Icma.az
close
up
RU
İntihar meyilləri, kiçik siqnallar… VALİDEYNLƏR NƏ ETMƏLİ ? / Psixoloqla MÜSAHİBƏ

İntihar meyilləri, kiçik siqnallar… VALİDEYNLƏR NƏ ETMƏLİ ? / Psixoloqla MÜSAHİBƏ

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Uşaqlar və yeniyetmələr arasında sosial şəbəkələrin psixoloji təsiri son illər daha çox müzakirə olunur.

Psixoloji gərginlik, aqressiya, intihara meyillilik, ünsiyyət çatışmazlığı – bunlar artıq təkcə ailələrin deyil, cəmiyyətin də qarşısında duran ciddi məsələlərdir.

Sosial medianın sürətlə yayılması, virtual münasibətlərin real həyatı əvəz etməsi, xüsusilə yeniyetmələrin psixoloji tarazlığında dərin izlər buraxır.

Valideynlərin məşğulluğu, ailədaxili münasibətlərdəki gərginlik də bu təsirləri daha da gücləndirir.

Gununsesi.info-nun sözügedən mövzu ilə bağlı sualları məktəb və ailə psixoloqu Sevinc Həbibova cavablandırır.

–Son vaxtlar sosial şəbəkələrin uşaqlara təsiri geniş müzakirə olunur. Siz bu halları məktəbdə necə müşahidə edirsiniz?

— Bəli, bu tendensiya məktəblərdə çox aydın görünür. Sosial şəbəkələrin uşaqlara mənfi təsiri danılmazdır. Dəfələrlə qeyd etmişəm ki, bəzi məzmunlar uşaqlar üçün tamamilə zərərlidir və onlara qarşı müəyyən qadağaların tətbiqi vacibdir. Ümumiyyətlə, bu günün uşaqları psixoloji cəhətdən bir növ böhran yaşayırlar. Demək olar ki, telefon əllərindən düşmür. Günlərinin çox hissəsini sosial şəbəkələrdə keçirirlər. Az qala yatdıqları saatdan tutmuş, nə yediklərinə, haraya getdiklərinə qədər hər şeyi paylaşırlar. Bu da təbii ki, onların şəxsiyyətinə və psixoloji vəziyyətinə mənfi təsir edir. Məncə, valideynlər uşaqları sosial şəbəkələrdə tam nəzarətsiz buraxmamalıdır. Amma təkcə “olmaz” deməklə də iş düzəlmir. Əsas məsələ odur ki, uşaqlara maraqlı və faydalı alternativlər təklif olunsun. Məsələn, uşaqları idmana, musiqiyə, rəsm dərnəklərinə yönləndirmək çox yaxşı nəticə verir. Belə olanda həm vaxtları səmərəli keçir, həm də sosial bacarıqları artır. Axşam evə yorğun qayıdırlar, telefona da o qədər maraq göstərmirlər, çünki nə həvəs qalır, nə də vaxt. Digər vacib məsələ isə valideynlərlə uşaqlar arasında açıq münasibətdir. Uşaq bilməlidir ki, bir problemi olanda valideyninə deyə bilər. Bu gün texnologiyadan tam imtina mümkün deyil. Amma uşaqlara texnologiyadan düzgün istifadə etməyi öyrətmək mümkündür. Əsas budur.

– Valideynlər bu məsələdə nə dərəcədə fəaldırlar?

— Valideynlər əllərindən gələni etməyə çalışırlar. Amma bu, bəzən kifayət etmir. Məktəblərdə həm uşaqlar, həm də valideynlər üçün maarifləndirici seminarların keçirilməsi faydalı olardı. Bu cür tədbirlər valideyn-məktəb əməkdaşlığını gücləndirə və ortaq məsuliyyət hissini formalaşdıra bilər.

– Təhsil Nazirliyi bu sahədə hansı dəstəyi göstərə bilər?

— Əgər rəsmi qurumlar bu istiqamətdə dəstək versələr, tədbirlər daha planlı və təsirli olar. Məqsəd uşaqları həm psixoloji, həm də informasiya təhlükələrindən qorumaqdır.

– Məktəb psixoloqu olaraq riskli uşaqları necə müəyyənləşdirirsiniz? Onları hansı əlamətlərə əsasən tanıyırsınız? 

— İntihara meyilli uşaqlar, adətən, davranışlarına görə seçilirlər. Həyata maraqları azalır, daim yorğun olurlar, çox yatmaq istəyirlər, vaxtın belə fərqinə varmırlar. Yeməyə maraqları olmur, elə bil, dünyadan küsürlər. Heç nə ilə maraqlanmırlar, özlərinə qapanırlar. Bu hallar daha çox sevgi və qayğıdan uzaq qalan, natamam ailələrdən gələn uşaqlarda olur. Belə uşaqlar özlərini tək hiss edir, dəyərsiz olduqlarını düşünürlər. Bəzən diqqət çəkmək üçün özünəqəsd fikirlərini dilə gətirirlər. Vacib məsələ odur ki, intihara meyilli olanlar çox vaxt bu haqda açıq danışırlar. Bunu ciddiyə almaq lazımdır. Əgər vaxtında müdaxilə olunmasa, sonu ağır nəticələr verə bilər.

– Belə riskli vəziyyətlərdə, bir növ “SOS siqnalı” alanda ilk nə edirsiniz?

— Əvvəlcə mütləq ailə ilə, xüsusilə də uşaqla daha çox ünsiyyətdə olan ana ilə əlaqə saxlayırıq. Bəzən bilirik ki, uşaq natamam ailədə böyüyür, amma yenə də anaya tapşırıqlar veririk. Məsələn, uşağı ilə açıq havada gəzməyi, onunla söhbət etməyi, birlikdə vaxt keçirməyi məsləhət görürük. Uşağı dinləmək çox vacibdir. Hətta uşaq heç bir ciddi məsələ danışmasa da, sadəcə, havadan-sudan danışsa belə onu dinləmək lazımdır. Ana diqqətli və sevgi dolu olanda uşaq da özünü güvənli hiss edir. Bu istənilən yaşda belədir. Axı bütün sevgilər anadan başlayır. Həqiqətən də xoşbəxt ana – xoşbəxt uşaq deməkdir.

– Psixoloji dəstək hansı nəticələri verir?

— Bu yanaşmanın müsbət nəticələrini dəfələrlə müşahidə etmişik. Uşaqda və valideyndə dəyişikliklər olur. Uşaq dərsə maraq göstərməyə başlayır, ana isə daha həssas və diqqətli olur. Bəzən bir kiçik dəyişiklik böyük təsir yaradır, kiçik addım böyük nəticə verir. Kiçik toxunuşlarla böyük fərqlər yaratmaq mümkündür.

Məktəblərdə zorakılıq və aqressiyanın qarşısını almaq üçün hansı üsullar daha effektivdir?

— Son vaxtlar məktəblərdə zorakılıq, xüsusilə də “bulling” halları artıb. Mən həmişə deyirəm, hər şeyin kökü sevgidədir. Sevgi ilə böyüyən uşaq nə zorakı olur, nə də başqasına zərər vermək istəyir. Çünki o uşaq artıq sevgi görüb, özünü dəyərli hiss edir. Amma sevgi görməyən, diqqətdən kənarda qalan uşaqlar bu boşluğu aqressiya ilə doldurmağa çalışırlar. Onlar əslində sevgi, ünsiyyət, diqqət axtarırlar. Təəssüf ki, bu gün həm ailədə, həm cəmiyyətdə, həm də məktəbdə ünsiyyət çatışmazlığı çoxdur. Uşaqla danışmırlar, onu dinləmirlər. Elə buna görə də içində yığılanlar bir gün aqressiyaya çevrilir. Bu gün, açığı, psixoloji baxımdan böhran dövründəyik. Çox vaxt uşaqların aqressiyası valideynin davranışından qaynaqlanır. Uşaq evdə nə görürsə, onu məktəbdə təkrarlayır. Ona görə də psixoloji dəstək təkcə uşağa yox, valideynlərə də göstərilməlidir. Sevgi, anlayış və düzgün ünsiyyət – bax bu, ən əsas açardır.

– Məktəb, ailə və psixoloq əməkdaşlığı nə qədər vacibdir?

— Bu əməkdaşlıq həlledicidir. Biz məktəbdə psixoloji dəstək göstərsək də, eyni diqqət evdə də davam etməlidir. Valideyn, məktəb və psixoloq bir komanda kimi işləməlidir. Bu komanda bir-birini tamamladıqda böhrandan çıxış yolu da asanlaşır.

– Valideynlər bu məsələlərə kifayət qədər həssas yanaşırlar?

— Bəli, son illər valideynlər daha məlumatlı və diqqətlidirlər. Hətta evdar xanımlar belə uşaqlarının psixoloji durumu ilə maraqlanır, araşdırma aparır, oxuyur. Psixoloji vəziyyəti izləyir, mütəxəssislərlə məsləhətləşirlər. Bu, çox sevindirici haldır.

– Bəzi mütəxəssislər deyir ki, məktəblərdə psixoloq çatışmır. Sizcə, bu, doğrudan da ciddi problemdir?

— Bəli, bu, real problemdir. Psixoloqların sayı azdır və bu da təəssüf ki, hiss olunur. Amma əsas məsələ təkcə say deyil, keyfiyyətdir. Peşəkar, işini sevən, uşaqlarla düzgün işləməyi bacaran mütəxəssislər olmalıdır. Psixoloq təkcə məsləhət verən adam deyil, həm də çıxış yolu göstərməlidir, uşağı həyat eşqinə qaytarmalıdır. Yəni bu sahə həm ürək, həm də bilik istəyir.

– Uşaqlar bəzən psixoloqa getməkdən utanırlar. Belə vəziyyətlərdə necə davranırsınız?

— Belə hallar tez-tez olur. Xüsusilə yeniyetmələr psixoloqa getməkdən çəkinirlər. Biz onlara dost münasibəti ilə yanaşırıq. Qısa, səmimi söhbətlərlə ünsiyyətə giririk. Uşaq zamanla açılır, özünü ifadə etməyə başlayır və anlayır ki, bu, ona fayda verir.

– Bəzi valideynlər uşaqları üçün həddindən artıq narahat olurlar. Sizcə, bu narahatlığın müsbət və mənfi tərəfləri nədir?

— Bəli, belə valideynlər çoxdur. Bu narahatlığın yaxşı tərəfi odur ki, uşaq qaydalara riayət edir, məsuliyyətli olur, dərslərinə fikir verir, özünü qoruya bilər. Ailəyə də, cəmiyyətə də belə uşağın xeyri dəyir. Amma narahatlıq həddindən artıq olanda artıq bu, uşağa zərər verir. Məsələn, ana uşağına hər an nəsə olacaqmış kimi yanaşır, onu tez-tez həkimə aparır, dərman verir, hətta hər yerdə uşağın problemi barədə danışır. Bu artıq psixoloji pozuntudur – psixologiyada buna “Münhauzen” sindromu deyirlər. Belə analar çox vaxt özlərinin yaşadığı keçmiş narahatlıqları, qorxuları uşaqlar üzərində yaşadırlar. Bu isə uşağın azadlığını, özünə inamını zədələyir. Ona görə də bu cür hallarda sadəcə ana-övlad münasibətinə yox, dərinliyə enmək lazımdır. Mütəxəssis – psixoloq və ya psixoterapevt müdaxiləsi vacib olur. Çünki bəzən görünən narahatlığın altında tamam başqa səbəblər yatır. Bizim cəmiyyətdə isə bu hallara hələ də ciddi yanaşmırlar.

– Elə hallar olurmu ki, uşaqlar tez-tez intihar xəbərləri ilə qarşılaşanda təşvişə düşürlər? Bu mövzunu aralarında müzakirə edirlər? 

— Bəli, belə hallar olur. Uşaqlar bir-birilə bu mövzuda danışırlar, suallar verirlər. Məsələn, “O dünyada kimləri görəcəyik?”, “O dünya həqiqətən varmı?” kimi suallar səsləndirirlər. Kənardan sadə görünə bilər, amma əslində, bu, uşağın içindəki narahatlıqdan, daxili axtarışdan xəbər verir. Belə suallar psixoloji bir qorumanın ifadəsidir – uşaq özünü rahatlaşdırmaq üçün bu sualları verir. Ən təhlükəlisi odur ki, intihara meylli uşaqlar çox vaxt sakit olurlar. Onlar özlərini göstərməz, aqressiv olmazlar. Amma içlərində böyük bir yük daşıyırlar. Səssiz-sədasız şəkildə bu hissləri yaşayırlar. Əgər diqqətlə yanaşsaq, davranışlarında bəzi dəyişikliklərlə bunu sezmək mümkündür. Sosial şəbəkələrin təsiri də böyükdür. Uşaqlar orada tez-tez intiharla bağlı videolar, xəbərlər görürlər. Bu görüntülər onları ciddi şəkildə təsirləndirir. Təsəvvür edin, bir uşaq imtahandan az bal alır, evdə danlanır, üstəlik “bu balı gətirəcəksənsə, evə gəlmə” kimi sözlər eşidir — bu artıq uşaq üçün böyük bir psixoloji yüklənmə deməkdir. Bizim vaxtımızda belə deyildi. O vaxt internet yox idi, uşaqlar daha çox kitab oxuyardı, bir-biriylə ünsiyyət qurardı. İndi isə hər şey telefondadır. Kitabxanalar boş qalıb. Amma sevindirici haldır ki, bəzi uşaqlar hələ də psixoloji kitablara maraq göstərirlər. Ümumiyyətlə, bu günün uşaqları həm çoxlu informasiyanın, həm də emosional laqeydliyin içində qalıblar. Ona görə də həm müəllim, həm valideyn daha diqqətli və anlayışlı olmalıdır.

– Yəqin ki, boşanmış ailələrin uşaqlarında da müəyyən çətinliklər olur? 

— Bəli, belə uşaqlarda psixoloji fəsadlar olur. Onlar çox vaxt özlərini kimsəsiz hiss edirlər, elə bil heç kimə lazım deyillər. Həyatdan küskün olurlar, sevincə, xoş sözə biganə qalırlar. Bu hal uşağın daxili dünyasında dərin izlər buraxır. Amma bu, hər uşaqda olmur. Təxminən 70 faizində bu vəziyyət müşahidə olunur. Digər uşaqlar bu vəziyyəti daha asan qəbul edə bilir. Burada valideynlərin boşandıqdan sonra da uşaqla necə davrandığı çox önəmlidir.

– Söhbət zamanı vurğuladınız, amma bir psixoloq kimi şəxsi müşahidələrinizə əsasən desəniz, bu qədər intihar hallarının əsas səbəbi nədir?

— Məncə, əsas səbəb valideynlərin yola getməməsidir.

– Yəni yalnız bu səbəbmi?

— Bəli, mənim müşahidələrimə görə əsas səbəb budur. Valideynlər bir-birini anlamır, evdə münaqişələr çox olur, bəzən isə bir evdə yaşasalar da, aralarında heç bir sevgi, anlaşma yoxdur. Bu da uşağa birbaşa təsir edir. Uşaq evdə diqqətdən kənarda qalır, özünü tənha hiss edir. Bu da nəticə etibarilə psixoloji boşluğa, bəzən isə daha ağır nəticələrə gətirib çıxarır.

– İndi elə zamandır ki, ata-ana səhər tezdən çıxır, axşama evə gəlir. Uşağa vaxt ayırmaq olmur. Belə halda nə eləmək olar, necə vaxt tapsınlar?

— Bu, tamamilə valideynin məsuliyyəti və istəyindən asılıdır. Bəli, başa düşürük, iş rejimi gərgindir, bəzən adam 15 saat işləyir. Amma evə gələndə uşağa cəmi bir-iki dəqiqə diqqət ayırmaq belə onun üçün çox dəyərlidir. Uşaq o dəqiqəni səbirsizliklə gözləyir, saatlara baxır ki, “anam, atam nə vaxt gələcək?”. Valideyn gələndə onunla nəsə paylaşmaq, danışmaq istəyir. Əgər valideyn “başım qarışıqdır, sonra danışarıq” deyirsə, bu söz uşaqda iz buraxır, onu ruhdan salır. Bəzi uşaqlar anlayışlı olur, vəziyyəti başa düşür. Amma bu da əvvəlcədən qurulmuş münasibətdən asılıdır. Evdə daim əsəbi, gərgin mühit varsa — ata əsəbi, ana yorğun — uşaq da bir müddət sonra özünü lazımsız hiss edir. Düşünür ki, “mən varam, ya yoxam, heç kimə maraqlı deyiləm”. Belə halda uşağın pozitiv qalması çətin olur. Amma məktəb, dostlar, ətraf mühit normal olarsa, bu uşaq həmin çətinliklərdən sıyrılıb, yenidən həyata bağlana bilir.

– Heç fikirləşmisiniz ki, imkan olsa, nəsə böyük bir iş görərdim, uşaqlara, ailələrə, cəmiyyətə xeyir verən bir layihə həyata keçirərdim? Ən çox nəyi dəyişmək istərdiniz?

– Bəli, bu haqda çox fikirləşmişəm. Uzun illərdir, ürəyimdən keçir ki, faydalı bir layihə həyata keçirək, xüsusilə də uşaqlara və ailələrə yönəlik. Artıq ölkəmizdə psixoloji mərkəzlər fəaliyyət göstərir, psixoloqlar da yaxşı işlər görür. Prezidentin təşəbbüsü ilə inklüziv təhsillə bağlı layihələr başlanıb, bu da çox vacib məsələdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi məktəblərin açılması planlaşdırılır və bu, onların cəmiyyətə daha rahat uyğunlaşmasına kömək edəcək. Biz psixoloqlar da çalışırıq ki, daim yenilikləri izləyək, seminarlara gedək, riskli qruplara aid uşaqlara vaxtında dəstək verək. Ailələrə də bu məsələdə böyük iş düşür. Məncə, hər problemin həlli var – əsas məsələ odur ki, valideyn məsuliyyətli olsun, uşağına vaxt ayırsın və sevgi göstərsin. Bir müdrik insan demişdi ki, uşağa veriləcək ən böyük hədiyyə valideynin özüdür. Ana-ata sevgisini, diqqətini əsirgəməsə, uşaq sağlam böyüyər, ruhən güclü olar.

– Son vaxtlar “kouç” və “motivasiyaçı” adlandırılan insanların sayı çoxalıb. Sizcə, bu, yaxşıdır, yoxsa pis? Onların cəmiyyətə təsiri necədir?

— Məncə, bu, elə də pis hal deyil. İnsanlar bəzən öz problemlərini danışmağa, paylaşmağa ehtiyac duyur. Bu tip insanlarla ünsiyyət bəzən onlara kömək edir. Amma olur ki, kiminsə müraciət etdiyi şəxs ona uyğun gəlmir. Belə olan halda başqa bir mütəxəssisə üz tutmaq olar. Seçim hər kəsin şəxsi qərarıdır. mPsixoloqların sayı çoxalsa da, əsas məsələ keyfiyyətdir. Yəni peşəkar və işini bilən psixoloqlar fəaliyyət göstərməlidir. Gələcəkdə bəlkə də hər ailənin bir psixoloqu olacaq — bu pis deyil. Əsas odur ki, həmin mütəxəssislər insanlara çıxış yolları göstərsinlər, düzgün istiqamət versinlər. Məktəblərdə də, ailələrdə də psixoloq məsələsi ön planda olmalıdır. Bu, uşaqların və ailələrin sağlamlığı baxımından çox vacibdir.

-Bu mövzunu necə yekunlaşdırmaq olar?

– Yekun olaraq demək istəyirəm ki, uşağın sağlam inkişafı üçün ən əsas şey sevgi, diqqət və qayğıdır. Valideynin, müəllimin və ümumilikdə ətrafın dəstəyi uşağın ruh sağlamlığını qoruyur. Belə uşaqlar gələcəkdə daha güclü, özünəinamlı insan olurlar. Əgər çətinlik yaşanırsa, mütləq psixoloji dəstəyə müraciət olunmalıdır. Bu, zəiflik deyil, əksinə, güclü olmaq üçün atılan ilk addımdır.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyun 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda UFC gecəsi Yenilənir

22 İyun 2025 00:18see173

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see145

Bəzi balıqlar necə elektrik istehsal edir?

22 İyun 2025 00:51see136

Azərbaycanda ilk dəfə UFC turniri keçirilib

22 İyun 2025 02:32see133

KİV: İsrail İran ABŞ razılaşmasını gözləmək niyyətində deyil

22 İyun 2025 01:15see128

Xabi Alonso Real Madrid də dronlardan istifadə edir

22 İyun 2025 04:09see126

BDU nun dekan müavini vəfat etdi

21 İyun 2025 23:45see124

Məhəmməd Nayimov Bakıda rəqibini məğlub etdi

21 İyun 2025 23:55see119

Hərbi texnikalar Ermənistandan Qarabağa belə gətirilib... Saakyan təsdiqlədi

21 İyun 2025 21:26see119

Taqir Ulanbekovdan çətin qələbə

21 İyun 2025 21:18see117

Şahin Bağırov Fərid Usubovu bu əməlinə görə sərəncama götürdü

21 İyun 2025 23:02see116

Tramp: Fordo artıq yoxdur

22 İyun 2025 05:39see115

Virts tibbi müayinədən keçdi, Kerkez də yol üstədi

22 İyun 2025 00:31see115

Antarktida yeni dəniz canlıları kəşf etdi

21 İyun 2025 22:43see115

Bazar gününün HAVASI

21 İyun 2025 14:17see114

“Əşrəf Röya”da toy var: Demet Özdemir nikah şahidi oldu

22 İyun 2025 03:05see114

İran İsraillə əməkdaşlıq edənlərə amnistiya vəd edir!

21 İyun 2025 21:01see114

Belarus müxalifətinin liderinin həyat yoldaşı Sergey Tixanovski azadlığa buraxılıb

21 İyun 2025 18:05see114

Qəza kilometrlərlə tıxaca səbəb oldu FOTO

22 İyun 2025 00:36see114

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri