İlk oxunuşdan sürücüləri qorxudan layihə: Məqsəd ancaq cərimələməkdir?
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.
Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq. Belə ki, bəzi inzibati xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.
Hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir. Beləliklə, qeyd edilən qanun pozuntuları aşkarlandıqda 50 manat cərimə tətbiq ediləcək.
Lakin bir sıra məqamlar aydın deyil. Məsələn, sürücünün qulaqcıq vasitəsilə telefonla danışması, avtomobilin naviqasiya sistemindən istifadə etməsi və ya telefonda xəritəyə baxması da bu qadağaya şamil ediləcəkmi?Cərimənin tətbiqi zamanı telefonun sadəcə əldə saxlanılması əsas götürüləcək, yoxsa onun hansı məqsədlə istifadə edildiyi də nəzərə alınacaq?
“Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, sürücülərin nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadəsinə görə inzibati məsuliyyətin xüsusi texniki vasitələr, o cümlədən müşahidə kameraları vasitəsilə müəyyənləşdirilməsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirilə bilər:
“Burada əsas məsələ ondan ibarətdir ki, indiyə qədər sükan arxasında mobil telefondan istifadə edən sürücülərin müəyyənləşdirilməsi əsasən yol polisi əməkdaşlarının birbaşa müşahidəsi və müvafiq qaydada toplanmış sübutlar əsasında həyata keçirilirdisə, təklif olunan dəyişikliklər bu pozuntuların xüsusi texniki vasitələrlə qeydə alınaraq fərqli icraat qaydasında rəsmiləşdirilməsinə imkan yaradacaq.
Bu isə o deməkdir ki, sürücü artıq yalnız yol polisi əməkdaşını gördükdə deyil, avtomobili idarə etdiyi bütün müddət ərzində yol hərəkəti qaydalarına riayət etməyin vacibliyini dərk etməlidir. Çünki sükan arxasında mobil telefondan istifadə yol hərəkətində diqqətin yayınmasına səbəb olan ən təhlükəli davranışlardan biridir. Təəssüf ki, bəzi sürücülər bu məsələyə kifayət qədər ciddi yanaşmırlar. Onlar düşünürlər ki, telefonla qısa müddət danışmaq, gələn mesajı oxumaq, sosial şəbəkələrə nəzər salmaq və yaxud xəritəyə baxmaq avtomobilin idarə olunmasına ciddi təsir göstərmir. Halbuki bu yanaşma tamamilə yanlışdır.
Avtomobilin idarə olunması sürücüdən fasiləsiz diqqət, düzgün müşahidə, təhlükənin vaxtında müəyyənləşdirilməsi və çevik qərarvermə bacarığı tələb edir. Sürücü mobil telefona baxdığı zaman onun diqqəti yoldan yayınır, ətraf mühitdə baş verən dəyişiklikləri vaxtında qiymətləndirmək imkanları azalır və nəticədə qəza riski artır. Məsələn, saatda 60 kilometr sürətlə hərəkət edən avtomobil bir saniyədə təxminən 16,7 metr məsafə qət edir. Sürücü cəmi üç saniyə ərzində telefonun ekranına baxarsa, avtomobil həmin müddətdə təxminən 50 metr yol gedəcək.
Bu isə o deməkdir ki, həmin məsafədə qəfil yola çıxan piyadanı, qarşıdakı avtomobilin tormozlamasını, işıqforun siqnalının dəyişməsini və yaxud başqa təhlükəli vəziyyəti vaxtında görməmək ehtimalı yaranır. Xüsusilə şəhər daxilində piyadaların, velosipedçilərin, motosikletçilərin və digər hərəkət iştirakçılarının çox olduğu ərazilərdə belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər”.
Ekspert hesab edir ki, qanunvericiliyə təklif olunan dəyişikliklərin əsas məqsədi cərimələrin sayını artırmaq deyil, sürücülərin məsuliyyət hissini gücləndirmək, təhlükəli davranışların qarşısını almaq və yol-nəqliyyat hadisələrinin sayını azaltmaq olmalıdır. Lakin burada diqqət yetirilməli olan mühüm hüquqi və texniki məqamlar var:
“İlk növbədə, qanunvericilikdə mobil telefondan istifadənin hansı hallarda inzibati xəta hesab edildiyi sürücülərə aydın şəkildə izah olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində söhbət nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsindən gedir.
Deməli, burada iki əsas şərt xüsusi əhəmiyyət daşıyır: nəqliyyat vasitəsinin hərəkətdə olması və sürücünün telefonu əlində saxlayaraq ondan istifadə etməsi. Məsələn, sürücü telefonu əlində tutaraq danışırsa, mesaj yazırsa, sosial şəbəkəyə baxırsa və yaxud naviqasiya xəritəsini izləyirsə, bu davranışlar müvafiq maddənin tətbiqi baxımından qiymətləndirilə bilər. Burada telefonun hansı məqsədlə istifadə olunması deyil, onun əldə saxlanılaraq istifadə edilməsi əsas hüquqi meyarlardan biridir.
Ancaq telefon avtomobilin xüsusi tutacağında yerləşdirilibsə və sürücü naviqasiya sistemindən əllərini sükan idarəetməsindən ayırmadan istifadə edirsə, bunu avtomatik olaraq telefonu əldə saxlamaqla istifadə etməyə bərabər tutmaq düzgün olmaz. Eyni zamanda, sürücünün avtomobilin multimedia sistemi və ya səsgücləndirici vasitəsilə telefon danışığı aparması ilə telefonu əlində saxlayaraq danışması arasında hüquqi fərq mövcuddur. Qulaqlıqdan istifadə məsələsində də bu fərq nəzərə alınmalıdır. Sürücü telefonu əlində saxlamadan qulaqlıq vasitəsilə danışırsa, bu halın özü qeyd olunan maddədə nəzərdə tutulan pozuntu kimi qiymətləndirilməməlidir”.
Adil Nəbiyev vurğulayıb ki, bununla belə, hüquqi baxımdan cərimə tətbiq edilməməsi həmin davranışın bütün hallarda təhlükəsiz olması demək deyil:
“Telefon danışığı zamanı sürücünün diqqəti müəyyən qədər söhbətə yönəlir və xüsusilə mürəkkəb yol şəraitində təhlükəni vaxtında müəyyənləşdirmək qabiliyyəti zəifləyə bilər. Ona görə də sürücülərə tövsiyə olunur ki, vacib telefon danışığı zərurəti yarandıqda avtomobili dayanmanın qanunla icazə verildiyi təhlükəsiz yerdə saxlasınlar və yalnız bundan sonra danışsınlar”.
Digər mühüm məsələ xüsusi texniki vasitələrin bu pozuntuları hansı dəqiqliklə müəyyənləşdirəcəyidir. Müşahidə kameralarının imkanları genişlənsə də, hər bir görüntü inzibati xəta faktının mövcudluğunu birmənalı şəkildə sübut etmir. Məsələn, sürücünün əlində telefon deyil, başqa bir əşya ola bilər. Yaxud kamera görüntüsündə sürücünün əl hərəkəti telefonla istifadə kimi qiymətləndirilə bilər. Belə hallarda yanlış cərimələrin tətbiq edilməməsi üçün texniki sistemlərin dəqiqliyi, görüntülərin keyfiyyəti və sübutların obyektiv qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Əgər bu prosesdə süni intellekt və avtomatik görüntü tanıma texnologiyalarından istifadə olunacaqsa, həmin sistemlərin səhv ehtimalı da nəzərə alınmalıdır. Avtomatik sistemin müəyyən etdiyi hər bir şübhəli halın qanun pozuntusu kimi qəbul edilməsi doğru yanaşma olmaz. Pozuntu barədə qərar qəbul edilərkən qanunvericilikdə nəzərdə tutulmuş sübutetmə tələbləri təmin olunmalı, mübahisəli görüntülər obyektiv araşdırılmalıdır. Sürücünün özünə qarşı tətbiq olunan cərimənin əsasını təşkil edən foto və ya videogörüntü ilə tanış olmaq, qərardan şikayət vermək və yanlışlığı sübut etmək imkanları qorunmalıdır”.
Onun sözlərinə görə, qanunvericilikdə nəqliyyat vasitəsinin hərəkəti anlayışının tətbiqi ilə bağlı sürücülər arasında yarana biləcək suallara da aydınlıq gətirilməlidir:
“Məsələn, avtomobil qırmızı işıqforda dayanıbsa və ya tıxac səbəbindən hərəkətsiz vəziyyətdədirsə, sürücünün həmin anda telefonu əlində saxlayaraq istifadə etməsinin konkret maddə baxımından necə qiymətləndiriləcəyi hüquqi izah tələb edir. Çünki nəqliyyat vasitəsinin hərəkətdə olması ilə yol hərəkətində iştirak etməsi anlayışları hər zaman eyni məna daşımır.
Bu kimi məsələlərə əvvəlcədən aydınlıq gətirilməsi həm sürücülərin məlumatlandırılması, həm də inzibati cərimələrin vahid qaydada tətbiqi baxımından vacibdir. Digər tərəfdən, müşahidə kameralarının yalnız cərimələmə vasitəsi kimi deyil, yol hərəkətində təhlükəli davranışların qarşısının alınmasına xidmət edən profilaktik nəzarət mexanizmi kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur. Beynəlxalq təcrübədə də sürücülərin diqqətini yayındıran davranışların azaldılması üçün texnoloji nəzarət vasitələrindən istifadə olunur.
Ancaq bu sistemlərin səmərəliliyi təkcə kameraların sayından deyil, hüquqi tənzimləmənin aydınlığından, texniki etibarlılıqdan, nəzarətin ardıcıllığından və cəmiyyətin maarifləndirilməsindən asılıdır. Azərbaycanda da bu istiqamətdə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Sürücülərə izah olunmalıdır ki, telefonla bağlı qadağaların əsas məqsədi onların şəxsi rahatlığını məhdudlaşdırmaq deyil, həm özlərinin, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaqdır”.
Ekspert bildirib ki, xüsusilə taksi sürücüləri, çatdırılma xidməti əməkdaşları, avtobus və digər kommersiya nəqliyyat vasitələrinin sürücüləri üçün bu mövzu daha böyük əhəmiyyət daşıyır:
“Həmin sürücülər iş prosesində mobil tətbiqlərdən, sifariş sistemlərindən və naviqasiya proqramlarından daha intensiv istifadə edirlər. Bu səbəbdən belə sürücülərin iş fəaliyyəti ilə yol hərəkəti təhlükəsizliyi arasında düzgün balans yaradılmalıdır. Telefonun avtomobilin xüsusi tutacağında yerləşdirilməsi, marşrutun hərəkətə başlamazdan əvvəl müəyyənləşdirilməsi, səsli naviqasiya funksiyalarından istifadə edilməsi və sifarişlərin təhlükəsiz dayanma zamanı idarə olunması kimi davranışlar təşviq edilməlidir.
Qanun layihəsində avtomobillərdə qanunsuz reklamın yerləşdirilməsi ilə bağlı nəzərdə tutulan dəyişikliklərə gəldikdə isə, burada da məsələyə həm hüquqi, həm də yol hərəkəti təhlükəsizliyi baxımından yanaşmaq lazımdır. Nəqliyyat vasitələrinin üzərində reklam yerləşdirilməsi müəyyən qaydalara uyğun həyata keçirilməlidir. Çünki avtomobilin üzərində yerləşdirilən reklam yalnız kommersiya fəaliyyəti deyil, bəzi hallarda yol hərəkəti təhlükəsizliyinə təsir göstərən amilə çevrilə bilər.
Məsələn, reklam materialları sürücünün görmə sahəsini məhdudlaşdırırsa, şüşələrin şəffaflığına təsir edirsə, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtürsə, bu artıq əlavə təhlükə yarada bilər. Eyni zamanda, reklamın yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş razılıq və digər tələblərə əməl olunmalıdır.
Təklif edilən dəyişikliklərdə bu pozuntuya görə cərimənin 50 manat məbləğində müəyyənləşdirilməsi və xüsusi texniki vasitələrlə aşkarlanma imkanının yaradılması nəzarət mexanizminin dəyişdirilməsi deməkdir. Lakin cərimə məbləğinin əvvəlki sanksiyalarla müqayisədə azaldılması məsələsi də diqqətlə qiymətləndirilməlidir.
Çünki cərimənin preventiv təsiri onun məbləği ilə yanaşı, pozuntunun aşkar olunma ehtimalından və tətbiqin ardıcıllığından asılıdır. Əgər qanunsuz reklam yerləşdirən şəxs cəriməni ödədikdən sonra həmin reklamdan istifadəni davam etdirirsə, bu zaman pozuntunun aradan qaldırılması mexanizmləri də effektiv işləməlidir. Əks halda, cərimə bəzi şəxslər tərəfindən reklam fəaliyyətinin əlavə xərci kimi qəbul oluna bilər”.
Adil Nəbiyevin sözlərinə görə, burada vacib məqamlardan biri də odur ki, avtomobil üzərindəki hər bir yazı, loqotip və ya təsvir avtomatik olaraq qanunsuz reklam kimi qiymətləndirilməməlidir:
“Reklam xarakteri daşıyan məlumatlarla digər məlumatlandırıcı işarələr arasında hüquqi fərqlər nəzərə alınmalıdır. Kameralar vasitəsilə qeydə alınan görüntülər əsasında qərar verilərkən reklamın qanunvericiliyin konkret hansı tələbini pozduğu müəyyənləşdirilməlidir. Ümumilikdə, həm sükan arxasında mobil telefondan istifadə, həm də nəqliyyat vasitələrində reklam qaydalarının pozulması ilə bağlı yeni nəzarət mexanizmlərinin tətbiqi müəyyən müsbət nəticələr verə bilər.
Ancaq bunun üçün ilk növbədə qanunun tətbiqi mexanizmi şəffaf, anlaşılan və ədalətli olmalıdır. Sürücü bilməlidir ki, hansı hərəkətinə görə məsuliyyət daşıyır, hansı texniki vasitə ilə pozuntu müəyyənləşdirilir və cərimənin əsassız olduğunu düşündükdə hansı hüquqi imkanlardan istifadə edə bilər”. O qeyd edib ki, eyni zamanda, birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin hələ yekun qüvvəyə minmiş hüquqi norma olmadığını da nəzərə almaq lazımdır:
“Təklif olunan dəyişikliklərin sonrakı müzakirələr zamanı dəqiqləşdirilməsi, xüsusilə mübahisə doğuran hallarla bağlı aydın izahların verilməsi məqsədəuyğun olardı. Mən hesab edirəm ki, yol hərəkəti təhlükəsizliyini yalnız cərimələrin artırılması və ya yeni kameraların quraşdırılması hesabına təmin etmək mümkün deyil. Bunun üçün sürücülərin peşəkar hazırlığı, yol hərəkəti mədəniyyəti, təhlükəsiz idarəetmə vərdişləri və şəxsi məsuliyyət hissi paralel şəkildə inkişaf etdirilməlidir.
Ən vacib məsələ sürücünün kameradan və ya cərimədən qorxduğu üçün deyil, etdiyi hərəkətin hansı təhlükələrə səbəb ola biləcəyini dərk etdiyi üçün qaydalara əməl etməsidir. Sükan arxasında bir neçə saniyəlik diqqətsizlik insan həyatına başa gələ bilər. Heç bir telefon zəngi, mesaj və ya sosial şəbəkə bildirişi insan həyatından qiymətli deyil.
Ona görə də bu dəyişikliklərin əsas nəticəsi cərimələrin sayının artması ilə deyil, sükan arxasında mobil telefondan istifadə hallarının, diqqətsizlik səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin, xəsarətlərin və insan itkilərinin azalması ilə ölçülməlidir. Əsas məqsəd sürücünü cərimələmək deyil, onun təhlükəli davranışının qarşısını almaq, yol hərəkəti iştirakçılarının həyatını qorumaq və yollarda təhlükəsizliyi təmin etmək olmalıdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: sürücü Adil Nəbiyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 30 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















