Icma.az
close
up
RU
İran eskizləri Firuz Mustafa yazır

İran eskizləri Firuz Mustafa yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Firuz MUSTAFA

Mən Türmənçayda olmuşam

Bəli, illər öncəsi mən Türkmənçaya səfər etmişdim...

Bizi orada bu şəhərin, əslində ona qəsəbə demək daha doğru olardı, bələdiyyə sədri Sasani soyadlı mehriban bir adam qarşıladı. Onu da deyim ki, İrandakı soydaşlarımızın əksəriyyəti bizə çox isti münasibət göstərir, ehtiramımızı saxlayırlar...

Türkmənçay elə ilk baxışdan dərd içində boğulan adama bənzəyir. Ərazinin yaşıllığı azdır. Şəhər bombozdur.

Abbas Mirzə ilə Paşkeviç arasında bağlanan "uğurlu" müqavilənin ünvanı buradır...

Azərbaycanı ikiyə bölən məlum və məşhur Türkmənçay müqaviləsi gecə yarı, yəni saat 24.00-da burada imzalanıb.

Rusiya-İran müharibələrinin başa çatmasını rəsmi təsdiq edən Türkmənçay müqaviləsini tərəflər 1828-ci il fevralın 9-dan 10-na keçən gecə saat 24.00-da imzalayıblar.

Bəs niyə gecə yarı?

Məlum olduğu kimi, sənədi İran tərəfindən dövlət başçısı Fətəli şahın oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri müəyyən edib ki, səmadakı ulduzlardan gələn sədaya görə, şahzadənin uğur saatı gecə yarıya təsadüf edir...

Məğlubiyyət müqaviləsini imzalayan şahzadə üçün münəccimlərin hansı "uğuru" nəzərdə tutduğunu yəqin ki, yalnız o münəccimlərin özləri bilirmiş, bunu "adi adamların" bilməsi bu gün də çətindir. Amma məlum və məşhur Türkmənçay müqaviləsinin məhz gecə yarı imzalandığı təsdiq edilmiş faktdır.

Sənədə birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.

Bu münasibətlə rus toplarından 101 yaylım atəş açılıb...

Bu da məlum və məşum gecənin gətirdiyi 200 illik bir "uğurun" nəticəsi.

Rusların bütün qonşu dövlətlərin torpağına göz dikməsi, yad əraziləri ələ keçirmək üçün qan tökməsi təzə məsələ deyil ki. Bu, tarixi uzun olan bir "rus xəstəliyidir".

P.S. Türkmənçayda olarkən Müqavilənin bağlandığı binanı tapdım. Bu boz, miskin, dərdli şəhərin üzü gülməyən yaşlı bir sakinindən soruşdum ki, əcaba, bəs görəsən, vaxtilə bu divara vurulmuş müqavilənin bağlandığı sənədi əks etdirən lövhə hanı? Adam başını yerə dikib dedi ki, bir müddət əvvəl həmin lövhə gecə ikən oğurlanıb. Sanki o məşhur Müqavilənin bağlanmasının günahkarı və o lövhənin oğurlanmasının səbəbkarı bu qəmli görünüşlü adam özü idi... Bu anlarda mənə elə gəldi ki, həmin adamın məhzun sir-sifəti elə Türkmənçayın özünə bənzəyir...

Bəs görəsən, xatirə lövhəsini nə məqsədlə oğurlamışdılar? Belə çıxmırmı ki, Paskeviçin əli hələ də o tərəflərə çatır?.. Hətta, 200 ildən sonra belə...

Xəyyamın vətənində. Gənclər nə barədə söhbət edirdi?

Tehrandan Məşhədə gedən qatar Nişapur şəhərindəki dəmiryol vağzalına yan alıb dayandı. Axşam çoxdan düşmüşdü. Kupenin pəncərələrini açdıq. Öyrəndim ki, hələ təxminən yarım saat burada olacağıq. Əlbəttə, otuz-qırx dəqiqəlik qısa bir vaxt səfərə çıxan adamın vağzalda var-gəl etməsi, ötəri tələbatlarını ödəməsi üçün kifayət edə bilərdi. Amma mən kupeni tərk etmədim. Getməyə bir yer də yox idi. Daha doğrusu, baş çəkmək istədiyim bir yer vardı, amma oraya getmək üçün nəinki yarım saat, hətta bir saat belə, kifayət etməzdi. Məsələ burasındadır ki, Şərqin böyük alimi və şairi Ömər Xəyyamən məzarı məhz bu şəhərdə, İranın Nişapur şəhərində idi və mənim də ürəyimdən keçirdi ki, dahi sənətkarın məqbərəsinə baş çəkim. Amma dediyim kimi, vaxt məhdud idi.

Kondinsioner işləsə də, vaqonun pəncərəsini endirdik. Avqustun qorabişirən istisi sərin kupeyə təpilirdi. Amma pəncərəni qapamaq fikrimiz yox idi; hər necə olsa da, süni soyuq havadansa təbii isti daha xoş idi. Bir də ki, bu yerlərdən sanki Xəyyam şeirinin xoş ətri gəlirdi...

Nə isə...

Cavan bir oğlan bizim kupenin pəncərəsinə dirsəklənib mobil telefonla farsca nə barədəsə danışmağa başladı. Sonra oğlan aralandı. Çox keçməmiş kupemizin pəncərəsinə gənc bir qız yaxınlaşdı, o da oğlansayaq çərçivəyə dirsəkləndi və kiminləsə nə barədəsə danışmağa başladı. Təbii ki, söhbət yenə fars dilində gedirdi. Bu "yerdəyişmə" bir neçə dəfə təkrar olundu. Hiss olunurdu ki, bu gənc oğlanla qız bizim kupenin pəncərəsinin açıq olduğunu ya bilmir, ya da buna çox əhəmiyyət vermirdilər.

Oğlanla qız bir müddət boz qaranlıqda "əridilər". Hərəsi bir səmtə üz tutdu. Və bu vaxt səfər dostlarım Həmid ilə Rza astadan, bığaltı gülməyə başladılar. Sonra bu xəfif gülüşü pıqqıltı əvəz etdi.

Həmid məndən soruşdu:

- Ağa, bilirsiniz, bu qızla oğlan nə barədə danışırlar?

-Yox, - deyə, cavab verdim.

Rza gülüb dedi:

- Bayaqdan fikir verirsinizsə, bu qızla oğlan bir-biri ilə söhbət edir...

Mən dedim ki, qızın və oğlanın ayrı-ayrılıqda telefonla danışdıqlarını gördüm; amma söhbətin nədən getdiyini anlaya bilmədim.

Həmid söhbətə aydınlıq gətirdi:

- Danışıqlarından belə anlamaq olur ki, bu qızla oğlan bir-birini sevir. Amma onlar üzbəüz dayanıb söhbət etməyə cürət etmirlər. Bizdə rəsmi ər-arvad olmayan şəxslərin bir-biri ilə əl-ələ tutması, hətta üzbəüz söhbət etməsi yasaqdır. Ona görə də sevgiyə dair "gizli" söhbət telefonla gedir. Onlar hələlik yalnız telefonla bir-birinə sevgi ismarışları göndərə bilirlər...

Rza bunu da əlavə etməyi unutmadı:

- Əgər polislər bilsələr ki, bunlar gecənin bu vaxtı bu vağzalda bir-birinə sevgilərini izhar edir, özləri də Xəyyamdan sevgi şeiri deyirlər, bu işin sonu yaxşı olmaz.

Biz gülüşdük.

Qatar dərindən nəfəs aldı.

Mən həmin anlarda Xəyyamın bir rübaisini xatırladım:

Ey şəhər müftisi, səndən pərgarıq,

Bunca sərxoşluqla səndən huşyarıq.

Biz şərab içirik sən xalq qanını,

İnsaf  et, hansımız daha qəddarıq?

...Bir azdan qatar yerindən tərpəndi. Nişapurun işıqları uzaqdan sayrışırdı.

Zəncan şəhərində və ya çılğın bir eşqin etirafı

Zəncan şəhərində məni vətənpərvər, doğma türkcəmizdə yazıb-yaradan şairə xanım qarşıladı.

Zəncan çox qədim şəhərdir. Bu qədimlik hər addımda hiss olunur. Təəssüf ki, bu qədim şəhərdə cəmi bir gün qaldım. Çünki dostların dəvəti ilə Tehrana getməli idim.

Köhnə Zəncanda ən yaddaqalan iki yer var desəm, yəqin ki, yanılmaram. Bunlardan biri on beş haktarlıq yeri zəbt etmiş nəhəng bazar, digəri isə muzey kimi fəaliyyət göstərən "Rahtşuyan" adlı yerdir ki, bunun da mənası "paltar yuyulan ərazi" deməkdir. Vaxtilə qadınlar burada - su ilə təchiz edilmiş yerdə paltar yuyurmuşlar. Muzeyin içərisində bir neçə səhəng, cürdək və qadın fiqurları-heykəlləri də var.

Amma mənim söhbətim bu sadaladıqlarımın heç biri haqda deyil.

Təbrizdən fərqli olaraq Zəncanda ucuz hotel tapmaq çətin idi. Burada bir gecə qalmaq haradasa ən yaxşı halda iyirmi beş-otuz manata başa gəlirdi. Təbrizdə isə bu qiymətlər beş manatdan başlayır.

Şairə xanım yoluna rəvan oldu. Mən axtarıb-arayıb nisbətən ucuz hotel tapdım. Bu, nisbətən yüksəklikdə yerləşən, altı-yeddi mərtəbəli, müasir, zövqlə tikilmiş bir bina idi. Yeri gəlmişkən, aradan illər keçəndən sonra indi birdən xatırladım ki, hotellə üzbəüz köhnə binanın az qala quzulayıb tökülən divarına bir barelyef vurulmuşdu. Səhv etmirəmsə (yox, indi onu da xatırladım ki, səhv etmirəm) bu barelyef Şihabəddin Yəhya Suhrəvərdiyə məxsus idi və həmin küçə də böyük filosofun, işraqilik təliminin banısınin adını daşıyırdı. Bu, o zəka sahibidir ki, müasirləri onu "Şihab əl-millə və-l-haqq və-d-din", yəni millətin, haqqın və dinin axan ulduzu adlandırıblar.

Hotelə daxil oldum. Foyedə görümlü yerdən asılmış zərli çərçivədəki bir kişi portret diqqəti çəkirdi. Az sonra məlum olacaqdı ki, həmin şəkildən boylanan yaraşıqlı, qəhvəyi bığlı, zövqlə avropasayağı kostyum geymiş və qalstuk bağlamış həmin kişi vaxtilə bu hoteli tikdirib, bir neçə il öncə rəhmətə gedib və indi buranın sahibi onun ailə üzvləridir.

Məni haradasa otuz yaşlarında cavan bir oğlan qarşıladı. Azərbaycan dilində ala-yarımçıq cümlələrlə danışa bilirdi. Bir az gözləməyimi tövsiyə etdi, bildirdi ki, indi bu işlərə baxan adam gələcək. Mənim haradan gəldiyimi biləndən sonra nəsə qaş-qabağını tökdü, hətta, təəssüf ifadə edəcək bir tərzdə başını yellətdi. Söhbət əsnasında onun incikliyinin səbəbi ilə maraqlandım. O, əvvəlcə bir söz deməsə də sonra aramızda belə bir dialoq oldu:

- Ağa, Bakı mənim baba vətənimdir...

- Bakı, yoxsa Azərbaycan?

- Burada da Azərbaycan var, ona görə biz oraya Bakı deyirik. Hə, onu deyirəm, bir dəfə bir dostumla Bakıya getmək qərarına gəldik. Televizorda baxırıq, çox gözəl şəhərdir. Amma sizin gömrükdə bizi o qədər "yoxlamaya" tutdular ki, axırda bezib elə sərhəddən geri qayıtdıq... İndi hər il Yerevana gedirik. Orada bizə dəyib-dolaşan yoxdur.

Təbii ki, mən bunun bir təsadüf olduğunu bildirdim. Qonaqpərvərliyimizi vurğuladım.

Bu əsnada gözlədiyimiz adam, yəni oğlanın anası gəldi. Bu işvə-nazlı, yar-yaraşıqlı, şıq geyimli, başına açıq-yüngül çarşab atmış bir xanımdı. Onun iri-qara gözlərindən həyat eşqi çağlayırdı. Şirəli üzüm giləsini xatırladan qalın dodaqlarına yüngül boya çəkilmişdi. Təxminən əlli yaşı ola biləcək bu xanım sən demə, elə şəkli divardan asılmış mərhumun dul arvadı, mənimlə söhbət edən gəncin anası imiş.

Oğlan bizimlə xudahafizləşib getdi. Qadın kiməsə göstəriş verdi ki, mənimçün boş və münasib qiymətə bir oda tapsınlar.

Bu naz-qəmzəli xanım əslən elə Bakıdan imiş. Onun ulu babası inqilabdan əvvəl İrana təşrif gətirmiş və daimi məskunlaşmışdır. Qadın çay sifariş verdi. O, arada üzünü, bəyaz boyun-boğazını  əlindəki zətif yelpiklə havalandıraraq mənə oradan-buradan suallar verirdi.

- Sən də Bakıda yaşayırsan? Hə? Bakı gözəl şəhərdir.

- Bəli, gözəldir. Yəqin ki, televizorda görmüsüz?

O, şaqqanaq çəkib güldü:

- Nə televizor, canım? Biz üç-dörd il əvvəl Bakıda olmuşuq.

- Həyat yoldaşınızla?

O, bir qədər tutulub dedi:

- Yox, ərim çoxdan ölüb... - Səsini bir az da yavaşıdıb əlavə etdi: - Mən oraya öz sevgilimlə getmişdim. Siz də sevgilimi deyirsiniz?

- Yəni məşuqunuzla?

Xanımın rəngi açıldı:

- Ay sağ ol.

Foyedə təkcə ikimiz idik. Eşikdə avqust istisi tüğyan etsə də, içəridə xoş bir sərinlik hökm sürürdü. Arada tutqun çadralı bir qadın bizə çay gətirirdi. Belə anlarda Bakıya səfəri barədə danışan hotel sahibəsi söhbəti ya başqa istiqamətə yönəldir, ya da susurdu.

- Hə, mən Bakıya öz məşuğumla getmişdim. O, məndən çox cavandır. Əsl pəhləvandır. Boy-buxunlu, enli çiyinli, uzun qollu...  Söz vermişdi ki, daim bir yerdə olacağıq. Bütün Avropanı gəzmişdik onunla... Bütün xərcləri də mən çəkirdim. Burnundan gəlsin... Onun bircə vəzifəsi vardı - məni sevmək. Ondan ayrı bir şey ummurdum... Qızım Almaniyada Universitetdə oxuyur, indi tətilə gəlib, indi gəlib məni evə aparacaq. Ürəyimdən keçir ki, o da bir türklə ailə qursun... Hə, onu deyirəm, ağa, o alçaqla getmişdim Bakıya. Bilirsən harada qalırdıq? Ortasında böyük hovuz olan bağa yaxın yerdə. Şəhərin ən yaxşı? ən bahalı bir ərazisində. Yaxınlıqda bir kilsə də vardı...

- Yəqin ki, Fəvvarələr bağının yaxınlığı olub...

- Doğrudur. Dəniz də yaxınlıqda idi. Bir az aralıda bir Nizaminin və irəlidə bir şairə xanımın heykəli, kitab dükanı...

- Doğrudur. O şairə də Natəvan xanımdır...

- Orada cəmi bir xanımın adı yadımda qalıb... İndi də tez-tez onun mahnılarına qulaq asıram. Özü də oxuyur ey: "Yandım, elə yandım"... Zeynəb...

- Zeynəb Xanlarova...

- Ay sağ ol. Bax o xanım sanki mənim dilimdən deyir: "Yandım, elə yandım"...  Bəli, mənim sinəmə dağ çəkdi o pədər süxtə...

- Yəni it oğlu...

Gülüşdük.

- Ağa, deyəsən, bir az farsi bilirsən.

- Yox... Deməzdim.

- Hə, bax o it oğlu ilə belə günlər yaşadıq. Sonrası nə olsa yaxşıdır? Deyim sonrasını?

- Özünüz bilən məsləhətdir.

- Sonrası o oldu ki, o it oğlu gedib özündən çox-çox cavan, həm də zəngin bir qızla evləndi. Mənə dağ çəkdi. İndi mən də fürsət gəzirəm onun bağrina dağ çəkməyə...

Bayaqdan deyib-gülən bu şad, nikbin xanımın səsi birdən-birə titrədi. İri-qara gözlərində sanki qəzəbli pələnglər oynadı. O, doluxsunmuş halda soruşdu:

- Ağa, sən nə işin sahibisən?

- Yazı-pozu adamıyam...

- Kitab yazansan?

- Bəli, təxminən elə bir iş...

Xanım gözlərinin yaşını sildi. O, indi yağışdan sonra cilvələnən, canlanan qızılgülə bənzəyirdi.

Xanım asta, həlim səslə dedi:

- Ağa, artıq sənin otağın hazırdır. Get dincəl. Sabah sənə mübtəla olduğum bu acı eşqin mənim başıma açdığı oyunlardan yenə danışaram, istəyin olsa onları bir kitaba yazarsan...

Mən sübh tezdən Tehrana yola düşdüm...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see184

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see145

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see120

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see118

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see117

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see115

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see114

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see114

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see114

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see113

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see113

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see113

“Mançester Siti” “Əl Əyn”ni darmadağın etdi

23 İyun 2025 07:18see112

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see111

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see111

Super Liqa klubu “Zirə”nin futbolçusu ilə maraqlanır

23 İyun 2025 14:35see111

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see110

Kəskin və xroniki ağrı beynimizdə necə fərqli idarə olunur? ARAŞDIRMA

23 İyun 2025 06:24see110

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri