İlk və son “sınaq”dan 81 il ötür
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Yaponiya bəşəriyyət tarixində atom bombası atılan tək ölkədir
XX əsrin ən təhlükəli icadı məhz o idi - nüvə silahı... Bu silah icad edildiyi, daha doğrusu, ilk istifadədən sonra nə qədər böyük dağıdıcı və məhvedici gücə malik olduğunu məlum etdi. Bəşəriyyətə, insanlığa qarşı ölüm kabusu kimi xarakterizə olunan nüvə silahı ayrı-ayrılıqda dünyanın aparcı dövlətləri sayılan ölkələrin də çəkinən yeridir. Xüsusilə son illərdə, qlobal təhlükəsizliyin təhdid qarşısında qaldığı zamanda nüvə müharibəsi ritorikası daha da intensivləşib. Bu isə bütövlükdə Yer kürəsi üçün, bəşəriyyət üçün qorxulu bir siqnaldır.
Bu gün, avqustun 6-sı bəşəriyyət üçün ölüm kabusu deyilən bu silahın hələlik ilk “sınaqdan” keçdiyi gündür... Bu gün Yaponiya tarixinin qanlı avqust günüdür.
Nüvə silahı nədir?
“Nüvə silahı” - atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20-80 milyon dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir.
Bu, nüvə silahının elmi izahıdır. Amma bunun bir də, real görünən tərəfi var. Dağıntıların miqyası, insan tələfatının sayı, fəsadların illərlə, bəlkə də əsrlərlə davam etməsi. Bunun bariz misalı 1945-ci ildə ABŞ tərəfindən Yaponiyaya atılmış nüvə bombalarıdır.
İlk “nüvə” necə yarandı?
İlk nüvə bombaları barədə qısa arayış - məşhur danimarkalı fizik Nils Bor atomun quruluşu haqqında mükəmmələ yaxın modeli qurduqdan sonra ABŞ-a tərəf yol alır. O, burada Albert Eynşteyn ilə görüşür. Amerikada toplanan avropalı alimlər bir araya gəlib, uraniumun parçalanmasını daha dərindən öyrənirlər. 1938-ci ildə, neytron bombardmanı ilə yeni radioaktiv izotoplar sintez etdiyi üçün, Enrico Fermiyə fizika Nobel mükafatı verilir. Artıq 1939-cu il - İkinci dünya müharibəsi astanada idi. Amerikadaki alimlər nasist Almaniyasının törədə biləcəklərindən narahat idilər. Bunun üçün də professor Fermi Vaşinqtonda general Leslie Groovesla görüşərək, Hitlerin tezliklə atom bombası hazırlatdıra biləcəyi xəbərini çatdırır. Atom bombasının kimyəvi bombalardan yüzlərlə qat daha güclü partlayacağını izah etməyə çalışsa da, general Grooves professoru ciddiyə almır. Ən maraqlısı isə odur ki, dünyanın sonunu gətirə biləcək elmi kəşflərə imza atan Fermi ingilis dilində çox zəif danışırdı deyə, Grooves onu yaxşı başa düşməmişdi. Yəni, ABŞ-ın ilk atomdan imtina səbəbi sırf texniki və təsadüfi səbəb idi. Ardından iki macar alim - Leo Szilard və Eugene Vegner, həmin ərəfələrdə yetərincə məhşurlaşmış Eynşteynə ABŞ Prezidenti Franklin Ruzveltə məktub yazmasını təklif edirlər. Məktubu macar alimlər yazır, Eynşteyn isə imzalayır. Məktubda deyilir: “Enrico Fermi və Leo Szilardın atom parçalanması ilə bağlı araşdırmaları, məni, uran elementinin böyük ölçüdə enerji potensialına sahib olması haqqında düşündürür. Bu enerji yaxın zamanda əldə oluna bilər. Uranın artıq ölçüsünü alıb, nüvə zənciri reaksiyasını quraşdıra bilər və bunun nəticəsində böyük güc əmələ gətirə bilərik. Hətta, daha sonra, atom bombası da qura bilərik... Dünya tarixində ilk dəfə, insan oğlu günəş enerjisi resursundan istifadə etmədən, enerji daşıyan sistem təsis edəcək - 2 avqust, 1939-cu il”.
Ruzvelt məktubu oxuduqdan dərhal sonra, bir sıra alimi özündə cəmləyən “Uran Komitəsi”nin qurulması qərarını verir. Bir az irəli gedib onu qeyd etmək olar ki, yaranan bu komitədə əsas simalardan olan, sonradan isə ABŞ-a iki dönəm prezidentlik edən Lindon Conson uranın zənginləşdirilməsində, atom bombalarının yaradılmasında, hətta çoxaldılmasında və Yaponiyaya atılmasında əhəmiyyətli rol oynamışdı.
“Üç məxfi şəhər” layihəsi iki şəhəri dağıtdı
Nəhayət, 6 dekabr 1941-ci ildə Yaponiyanın dəniz qüvvələri, ABŞ-ın Pearl Limanını bombalayır və cavab olaraq, ABŞ Yaponiyaya qarşı müharibə elan etdiyi xəbərini yayır. Yaponiyanın müttəfiqləri - Almaniya və İtaliya da ABŞ-a qarşı müharibə elan edirlər. Prezident Ruzvelt nüvə araşdırması üçün, on milyonlarla dollar vəsait ayırır. Professor Artur Compton bütün ABŞ-ın nüvə araşdırma rəhbəri təyin olunur. Leslie Groves, hərbi əməliyyatları genişləndirmək məqsədilə, “Manhetten layihəsi”ni qurur və Robert J. Oppenheimeri elmi rəhbər təyin edir. Bütün nüvə araşdırması aparan alimlər Çikaqo Universitetinə dəvət olunur. Professor Fermi Kolumbia Universitetindəki quraşdırdığı ilk nüvə reaktorunu daha da böyütmək məqsədilə Çikaqoya köçür. Nəticədə, layihənin adı “Çikaqo nüvə bombası” adlanır. Bu dəfə, ölçülər qat-qat böyükdür - 10 m x 20 m x 9 m quruluşunda olan, çəkisi daha çox olan qrafit və uran daşıyan bu bomba, 57 qatdan ibarət idi. Çalışdıqları yerin adı “Metallurgiya Laboratoriyası” adlanırdı ki, heç kəs bu bölgəyə şübhə ilə yanaşmasın. Bu laboratoriyaya Fermi və köməkçiləri xaric heç kəs buraxılmırdı. Hətta onların həyat yoldaşları belə həmin laborotoriyaların yerini bilmirdi. 1942-ci il dekabrın 2-də “Çikaqo nüvə bombası” layihəsi yekunlaşır və Fermi nüvə zənciri reaksiyasını bir daha test edərək, güclü enerji ayrılmasının şahidi olur.
Müharibə planlarının bir digər layihəsi olan “Üç məxfi şəhər” (Three secret cities) adlı elmi araşdırmaya sürətlə keçid edilir. Layihəyə hərbi əməliyyatların tərkibində yer alan, Manhetten layihəsinin bir hissəsi kimi, general Leslie Groves tərəfindən ciddi şəkildə nəzarət edilir. Groves üç fərqli ştatda böyük ərazilər satın alaraq, nüvə reaksiyaları araşdırmalarına şərait yaradır. Qeyd edək ki, birinci məxfi şəhər - Oak Ridge, ikinci məxfi şəhər - Vaşinqton, üçüncü məxfi şəhər - Los Alamos idi.
6 avqust 1945-ci ildə isə Xirosimada 15 kiloton “Little Boy” adlı uran-235 atom bombası partladılır. Şəhər mərkəzini tamamilə sıradan çıxaran bu hadisə nəticəsində şəhər əhalisinin üçdə bir hissəsinə yaxın, yəni 120 min adam ölür. Geriyə qalan minlərlə adam isə mutasiyaya uğrayır, xərçəng xəstləyinə tutulur və yaxud orqanlarından birini itirir.
3 gün sonra, 9 avqust 1945-cı ildə sabaha yaxın Naqasakidə, 45 kiloton çəkisindəki “Fat Man” adlı, plutonium-239 atom bombası partladılır. Xirosima bombasından üç qat daha ağır və urandan daha radioaktiv, plutonium bombasını şəhərin tam mərkəzinə düşürməyi tutdura bilməyən pilot, 80 min insanın ölümünə səbəb olur.
81 il sonra...
Tarixin bəlkə də “ironiyası”, bəlkə də zərurətidir ki, 81 il öncə nüvə bombardımanına məruz qalan Yaponiya elə 81 il sonra da özü nüvə dövlətinə çevrilmək arzusunu dilə gətirdi. Ötən ay Yaponiyanın müdafiə naziri Şinyiro Koizumi bildirdi ki, Avropanın bəzi ölkələrinin daha çox nüvə çəkindirmə səyləri göstərməsi fonunda Tokionun da nüvə silahları ilə bağlı müzakirəyə ehtiyacı var. Halbuki Yaponiya 59 il idi ki, üç qeyri-nüvə prinsipinə (Three Non-Nuclear Principles) riayət edirdi.
Xatırladaq ki, hazırda dünyada nüvə silahına malik doqquz ölkə var - bunlar ABŞ, Rusiya, Çin, Birləşmiş Krallıq, Fransa, Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SİPRİ) analitiklərinin məlumatına görə, 2026-cı ilin yanvar ayı etibarilə dünyada 12 min 187 nüvə başlığı var idi ki, bu da 2025-ci ilin yanvar ayındakı saydan 54 ədəd azdır. Bunlardan 9745-i hərbi ehtiyatlardadır - yerləşdirilən döyüş başlıqları və əməliyyat yerləşdirmə qabiliyyətinə malik anbarlarda saxlanılır. Ballistik raketlərə yerləşdirilən 2100 ilə 2200 arasında döyüş başlığı isə yüksək əməliyyat hazırlığındadır. Yaponiya nüvə silahına sahib olacağı təqdirdə siyahıda 10-cu ölkə olacaq...
Pərviz SADAYOĞLU
Baxış sayı:39
Bu xəbər 06 Avqust 2026 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















