ildə 47 dəfədən çox artaraq 72 milyard ABŞ dollarına çatıb. Bu dövr ərzində ölkə iqtisadiyyatına yönələn sərmayələrin ümumi həcmi 310 milyard ABŞ dollarını keçib və onun 200 milyard ABŞ dolları qeyri-neft sektorunu əhatə edir.
Milli inkişaf modeli iqtisadi mahiyyətinə görə, həm də sosial yönümlüyü ilə seçilir. Bu siyasət ictimai münasibətlərin sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin bərabərləşdirilməsinə və son nəticədə sosial rifahın yüksəldilməsinə yönəlib.
Bunun nəticəsidir ki, son 21 ildə orta aylıq nominal əməkhaqqı 14 dəfəyə yaxın artaraq 940 manata çatıb. Minimum əməkhaqqı isə 40 dəfə artaraq 2003-cü ildəki 9 manatdan hazırkı 400 manata yüksəlib. Son 21 ildə orta aylıq pensiya 19 dəfəyə yaxın, minimum pensiya məbləği isə 15 dəfə yüksəlib. Əgər 21 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda cəmi 5,5 faiz təşkil edir. Ölkədə 2,3 milyondan artıq yeni iş yeri yaradılıb.
Dövlət başçısının 2024-cü il dekabrın 23-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı isə yeni sosial paketin iqtisadi-hüquqi əsaslarını təşkil edir. Yeni sosial islahat kursuna əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 400 manata, əmək pensiyasının minimum məbləği isə növbəti ili fevralın 1-dən 280 manatdan 320 manata çatdırılacaq.
Bu xüsusda xatırladaq ki, 2018‒2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunması sayəsində minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı yardımın orta aylıq məbləği 2,7 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqın 2 dəfə, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3 dəfə artıb.
2025-ci ildən qüvvəyə minəcək beşinci sosial islahat paketi sayəsində isə minimum aylıq əməkhaqqının məbləği 3,1 dəfə, minimum pensiya isə 3 dəfəyədək artmış olacaq. Eləcə də orta aylıq pensiya, müavinət və təqaüdlər, ünvanlı sosial yardımlar, median əməkhaqqı yenidən 15 faizə yaxın artacaq.
İlham Əliyevin təmin etdiyi iqtisadi güc faktoru şəksiz olaraq Azərbaycana regionda dominant və möhkəmlənmiş lider ölkə statusunu qazandırdı və regional məsələlərdə və xarici siyasətdə, diplomatik hücum strategiyasında bazis roluna çevrildi. Onun iqtisadi diplomatiyası ölkəmizin milli mənafeyinə cavab verən bir sıra beynəlxalq sənədlərin və qətnamələrin qəbul edilməsində mühüm rol oynadı. Bu amil, eyni zamanda, tarixi Zəfərimizə gedən yolda hüquqi-siyasi üstünlüklər qazandırdı.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri, müdrik dövlət xadimi, mahir diplomat, qətiyyətli siyasətçi kimi ölkəmizin qarşısında duran strateji hədəflərə çatmaq üçün heyrətamiz əzmkarlıq, sarsılmaz iradə nümayiş etdirib. Atdığı hər addımda milli maraq və mənafeləri uca tutub, həyatını dövlətimizə və xalqımıza fədakar xidmətə həsr edib.
Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib.
Azərbaycan Prezidenti kimi onun 21 illik uğurlu fəaliyyətinin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə saysız uğurlara imza atıb, siyasi-diplomatik, iqtisadi-maliyyə, hərbi, mədəni, sosial həyatında köklü dəyişikliklər baş verib. Ən müqəddəs arzumuz olan Qarabağ və Şərqi Zəngəzur düşmən tapdağından azad edilib, ölkəmizin ərazi bütövlüyü vəsuverenliyi tam bərpa edilib.
2020-ci ildə qazanılmış tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirdi. Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmayıb, həm də erməni faşizminə ölümcül zərbə endirilib, regionda terror yuvasının əbədi kökü kəsilib, Qarabağ və Şərqi Zəngəzurda əbədi səadət, xoşbəxtlik bərqərar olub.
Azərbaycan Prezidentinin çoxşaxəli, müstəqil və milli maraqlara əsaslanan unikal xarici siyasət kursu dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla irəliləyib, ölkəmizin beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirib. Onun siyasi dühası və potensial gücü Cənubi Qafqaz və yaxın regionla məhdudlaşmır və hədsiz böyük bir siyasi coğrafiyanı əhatə edir. Praktik olaraq siyasi sistemə gətirdiyi yeni davranış modeli qlobal səviyyədə qəbul olunur. Onunla beynəlxalq səviyyədə, ən mötəbər siyasi arenalarda hesablaşır, məsləhət alır, birgə xoşniyyətli yollar axtarırlar.
Azərbaycan Prezidentinin unikal siyasi keyfiyyətləri, qətiyyəti və dəmir iradəsi hər zaman Azərbaycanın taleyüklü məsələlərdə qalib çıxmasını təmin edib. Eyni zamanda, onun ədalətli və humanitar baxışları dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı, sivilizasiyalararası dialoqun artması, sülh və əməkdaşlıq formatlarının qurulması işində əvəzsiz töhfələr verib. Azərbaycan paytaxtı dünya ölkələrinin humanitar körpüsünə, inam və etimad ünvanına çevrilib.
Onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan dövlət başçımızınxidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi qəbul olunur. Hazırda regionda sülh quruculuğu missiyası yolunda inamla və ləyaqətlə addımlayır, humanist diplomatiyası ilə regional və beynəlxalq həmrəyliyə töhfələr verir.
Ötən ay ölkəmizdə keçirilən COP29 konfransının uğurları vəyüksək səviyyədə təşkilatçılıq qabiliyyəti Azərbaycana olan beynəlxalq etimadı daha da möhkəmləndirdi.
Prezident İlham Əliyevin Azərbaycana bəxş etdiyi yeni dirçəliş və quruculuq ideyaları ölkə həyatını büsbütün müasirləşdirib.
Beləliklə, bir çox region ölkələrində siyasi sabitliyin tarıma çəkildiyi və müxtəlif siyasi fraqmentasiyaların dərinləşdiyi müasir qlobal mühitdə, habelə geoiqtisadidestabilizasiyaların artdığı arxitekturada Azərbaycan Respublikası cənab İlham Əliyevin müasir inkişaf şüarı olan “Güclü dövlət” konsepsiyasının bünövrəsi üzərində dayanıqlı sabitliyə və daha güclü tərəqqiyə doğru irəliləyir.
Ramid Namazov
Milli Məclisin deputatı