İngilis dilini yox, xalqın dilini bilməlidirlər! Yeni icra başçılarına sərt TƏNQİD
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkə həyatı, beynəlxalq siyasət və sosial məsələlərlə bağlı fikirlərini bildirib. Dövlət başçısı müsahibəsində ölkədaxili məsələlərə toxunaraq, sosial siyasət, idarəetmə sisteminin təkmilləşdirilməsi və optimallaşdırma tədbirləri barədə danışıb.
Prezident məmurların fəaliyyəti ilə bağlı açıq şəkildə iradlarını ifadə edib.
"Mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmayıb və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. Özü də noyabr ayındakı o təyinatda qrup şəklində bir neçə icra başçısı təyin edilirdi. İnsanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, sözlər mətbuatda gedib. Amma təyin etdiyim adamlardan birini mən bir aydan sonra vəzifəsindən çıxartmışam. Yəni bu, məni çox məyus edir. Çünki bilirsiniz, mən artıq 22 ildir ki, bu vəzifədəyəm və bu illər ərzində bir çox kadrları vəzifəyə təyin etmişəm, etimad göstərmişəm. Hər dəfə yeni təyin edilən icra başçısı ilə mənim ya görüşlərim, ya telefonla söhbətim olur. Onların bəziləri televiziyaya, mətbuata verilir, bəziləri verilmir və tövsiyələrim də təxminən çox da dəyişmir. Məyus edən də odur ki, əfsuslar olsun, gənc kadrlar arasında da pozuntulara yol verənlər var. Yəni burada gənc nəsil, yaşlı nəsil söhbəti getmir. İnsanların keyfiyyətindən söhbət gedir, ailədə, məktəbdə, cəmiyyətdə aldığı tərbiyədən söhbət gedir. Ona görə etimad göstərilir, onu doğruldan həmişə dəstəklənir. Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil. Struktur islahatlarının aparılması təbii ki, vacibdir. Amma saf, təmiz kadrların yetişdirilməsi ondan daha vacib məsələdir və mənim təcrübəm onu göstərir ki, bu, daha vacib məsələdir, nəinki struktur dəyişiklikləri", - Prezident deyib.
Milli Məclisin deputatı Elman Nəsirov Modern.az-a bildirib ki, məmur xalqın içində olmalı, onun problemləri ilə yaşamalı, insanların dərdinə biganə qalmamalıdır:
“Xalqa səmimi xidmət edən məmurlar daim dəstəklənir və irəli çəkilir. Lakin öz şəxsi maraqlarını üstün tutan, rüşvət və korrupsiya yolu ilə fəaliyyət göstərən, dövlət və xalq mənafelərini ikinci plana keçirən məmurlar qaçılmaz şəkildə cəzalandırılırlar.
Bəzi hallarda məmurlar vəzifədən uzaqlaşdırılır, digər hallarda isə hüquqi məsuliyyətə cəlb olunurlar.
Prezident İlham Əliyevin məmurlarla bağlı mövqeyi təkcə sözlə ifadə olunmur, praktik addımlarla da təsdiqlənir. Kim nəticə çıxarırsa, irəli gedir, kim isə özünü qanundan üstün hesab edirsə, gec-tez məsuliyyət daşımalı olur.
Bizə məmurlardan vətəndaş şikayəti daxil olur. Məktubların əsasında müvafiq orqanlara yazıb məsələni aydınlaşdırırıq, çətinlik həllini tapır. Etiraf edim ki, bəzi hallarda məmurlardan gələn cavablar qaneedici olmur”.
Keçmiş deputat Vahid Əhmədov Prezidentin məmurlarıa bağlı iradlarının aktual məsələ olduğunu vurğulayıb:
“Xüsusilə, məmur özbaşınalığı aktualdır. Yerlərdə əhali ilə ciddi təmas qura bilmirlər. Son vaxtlar təyin edilən icra başçıları ilə əlaqədar suallar çoxdur. Rayonların inkişafını, investisiya cəlb edilməsini, iş yerlərinin açılmasını təmin edə bilmirlər. Artıq İcra hakimiyyəti strukturu özünü doğrultmur. Bununla bağlı qanunvericilikdə dəyişiklik olmalı, indiki icra strukturu ləğv edilib yerində operativ nümayəndəlik yaradılmalıdır.
Ulu öndərin peşəkar kadr seçimi siyasəti var idi. Vəzifəyə təyin etdiyi şəxsin iş təcrübəsinə mütləq baxırdı. Hansısa zavodda ya başqa təşkilatlarda kifayət qədər səriştə toplamış şəxslərə təyinat verirdi.
Fikir verirsiniz, indi köhnə kadrlar işdən kənarlaşdırılır. Amma cavanlar özlərini doğrutmurlar. Rüşvətə, korrupsiyaya daha çox meylli olurlar.
Prezident Administrasiyasında kadrlar şöbəsi var. Bu şöbənin ehtiyat kadr siyahısı olmalıdır. Kadr bankı haqda cənab Prezidentə daimi hesabat verilməlidir.
Faydalı kadrlar qeyd etdiyim kriteriyalar üzrı məyyən olunmalıdır. Xaricdə təhsil almaqla, ingilis dilini bilməklə yox, xalqın dilini bilməklə məsuliyyəti ağır olan işlərin öhdəsindən gəlmək olar.
Cənab Prezident həmin çıxışında dövlətin təhlükəsizliyi məsələsinə də toxundu. İki vacib məqamın ikincisi sosial məsələdirsə, birincisi dövlətin təhlükəsizliyi, ona ayrılan vəsaitin məbləği məsələsidir.
Düzdür, təhlükəsizlik sektorunda da boşluq ola bilər. Amma müdafiə qüdrətimiz möhkəmdir. Başqa ölkələrlə silah alqı-satqısı aparmaqla yanaşı, özümüz də istehsal edirik.
Fikir verdiniz, ABŞ Venesuelanın Prezidentini necə tutdu. Bu proses təhlükəsizlik məsələləri ilə birbaşa bağlıdır.
Beynəlxalq müstəvidə diktatorların hakimiyyətdən getməsi məsələsi də gündəmə gələ bilər. İran iğtişaşları da nəzərimizdə olmalıdır. Oradakı hadisələr soydaşlarımızın taleyi ilə birbaşa bağlıdır.
Yenə deyirəm, ciddi islahatlar oaparılmalıdır. Tək icra başçıları yox, bütün icra strukturları islahatlara məruz qoyulmalıdır. Bu qədər təşkilata ehtiyac yoxdur. Çevik hökumət strukturu lazımdır.
Milli Məclisdə də islahatın, referendumun zamanı çatıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 Yanvar 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















