İllüziya nömrələri elmə, riyazi düsturlara əsaslanır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Müsahibimiz Bakı Dövlət Sirkinin artisti, illüzionist Şəhadət Bağırovdur.
- Şəhadət bəy, illüzionist olmaq həvəsiniz necə yarandı?
- Uşaqlıqdan çox güclü həvəsim olub. O vaxt Şamaxıda yaşayırdıq. Ağ-qara göstərən televizorumuz vardı. Onda sehrbazlar maraqlı nömrələr göstərirdilər, amma mən onlara fantastik film kimi baxırdım. Bir dəfə sehrbaz ekrandan tamaşaçını dəvət etdi və seçəcəyi rəqəmi tapacağını dedi. Yəni atam burda hansısa rəqəmi, hərfi seçir, ekranın o tərəfində sehrbaz onu tapır. Elə də oldu. Atam rəqəmi seçdi və sehrbaz başladı bir neçə qəribə hərəkət etməyə. Bütün rəqəmlər töküldü və atamın seçdiyi o rəqəm qaldı. Onda mən inandım ki, deməli, həqiqətən belə bir şey var. 7-8-ci sinifdə oxuyanda Devid Kopperfildin fokuslarına baxırdım. Üstündən bir neçə il keçdi, başladım yavaş-yavaş özüm taxtadan qutu düzəldib içindən dovşan çıxardırdım.
Ona qədər yaxşı oxuyurdum, şəklim şərəf lövhəsində idi. Amma ondan sonra bütün fikrimi verdim bu sənətə. Təhsildən də yayındım. İllüziya sənətinə qədər rəssamlıqla məşğul olmuşam. Ailəmdə atam, bacım, bibim yaxşı rəssamdırlar, istedadları var. Mənim də yaxşı əl qabiliyyətim vardı. Ancaq illüziya sənəti hər şeyi üstələdi.
- O zamanlar bu sənətə olan meylinizə görə ailənizin, ətrafınızın sizə münasibəti necə idi?
- Əvvəllər dəstək yox idi, bu işlə məşğul olmağımı istəmirdilər. Təhsildən yayınmağım da onları narahat edirdi. Amma mən qərarımda, istəyimdə qəti idim. Hətta problemlərim yarandı, məni məktəbdən çıxartdılar. Mən də sənədlərimi götürüb başqa məktəbə getdim. Üstündən az keçmiş artıq tanınmağa başladım, bir-iki dəfə efirə çıxdım və gördüm, həmin məktəbdən evə zəng eləmə başladılar ki, qayıtsın məktəbə. Amma mən görürdüm ki, onlar sırf efirə çıxdığım üçün çağırırlar. Ona görə də getmədim. Həmçinin dostlarımın, qohumlarımın çoxundan uzaqlaşdım. Çünki görüşəndə bu sehrlərlə bağlı çox təzyiq edirdilər mənə. Ya pul verirdilər ki, bunu çoxalt, ya da nömrələrin sirrini istəyirdilər. Ancaq heç bir halda sehrbaz öz sirrini aça bilməz, açmamalıdır. Buna görə də çoxlarından uzaqlaşdım. Bu sənət mənə verdikləri ilə bərabər, çox şeyi də aldı məndən.
- Əsas çətinlikləri nələrdir?
- Maddi cəhətdən çətinlikləri var. Çünki elə nömrələr olur, çox böyük məbləğlər hesabına başa gəlir. Qazanc isə heç də çox deyil. Fokusun ən çətini baxanda sadə görünənidir. Deyirlər, sən qəpiklə, kartla fokus göstərirsən, camaat qatarı yox edir. Amma dünyanın ən çətin fokusları budur. Ən çətini əl bacarığıdır. Digərləri, məsələn, qatarı yox etmək texnikadır. Sadə sirləri var. Hər kəs onu öyrənib edə bilər.
Sosial şəbəkələrə görə sirlər tez açıldığı üçün sehrbaz məcburdur ki, üsulları vaxtaşırı dəyişsin, inkişaf etdirsin. Məsələn, qutunun içində qızı kəsirlər. Bir müddət sonra bunun sirri açılır. Mühəndislər bunu adi yox, şəffaf qutuda hazırlayıb sehrbazlara satırlar. Başlayırlar qızı şəffaf qutuda kəsməyə. Sonra onun da üstü açılır, onda da şüşəsiz, açıqda qızı bölürlər. Onun sirri açılandan sonra isə tamaşaçını bölürlər.
Hələ elə bir sehr nömrəsi olmayıb ki, mən ona baxıb sirrini tapmayım. Ən çətin nömrələri belə 2-3 gün ərzində tapa bilmişəm. Çoxuna baxan kimi bilirəm.
- Deyirsiniz ki, sehrbaz öz sirrini heç bir halda açmamalıdır. Onda bu sənətdə ustad-şagird münasibətləri də ya yoxdur, ya da fərqlidir. Sizin tələbəniz varmı? Kiməsə öz tələbəniz kimi bu sənətin sirlərini öyrətmisinizmi?
- Xeyr, öyrətməmişəm. Bəzən olur, müraciət edirlər ki, uşağıma bu sənəti öyrət. Məsələn, 15-16 yaşı var və bu sənətə maraq göstərir. Çağırıram, söhbət edirəm və ən sadə, daha çox səbr tələb edən nömrələrlə başlayıram. Sehrbazlıqla ən vacib nömrələr barmaq cəldliyi və səbr tələb edən qəpik, kart nömrələridir. Mən də ondan başlayıram ki, görüm, səbri varmı? 1-2 gün sonra görürəm ki, daha gəlmir. Soruşuram niyə gəlmirsən? Deyir, müəllim, mənim həvəsim olmadı, o nömrədən xoşum gəlmədi. Mən istəyirəm ki, qızın başını kəsdikləri nömrəni öyrənim. Hə, onda görürəm ki, bu adamdan sehrbaz olmaz, çünki onun səbri yoxdur.
- İllüziya fövqəlgücdür, ya elm?
- Bütün bunların hamısı elmdir. İllüziya nömrələrində fizika, kimya, riyaziyyat, anatomiya var. Bunların hamısı elmə söykənir, riyazi düsturlara əsaslanır. Bunlar hamısı sirli, illüziya kimi gəlir. Əslində, bu, sehr deyil. Sadəcə səhnədə elə göstərilir ki, tamaşaçıya sehr kimi gəlir. Fizikanın elə gizli metodları var ki, onu bəzi fiziklər belə bilmirlər. Ora bir az fizika, bir az kimya və bir az da göz aldatmaq qatılır, nəticədə belə bir şey ortaya çıxır.
Vaxtilə məktəbdə müəllimlər məni danlayırdılar ki, sən oxumursan. Mən də onlara nömrələr göstərirdim və deyirdim ki, riyaziyyat müəllimisiniz, bu nömrədə riyazi sirr var, onu tapın. Tapa bilmirdilər. Yaxud fizika, kimya müəllimlərimə elə nömrələr göstərirdim ki, sırf o elmlərlə bağlıdır. Amma tapa bilmirdilər. Onların sirlərini izah edirdim və il sonuna kimi mənə "5" yazırdılar.
- 25 ildən bəri bu sənətdəsiniz, amma cəmi 5 ildir ki, Dövlət Sirkində çalışırsınız. Ona qədər güzəranınızı necə təmin edirdiniz?
- Azərbaycanda bu sənətdən ancaq ad günlərində, uşaq şənliklərində iştirak edərək pul qazana bilərsən. Təəssüf ki, böyük səhnələrdə bu sənətə yer vermirlər. Elə bilirlər ki, sehrbazlıq ancaq uşaqlar üçündür. Amma əslində hər yaşdan olan insanlar üçün fərqli-fərqli nömrələr var. Məclislərə rəqqasələr, musiqiçilər çağırırlar, amma illüzionistlər yada düşmür. Böyük səhnə, şərait lazımdır bunun üçün. Elə nömrələr var ki, onu ancaq səhnədə göstərə bilirsən.
Bir müddətdən sonra mən efirə çıxmağa başladım. Efirdə mental nömrələr göstərirdim, məsələn, kiminsə fikrini oxumaq kimi. Mental nömrələrlə çox tanındım. Televiziyalara çıxdım, nələrisə partlatmaq, tərpətmək, əşyanın yerini tapmaq kimi şeylər edirdim. Bu nömrələr Azərbaycanda çox görünməmişdi deyə, maraqlı gəldi. Artıq hamı məni ekstrasens kimi qəbul etməyə başladı. Elə bilirdilər ki, mənim hansısa fövqəlgücüm var. Mənə o qədər zənglər gəlirdi ki, axırda nömrələrimi dəyişdim. Deyirdilər ki, hardasa qızıl basdırıblar, onun yerini tap. Hətta Rusiyadan durub gəlmişdilər ki, filan problemimizi həll et. Deyirdim, mən axı onu edə bilmirəm. O, fövqəladə güc deyil, mentalist tamaşaçı üçün vizual görüntü yaradır sadəcə. Hamısının arxasında öz sirləri var.
Məndə belə bir təxmin var ki, "Azərlotereya"da cekpotu udan rəqəmləri canlı verilişdə əvvəlcədən yazıram. Onu şəffaf qutuya qoyurlar və ağzı möhürlənib fotoları çəkilir. Onu verirlər bir banka, 24 saat kamera nəzarəti altında 2 ay saxlanılır. 2 ay sonra cekpot udulur və ondan sonra həmin qutu açılır və həmin qutuda cekpotu udan rəqəmlər hamısı çıxır. Bunu etmək istəyirəm, amma televiziyalar razı olmadı. Çünki onu efirdə göstərsəm, həm cəmiyyətimiz üçün, həm də mənim üçün heç də yaxşı nəticələri olmaz. Bilirəm ki, çox təzyiqlərlə qarşılaşaram.
- Bəs Dövlət Sirkində çalışmağa necə başladınız?
- Pandemiyanın təzə bitən vaxtları idi, elanda gördüm ki, Dövlət Sirki artist axtarır. Mən də müraciət etdim və məni tanıdılar. Dedilər ki, bir neçə nömrə göndər. Mən də fərqli nömrələr göndərdim və qəbul edildim.
- Heç şəxsi həyatınızda öz mənafeyiniz üçün fokusdan istifadə etdiyiniz olubmu?
- Bəli, olub. Əsasən hərbi xidmət zamanı. Orda yoxlama gələndə komandir çağırırdı ki, gəl nəsə göstər. Mən də generala, yüksək rütbəli zabitlərə maraqlı nömrələr göstərirdim. Beləcə əsgərlərə tapşırılan o işlərdən azad edilirdim. Həmçinin, bayaq dediyim kimi, məktəbdə müəllimlər üçün hansısa nömrələr göstərirdim və qiymətim yazılırdı.
- Bu ölkədə sənət sizi dolandıra bilirmi? Gəlirli sahədir?
- Əslində, mən dolandırıram bu sənəti. Azərbaycanda bu sənətdən yalnız uşaq məclislərində - bağçalarda, ad günlərində pul qazanmaq olur. Həmçinin, sosial tədbirlər çox olur ki, onlara pulsuz gedirəm. Əsas istəyim odur ki, bu sənəti tanısınlar, bilsinlər. Bizim ölkəmizdə fokus deyəndə uşaqlar yada düşür, amma xaricdə belə deyil. Bakı Dövlət Sirkinin artistiyəm, oradan maaş alıram. Amma maaş da tək insana çatır. Ailəlisənsə, kənar işlərə getməlisən. Həmçinin, etiraf edim ki, qazandığımın ciddi bir hissəsi də yenə bu sənətə gedir. Çünki yüksək məbləğ tələb edən nömrələr var. Onun texnikası hazırlanmalı, müəyyən qədər pul qoyulmalıdır. Bir də görürsünüz, qazandığımdan aylarla kənara atıb gələcək nömrəm üçün pul yığıram. Bu sənətin şöhrəti çox, qazancı isə azdır. Bu da elə bir sənətdir ki, pulun azdırsa, zəifsən.
- Xarici ölkələrə qastrola gedirsinizmi?
- Rusiyada, Türkiyədə, Qətərdə olmuşam. Amma geniş beynəlxalq tədbirlərdə çox da yada düşmürük.
- Sizcə, bu sənət incəsənətyönümlü universitetlərdə tədris olunmalıdırmı?
- Bəli, məncə, olmalıdır. Xarici ölkələrin bir çoxunda universitetlərdə bu ixtisas ayrıca olaraq var. Bizdə isə reaksiyalara baxmaq lazımdır. Fikrimcə, ali məktəblərdə tədris olunsa, bu sənət daha çox ciddiyyət qazanacaq.
- Bu sənətdə ən böyük zirvə kimdir, sizcə?
- Devid Kopperfild tək mənə görə yox, bütün dünya üçün ən böyük zirvədir. Onun nömrələrinə milyardlarla dollar xərclənib. Həm də Kopperfildin gəlişi bu sənətin unudulduğu bir zamana təsadüf etdi. XX əsrin ortalarında illüziya sənəti unudulmuşdu. 1970-ci illərin sonu-80-ci illərin əvvəllərində Kopperfild bu sənəti dirçəltdi və daha da yüksəltdi. Ondan sonra sehrbazlara maraq artdı, onlar haqqında filmlər çəkilməyə başladı, festivallar təşkil olundu.
- Gələcək üçün bu sənətdən gözləntiləriniz nələrdir?
- İndi daha çox qazancı düşünürəm. Çünki bu sənətdə inkişaf etmək üçün qazanmalısan. Təbii ki, o qazancı da elə bu sənətlə düşünürəm. Maddiyyat üçün sənətimi atmaq, başqa sahəyə getmək fikrim yoxdur. İnanıram ki, gələcəkdə istədiyim o yerə çatmağı və lazım olan o maddiyyatı qazanmağı bacaracağam.
- Xoşbəxtsinizmi?
- Pullu xoşbəxt deyiləm (gülür). Amma ölkəmizdə bu sənətdə edilə biləcək çox ilkləri məhz mən etdiyim üçün xoşbəxtəm. Sənətimlə fəxr edirəm.
Şahanə MÜŞFİQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 16 Yanvar 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















