İnvestor cəlb etmək istəyən sahibkar nələri bilməlidir?
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Biznesini böyütmək, yeni bazarlara çıxmaq və ya fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün əlavə maliyyə mənbəyi tapmaq vacib məsələlərdən biridir. Bu mərhələdə müraciət edilən əsas maliyyə mənbələrindən biri investorlardır. Lakin investor cəlb etmək sadəcə biznes ideyasını təqdim edib maliyyə istəməkdən ibarət deyil. Sahibkarın biznesinin real potensialını göstərməsi, maliyyə göstəricilərini əsaslandırması və investorla gələcək əməkdaşlığın şərtlərini əvvəlcədən müəyyənləşdirməsi tələb olunur.
Bəs investor axtarışına çıxmazdan əvvəl sahibkar hansı hazırlıqları görməli, biznesinin hansı tərəflərini təqdim etməli və investorla danışıqlarda hansı məqamlara xüsusi diqqət yetirməlidir?
İnvestor biznesdə nə axtarır?
İnvestor üçün ilk növbədə biznes ideyasının maraqlı olması kifayət etmir. Onu maraqlandıran əsas məsələ həmin ideyanın gəlir gətirən və uzunmüddətli perspektivdə böyüyə bilən biznesə çevrilmə ehtimalıdır.
İnvestorlar adətən biznesin hansı problemi həll etdiyini, məhsul və ya xidmətə bazarda real tələbatın olub-olmadığını, potensial müştərilərin sayını və rəqabət mühitini qiymətləndirirlər. Sahibkar bazarın həcmini göstərməklə yanaşı, həmin bazardan hansı payı əldə edə biləcəyini də əsaslandırmalıdır.
Məsələn, sahibkar yeni restoran şəbəkəsi yaratmaq üçün investisiya axtarırsa, yalnız restoran konsepsiyasını təqdim etməsi kifayət deyil. O, hədəf auditoriyasını, seçdiyi məkanın üstünlüklərini, rəqiblərini, orta hesabla bir müştəridən əldə etdiyi gəliri və gələcək filialların açılması ilə bağlı planlarını da izah etməlidir.
İnvestorun diqqət yetirdiyi digər mühüm məsələ biznesi idarə edən komandadır. Xüsusilə yeni yaradılan şirkətlərdə investorlar təsisçilərin təcrübəsini, bazarı nə dərəcədə tanımasını və qarşıya çıxan çətinlikləri həll etmək bacarığını qiymətləndirirlər. Çünki uğurlu biznes yalnız yaxşı ideyadan deyil, həmin ideyanı həyata keçirə bilən komandadan da asılıdır.
Maliyyə göstəriciləri hazır olmalıdır
İnvestorla görüşə hazırlaşan sahibkar biznesinin maliyyə vəziyyətini dəqiq bilməlidir. Gəlirlər, xərclər, mənfəət, borclar, pul axını və gələcək maliyyə proqnozları şəffaf şəkildə təqdim edilməlidir.
ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) kiçik bizneslər üçün hazırladığı təlimatda da investisiya cəlb etməyə hazırlaşan şirkətlərə maliyyə hesabatlarını və təsisçilər arasındakı mülkiyyət bölgüsünü əvvəlcədən qaydaya salmaq tövsiyə olunur.
Burada sahibkarın cavablandırmalı olduğu əsas suallardan biri nə qədər investisiyaya ehtiyac duymasıdır. İstənilən məbləğ konkret hesablamalara əsaslanmalıdır. Məsələn, şirkət 200 min manat investisiya istəyirsə, bu vəsaitin hansı hissəsinin avadanlıqlara, işçi heyətinə, marketinqə və ya yeni filialların açılmasına ayrılacağını izah etməlidir.
Bundan başqa, sahibkar cəlb etdiyi vəsaitin biznesə nə qədər müddət fəaliyyət göstərmək imkanı verəcəyini də hesablamalıdır. Bu göstərici startap dünyasında runway adlanır. Başqa sözlə, şirkətin mövcud pul ehtiyatı və cəlb etdiyi investisiya hesabına əlavə maliyyə əldə etmədən nə qədər müddət fəaliyyətini davam etdirə biləcəyini göstərir.
Maliyyə proqnozları da real olmalıdır. Gəlirlərin qısa müddətdə bir neçə dəfə artacağını göstərən, lakin bunu əsaslandıran bazar strategiyası olmayan hesablamalar investorun etimadını azalda bilər.
Təqdimat investisiya qərarına təsir edir
İnvestor axtaran sahibkarın hazırlamalı olduğu əsas sənədlərdən biri pitch deck adlanan təqdimatdır. Bu, biznesin mahiyyətini, bazar imkanlarını, gəlir modelini və inkişaf perspektivlərini qısa və anlaşılan formada göstərən təqdimatdır.
Belə təqdimatda ilk növbədə biznesin hansı problemi həll etdiyi və təklif etdiyi məhsulun və ya xidmətin bu problemi necə aradan qaldırdığı izah edilməlidir. Daha sonra hədəf bazar, rəqiblər, biznes modeli, mövcud satışlar, komanda və maliyyə göstəriciləri təqdim olunmalıdır.
Təqdimatın sonunda sahibkarın nə qədər investisiya axtardığı və həmin vəsait qarşılığında investora hansı payı təklif etdiyi göstərilə bilər.
2026-cı ildə vençur investisiyaları üzrə fəaliyyət göstərən CRV investisiya şirkətinin dərc etdiyi materialda komanda və biznesin əldə etdiyi real nəticələrin ilkin mərhələdə investorların diqqətini çəkən əsas amillərdən olduğu vurğulanır. Bu isə təqdimatın yalnız gələcək vədlərdən deyil, artıq əldə edilmiş nəticələrdən də ibarət olmasının vacibliyini göstərir.
Şirkətin hansı payı veriləcək?
İnvestor cəlb etmək istəyən sahibkarların ən çox diqqət yetirməli olduğu məsələlərdən biri də şirkətdəki mülkiyyət payının bölüşdürülməsidir.
İnvestor biznesə pul yatırarkən bunun qarşılığında şirkətin müəyyən hissəsinə sahib olmaq istəyə bilər. Bu halda sahibkar şirkətin qiymətləndirilməsini və investora veriləcək payı əvvəlcədən hesablamalıdır.
Məsələn, bir şirkət investisiyadan əvvəl 1 milyon manat dəyərində qiymətləndirilirsə və investor həmin şirkətə 250 min manat yatırırsa, investisiyadan sonrakı ümumi dəyər 1 milyon 250 min manat olur. Bu halda investorun şirkətdəki payı 20 faiz təşkil edir.
Beləliklə, sahibkar şirkətin 100 faizinə sahib olmaq əvəzinə müəyyən hissəsini investora verir. Bu proses biznesdə equity dilution, yəni təsisçilərin mülkiyyət payının azalması adlanır.
Burada əsas məsələ yalnız nə qədər payın verilməsi deyil, gələcəkdə şirkətin idarə edilməsinə dair qərarların necə qəbul olunacağıdır. İnvestorun idarəetmədə iştirakı, səsvermə hüquqları, əlavə investisiya turları zamanı payların dəyişməsi və digər şərtlər əvvəlcədən razılaşdırılmalıdır.
İnvestor seçimi də vacibdir
Sahibkarın qarşısına çıxan hər investorla əməkdaşlıq etməsi düzgün seçim olmaya bilər. Çünki investor biznesə yalnız maliyyə vəsaiti deyil, eyni zamanda idarəetmə və inkişaf prosesinə təsir göstərən tərəfdaş kimi daxil ola bilər.
Məsələn, texnologiya sahəsində fəaliyyət göstərən şirkət üçün həmin sektorda təcrübəsi, əlaqələri və bazar haqqında biliyi olan investor daha faydalı ola bilər. Belə investor şirkətin yeni müştərilər qazanmasına, tərəfdaşlıqlar qurmasına və xarici bazarlara çıxmasına kömək edə bilər.
ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının sahibkarlar üçün tövsiyələrində də investor seçərkən onun yalnız maliyyə imkanlarına deyil, sektor üzrə təcrübəsinə və şirkətin uzunmüddətli məqsədləri ilə uyğunluğuna diqqət yetirilməsi qeyd olunur.
Sahibkar investorun əvvəlki layihələrini, digər şirkətlərlə əməkdaşlıq təcrübəsini və biznesə müdaxilə səviyyəsini də araşdırmalıdır. Əks halda, maliyyə dəstəyi kimi başlayan əməkdaşlıq gələcəkdə idarəetmə problemlərinə səbəb ola bilər.
Müqavilə şərtləri diqqətlə yoxlanılmalıdır
İnvestorla ilkin razılıq əldə edildikdən sonra tərəflər adətən term sheet adlanan sənəd üzərində razılaşırlar. Bu sənəddə investisiyanın məbləği, şirkətin qiymətləndirilməsi, investorun əldə edəcəyi pay və digər əsas şərtlər əks olunur.
Bundan sonra investor biznesin maliyyə, hüquqi və əməliyyat vəziyyətini yoxlamağa başlayır. Bu proses due diligence adlanır.
Yoxlama zamanı şirkətin qeydiyyat sənədləri, maliyyə hesabatları, vergi öhdəlikləri, müqavilələri, borcları, müştəri bazası və digər məlumatları araşdırıla bilər. İnvestor təqdim olunan məlumatların həqiqiliyini və biznesin hüquqi baxımdan hansı risklər daşıdığını müəyyənləşdirməyə çalışır.
Bu səbəbdən sahibkar sənədləri əvvəlcədən hazırlamalı, bizneslə bağlı məlumatları şəffaf təqdim etməli və müqaviləni imzalamazdan əvvəl hüquqşünas və maliyyə mütəxəssisi ilə məsləhətləşməlidir.
İnvestisiya necə geri qayıdacaq?
İnvestorun əsas məqsədi yatırdığı kapitaldan gəlir əldə etməkdir. Buna görə sahibkar biznesin gələcəkdə necə böyüyəcəyini və investorun yatırdığı vəsaitdən hansı yolla gəlir əldə edə biləcəyini izah etməlidir.
Bu, şirkətin mənfəətindən dividend əldə etmək, gələcəkdə öz payını başqa investora satmaq və ya şirkətin daha böyük biznes tərəfindən satın alınması kimi müxtəlif yollarla mümkün ola bilər.
Xüsusilə vençur kapitalı investisiyalarında investorlar şirkətin gələcəkdə daha yüksək dəyərə çatmasını və müəyyən mərhələdə öz paylarını sataraq investisiyadan çıxış etməyi nəzərdə tuta bilərlər. Bu strategiya exit strategy adlanır. Buna görə sahibkar yalnız biznesin böyümə planını deyil, investorla əməkdaşlığın uzunmüddətli perspektivini də düşünməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Noyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















