Icma.az
close
up
RU
İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri...

İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Hətta bəzi bölgələrdə XX əsrin sonu ilə müqayisədə temperaturun 2°C və ya daha çox artması məhsul istehsalına mənfi təsir göstərəcək. Tədqiqatlara əsasən, qlobal miqyasda iqlim dəyişikliyi kənd təsərrüfatı məhsuldarlığını təxminən 21% azaldıb. Bu da zamanla məhsul çatışmazlığına, iqtisadi itkilərə və ərzaq təhlükəsizliyinin zəifləməsinə səbəb ola bilər. Xüsusilə, tropik və subtropik zonalarda buğda, düyü və qarğıdalı bitkilərinin məhsuldarlığında azalmalar proqnozlaşdırılır. Məsələn, proqnozlara əsasən, qarğıdalının məhsuldarlığı əsrin sonuna qədər 20–24%, kartof 6-9%, düyü (Asiyada) isə 2050-ci ilə qədər 11–15% azalacaq. Eləcə də 2050-ci ilə qədər Arabika (qəhvə) yetişdirilməsi üçün yararlı ərazilər yarıbayarı azalacaq.

Ekoloqlara görə, antropogen iqlim dəyişikliyi bioloqlar tərəfindən müəyyən edilən 94 əsas ekoloji prosesin 82 faizinə mənfi təsir göstərir. XXI əsrdə və ondan sonrakı dövrdə mövcud risklər, xüsusilə də şirin su çatışmazlığı kəskinləşəcək və yeni risklər yaradacaq.

BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatına görə, 2050-ci ildə ərzaq tələbatını ödəmək üçün bitkiçilik və heyvandarlıq məhsullarının illik qlobal istehsalı mövcud səviyyə ilə müqayisədə 60% artırılmalıdır. Lakin iqlim dəyişikliyi 2030-cu ilə qədər aclığın aradan qaldırılmasına və dayanıqlı ərzaq istehsalı sistemlərinin qurulmasına mane olur.

Ərzaq Təhlükəsizliyi Təşkilatının qiymətləndirməsinə əsasən, əksər ölkələrdə kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi ərazinin 40 faizindən çoxunu təşkil edir. Avropa və Mərkəzi Asiya regionunda bu sahədə məşğulluq ümumi məşğulluğun 20 faizindən çoxunu əhatə edir.

Azərbaycan ərazisinin təxminən 15%-i quraqlığa meyillidir, 6%-i isə səhralaşma təhlükəsi altındadır

İqlim dəyişiklikləri Azərbaycan üçün çox aktualdır. Çünki ölkə ərazisinin təqribən 50%-i yarımsəhra və quru çöl iqlim tipi ilə səciyyələnən arid zonada yerləşir. Eləcə də ərazilərin təxminən 15%-i quraqlığa meyillidir, 6%-i isə səhralaşma təhlükəsi altındadır. Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə təşkil edib. 2025-ci ildə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16,2 dərəcə təşkil edib. İstilik dalğaları intensivləşib, əkinlərə və infrastruktura ziyan vuran dağıdıcı leysan yağışlar, qasırğavari küləklər və dolu yağışlarının tezliyi artıb.

Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeyd alınıb. 2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edib. Sel hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-də artıq 36, 2025-də 33 sel hadisəsi baş verib. İqlim dəyişikliyinin təsirləri Azərbaycanın bütün bölgələrində hiss olunur. Xüsusilə, Kür-Araz ovalığı, Abşeron və Qobustan kimi ərazilər Azərbaycanın arid (quru) zonaları olduğu üçün iqlim dəyişikliyinə qarşı ən həssas yerlər sayılır. Temperaturun kəskin yüksəlməsi və yağıntıların azalması səbəbindən torpaqların səhralaşması və şoranlaşması prosesi Kür-Araz ovalığında pik həddə çatıb. Suvarma suyunun çatışmazlığı kənd təsərrüfatına ağır zərbə vurur.

Bundan əlavə, yağıntı azlığı və güclü buxarlanma Abşeron yarımadası və Qobustanda torpaqların deqradasiyasını sürətləndirib. Nəticədə, bu bölgələrdə yaşıl örtük azalıb və səhralar genişlənib.

Böyük və Kiçik Qafqaz dağətəyi ərazilər isə anomal yağıntılar və temperatur dəyişiklikləri səbəbindən fərqli təbiət hadisələrindən əziyyət çəkir. Böyük Qafqazın cənub yamacında (Şəki-Zaqatala zonası) iqlim dəyişikliyi fonunda anomal və qəfil leysan yağışları nəticəsində güclü sel, eləcə də daşqınların sayı artıb.

Qış aylarında temperaturun normadan yüksək olması səbəbindən Kiçik Qafqaz dağətəyi və dağlıq ərazilərdə qorunan buzlaqların sahəsi kiçilib. Həmçinin torpağın nəm balansının pozulması sürüşmə zonalarını aktivləşdirib.

İqlim dəyişikliyinin ən görünən və qorxulu fəsadlarından biri Xəzər dənizinin sürətlə qurumasıdır. Bakı, Sumqayıt, Nabran və Neftçala sahillərində dənizin səviyyəsi enib. Bu isə sahilyanı ərazilərdə ekoloji tarazlığın pozulmasına, limanların işinin çətinləşməsinə və şirin su quyularının şorlaşmasına səbəb olub.

Ölkəyə kənar mənbələrdən daxil olan suyun həcmi təxminən 30% azalıb

Ölkəyə kənar mənbələrdən daxil olan suyun həcmi təxminən 30% azalıb. Ümumilikdə, Azərbaycanın su resurslarında 15% azalma qeydə alınıb. Kənd təsərrüfatı məhsullarının təxminən 90%-i isə suvarılan torpaqlarda (təxminən 1,5 milyon hektar suvarılan ərazidə) istehsal olunur ki, bu da kənd təsərrüfatı sektorunu su çatışmazlığı qarşısında kritik dərəcədə həssas edir. Digər tərəfdən Azərbaycanın şirin su ehtiyatlarının təxminən 70%-i kənd təsərrüfatında istifadə olunur. Son illər çaylarda suyun azalması səbəbindən suvarma kanallarında su çatışmazlığı yaranıb. Paralel olaraq quraqlıq dövrlərinin başvermə tezliyi də artıb, təxminən - 80%. Quraqlıq və su çatışmazlığı nəticəsində təkcə son bir mövsümdə təxminən 160 000 hektar torpaq sahəsi yararsız hala düşüb.

Ekoloqlar bildirir ki, Azərbaycanın ümumi torpaq sahəsinin 41.8%-i (təxminən 3.61 milyon hektar) hazırda güclü eroziya, susuzlaşma və deqradasiyaya məruz qalıb. Şoranlaşmış torpaqda isə məhsuldarlıq 50-80%-ə qədər düşür.

Kənd Təsərrüfatı Nazirliyinin ekoloji hesabatlarına əsasən, son illər ölkədə orta temperaturun yüksəlməsi, yağıntıların 8-10% azalması ənənəvi dəmyə (yağış suyu ilə suvarılan) taxılçılıq təcrübəsini pozub.

Quraqlıq və mülayim keçən qış ayları taxılın (xüsusilə buğda və arpanın) erkən yetişməsinə və dən formalaşmadan qurumasına səbəb olub. Risk qrupuna həmçinin ölkə üçün strateji əhəmiyyət kəsb edən pambıq və tütün istehsalı da daxildir.

Ekoloqlar bildirir ki, iqlim dəyişikliyi nəticəsində bir gündə quraqlıq bölgələrə 3 aylıq yağıntı düşür. Belə qəfil sel və daşqınlar dağətəyi rayonlarda əkin sahələrini, bağları, kənd təsərrüfatı infrastrukturunu yuyub aparır. Yaz və yay aylarında tez-tez təkrarlanan dolu yağışı Quba-Xaçmaz və Şəki-Zaqatalada fındıq və meyvə istehsalına ağır ziyan vurur.

Fermerlər iqlim dəyişikliklərindən necə sığortalanır

Azərbaycanda kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması və su qıtlığı, deqradasiya kimi risklərin azaldılması üçün Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurası tərəfindən güzəştli maliyyələşmə mexanizmləri tətbiq olunur. Dövlət proqramına əsasən, suya qənaət edən müasir suvarma sistemləri (damcı, yağışyağdırma) tətbiq edən fermerlərə ənənəvi suvarma ilə müqayisədə 2 dəfəyə qədər artıq subsidiya verilir. Buğda əkini üzrə 22 ixtisaslaşmış rayonda müasir suvarma sistemi quran fermerlərə 400 AZN/ha, ənənəvi və ya dəmyə üsulla əkənlərə isə 200 AZN/ha subsidiya ödənilir. Kartof, tərəvəz və paxlalı bitkilər üzrə müasir suvarma altında olan sahələrə 500 AZN/ha (Dağlıq rayonlar və Naxçıvanda bu məbləğ 600 AZN/ha-ya çatır) dəstək verilir. Torpaq eroziyasının qarşısını almaq və suya qənaət etmək məqsədilə ən azı 5 hektar sahədə lazer hamarlama tətbiq edən fermerə buğda üçün əlavə 250 AZN/ha əkin subsidiyası, pambıq üçün isə əlavə 50 AZN/ton məhsul subsidiyası ayrılır.

Damcı suvarma sistemi ilə təchiz olunmuş yeni intensiv limon və kinkan bağlarına görə hektara 11 600 AZN-ə qədər əkin subsidiyası müəyyən edilib.

Fermerlərin iqlimə davamlı texnika və sistemləri almasını asanlaşdırmaq üçün kredit şərtləri xeyli yumşaldılıb. Yeni mexanizmə əsasən, fermerlərin bitkiçilik məqsədilə banklardan götürdüyü kreditlərin illik faiz dərəcəsinin 19%-ə qədər olan hissəsi dövlət büdcəsindən qarşılanır. Fermer müddətin sonunda yalnız əsas borcu qaytarır. AKİA xətti ilə verilən kreditlərin illik faiz dərəcəsi mikrokreditlər üçün maksimum 12%, digər böyük həcmli kənd təsərrüfatı kreditləri üçün maksimum 7%, kooperativlər üçün isə cəmi 5% təşkil edir. Müasir suvarma sistemləri və aqrotexnikanın satışı zamanı fermerin ilkin ödəniş yükü azaldılır, güzəşt müddəti artırılır və qalan məbləğ dövlət dəstəkli güzəştli kreditlərlə maliyyələşdirilir.

Nə qədər fermer iqlim dəyişikliyindən əziyyət çəkir

Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, Azərbaycanda hər il dövlətdən subsidiya alan 387 mindən çox fermer fəaliyyət göstərir. Ölkədə temperaturun 0.8 - 1.8 dərəcə artması və yağıntıların 8-10% azalması səbəbindən bu fermerlərin böyük əksəriyyəti, xüsusilə də dəmyə üsulu ilə taxıl əkənlər və pambıqçılar birbaşa su qıtlığı və məhsuldarlıq itkisi ilə üzləşirlər.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının 80%-dən çoxu suvarılan torpaqlarda istehsal olunduğu üçün su qıtlığı, anomal istilər və yağıntıların qeyri-bərabər paylanması regional olaraq fərqli fəsadlar törədir.

Qarabağ iqtisadi rayonu quraqlıq, su mənbələrinin azalması, anomal istilər səbəbdən ölkənin ən riskli bölgəsi hesab olunur. Cari ildə bitkiçilik üzrə ödənilən 24 milyon AZN kompensasiyanın 9 milyon manatı məhz bu regionun payına düşüb. Quba-Xaçmaz meyvə bağları və tərəvəzçilik sahələri iqlim volatilliyindən və doludan ən çox ziyan çəkən ikinci böyük regiondur.

Tütün, taxıl və meyvəçilik təsərrüfatları üzrə ixtisaslaşan Şəki-Zaqatala ekstremal hava hadisələrindən ciddi zərər görən ərazilər sırasındadır.

Mərkəzi Aran İntensiv pambıqçılıq və taxılçılıq zonası olduğu üçün çaylarda suyun azalması fermerlərin məhsuldarlığına birbaşa mənfi təsir göstərir.

Azərbaycanda kənd təsərrüfatı istehsalı azalıb

İqlim dəyişikliyi fonunda 2026-cı ildə yağıntılı havanın normadan artıq olması kartofun məhsuldarlığının 30% azalmasına, qiymətlərin bahalaşmasına və bitkilərdə müxtəlif xəstəliklərin (göbələk və ləkələr) yayılmasına səbəb olub.

Ümumilikdə, bu ilin yanvar-avqust aylarında kənd Azərbaycanda 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı istehsalında real artım 1,1% təşkil edib. 2026-cı ilin yanvar–avqust aylarında illik artım 2,6% olmuşdu.

Beləliklə, 9 aylıq dövr üzrə kənd təsərrüfatında artım tempi 8 aylıq göstəricidən 1,5 faiz bəndi aşağı düşüb. Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri faktiki qiymətlərlə 10 milyard 57,4 milyon manat təşkil edib.

Əhali miqrasiya edir

Ölkədə məşğul əhalinin 35%-dən çoxunun kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, iqlim dəyişikliyi fonunda bu sahədəki itkilər birbaşa ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayan əhalinin gəlirlərinə mənfi təsir göstərir. Kənd yerlərində (məsələn, Quba, Şabran, Siyəzən, Xızı, Samux və Ağsuda) gəlirlərin azalması və su çatışmazlığı səbəbindən dağlıq və quraq bölgələrdən düzənlik ərazilərə və ya şəhər mərkəzlərinə əhali axını müşahidə olunur.

Qanunvericilikdə yenilik

Ölkədə ilk dəfə iqlim dəyişikliyinin təsirlərinin azaldılması və onlara uyğunlaşma tədbirlərinin kənd təsərrüfatı qanunvericiliyinə daxil edilməsi təklif olunur. "Aqrar sahə haqqında" qanun layihəsinə bununla bağlı müvafiq müddəalar daxil edilib. Sənəd kənd təsərrüfatı sektoru tullantılarının idarə olunması və təkrar istifadəsini, qoruyucu meşə zolaqlarının yaradılmasını, ekoloji cəhətdən təmiz və resurslara qənaət edən texnologiyaların tətbiqini, həmçinin elektrik və digər aşağı emissiyalı kənd təsərrüfatı texnikasının geniş istifadəsini nəzərdə tutur. Həmçinin regionlarda heyvandarlıq sektorunun inkişafı planlaşdırılarkən, istixana qazlarının tutulması və kənarlaşdırılması imkanlarının nəzərə alınması, həmçinin bu sahədə emissiyaların azaldılmasına yönəlmiş layihələrin stimullaşdırılması təklif olunur.

Kənd təsərrüfatı sektorunu iqlim dəyişikliyinə uyğunlaşdırmaq məqsədilə yeni iqlim şəraitinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması, təhlükəli hidrometeoroloji hadisələrlə bağlı erkən xəbərdarlıq sistemlərinin qurulması, su istifadəsi səmərəliliyinin artırılması və alternativ su mənbələrindən istifadənin genişləndirilməsi də təkliflər sırasındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Noyabr 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri