İlmələrə hopmuş könül nəğmələri
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bu əlvan tabloların hər naxışından bir hikmət boylanır
Əsrlər boyu bəşəriyyətin mədəni irsinin əsasını təşkil edən xalçalar yalnız tariximizi deyil, həm də estetik meyarları və məxsusi elmi əsasları özündə yaşadır. Hər ilmə elə bir riyazi qayda ilə vurulur ki, bu dəqiqlik xalçanın bədii keyfiyyətini və davamlılığını təmin edir.
Xalçaçılığın Misirdən bütün dünyaya yayıldığına dair fərziyyələr olsa da, əslində, bu sənətin inkişafı və kamilləşməsi Şərq xalqlarının, xüsusilə də Azərbaycanın adı ilə bağlıdır. Ölkəmizdə aparılan arxeoloji qazıntılarla yanaşı, qədim tarixçi-coğrafiyaçılar Herodot, Klavdi Elian və Ksenofontun əsərlərindəki qeydlər Azərbaycanda xalçaçılığın nə qədər qədim kökləri olduğunu sübut edir. Naxışı və rəngi ilə bölgələrimizin fərqli xüsusiyyətlərini daşıyan bu sənət növü Təbriz, Qarabağ, Quba və Şirvanın zəngin məktəblərinin palitrasını qoruyur.
Xalq rəssamı, ustad xalçaçı Lətif Kərimovun tələbəsi olan Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın “Azərbaycanın xovsuz xalçaları” və “Təbriz xalçaçılıq məktəbi” tədqiqatları xalçaçılığın elmi əsaslarını sistemləşdirmişdir. Kübra xanımın nəzərində xalça adi bir məişət əşyası deyil, hər ilməsi tarix danışan, hər rəngi isə incə duyğuları ifadə edən nağılları, sənət əsəri, mədəniyyət abidəsidir.
O, xalça sənətinin təməl prinsipləri, ornamentlərin gizli mənaları və illərlə unudulmuş texnikaları haqqında zəngin məlumat toplamaq üçün uzun illər tədqiqat aparmışdır. Məhz bu elmi bilikləri öyrənmək və zəngin təcrübədən faydalanmaq üçün professor Kübra Əliyeva ilə həmsöhbət olduq.
– Ömrünüzün 50 ildən çoxunu bu qədim sənətə həsr etmisiniz. Azərbaycan xalçaçılıq sənəti milli-mədəni irsimizdə hansı yeri tutur?
– Qədim xalq sənət növü bu gün də məişətdə özünəməxsus yerini qoruyur. Yunun keyfiyyəti, boya komponentləri, toxuma texnologiyaları, orijinal həndəsi naxışları və obrazları ilə bir-birindən fərqlənən Azərbaycan xalçaları coğrafi mövqeyinə və texniki xüsusiyyətlərinə görə bölünür. Məhz bu zənginliyi və bölgələr üzrə fərqləri yerində dərindən öyrənmək arzusu məni Moskvada təhsilimi bitirdikdən sonra doğma Vətənə qayıtmağa və Lətif Kərimovun rəhbərliyi ilə tədqiqatlara başlamağa sövq etdi.
Elmi rəhbərim Lətif Kərimov mənə mövzu təklif edəndə qərar verdim ki, təkcə nəzəri biliklərlə kifayətlənməməli, Azərbaycanın etnoqrafiyasını və xalçaçılıq ənənələrini yerində araşdıraraq, dərindən tanımalıyam. Yalnız dərin tədqiqat apardıqdan sonra elmi işimi yaza bilərəm. O dövrdə Xalça Muzeyi yeni yaradılmışdı. Lətif müəllimin təşəbbüsü ilə beş nəfər muzeydən, beş nəfər də akademiyadan ibarət bir heyət formalaşdı və ilk tədqiqat işimiz üçün Qarabağdan Ermənistana qədər getdik. Biz orada təxminən üç ay qaldıq və xalçalarla bağlı çox zəngin materiallar topladıq.
Kollektiv tədqiqatdan sonra fərdi araşdırmalara başladım. Azərbaycanın bütün bölgələrini ən ucqar kəndlərinə qədər, gəzib yerli xalçaçılıq ənənələrini öyrəndim. Bu tədqiqatlar gələcək elmi fəaliyyətim üçün əvəzolunmaz təməl rolunu oynadı və mənə bilavasitə yerli ənənələri öyrənmək imkanı verdi.
Fərdi tədqiqatlarımın əsas mövzularından biri də köçəri tayfaların, yəni tərəkəmələrin əl işləri idi. Kəlbəcər dağlarına etdiyim səfərlər zamanı mən tərəkəmələrin həyat tərzini, mifologiyasını və adət-ənənələrini öyrənməklə yanaşı, əsas diqqəti onların toxuduqları əşyalara yönəltdim. Köçəri olduqları üçün tərəkəmələr duz qabından tutmuş, məişətdə istifadə olunan digər yüngül əşyalara qədər, əsasən xovsuz xalçalar toxuyurdular.
Bu xalçaların əsas özəlliyi üzərindəki naxışların sırf həndəsi olması idi. Mən bu naxışların simvolik mənalarını öyrəndim. Məsələn, kvadrat evi, onun içərisindəki romb isə qadını simvolizə edirdi; əgər evin xanımı hamilə idisə, rombun içərisinə 9 kiçik kvadrat toxunurdu. Topladığım material və öyrəndiyim simvolikanın əsasında elmi işimi müdafiə etdim və bir kitab yazdım. Kitabda mən Azərbaycan xalça toxunuşunun dörd əsas istiqamətini vurğuladım: Tərəkəmə xalçaları, kənd əhalisinin toxuduqları xalçalar, şəhər xalçaları və saray xalıları.
Bu 4 istiqamət arasında həm işləklik, həm də estetik baxımdan ciddi fərqlər mövcud idi. Kənd xalçalarının simvolikası daha çox quşların ön və ya yan görünüşlü təsvirləri ilə seçilirdi. Bakı və ətraf kəndlərdəki şəhər mühitində toxunan xalçalar isə naxışların kompozisiya zənginliyi ilə fərqlənirdi. Məhz bu dövrlərdə Avropa və Asiyadan gələn tacirlər Azərbaycan xalılarının əvəzində ədyallar gətirirdilər. Şəhər əhalisi də bu ədyalların üzərindəki ornamentlərdən ilhamlanaraq, daha zəngin və mürəkkəb kompozisiyalı xalçalar toxuyurdu.
Saray xalılarının yaranmasında İslam və sufizmin təsiri xüsusi əhəmiyyət daşıyır. İslamın yayılmasından sonra naxışlara Quran ayələri və ərəb xəttatlığının Kufi üslubu kimi elementlər daxil edildi. Həmçinin səkkizguşəli ulduz kimi simvolik ornamentlər xalçalara milli kimlik qazandırırdı. Sufi dünyagörüşü ornamentlərdə sadəcə bəzək deyil, həm də kosmos, ilahi idrak və mistik rəmzləri əks etdirirdi. Bu fəlsəfi təsir rəng palitrasında da özünü göstərirdi: göy rəng ulduzlu səmanı, sarı və ya qızıl iplər Günəşi, yaşıl isə təbiətin daim təzələnməsini təmsil edirdi.
Məhz bu fəlsəfi dərinlik saray xalçalarını, xüsusən Təbriz məktəbini, rəng dilini ən yüksək səviyyəyə qaldırdı. Xalçalarda təmiz, intensiv rənglər (qırmızı, göy) üstünlük təşkil etdiyi halda, peşəkar rəssamların işlədiyi Təbriz xalçalarında palitra daha geniş, çalarlar isə daha zəngin olurdu. Bu dini-fəlsəfi təsirdən sonra miniatür sənət də inkişaf etdi və daha böyük ölçülü xalılar toxunmağa başladı. Nəticədə, saray xalılarında şahların həyatını – qonaqlıqları, rəqsləri və hərbi oyunları əks etdirən süjetli kompozisiyalar yer almağa başladı.
– Xalçalar naxış motivlərinə görə hansı qruplara bölünür? Bu gün Azərbaycan xalıları dünya mədəniyyəti irsində necə yer tutur?
– Naxış kompozisiyalarına görə bir neçə əsas qrupa bölünən xalılarda təbiəti əks etdirən motivlər xüsusi yer tutur. Məsələn, “Meşəli” qrupunda daha çox meşədəki ağaclar təsvir edilir, “Baxçalı” qrupunda isə hovuzlar, bağçalar və çeşmələri əks etdirən detallara üstünlük verilir. Bunlarla yanaşı, əjdaha və simurq quşları kimi mifoloji obrazların təsvir olunduğu nadir xalçalar da mövcuddur. “Əjdahalı” xalça Qarabağ xalçaçılıq məktəbinin nadir və qədim nümunələrindən biridir. Adından da göründüyü kimi, bu xalçaların əsas naxışı əjdaha təsviridir. Türk və Azərbaycan mifologiyasında xüsusi yer tutan əjdaha suyu yeraltı sərvətləri və xeyirxah gücü simvolizə edir.
Bu unikal nümunələr və zəngin bədii irs sayəsində bu gün Azərbaycan xalıları bəşəriyyətin mədəniyyət irsinin əvəzolunmaz nümunələri kimi dünyanın ən məşhur muzeylərini bəzəyir. Məsələn, Vaşinqtondakı Tekstil Muzeyinin kolleksiyasında Şuşada və Ağdamda toxunan, üzərində əjdaha, ulduzlar, simurq quşları olan 140-dan çox xalça saxlanılır. Xüsusilə vurğulamaq lazımdır ki, dünyanın ən nadir sənət incilərindən olan və Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan 56 kvadratmetrlik “Şeyx Səfi” xalısının əhəmiyyəti misilsizdir. Hələ XVI əsrdə toxunan bu xalı Luvr Muzeyindəki “Mona Liza” əsəri kimi şüşə altında xüsusi şəraitdə qorunur. Bu fakt Azərbaycan xalçaçılığının beynəlxalq səviyyədə nə qədər dəyərli olduğunu bir daha sübut edir.
– Dünyaya Şuşada göz açmış bir araşdırmaçı kimi Qarabağ xalça məktəbinin özəlliklərini nədə görürsünüz? Xüsusən də rəng uyğunlaşdırma və boyaqçılıq sənəti ilə bağlı məsələlərə münasibətiniz?
– Danılmaz faktdır ki, Qarabağ xalçaları xalçaçılıq sənətinin tacıdır. Toxuculuq sənətində boyaqçılığın xüsusi yeri var. Həmin xalçalar həm rəng, həm də kompozisiya arasındakı uyğunlaşdırma ilə seçilir.
Boyaqçılar xalçanın rəngi solmasın deyə təbii üsullardan, yəni çiçəkdən və ağacdan istifadə edirdilər. Bəzi rəngləri ev şəraitində də əldə etmək mümkün idi. Məsələn, sarı rəng almaq üçün Qarabağda ən çox “nazotu” (boyaqotu), “narınc ağacı”, tut ağacının sarı yarpaqları, soğan qabığı, qov göbələyi, zing, gülxətmi, kəkotu və s. kimi yerli xammaldan geniş istifadə olunub. Boyaqçılıqda qırmızı rəng əldə etməyin ən geniş yayılan üsulu boyaq bitkisindən geniş istifadə edilməsi olub. Qarabağda, xüsusilə Şuşa və Cəbrayılda qara rəng almaq üçün toxucular nar qabığına üstünlük veriblər. Yeri gəlmişkən, mənim ata babam Şuşada boyaqçı idi.
Göründüyü kimi, professor Kübra Əliyevanın tədqiqatlarında, xüsusilə də Təbriz xalçaçılıq məktəbinin dərinlikləri xüsusi yer tutur. Qeyd etmək lazımdır ki, Təbriz xalçaları qədim zamanlardan Qərbi Avropaya İrandan ixrac edildiyi üçün bir müddət yanlış olaraq “İran xalçaları” kimi təqdim edilmişdi. Lakin Azərbaycan xalça sənətinin böyük tədqiqatçısı Lətif Kərimov 1954-cü ildə ilk dəfə olaraq “Azərbaycan xalça sənətinin öyrənilməsinə dair (Təbriz xalça növləri)” məqaləsində Təbriz sənətinin Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olduğunu elmi əsaslarla sübut etmişdir. O, “Şeyx Səfi”, “Ovçuluq” və “Ləçək-türünc” kimi məşhur Təbriz kompozisiyalarının İranın digər bölgələrində də yayılmasının məhz Azərbaycan xalça məktəbinin təsiri ilə baş verdiyini göstərmişdir.
Azərbaycan xalça sənəti, sadəcə, keçmişin yadigarı deyil, Azərbaycan tarixinin ipək və yun ipliklərdə toxunan sənət salnaməsidir. Məhz bu dəyərin təcəssümü kimi, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun bu sənətə göstərdiyi yüksək qayğı nəticəsində 2010-cu ildə “Azərbaycan xalçası” sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mühüm hadisə xalça sənətinin beynəlxalq səviyyədə qorunub təbliğ edilməsi üçün əsaslı bir addım oldu. Bu diqqətin ən möhtəşəm təzahürü olan və xalça formasında tikilən Azərbaycan Milli Xalça Muzeyinin yeni binası isə bu gün dünyada xalça sənətinin gücünün və əbədiyyətinin ən parlaq simvollarından birinə çevrilib.
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Noyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















