İqtisadçı ekspert: Proqnozlar “ən yaxşı təxminlər”dir, real nəticə proqnozla tam üst üstə düşməyə bilər
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
Akif Nəsirli
- İnflyasiyanı öncədən proqnozlaşdırmaq mümkündürmü?
- Bəli, müəyyən dərəcədə mümkündür, amma tam dəqiqliklə deyil. İnflyasiya proqnozları makroiqtisadi modellərə, tarixi trendlərə və müxtəlif ehtimallara əsaslanır. Mərkəzi banklar və hökumətlər inflyasiyanı proqnozlaşdırarkən bir çox amili nəzərə alırlar: pul-kredit siyasəti, valyuta məzənnəsi, idxal-ixrac, enerji qiymətləri (xüsusilə neft) və s. Lakin gözlənilməz şoklar (məsələn, neft qiymətlərində qəfil sıçrayış, geopolitik böhran, təchizat problemləri) proqnozları poza bilər. Ona görə, proqnozlar “ən yaxşı təxminlər”dir - real nəticə proqnozla tam üst-üstə düşməyə də bilər.
- Neftin bareli 65 dollar nəzərdə tutulub. İndi nə qədərdir?
- Büdcə layihəsində 2026-cı il üçün neftin barel qiyməti 65 ABŞ dolları götürülüb. Amma bazarda neftin qiyməti dəyişir. Məsələn, bəzi proqnozlardakı modellərə görə “Brent” markalı neftin qiyməti gələn il 51 dollar ola bilər. Bu da o deməkdir ki, hökumətin proqnozu optimist və ya “sabitlik” gözləntisi ilə, yəni ən yaxşı hal üçün qurulub. Amma kim zəmanət verir ki, gələn il iqtisadi baxımdan qn yaxşı il olacaq? Əlbəttə, heç kim... Yəni real bazar vəziyyəti fərqli ola bilər və risklər var.
- Hansı səviyyədə neft qiyməti dolların bahalaşmasına səbəb ola bilər?
- Neft qiymətləri büdcə gəlirlərinin böyük hissəsini (büdcə gəlirlərinin 57%-ni qeyri-neft sektoru hesabına formalaşması real deyil) təşkil etdiyi üçün, əgər neft qiyməti proqnozdankənar enərsə, büdcəyə gəlirlər azalar və valyuta bazarına təzyiq yarana bilər.
Valyuta məzənnəsi (AZN-USD) isə Azərbaycanda qurulan sabitlik rejimindədir - tənzimlənir. Yəni Mərkəzi Bank manatın kursunu USD-a qarşı sabit saxlamağa çalışır. Hazırda rəsmi məzənnə 1 USD = 1,70 AZN kimi müəyyən olunub. Yəni, neft qiyməti ciddi düşərsə, manatın devalvasiyası riski arta bilər, amma bu, təkcə neftdən deyil, həmçinin Mərkəzi Bankın valyuta siyasətindən, xarici valyuta ehtiyatlarından və daxildə valyutaya olan tələbdən asılıdır.
- "Büdcə gəlirlərinin 57 %-i qeyri-neft sektorundan gəlir". Burada hansı sahələr nəzərdə tutulur?
- Bu, “qeyri-neft-qaz sektorundan gəlir” dedikdə müxtəlif qeyri-mədən sahələri nəzərdə tutulur. Konkret sahələr bunlardır:
Kənd təsərrüfatı (ağacçılıq, fermerçilik) — əmək bazasında da kənd təsərrüfatı böyük paya malikdir.Turizm - xidmət sektorunun bir hissəsi kimi qeyri-neft gəlirlərində vacibdir.Emal sənayesi - istehsalat, yəni elektrik maşınları, kimya məhsulları, tikinti materialları, tekstil və s.İKT (informasiya və kommunikasiya texnologiyaları) - qeyri-neft sektorunun prioritet sahələrindən.Qeyri-neft xidmətlər - maliyyə, ticarət, nəqliyyat, tikinti və sair. Məsələn, AzPromo-nun sənədində tikinti, ticarət, nəqliyyat kimi seqmentlər “qeyri-neft” olaraq çıxır. Beləliklə, büdcənin “qeyri-neft gəlir” payı artması uzunmüddətli diversifikasiyanın və neftdən asılılığın azaldılmasının bir hissəsidir. Amma bu faiz göstəricisi hazırda çox optimistdir. Bu da bir çox neft-qaz sektoruna aid olan gəlirlərin qeyri-neft gəlirləri kimi göstərilməsi nəticəsində baş verir. Məsələn; qaz və mazutdan istehsal edilən elektrik enerjisi, neft ixracı və logistikasından daxil olan gəlirlər, xarici neft şirkətləri, SOCAR və törəmə şirkətlərinin ödədiyi vergilər, neft gəlirləri hesabına qoyulan investisiyalardan əldə edilən mənfəət və s. təsnifat zamanı səhvən (amma məqsədyönlü şəkildə) qeyri-neft sektoru gəlirləri kimi göstərilir ki, bu da iqtisadi savad baxımından abuvatel səviyyəsində bilgiləri olan vətəndaşlarımızda səhv təsəvvürlər yaradır. Onlar elə bilir ki, doğrudan da büdcəmiz artıq neftdən asılılıqdan azad olub. Amma belə deyil. Azərbaycanın dövlət büdcəsinin karbohidrogen gəlirlərindən asılılığı 60%-dən çoxdur.
Büdcə proqnozu, ümumilikdə optimizt mövqedən hazırlanıb (kəsir var, neft qiyməti yuxarı səviyyədə götürülüb və neftdən asılılıq yüksəkdir). İnflyasiya proqnozu (4,8 %) məqbul görünür, amma real inflyasiya “proqnoz + şoklar” modelinə bağlıdır. Manatın sabit məzənnəsi ölkə üçün stabillik təminatçısıdır, amma bu sabitliyi qorumaq neft gəlirlərindən və valyuta ehtiyatlarından asılıdır. Qeyri-neft sektorunun böyük payı yaxşı hədəfdir - iqtisadiyyat diversifikasiyası, bu sahələrin gəlirliliyi, investisiya cəlbi və resursların idarə olunması kritik olacaq.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Noyabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















