İlqar Mehti “Azərbaycan Atabəyləri”ni tənqid edənlərə cavab verdi Nə otel, nə restoran tapırdıq
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində qala-premyerası keçirilən "Azərbaycan Atabəyləri" bədii-sənədli filmi çoxları tərəfindən bəyənilsə də, tənqid edənlər az olmayıb. Filmdə tarixin təhrif edildiyi, döyüş səhnələrinin və aktyor heyətinin zəif olduğu bildirilib, Türkiyədə bir bölümü bir həftəyə çəkilən tarixi seriallarla müqayisə aparılıb. Xüsusilə, "Babək", "Nəsimi" filmləri ilə müqayisədə "Azərbaycan Atabəyləri"nin gözləntiləri doğrultmadığı bildirilir.
Filmin baş prodüseri və ssenari müəlliflərindən biri, Qara Sunqur rolunun ifaçısı İlqar Mehti Pravda.az-a açıqlamasında deyib ki, tənqid varsa, demək, insanların müəyyən gözləntiləri var:
"Bu da bizim üçün məsuliyyəti artıran amillərdəndir. Filmin ssenarisinə bir neçə mötəbər alimlərimiz müsbət rəy verib. AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun, Heydər Əliyev Mərkəzinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun və müstəqil tarixçi, Atabəylər dövrünə dair araşdırmalar aparmış tədqiqatçı Əkbər Nəcəfin adını xüsusi qeyd etmək istəyirəm. Bu tarixçilərimizin sayəsində filmdəki hadisələrin olduğu kimi verilməsi təmin olunub. O dönəmin tarixini yalnız sovet dövründə yazılmış ədəbiyyatdan oxumaq kifayət etmir. Tarixə yeni bucaqdan baxmaq üçün müasir zamanda aparılmış tədqiqatlara diqqət yetirmək lazımdır. Filmdə bəzi yeniliklər təqdim olunub. Məsələn, Azərbaycan Atabəyləri dövlətinin qəbul etdiyi al bayraq daha əvvəl heç yerdə sərgilənməyib. Sırf bu filmin üzərində çalışan tarixçi və rəssamların əməyi sayəsində üzə çıxarılmış yeni tarixi faktdır. Eldənizlə Qara Sunqurun birgə hərəkət etməsi də hörmətli tarixçimiz Kərim Şükürovun dediyi kimi, tarixə yeni baxışdır. Filmin təbliğat xarakterli olması fikrinə gəldikdə isə qeyd edim ki, bu üslub dramaturji təsirin artırılması üçün istər yerli, istər xarici tarixi filmlərdə daim istifadə olunub. İlk dəfə adında “Azərbaycan” sözünü ehtiva edən dövlətin yaranma tarixini niyə də fəxarətlə təbliğ etməyək? Danılmaz həqiqət bundan ibarətdir ki, o dönəmdəki tariximizin hansı səhifəsini vərəqləsəniz, oradan qəhrəmanlıq hekayələri çıxır. Məsələn, Eldənizin uşaqlıqda bir qul olaraq satın alınması və sonradan hökmdar səviyyəsinədək ucalması, yaxud Qara Sunqurun bütün türk dünyasında ilk dəfə “Böyük Atabəy” tituluna, elə “Qara Sunqur” ləqəbinin özünə layiq görülməsi... Bu tarixi şəxsiyyətlərin hekayələri o qədər böyük və nağıl kimi zəngindir ki, onları nə qədər sönük ekranlaşdırsaq, yenə də əzəmətli görünür! Bu təbliğatın yox, real hekayənin nəticəsidir. Əgər filmdəki hadisələr müasir dövrümüzlə səsləşən çağırışlarla paralellər yaradırsa, bu, tarixin bizə verdiyi örnəkdir - min il keçsə də, regionumuzda baş verən proseslərin mahiyyəti dəyişməyib. Biz hətta filmin bədii-sənədli olmasına ona görə üstünlük verdik ki, insanlar bu hekayələrin gerçək olduğunu bilsinlər. Buna görə film boyunca böyük sənətkarımız Fəxrəddin müəllimin kadrarxası səsi bu hadisələrin həqiqət olduğunu tamaşaçıya bir növ daim xatırladır”.
İ.Mehti filmdə döyüş səhnələrinin və aktyor heyətinin zəif olması fikrinə də münasibət bildirib: “Bilirsiniz, biz “aktyor oyunu zəifdir” deyənlərlə yanaşı, qala təqdimatından və kinoteatrlardan ağlayaraq çıxan insanları da gördük. Aktyorun ifası tamaşaçını göz yaşı axıdacaq qədər təsirləndiribsə, deməli, onun işi uğurlu alınıb. Türkiyəli rejissorumuz da durmadan aktyorlarımızın yüksək peşəkarlıq səviyyəsini vurğulayırdı. Onların təcrübəsinin artması, döyüş səhnələrinin xoreoqrafiyasının daha təntənəli qurulması üçün ölkəmizdə çəkilən filmlərin sayı və büdcəsi artmalıdır. “Babək” filmi də orta əsrlərə aid tarixi-döyüş filmidir. Və bununla da oxşarlıqlar bitir. Bütün başqa meyarlar üzrə “Babək” filmi və “Azərbaycan Atabəyləri” filmi tamamilə fərqli kontekstdə və fərqli məqsədlər üçün çəkilib. “Babək” filminə bütün SSRİ səviyyəsində dəstək göstərilib. Açıq məlumatlara əsasən, o filmdə kostyumların üzərində Azərbaycandan başqa, Rusiya, Gürcüstan və Özbəkistanda 16 fabrik çalışıb. Ən əsası, “Babək”in 1979-cu ildəki büdcəsi 1.650.000 rubl təşkil edib. Bugünkü pulla “Azərbaycan Atabəyləri” filminə ayrılmış büdcə bunun heç 3%-ni keçmir. Ona görə müqayisə düzgün deyil. Biz Azərbaycan Dövlət Televiziyasının məhdud imkanları və özəl sektorun yatırımları sayəsində bu yola çıxdıq. Sonra Mədəniyyət Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Kino Agentliyinin dəstəyini aldıq. Bütövlükdə, bu vəsait ölkəmizdə çəkilən digər filmlərlə müqayisəolunmaz qədər azdır, baxmayaraq ki, tarixi filmlərin büdcəsi normalda qat-qat artıq olmalıdır. Biz Türkiyənin əksər çəkiliş pavilyonlarında olduq, onlarla iş birliyini qurduq. Hətta filmin ilk tizerini də İstanbulda çəkdik, yəni Türkiyədə real təcrübəmiz var. Nəzərə almaq lazımdır ki, Türkiyədə film sənayesinin dəyəri 2 milyard dollardan artıqdır və orada hər il 100-ə yaxın film çəkilir. Bizdə isə barmaqla sayılacaq qədər film istehsal olunur. Bütün bunlar film sənayesinə təsir edən fundamental amillərdir. Məsələn, döyüş səhnələrinin çəkilişi üçün Azərbaycanda uyğun atların tapılması həll edilməz problemə çevrilib. Biz xüsusi nəqliyyatla atları Bakıdan Tovuza, oradan Gəncəyə və daha sonra GöyGölə daşımalı olurduq. Türkiyədə bu sahədə ixtisaslaşan, xüsusi təlim keçmiş atları saxlayan onlarla atçılıq təsərrüfatları fəaliyyət göstərir və prodakşn şirkəti yalnız yaradıcılıq işlərinə köklənə bilir. Oxşar problemləri logistika və keyterinq xidmətlərində müşahidə edirik. Çəkiliş apardığımız bəzi rayonlarda bütün heyəti qəbul edəcək nə otel, nə restoran tapmaq mümkün olurdu. Hətta Gəncə kimi böyük şəhərdə heyəti 8 müxtəlif məkanda yerləşdirməli və hər gün oradan müxtəlif vasitələrlə çəkiliş məkanına aparmalı olurduq. Yəni bir prodakşn şirkəti olaraq bütün bu işlərin koordinasiyası inanılmaz zəhmətin və maliyyə resurslarının hesabına başa gəlir. Türkiyədə isə müxtəlif yardımçı sahələrin mövcudluğu istehsalçılara şərait yaradır ki, həm vaxta, həm büdcəyə qənaət etsinlər, həm də işin keyfiyyətini daim artırsınlar. Təbii ki, hər işdə olduğu kimi, bizim filimdə də nələrisə daha yaxşı etmək olardı. Amma nəzərə almaq lazımdır ki, son 45-50 ildə ölkəmizdə tarixi-döyüş filmləri çəkilmir. Təcrübə, infrastruktur və maliyyə resurslarının məhdud olduğu bir mühitdə biz ilk addımı atdıq. “Azərbaycan Atabəyləri” müstəqillik dövrümüzdə orta əsrlərə aid çəkilmiş ilk filmdir. Ümumiyyətlə, Azərbaycanın intibah dövrü sayılan Atabəylər dövlətinə həsr olunmuş yeganə kinematoqrafiya işidir. Əminəm ki, bundan sonrakı filmlərimiz daha uğurlu olacaq”.
Xatırlatma: “Azərbaycan Atabəyləri”nin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır. Prodüserlər eyni ilə İlqar Mehti, Sərvər Bayramov və Türkiyədən “İkinciYeni Fim”i təmsil edən Furkan Bəsli, quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Aytəkin Qardaşova