Icma.az
close
up
RU
“Iphone”u təmir etdirməyə pulun olmayacaqsa, onu kreditlə almamalısan MÜSAHİBƏ

“Iphone”u təmir etdirməyə pulun olmayacaqsa, onu kreditlə almamalısan MÜSAHİBƏ

Müasir dövrdə kreditlər həm gündəlik ehtiyaclarımızı qarşılamaq, həm də biznesimizi genişləndirmək üçün geniş istifadə olunan maliyyə alətinə çevrilib. Lakin kredit götürmək, yalnız ani maliyyə problemlərini həll etmək deyil, eyni zamanda gələcək öhdəliklərin düzgün planlaşdırılmasını tələb edir. Bəs kredit götürən şəxslər nələrə diqqət etməlidirlər? Hansı hallarda kredit almaq məqsədəuyğundur və hansı hallarda risklidir?

Ölkə.az xəbər verir ki, Valyuta.az-ın bu tipli suallarını maliyyə eksperti İsmayıl Məmmədov cavablandırıb.

- İsmayıl bəy, ilk dəfə kredit götürən şəxslərlə başlayaq. Nələrə baxmalı, nələri analiz etməlidirlər? 

- Ümumilikdə, kredit götürən şəxs ilk olaraq “Kreditin məqsədi nədir?” sualına cavab verməlidir. Müvəqqəti nağd pula ehtiyac yaranıb, yoxsa böyük alış-veriş, təhsil və s. kimi məqsədlər var? Sonra maliyyə vəziyyətinə baxmalıdır. Maaşını və əlavə gəlirləri varsa, onları analiz etməli və dəqiqləşdirməlidir ki, bu gəlirlə kreditin aylıq ödənişlərini edə biləcəkmi? Eyni zamanda, digər borclarının olub-olmamasına baxmalıdır. Bunlardan sonra isə keditin qaytarılmasına nə qədər vaxt ayıra biləcəyinizi düşünməlisiniz. Bununla o suala cavab tapırsınız ki, kreditin aylıq ödənişləri ilə həyatınızı necə planlaşdıracaqsınız və nə qədər uzun müddət öhdəlik götürməyə hazırsınız?

“Bank sizin qeyri-rəsmi borclarınızı bilmir...”

- Ancaq görünən odur ki, bir çox şəxs gəlirlərini və öhdəliklərini düzgün qiymətləndirə bilmir. Nəticədə bir neçə ay sonra ödəmə çətinliyi yaşayır.

- Bəli, əgər kredit götürüb öhdəlik alırsansa, hər bir gəlirini analiz etməli, hansıların dayanıqlı, hansıların müvəqqəti olduğuna baxmalısan. Aylıq ödənişlər, ev təsərrüfatı, nəqliyyat və digər daimi xərclər diqqətə alınmalıdır. İstər-istəməz hər ay ekstra xərclər də çıxa bilir. Bəzən müvəqqəti hansısa əlavə gəlirə arxayın olub böyük borclanmaya gedirlər, amma o gəlir dayananda, problem yaşanır. Deyək ki, bank sizin qeyri-rəsmi borclarınızı bilmir, rəsmi gəlirinizə əsasən sizə böyük məbləğdə kredit düşdüyü üçün verir, amma burada artıq siz öhdəliklərinizi bilməlisiniz.

Bir çox bank, kredit götürməzdən əvvəl müştərilərə “təhlükəsizlik yastığı” prinsipini tətbiq etməyi tövsiyə edir. Bu prinsip, müştəriləri hər ay müəyyən bir məbləğ qənaət vərdişi yaratmağa və kredit ödənişlərini asanlıqla qarşılamağa kömək edir.

Sonra ödənişlə bağlı problem yaşamamaq üçün uyğun şərtlər seçsəniz, maliyyə çətinlikləri ilə üzləşmə riskini minimuma endirmiş və stresi azaltmış olarsınız.

- Banklar müştərilərə əməkhaqlarının maksimum 45 faizi qədər aylıq ödəniş öhdəliyi olan kreditlər verirlər, amma deməli, qeyd etdiyiniz nüanslar da önəmlidir.

- Bəli, nəticə krediti götürən şəxsdən asılıdır. Düzdür, adətən, banklar Mərkəzi Bankın göstərişlərinə əsasən, 45%-lik borc yüklənməsi əmsalına əməl edir. Amma eyni zamanda, banklar krediti götürməzdən əvvəl müştərilərə bütün şərtləri ətraflı müzakirə etməyi və ödəniş planını tam anlamalarını tövsiyə edir. Bu prinsipə görə, müştərinin əməkhaqqının 45%-ə qədərini kredit ödənişi üçün uyğunlaşdırmaq tövsiyə olunur. Bu yanaşma, müştərilərin kredit ödənişlərini rahatlıqla qarşılamalarına, gələcəkdə daha yaxşı şərtlərlə kredit almaq imkanına və sağlam maliyyə idarəçiliyinə nail olmalarına imkan yaradır.

İstisna hallar odur ki, insan həyatı ilə bağlı problemlər yaransa, bu zaman 45 faizlik ödənişi də ödəməkdə problem ola bilər.

Ancaq şəxs özü gələcəkdə bu riskləri nəzərə alaraq qərar verməli və maliyyə savadlılığını, maliyyənin və kreditlərin düzgün idarə edilməsini xüsusi önəm verməlidir.

“Kredit götürmək həm fürsət, həm də böyük məsuliyyətdir”

- Bu gün geyimdən tutmuş biznesə qədər hər bir işimizi kreditlə həll edə bilirik. Kredit götürmək hansı hallarda doğru qərardır və hansı hallarda düzgün seçim deyil?

- Bu gün həyatımızın bir çox sahəsində kreditlər bizim üçün imkanlar yaradan vasitə rolunu oynayır. Demək olar ki, hər kəsin əlində bu alət var: kredit kartı, bank krediti və ya biznesin inkişafı üçün maliyyə dəstəyi. Kreditdən düzgün vaxtda və doğru şəkildə istifadə etdikdə, o, bir çox qapılar açır. İş həyatında yeni layihələrə başlamaq, biznesi inkişaf etdirmək, eyni zamanda şəxsi həyatda böyük bir investisiya, təhsil xərcləri və digər zəruri ehtiyacların ödənilməsi üçün də kreditdən faydalanmaq mümkündür. Amma kreditin gözlənildiyindən daha çətin vəziyyətlər yarada biləcəyini də nəzərə almaq lazımdır. Əgər borcumuzu vaxtında ödəyə bilmiriksə, faizlər və cərimələr sürətlə artır və bu da maliyyə yükünü ağırlaşdırır. Üstəlik, kredit götürülən vəsaitin gələcəkdə bizə gəlir gətirəcəyini düzgün planlaşdırmaq çətin ola bilər.

Bir sözlə, kredit götürmək həm fürsət, həm də böyük məsuliyyətdir. Bu, bizi gələcəkdə daha yaxşı vəziyyətə gətirə bilər, amma ehtiyatlı olmaq və borcun ödənilmə imkanını öncədən yaxşıca qiymətləndirmək çox vacibdir.

- Kredit götürdükdən sonra hansı davranış və yanaşma kreditin həyatımızı çətinləşdirməsinə deyil, asanlaşdırmasına kömək edə bilər?

- Ümumilikdə, kredit götürürsənsə, lazımsız xərcləri azaltmağa və büdcəni daha effektiv idarə etməyə çalışmalısan. Kreditlər düzgün və məsuliyyətli şəkildə istifadə edildikdə problem yaratmır. Əksinə, insanların ehtiyaclarını qarşılamaq, bizneslərini inkişaf etdirmək və təhsil üçün faydalı alət ola bilər. Lakin kreditimizin aylıq ödənişi bizim maddi imkanımızı aşdığı və ödənişlər gecikdirildiyi halda problemə çevrilir. Gecikmə faizləri isə adətən yüksək olur.

“Kredit kartlarının ödənişlərini vaxtında etmək lazımdır”

- Son vaxtlar kredit kartlarından istifadə geniş yayılıb. Bir çox insan bununla bağlı istifadədə doğru yanaşma tətbiq edə bilmir.

- Hazırda kredit kartları alış-veriş etmək və təcili vəziyyətlərdə maliyyə dəstəyi almaq üçün rahat vasitədir. Lakin onlardan istifadə edərkən məsuliyyətli davranmaq vacibdir. Kredit kartı ilə edilən alış-verişlərin ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmək əsas şərtdir. Əks halda faizlər və cərimələr borcun artmasına səbəb ola bilər.

Kartın limitini aşmaqdan çəkinmək də vacibdir, çünki bu həm borcun artmasına, həm də kredit tarixçəsinə mənfi təsir göstərə bilər. Əgər borcunuzu ödəniş tarixindən əvvəl tam şəkildə ödəyə bilmirsinizsə, faizlərin qarşısını almaq üçün mümkün qədər kartın balansını sıfırlamağa çalışın.

Kredit kartı üzərindəki cəlbedici təkliflərə baxmayaraq, yalnız ehtiyac olduğu halda xərcləmək tövsiyə olunur. Nəzarətsiz alış-verişlər borcun artmasına gətirib çıxara bilər və bu səbəbdən büdcəyə nəzarət etmək çox önəmlidir.

Kredit kartlarından istifadə edərkən vaxtında ödəniş etmək yaxşı bir kredit tarixçəsi qurmağa da köməklik edir. Bu, gələcəkdə digər maliyyə məhsullarını əldə etməkdə sizə kömək edəcək.

- Aylıq 2500 manat gəliri olan, 2-3 yaşlı 2 uşağı olan və öz evini olan gənc bir ailə, müəyyən problemlərini kredit götürərək həll etmək istəyir. Aylıq kredit ödənişinin məbləği nə qədər olmalıdır ki, ailənin maliyyə vəziyyəti ciddi şəkildə pozulmasın?

- Kredit ödənişlərinin məbləği, aylıq gəlirə əsaslanaraq, şəxs və ailənin maliyyə vəziyyətinə görə dəyişə bilər. Ümumiyyətlə, kredit ödənişləri aylıq gəlirin 45%-ni keçməməlidir. Bu göstərici “BGN əmsalı” və ya “DTİ əmsalı” adlanır və Mərkəzi Bank tərəfindən nəzarət edilir. Məsələn, aylıq gəliri 2500 manat olan bir ailə üçün kredit ödənişləri 1125 manatdan çox olmamalıdır. Bu, onların digər gündəlik xərcləri və büdcəsini qorumağa kömək edir. Eyni zamanda, kreditin növü və şərtləri də ciddi nəzarət altındadır. Ailənin digər maliyyə öhdəlikləri, məsələn, uşaqların təhsili və tibb xərcləri, ödəniş qabiliyyətinə təsir edə bilər. Kredit götürməzdən əvvəl, şəxsin öz maliyyə vəziyyətini diqqətlə qiymətləndirməsi və ən uyğun şərtlərlə kredit əldə etməyə çalışması vacibdir.

“Ani hisslərlə kredit götürmək düzgün hesab edilmir

- Bəzən deyirlər ki, uzunmüddətli kredit götürmək daha yaxşıdır, çünki aylıq ödənişlər daha kiçik olur və buna görə də yüklənmə hiss olunmur. Bəzən isə əksinə, çox ödə, tez bitsin deyirlər. Hər iki yanaşmanın fərqləri nələrdir və hansı daha sərfəli ola bilər?

- Ümumi olaraq, uzunmüddətli kreditlərdə faizlərin ödənilməsi qaydası əvvəlcə faizlərin ödənilməsi ilə müəyyən edilir. Məsələn, uzunmüddətli kredit götürdükdə və hər ay bərabər ödənişlər etdikdə, ilk növbədə faizlər ödənilir, əsas məbləğ isə az çıxılır. Buna görə də uzun müddətli kreditlərdə əgər kredit tez bağlanarsa, əsas məbləğin böyük hissəsi ödənmiş olur. Qısa müddətli kredit götürdükdə, müəyyən müddətdən sonra krediti bağlamaq istəsək, əsas məbləğin böyük bir hissəsini artıq ödədiyimizi görəcəyik. Buna görə də uzunmüddətli kreditlər əsasən uzunmüddətli layihələr və proyektlər üçün daha məqsədə uyğundur, qısamüddətli kreditlər isə adətən, istehlak məqsədli xırda ehtiyaclar üçün götürülür.

- Bank kredit vermirsə, bəzi şəxlər dost-tanışın adına götürür. Nə dərəcədə doğru edirik?

- Maliyyə savadlığına dair məsələlər çox vacibdir. Cəmiyyətimizin böyük əksəriyyəti maliyyə savadlığı baxımından kifayət qədər məlumatlı deyil. Hətta müəyyən maliyyə təhsili olan insanlar belə, öz gəlir və xərclərini düzgün hesablamaqda çətinlik çəkirlər. Məsələn, bəzi insanlar öz avtomobilinin benzin sərfiyyatını, ehtiyat hissələrini, cərimələrini belə hesablamazlar. Nəticədə, bütün pullarını maşına xərcləyib, növbəti gün benzin almağa pul tapmayacaqlarını görürlər. Eyni zamanda, insanlar son model “iPhone” alıb, onu kreditlə götürürlər və hər ay ödəniş etməyə çalışırlar, amma telefonları xarab olduqda, onu təmir etdirmək üçün pulları olmur. Yəni, bir əşya istehlak məqsədilə alındıqda, onu unutmaq olmaz ki, həmin an insanı xoşbəxt edə bilər, amma hər ay ödənişini etdikcə həmin əşyadan uzaqlaşır. Xarab olduqda və ya istifadəyə yararsız olduqda isə ödənişlərini etmək çətinləşir. Ona görə də, maliyyə hesablamasını düzgün aparmaq çox vacibdir. Kreditlərdən istifadə edərkən, iqtisadiyyatda “pul-pulu gətirər” deyimi mövcuddur. Kredit götürərkən, onun gələcək mənfəəti, gəlirləri və xeyri nəzərə alınmalıdır. Ani hisslərlə kredit götürmək düzgün hesab edilmir.

Maliyyə savadlılığının önəmi...

- Qısası, “İphone” alıramsa, sabah onun təmirinə ehtiyac olsa, gəlirim ona imkan verməyəcəksə, almamalıyam?

- İstənilən əşya – telefon, maşın, soyuducu, televizor və s. Alanda, bu nüansı nəzərə almalıyıq ki, gələcəkdə xarab ola və bu, əlavə xərclər yarada bilər. Aylıq ödəniş 300 manat olan telefon alırsınızsa, ekranı xarab olsa, ya da başqa bir problem yaransa, onu təmir etdirmək üçün pulunuz olmalıdır. Dövlət bu məsələyə diqqət yetirir və insanların öz həyat prizmasından daha dərindən analiz etmələrini istəyir. Təəssüf ki, bizim cəmiyyətdə insanların çoxu, ödənişlərini tam ödədikdən sonra təmir və qulluq məsələləri üçün maddi çətinliklərlə qarşılaşır və bu səbəbdən yenidən kredit götürməyə ehtiyac duyurlar.

- Bir çox insan işlərini kreditlə həll etməyə üstünlük verir, bunun nəticəsində isə kreditə olan asılılıq artır. Bu cür yanaşma ilə işləmək nə qədər məqsədəuyğundur?

- Müasir iqtisadiyyatda, xüsusilə ev almaq, iş qurmaq, təhsil almaq və ya digər böyük xərcləri qarşılamaq üçün kreditlər faydalı ola bilər. Kreditlər, insanlara bu məqsədlərə daha sürətli çatmaq imkanı verir və müəyyən bir dövr ərzində maliyyə yükünü yüngülləşdirir. Lakin kreditlərə əsaslanan yanaşma uzunmüddətli perspektivdə, maliyyə sağlamlığına zərər verə bilər. Əgər düzgün idarə olunmazsa, bu maliyyə savadlığının azlığına işarədir və ciddi problemlərə yol açar. Ona görə də kreditlərdən istifadə edərkən diqqətli və məsuliyyətli olmaq vacibdir. Kreditlər yalnız zəruri hallarda və gəlirə uyğun şəkildə istifadə edilməlidir. Yəni, “kreditsiz iş görmək mümkün deyil” yanaşması bəzən doğru olsa da, kreditlərdən yalnız ehtiyatla və doğru məqsədlərlə istifadə etmək daha sağlam yanaşmadır.

Eyni zamanda, çox insanın pul yığmaq vərdişi yoxdur. Bu səbəbdən istədiklərini əldə etmək üçün kreditə müraciət edirlər və nəticədə hər addımda kreditlərdən istifadə etməyə başlayırlar. Beləliklə, “kreditsiz iş görmək mümkün deyil” düşüncəsi təsdiqini tapır.

Əlavə olaraq, cəmiyyətdə yayılmış lotereya formaları da maliyyə yığma vərdişinin olmaması ilə əlaqəlidir. İnsanlar pul yığa bilmədiklərinə görə, lotereya sistemini kredit kimi qəbul edərək özlərini maliyyələşdirirlər. Bu da maliyyə savadlığının çatışmazlığından irəli gəlir.

Təklif edirəm ki, Təhsil Nazirliyi və təhsil müəssisələri riyaziyyat təhsilini daha da gücləndirsinlər. Çünki riyaziyyatla güclü olan şəxslər maliyyə savadlığı və maliyyə hesabatlılığına böyük əhəmiyyət verirlər. Bu cür insanlar gəlirlərini və xərclərini düzgün hesablayır və beləliklə, yuxarıda qeyd olunan problemlərlə qarşılaşmırlar.

seeBaxış sayı:57
embedMənbə:https://olke.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri