Icma.az
close
up
RU
İqtisadi inkişafa konseptual baxış

İqtisadi inkişafa konseptual baxış

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət və sabitlik dayanır. İqtisadi sahədə

aparılan islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olmuşdur”.

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi uzunmüddətli inkişaf stra­tegiyası əsasında yaradılmış iqtisadi və institusional təməl Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə möhkəmləndirilmişdir. Bu dövrdə makroiqtisadi sabitlik və dayanıqlılıq təmin edilmiş, müasir infrastruktur yaradılmış, qeyri-neft iqtisadiyyatının inkişafı sürətlənmiş və Azərbayca­nın regional enerji, nəqliyyat və logistika mərkəzi kimi mövqeyi əhəmiy­yətli güclənmişdir. Nəticədə ölkə yuxarı-orta gəlir qrupunda möhkəm­lənmiş və yüksək gəlirli ölkələr sırasına keçid üçün zəruri makroiqtisadi, institusional və infrastruktur potensialı formalaşdırmışdır.

Hazırda qlobal iqtisadiyyat texnoloji transformasiya, süni intellekt, yaşıl keçid və geoiqtisadi rəqabətin təsiri altında yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu şəraitdə iqtisadi artımın əsas meyarı ar­tıq yalnız kapital və əmək resurslarının nə dərəcədə səmərəli istifadəsi, yeni biliklər yaratmaq qabiliyyəti, istehsalın texnolo­ji səviyyəsi və qlobal dəyər zəncirlərində daha yüksək mövqe tutmaq bacarığıdır. Azərbaycanın növbəti strateji hədəfi də mövcud üstünlüklərini yüksək əlavə dəyər yaradan və innovasiya əsaslı iqtisadi artıma çevirməklə yuxarı gəlirli ölkələr qrupuna daxil olmaqdır.

Azərbaycan böyük iqtisadi potensial yaradıb

İqtisadiyyatın ötən illərdəki inkişaf tra­yektoriyası iqtisadi artımın mənbələrinin mərhələli transformasiyası ilə xarakterizə olunur. Təcrübədə Azərbaycan qısa müddət ərzində yuxarı-orta gəlir səviyyəsinə sürət­lə irəliləmiş, Cənubi Qafqazın ən böyük iq­tisadiyyatını formalaşdırmış və sonrakı in­kişaf mərhələsi üçün zəruri makroiqtisadi, maliyyə, institusional və infrastruktur baza yaradılmışdır.

Ölkənin ötən illərdə inkişaf məntiqi göstərir ki, iqtisadi artımın aparıcı qüvvə­si ardıcıl şəkildə dəyişmiş və buna uyğun olaraq iqtisadi siyasətin prioritetləri də tə­kamül etmişdir. İnkişafın ilkin dövründə iq­tisadi artımın əsas mənbəyi genişmiqyaslı dövlət investisiyaları və infrastruktur quru­culuğu olmuşdur. 2003-2015-ci illəri əhatə edən bu mərhələdə iqtisadiyyat orta he­sabla hər il 12 faiz, o cümlədən qeyri-neft sektoru 10,3 faiz artmışdır. Enerji gəlirləri inkişaf potensialına çevrilərək müasir inf­rastrukturun yaradılmasını, strateji valyuta ehtiyatlarının formalaşmasını, makroiqti­sadi sabitliyin təmin edilməsini və iri inki­şaf layihələrinin daxili maliyyə resursları hesabına həyata keçirilməsini mümkün et­mişdir. Bu mərhələnin ən mühüm nəticəsi gələcək sosial-iqtisadi inkişafı təmin edən fiziki və institusional kapitalın yaradılması olmuşdur. 

2015-ci ildən başlayaraq 2023-cü ilə­dək qlobal enerji bazarlarındakı dəyişik­liklər fonunda enerji sektoru Azərbaycanın əsas rəqabət üstünlüyü kimi öz əhəmiyyəti­ni qorumuş, eyni zamanda, iqtisadi siyasət­də qeyri-neft sektorunun inkişafı və artım mənbələrinin şaxələndirilməsi prioritet is­tiqamətə çevrilmişdir. Nəticədə qeyri-neft iqtisadiyyatı ümumilikdə 19,5 faiz artmış, sənaye zonaları yaradılmış, kənd təsərrü­fatı, sənaye və xidmət sahələrinin inkişafı sürətlənmiş, iqtisadi artımın strukturu daha balanslı xarakter almışdır.

Son üç ildə isə həyata keçirilən siyasət iqtisadiyyatın miqyasını genişləndirməklə yanaşı, onun keyfiyyətinin yüksəldilməsinə yönəlmişdir. “Yaşıl enerji”, Orta Dəhliz, rəqəmsallaşma, özəl sənaye parklarının in­kişafı, işğaldan azad edilmiş ərazilərdə qu­ruculuq və qeyri-neft ixracının artırılması əsas prioritet kimi ön plana çıxmışdır.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, iqtisadiyyatın dayanıqlı inkişa­fının əsasını düşünülmüş iqtisadi siyasət, makroiqtisadi sabitlik və ardıcıl islahatlar təşkil edir. Hazırda makroiqtisadi dayanıq­lılıq əhəmiyyətli dərəcədə möhkəmlənmiş və ölkənin əsas üstünlüyünə çevrilmişdir. 2026-cı ilin ortalarında strateji valyuta eh­tiyatları 88 milyard ABŞ dollarını üstələ­yir, dövlət borcu təhlükəsiz səviyyədə saxlanılır, xarici ticarət balansında profisit qorunur, beynəlxalq kredit reytinqləri əl­verişli səviyyədə saxlanılır. Eyni zamanda qeyri-dövlət sektorun iqtisadiyyatda payı 1995-ci ildəki 30,3 faizdən 80,5 faizə yük­səlmişdir. Məhz bu möhkəm makroiqtisadi baza Azərbaycanın qlobal iqtisadiyyatda mövqeyini də yaxşılaşdırıb. Hazırda 76 milyard ABŞ dolları həcmində iqtisadiyya­ta malik olan Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatı kimi regional iqti­sadi liderliyini qoruyur və gəlir qrupunda irəliləmək üçün zəruri potensialı artırır. Xa­rici ticarət dövriyyəsinin və birbaşa xarici investisiyaların davamlı artması ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyasının dərinləşdiyini göstərir.

Ölkənin geoiqtisadi mövqeyi də key­fiyyətcə dəyişmişdir. Enerji layihələri və beynəlxalq nəqliyyat dəhlizləri Azərbay­canı Avropa ilə Asiyanı birləşdirən mühüm enerji və logistika qovşaqlarından birinə çevirmişdir. Təcrübə göstərir ki, uzunmüd­dətli iqtisadi üstünlük tranzit xidmətinin özü ilə yanaşı, tranzit ətrafında formalaşan istehsal, logistika, emal, regional distribüsi­ya və dəyər yaradan xidmət ekosistemindən yaranır. Buna görə də Azərbaycan tranzit ölkəsi olmaqla yanaşı, Orta Dəhliz üzərində regional istehsal, logistika və rəqabət qabi­liyyəti yaradan iqtisadi platformaya çevril­məyi hədəfləyir.

Bu məqsədə uyğun olaraq ölkənin for­malaşmış müqayisəli üstünlükləri daha mürəkkəb istehsala və yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətlərə istiqamətlən­dirilir. Bu baxımdan nəqliyyat-logistika, turizm, “yaşıl enerji”, sənaye və rəqəmsal xidmətlər iqtisadi artımın əsas drayverlə­rinə çevrilir. Nəqliyyat-logistika sahəsində əsas diqqət Azərbaycanın tranzit üstünlük­lərini daha yüksək iqtisadi dəyərə çevir­məyə yönəldilir. Bu məqsədlə logistika xid­mətləri genişləndirilir, regional distribusiya və emal mərkəzləri, eləcə də ixracyönümlü istehsal klasterləri inkişaf etdirilir. Turizm­də əsas diqqət turist sayının artırılması, hər turistin ölkə iqtisadiyyatına töhfəsinin yüksəldilməsinə yönəldilir. Bu məqsədlə yüksək gəlirli turizm seqmentinin inkişafı, xidmətlərin keyfiyyətinin artırılması, qal­ma müddətinin uzadılması və turist başına xərclərin yüksəldilməsi prioritet istiqamət­lər kimi inkişaf etdirilir. Sənayedə orta və yüksək texnologiya tutumlu istehsalın ge­nişləndirilməsi, rəqəmsal iqtisadiyyatda isə proqram təminatı, rəqəmsal xidmətlər və süni intellekt həllərinin inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi həyata keçirilir.

Qlobal iqtisadi inkişafın yeni mərhələsi 

Son illər qlobal təchizat zəncirlərinin yenidən formalaşması, rəqəmsallaşma, süni intellekt və yaşıl keçid dünyada iqtisadi artımın xarakterini əhəmiyyətli dərəcədə dəyişdirmişdir. Əgər əvvəlki dövrlərdə ölkələrdə iqtisadi artım əsasən təbii resurs­ların istismarı, əmək ehtiyatlarının geniş­lənməsi və investisiyaların artımı hesabına təmin olunurdusa, hazırda əsas rəqabət üs­tünlüyü mövcud resurslardan daha səmərə­li istifadə etməklə yüksək dəyər yaradan iqtisadiyyatlara məxsusdur. Bu baxımdan iqtisadi inkişafın əsas göstəricilərindən biri mövcud əmək və kapitaldan nə dərəcədə səmərəli istifadə olunmasıdır. İqtisad el­mində bu yanaşma ümumi amil məhsuldar­lığı adlanır və texnologiya, insan kapitalı və idarəetmə keyfiyyətinin iqtisadi artıma töhfəsini ifadə edir. Buna görə də məhsul­darlığın yüksəldilməsi XXI əsrdə iqtisadi siyasətin əsas prioritetlərindən birinə çev­rilmişdir.

Azərbaycan da qlobal iqtisadi dəyi­şikliklərə uyğun olaraq yeni inkişaf mər­hələsinə daxil olmuşdur. Bu mərhələdə əsas məqsəd keyfiyyətli investisiyaların cəlbini davam etdirməklə yanaşı, mövcud əmək, kapital və maliyyə resurslarından daha səmərəli istifadə edərək mürəkkəb texnologiyalı, dərin emal və yüksək nəticə yaradan istehsalın payını artırmaqdır. Bey­nəlxalq təcrübə göstərir ki, bu məqsədə nail olmağın əsas şərtləri məhsuldarlığın yük­səldilməsi, insan kapitalının inkişafı, güclü institutlar və qlobal iqtisadi inteqrasiyadır.

Məhsuldarlığın artımı yeni texnologi­yaların tətbiqi, rəqəmsallaşma, istehsal pro­seslərinin optimallaşdırılması və idarəet­mənin təkmilləşdirilməsi hesabına təmin olunur. Nəticədə istehsal xərcləri azalır, bizneslərin rəqabət qabiliyyəti yüksəlir və eyni resurslarla daha çox əlavə dəyər yara­dılır. Məhz buna görə məhsuldarlığın artımı uzunmüddətli iqtisadi yüksəlişin və yuxarı gəlirli iqtisadiyyata keçidin əsas şərtlərin­dən hesab olunur.

Bu proses insan kapitalı və elmtutumlu fəaliyyət ilə tamamlanır. Müasir iqtisadiy­yatda rəqabət üstünlüyü yeni bilik və baca­rığa malik əmək resursları, keyfiyyətli təh­sil sistemi və texnoloji yenilənmə hesabına formalaşır. Fundamental tədqiqatlar, uni­versitet–biznes əməkdaşlığı, startap eko­sistemi və süni intellekt texnologiyalarının tətbiqi innovasiya prosesini sürətləndirir, istehsalın texnoloji səviyyəsini yüksəldir və iqtisadiyyatın qlobal dəyər zəncirlərin­də daha yüksək mövqe tutmasına imkan yaradır. Bu prosesdə yeni texnologiya, yeni bilik, idarəetmə təcrübəsi və ixrac imkan­ları gətirən keyfiyyətli özəl investisiyalar xüsusi rol oynayır.

Belə formada inkişafın uğuru güclü institutlar və iqtisadiyyatın açıqlıq səviy­yəsindən də asılıdır. Mülkiyyət hüquqları­nın qorunması, sağlam rəqabət, keyfiyyətli dövlət idarəçiliyi və qlobal bazarlara inteq­rasiya müasir texnologiyaların ölkəyə daxil olmasını sürətləndirir, investisiyaları təşviq edir və iqtisadiyyatın rəqabət qabiliyyətini artırır. Cənubi Koreya insan kapitalı və ix­racyönümlü sənayeləşmə, Sinqapur güclü institutlar və açıq iqtisadiyyat, İrlandiya isə yüksək texnologiyalı birbaşa xarici in­vestisiyalar hesabına yuxarı gəlir qrupuna keçmişdir. Bu təcrübə göstərir ki, insan ka­pitalı, keyfiyyətli institutlar, innovasiya və rəqabətqabiliyyətli sahibkarlıq uzunmüd­dətli iqtisadi inkişafın əsas şərtləridir.

Beləliklə, qlobal iqtisadi inkişafın yeni mərhələsi göstərir ki, gəlir qrupunda irə­liləmək yalnız iqtisadi artımın sürətindən deyil, onun keyfiyyətindən və dayanıqlılı­ğından da asılıdır. Bu baxımdan Azərbay­canın qarşısında duran əsas strateji vəzifə mövcud inkişaf potensialını yüksək rəqabət üstünlüyünə çevirməklə daha gəlirli iqtisa­diyyata keçidi təmin etməkdir.

Yuxarı gəlirli iqtisadiyyata keçid

Dünya Bankının təsnifatına əsasən, orta gəlirli ölkələrin əhəmiyyətli hissəsi uzun illər yuxarı gəlir qrupuna keçə bilmir. İq­tisadi ədəbiyyatda bu hal “orta gəlir tələsi” kimi xarakterizə olunur. Onun mahiyyəti ondan ibarətdir ki, inkişafın müəyyən mər­hələsində əmək bazarının sıxlaşması, urba­nizasiya və həyat səviyyəsinin artması ilə əməkhaqları artır. Lakin bu artım məhsul­darlığın artım tempini üstələdikdə məhsul vahidinə düşən əmək xərcləri yüksəlir. Nə­ticədə rəqabət qabiliyyəti zəifləyir, ixracın artırılması imkanları məhdudlaşır və iqtisa­diyyat uzun müddət orta gəlir səviyyəsində qalır. Buna görə də yuxarı gəlir qrupuna ke­çidin əsas şərti daha yüksək iqtisadi dəyər yaratmaq və iqtisadiyyatın texnoloji səviy­yəsini yüksəltməkdir. Bu səbəbdən təcrübə­də yuxarı gəlir qrupuna keçid üç qarşılıqlı əlaqəli sütun üzərində formalaşır. 

Birinci sütun makroiqtisadi sabitlikdir. Makroiqtisadi sabitlik investisiya üçün etimad yaradır. Azərbaycanın son illər­də qazandığı ən mühüm üstünlüklərdən biri məhz makroiqtisadi sabitlikdir. Aşağı inflyasiya, sabit məzənnə, təhlükəsiz dövlət borcu və büdcə kəsiri, habelə strateji val­yuta ehtiyatları investorların iqtisadiyyata etimadını təmin edir. Belə mühitdə biznes uzunmüddətli investisiya qərarını daha inamla qəbul edir, yeni texnologiyalara sərmayə artır və iqtisadiyyat xarici şoklara qarşı daha dayanıqlı olur. 

İkinci sütun məhsuldarlıqdır. Əgər in­kişafın ilkin mərhələsində iqtisadi artım əsasən yeni kapitalın yaradılması və inves­tisiyaların həcmi hesabına təmin olunurdu­sa, növbəti mərhələdə əsas məsələ mövcud kapitaldan daha yüksək iqtisadi nəticə əldə etməkdir. Bu isə yeni texnologiyaların tət­biqi, rəqəmsallaşdırma, işçi qüvvəsinin bacarıqlarının artırılması və idarəetmənin təkmilləşdirilməsi hesabına mümkün olur. Nəticədə eyni əmək və kapital hesabına daha çox məhsul və xidmət istehsal edilir, istehsal xərcləri azalır, rəqabət qabiliyyəti artır və ixrac imkanları genişlənir. Məhz bu proses Azərbaycanda dayanıqlı iqtisadi artımın əsas mənbələrindən birinə çevrilir.

Üçüncü sütun qlobal iqtisadi inteqra­siyadır. Qlobal inteqrasiya məhsul və xid­mətləri daha böyük bazarlara çıxararaq yeni investisiya və texnologiya üçün şərait yaradır. Qoyulmuş iqtisadi hədəflər nəzərə alınmaqla, Azərbaycanın 10 milyonluq daxili bazarı istehsalın uzunmüddətli və yüksək templə genişlənməsi üçün kifayət etmir. Buna görə də məhsul və xidmətlə­rin yeni xarici bazarlara çıxarılması, qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiya və ixracyönümlü istehsalın genişləndirilmə­si tələb olunur. Bu, sahibkarlara istehsalın miqyasını artırmağa, beynəlxalq standartla­rı mənimsəməyə, yeni texnologiyalar tətbiq etməyə və xarici investisiya cəlb etməyə imkan verir. Bu baxımdan Azərbaycanın əlverişli geoiqtisadi mövqeyi və Orta Dəh­liz üzərində formalaşan nəqliyyat-logistika infrastrukturu mühüm rəqabət üstünlüyü yaradır. Növbəti mərhələdə əsas məqsəd bu üstünlüyü daha yüksək iqtisadi nəticəyə çevirməklə yalnız tranzit ölkəsi deyil, isteh­sal, logistika, dərin emal və yüksək əlavə dəyər yaradan xidmətlərin cəmləşdiyi re­gional iqtisadi platforma kimi mövqeyini daha da gücləndirməkdir.

Bu istiqamətdə qoyulan hədəflər heç də bütün iqtisadi sahələrin eyni sürətlə inkişafı demək deyil. İqtisadi siyasətdə əsas diqqət Azərbaycanın artıq formalaşmış rəqabət üstünlüklərinə malik olduğu sahələrdə daha yüksək iqtisadi nəticələrin əldə edilməsinə yönəldilir. Nəqliyyat-logistika, turizm, “ya­şıl enerji”, sənaye və rəqəmsal xidmətlər ölkənin əlverişli geostrateji mövqeyini, enerji potensialını, insan kapitalını və ya­radılmış infrastrukturunu daha yüksək iqti­sadi dəyərə çevirmək baxımından prioritet istiqamətlər kimi inkişaf etdirilir. Bu ya­naşma iqtisadiyyatın strukturunun daha da şaxələndirilməsinə, texnoloji dərinliyinin artırılmasına və ixrac imkanlarının geniş­lənməsinə xidmət edir.

Yeni iqtisadi siyasət çərçivəsi

İqtisadiyyat qarşısında müəyyən edil­miş strateji hədəflərdən irəli gələrək son il­lərdə formalaşdırılmış makroiqtisadi sabit­lik və institusional baza üzərində inkişafın növbəti mərhələsinin prioritetlərinin daha da gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu mərhələdə iqtisadi siyasət­də əsas diqqət mövcud resursların daha yüksək iqtisadi nəticə yaradan fəaliyyətə çevrilməsinə yönəldilir. Çünki iqtisadiyyat müəyyən inkişaf səviyyəsinə çatdıqdan sonra iqtisadi artım yeni kapitalın yaradıl­ması ilə yanaşı, mövcud istehsal amillərin­dən daha səmərəli istifadə, istehsal infrast­rukturunun inkişafı, texnoloji yenilənmə və insan kapitalının keyfiyyətinin yüksəldil­məsi hesabına daha da sürətlənir.

Bu baxımdan dövlət maliyyəsinin prio­ritetləri də inkişaf mərhələsinin tələblərinə uyğun olaraq təkmilləşdirilir. Dövlət ma­liyyəsi makroiqtisadi sabitliyin qorunması, strateji infrastrukturun inkişafı və gələcək nəsillər üçün milli sərvətin qorunmasın­da rolunu davam etdirir. Bununla yanaşı, iqtisadiyyat inkişaf etdikcə özəl investisi­yaların iqtisadi artıma töhfəsinin daha da artırılması nəzərdə tutulur. Çünki dövlət tərəfindən yaradılmış infrastruktur biznes fəaliyyəti imkanlarını genişləndirir və yeni investisiyalar üçün əlverişli zəmin forma­laşdırır. Bu mərhələdə dövlət investisiya­larında əsas diqqət fiziki infrastrukturun genişləndirilməsi ilə yanaşı, özəl investisi­yaların səmərəliliyini və rəqabət qabiliyyə­tini artıran layihələrə yönəldilir. Özəl sek­tor isə bazar prinsipləri əsasında sərmayəni daha səmərəli layihələrə istiqamətləndir­məklə yüksək əlavə dəyər, ixrac potensialı və rəqabət üstünlüyünün formalaşmasına mühüm töhfə verir.

Eyni zamanda, iqtisadiyyat inkişaf et­dikcə dövlət və özəl investisiyalar arasın­da tarazlığın qorunması xüsusi əhəmiyyət kəsb edir. İqtisadi artımın dayanıqlılığının təmini baxımından özəl investisiyaların və qeyri-neft sektorunun rolunun daha da güclənməsi, bunun nəticəsində isə büdcə xərclərinin qeyri-neft mənbələri hesabına örtülmə səviyyəsinin artırılması uzunmüd­dətli fiskal dayanıqlığı möhkəmləndirir. Bununla yanaşı, özəl investisiya maliyyə ilə yanaşı yeni texnologiya, müasir idarəet­mə təcrübəsi, beynəlxalq təchizat və satış şəbəkələri də gətirərək iqtisadiyyatın rəqa­bət qabiliyyətinin yüksəlməsinə əlavə töhfə verir. Bu baxımdan dövlət siyasətində özəl investisiyaların, xüsusilə yüksək texnologi­ya və ixracyönümlü fəaliyyətlərə yönələn investisiyaların təşviqi mühüm istiqamət­lərdən biri kimi inkişaf etdirilir.

Eyni yanaşma dövlət dəstəyi mexa­nizmlərində də öz əksini tapır və inkişafın növbəti mərhələsi üçün daha da gücləndi­rilir. Uğurlu beynəlxalq təcrübəyə görə, dövlət dəstəyi ümumi subsidiyalardan daha çox innovasiya, tədqiqat və inkişaf (R&D), rəqəmsallaşma və yüksək texnologiyalı istehsalı stimullaşdıran hədəfli mexanizm­lərə əsaslanır. Məsələn, Cənubi Koreya və Sinqapurda dövlət dəstəyi daha çox texno­logiya tutumlu istehsal, ixracyönümlü səna­yelər və insan kapitalının inkişafına yönəl­dilmiş, bu isə qlobal rəqabət qabiliyyətinin yüksəlməsində mühüm rol oynamışdır. Bu baxımdan dövlət dəstəyinin əsas məqsədi investisiyaların həcmini artırmaqla yanaşı, onların keyfiyyətini, texnoloji səviyyəsi­ni və iqtisadiyyata uzunmüddətli təsirləri yüksəltməkdir. Təhlillər göstərir ki, hazırda ölkəmizdə də vergi güzəştləri, subsidiyalar və investisiya təşviqləri texnologiya trans­ferini təmin edən, ixracyönümlü, istehsalın səmərəliliyini yüksəldən və yüksək əlavə dəyər yaradan layihələrin dəstəklənməsinə yönəldilir.

Buna uyğun olaraq dövlət əvvəlki funk­siyalarını qorumaqla yanaşı, özəl sektorun inkişafını dəstəkləyən institutların daha da gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu yanaşma inkişaf tələblərinə uyğun olaraq dövlətin iqtisadi siyasətdə prioritetləri­nin ardıcıl təkmilləşdirilməsini əks etdirir. Əgər əvvəlki mərhələdə dövlət əsasən iq­tisadi potensialın və fiziki infrastrukturun formalaşdırılmasına yönəlmişdisə, hazırkı mərhələdə bu istiqamətlər davam etdiril­məklə yanaşı, özəl təşəbbüsləri təşviq edən institusional mühit daim təkmilləşdirilir. Bu çərçivədə sağlam rəqabət mühiti güc­ləndirilir, sahibkarlığın inkişafı dəstəklənir, maliyyə bazarları dərinləşdirilir, texnoloji yenilənmə üçün əlverişli şərait genişləndi­rilir, özəl sektorun maliyyə çıxışı və rəqabət qabiliyyəti artırılır.

Makroiqtisadi siyasət də inkişafın yeni mərhələsinin məqsədlərini dəstəkləyir. Büdcə siyasəti dövlətin klassik funksiya­larının və keyfiyyətli dövlət xidmətlərinin dayanıqlı maliyyələşməsini təmin etməklə yanaşı, dövlət maliyyəsinin sabitliyinin və balanslı büdcənin qorunmasına əsasla­nır. Eyni zamanda büdcə siyasətində əsas diqqət dövlət xərclərinin iqtisadiyyatda yaratdığı uzunmüddətli nəticəyə yönəldilir. Dövlət vəsaitləri ilk növbədə rəqəmsal və nəqliyyat infrastrukturu, elm, innovasiya, insan kapitalı və özəl investisiyaların inki­şafını nəzərdə tutan layihələrə istiqamətlən­dirilir. Dövlət investisiyalarının səmərəlili­yi isə ayrılmış vəsaitin özəl investisiyaları nə dərəcədə stimullaşdırması, ixrac poten­sialını genişləndirməsi, istehsalın səmərəli­liyini yüksəltməsi və iqtisadiyyatın rəqabət qabiliyyətini artırması ilə qiymətləndirilir.

Monetar siyasət aşağı inflyasiya və ma­liyyə bazarlarının inkişafı vasitəsilə uzun­müddətli özəl investisiya üçün etibarlı ma­liyyə mühiti formalaşdırır. Azərbaycanın mövcud iqtisadi modelində tətbiq olunan təsbit məzənnə rejimi valyuta risklərini və inflyasiya gözləntilərini məhdudlaşdırmaq­la investisiya mühitini yaxşılaşdırır və iq­tisadiyyatın rəqabət qabiliyyətinin yüksəl­dilməsi üçün əlverişli makroiqtisadi şərait yaradır. Bu rejim investisiya layihələrinin daha dəqiq qiymətləndirilməsinə, risklərin azalmasına, uzunmüddətli maliyyə resurs­larının əlverişli şərtlərlə cəlbinə və inves­tisiya qərarlarının daha proqnozlaşdırıla bilən şəraitdə qəbuluna imkan verir. Eyni zamanda məzənnə sabitliyi uzunmüddətli faiz dərəcələrinin aşağı və sabit səviyyədə formalaşmasına, investisiyaların maliy­yələşmə xərclərinin azalmasına əlverişli zə­min yaradır. Beynəlxalq təcrübə də göstərir ki, makroiqtisadi sabitlik və proqnozlaşdırı­la bilən məzənnə mühiti uzunmüddətli özəl investisiyaların cəlbində əsas amillərdən biridir. Bununla yanaşı, kapital bazarının inkişafı, uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi və maliyyə vasitə­çiliyinin dərinləşdirilməsi özəl sektorun investisiya potensialını daha da gücləndirir.

Beləliklə, son illərdə yaradılmış makro­iqtisadi sabitlik, müasir infrastruktur və institusional potensial iqtisadiyyatın sürətli inkişafı üçün möhkəm zəmin formalaşdır­mışdır. Güclü dövlət institutları, makroiq­tisadi sabitlik və rəqabətqabiliyyətli özəl sektorun vəhdəti Azərbaycanın yuxarı gə­lirli iqtisadiyyata keçidinin əsas təminatı­dır. Qarşıdakı mərhələdə əsas məqsəd bu üstünlükləri yüksək məhsuldarlığa, rəqa­bətqabiliyyətli özəl sektora, yüksək tex­nologiyalı istehsala və innovasiya əsaslı iqtisadi artıma çevirməkdir. Azərbaycanın gəlir sırasında layiqli yer tutması iqtisa­diyyatın ölçüsü ilə yanaşı, onun keyfiyyə­tindən, rəqabət qabiliyyətindən və qlobal iqtisadi sistemdə yaratdığı əlavə dəyərdən asılı olacaqdır.

Şaiq ADIGÖZƏLOV,

iqtisad üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see465

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see432

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see389

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see315

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see253

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see229

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see208

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see190

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see186

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see174

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see171

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see170

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see170

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see166

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see164

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see162

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see156

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see154

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see153

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri