Icma.az
close
up
RU
İran silkələnir: Daxili narazılıq, iqtisadi böhran, xarici təsirlər TƏHLİL

İran silkələnir: Daxili narazılıq, iqtisadi böhran, xarici təsirlər TƏHLİL

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Ötən ilin sonlarından etibarən İranda baş verən etirazlar ölkənin daxili ictimai-siyasi gündəmini aşaraq regional və beynəlxalq siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu proseslər bir tərəfdən İran cəmiyyətində uzun müddət ərzində formalaşmış sosial, iqtisadi və institusional problemlərin açıq təzahürü kimi qiymətləndirilir. Digər yanaşmalarda isə etirazların yalnız spontan ictimai narazılıqla məhdudlaşmadığı, müəyyən xarici aktorların geosiyasi maraqları çərçivəsində istiqamətləndirildiyi iddiaları irəli sürülür.

Məhz bu ziddiyyətli və bir-birini istisna etməyən yanaşmalar İranda müşahidə olunan hadisələrin yalnız sosial-iqtisadi narazılıqların ifadəsi kimi deyil, eyni zamanda, ölkənin daxili siyasi sabitliyi, təhlükəsizlik mexanizmləri və regional-geosiyasi balanslar kontekstində, daha geniş və çoxölçülü siyasi-təhlükəsizlik müstəvisində təhlil edilməsini zəruri edir.

Etirazların səbəbləri – İran içindən baxış

Həmin dövrdə İranda olmuş və prosesləri birbaşa yerində izləmiş İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu vəziyyətlə bağlı APA-ya açıqlamasında bildirib ki, baş verən etirazların ilkin mərhələsi siyasi çağırışlarla deyil, sosial-iqtisadi xarakterli narazılıqlarla əlaqədar formalaşıb.

Onun sözlərinə görə, proseslərin başlanğıcında əsas motiv kimi iqtisadi islahatlar, qiymət siyasəti və gündəlik yaşayış şərtləri ilə bağlı ictimai narahatlıqlar ön plana çıxıb. Bu baxımdan, səfir etirazların ilk mərhələdə siyasi konfrontasiya məqsədi daşımadığını, daha çox sosial-iqtisadi tələblərin ifadəsi kimi ortaya çıxdığını vurğulayıb: “Dekabrın sonlarında hökumətin subsidiyalaşdırılan benzin və əsas ərzaq məhsullarının qiymətlərinə dair yeni islahat paketini elan etməsi bazarda qeyri-sabitlik yaradıb və iqtisadiyyatla yanaşı, sosial-siyasi təsir gücünə malik “Bazar” təbəqəsinin etirazına səbəb olub. Mağazaların bağlanması bu narazılığın simvolik ifadəsi kimi qiymətləndirilir. İlkin mərhələdə etirazlar dinc xarakter daşıyıb və hökumət prezident Pezeşkianın sahibkarlarla dialoqu vasitəsilə vəziyyəti nəzarət altına ala bilib. Yanvarın 8-9-da isə xaricdə fəaliyyət göstərən radikal müxalif qrupların çağırışları prosesi fərqli müstəviyə keçirib. Dinc etirazlar qısa müddətdə zorakılıq və iğtişaşlarla əvəzlənib, mülki obyektlər və təhlükəsizlik qüvvələri hədəfə çevrilib”.

Səfir hesab edir ki, iqtisadi çətinliklər real narazılıq zəmini yaratsa da, etirazların təhlükəsizlik böhranına çevrilməsi xarici amillərin əvvəlcədən planlaşdırılmış ssenarisinin nəticəsidir.

Müctəba Dəmirçilu ABŞ rəsmiləri tərəfindən səslənən bəzi bəyanatları başqa dövlətin daxili işlərinə müdaxilənin açıq nümunəsi kimi dəyərləndirir. Onun sözlərinə görə, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan bu cür məsuliyyətsiz açıqlamalar İrana qarşı aparılan “hibrid müharibə”nin tərkib hissəsidir və ölkə daxilində sabitliyi pozmağa yönəlmiş məqsədli strategiyanın mövcudluğunu göstərir.

Regional baxış - İranın qonşularının gördüyü səbəblər

Türkiyəli siyasi şərhçi, professor Aylin Ünver Noi APA-ya bildirib ki, İranda müşahidə olunan etirazların əsasını uzun müddətdir, yığılan sosial-iqtisadi problemlər təşkil edir və bu narazılıqlar sanksiyaların iqtisadiyyata təsiri fonunda daha da dərinləşib: “İranda baş verən son etirazların əsas səbəbi ölkə daxilində uzun müddətdir dərinləşən iqtisadi böhran və bunun doğurduğu sosial narazılıqlardır. Yüksək inflyasiya, işsizlik, əsas gündəlik tələbat mallarının bahalaşması və sanksiyaların iqtisadiyyata davamlı təsiri geniş əhali təbəqələrində sosial gərginliyi artırıb. Bununla yanaşı, azadlıqlar, siyasi iştirak imkanları və idarəetmə mexanizmləri ilə bağlı narazılıqlar da illərdir cəmiyyətdə mövcud olan struktur problemlər kimi etirazlar üçün zəmin yaradıb”.

Suriyalı siyasi şərhçi Ammar Qahf isə İranda baş verən etirazların səbəblərini təkcə daxili sosial narazılıqlar deyil, daha geniş regional və strateji kontekstlə əlaqələndirir.

Onun fikrincə, mövcud etirazlar miqyası və intensivliyi baxımından əvvəlki dalğalardan fərqlənsə də, əsasən, İran dövlətinin uzun illər ərzində formalaşdırdığı təhlükəsizlik mərkəzli və proksi əsaslı regional strategiyanın daxili yükə çevrilməsinin nəticəsidir.

İranın resurslarının böyük hissəsinin xarici cəbhələrə, xüsusilə proksi qüvvələrin maliyyələşdirilməsinə yönəldilməsi ölkə daxilində sosial rifahın və institusional dayanıqlığın zəifləməsinə səbəb olub”, - deyə Ammar Qahf APA-ya bildirib.

Okeanın o tayından görünən mənzərə

Amerikalı siyasi şərhçi Paolo von Şiraç İranda baş verən iğtişaşların səbəbini İran cəmiyyətində uzun illər ərzində yığılan narazılığın nəticəsi kimi qiymətləndirir.

Onun fikrincə, İran cəmiyyətində hökumətə qarşı ciddi yorğunluq və etimadsızlıq formalaşıb və bu, artıq tək-tək sosial qrupların deyil, geniş kütlələrin narazılığına çevrilib.

Amerikalı ekspert APA-ya deyib ki, daxili amillərlə yanaşı, İran dövlətinin hazırkı zəifliyi də iğtişaşların əsas səbəblərindən biridir: “İqtisadiyyatın ağır vəziyyəti, əsas gündəlik tələbat mallarının çatışmazlığı və sosial rifahın kəskin şəkildə düşməsi cəmiyyətdəki gərginliyi daha da artırıb. Eyni zamanda, İran ordusu və İnqilab Keşikçiləri Korpusunun son aylarda ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumlar nəticəsində ciddi zərbələr alması dövlətin təhlükəsizlik imkanlarını zəiflədən əlavə faktor kimi önə çıxır”.

Qərbdən baxış – Fransa nə görür?

Fransız siyasi şərhçi Gil Mihaeli isə APA-ya açıqlamasında İranda baş verən etirazların səbəblərini uzunmüddətli və çoxqatlı struktur böhranla izah edib.

Onun fikrincə, hazırkı iğtişaşlar təkcə ani sosial narazılığın deyil, son 25 il ərzində yığılan siyasi, iqtisadi və ideoloji problemlərin kulminasiya nöqtəsidir: “İnflyasiya, milli valyutanın dəyərsizləşməsi, işsizlik, mənzil çatışmazlığı və alıcılıq qabiliyyətinin kəskin zəifləməsi cəmiyyətdə ümidsizliyi dərinləşdirib. Qərbin sanksiyaları, sistemli korrupsiya və yanlış iqtisadi idarəetmə dövlətin sosial sabitliyi qorumaq imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Regiona mümkün təsirlər

İranda baş verən etirazlar təkcə ölkənin daxili siyasi sabitliyi ilə məhdudlaşmır, eyni zamanda region və Yaxın Şərqdə də potensial təsir göstərən amil kimi qiymətləndirilir. İran uzun illər ərzində regionda təhlükəsizlik, enerji və siyasi proseslərdə mühüm rol oynadığından, ölkə daxilində yaranan qeyri-müəyyənlik qonşu dövlətlər və regional aktorlar tərəfindən diqqətlə izlənilir. Proseslərin gedişatı İranın regional siyasətində prioritetlərin dəyişməsi, xarici müdaxilə imkanlarının azalması və ya əksinə, diqqəti yayındırmaq məqsədilə daha sərt xarici xəttin seçilməsi ehtimallarını gündəmə gətirir. Bu baxımdan İrandakı hadisələrin Suriyadan Türkiyəyə qədər geniş coğrafiyada siyasi və təhlükəsizlik müzakirələrinə təsir göstərməsi mümkün görünür.

Türkiyəli siyasi şərhçi, professor Aylin Ünver Noi İranda baş verən etirazların Türkiyəyə mümkün təsirini, əsasən, təhlükəsizlik, iqtisadiyyat və regional sabitlik prizmasından dəyərləndirir: “Hər hansı genişmiqyaslı qeyri-sabitlik yalnız İranın öz problemlərini dərinləşdirməklə kifayətlənməz, eyni zamanda region ölkələri, o cümlədən Türkiyə üçün də əlavə risklər yaradar. Etirazların indiyədək rejim dəyişikliyi səviyyəsinə çatmaması Ankara üçün, əsasən, idarəolunan vəziyyət kimi qiymətləndirilir”.

Suriyalı politoloq Ammar Qahf vurğulayıb ki, İranda etirazlar miqyası və intensivliyi baxımından presedentsiz olsa da, hələlik vahid liderlik və konkret siyasi proqram baxımından qeyri-müəyyən olaraq qalır. Qahf əlavə edib ki, İran artıq əvvəlki illərlə müqayisədə Suriyada hərbi və siyasi baxımdan xeyli geri çəkilib.

Bundan sonra nə baş verə bilər?

Professor Aylin Ünver Noi hesab edir ki, indiki mərhələdə etirazların hakimiyyət dəyişikliyi ilə nəticələnməsi ehtimalı azdır və proseslər daha çox sosial-iqtisadi narazılıqların idarə olunması istiqamətində formalaşa bilər.

Ammar Qahf isə İranda baş verən hadisələrin nəticələrini daha çox tədrici və dolayı dəyişikliklər prizmasından qiymətləndirir.

Onun fikrincə, etirazların yaxın perspektivdə ani və radikal hakimiyyət dəyişikliyi ilə nəticələnməsi ehtimalı yüksək deyil, lakin proseslər İran dövlətini uzunmüddətli daxili məşğuliyyət mərhələsinə sürükləyə bilər: “Hadisələrin yekun nəticəsi İranda baş verəcək siyasi transformasiyanın xarakterindən asılı olacaq. Əgər dəyişikliklər daha praqmatik və daxili bərpaya yönəlmiş xətt üzrə gedərsə, bu, region üçün sabitləşdirici təsir göstərə bilər. Əks halda, qeyri-müəyyənlik və zəif mərkəzi hakimiyyət yeni risklər doğura bilər.

ABŞ İranda baş verənlərə müdaxilə edəcəkmi?

İranda baş verən etirazlar fonunda beynəlxalq müzakirələrin mərkəzində duran əsas suallardan biri ABŞ-ın proseslərə birbaşa müdaxilə edib-etməyəcəyidir. Vaşinqtonun əvvəlki regional təcrübələri, mövcud qlobal prioritetləri və mümkün risklər nəzərə alındıqda, bu məsələ yalnız hərbi deyil, eyni zamanda siyasi, diplomatik və strateji müstəvilərdə qiymətləndirilir. ABŞ-ın mövqeyi hadisələrin gedişatından asılı olaraq, formalaşan ehtiyatlı yanaşma ilə xarakterizə olunur.

Amerikalı siyasi şərhçi Von Şiraçın qiymətləndirməsinə görə, ABŞ-ın İranda baş verən etirazlara birbaşa müdaxiləsi hazırkı mərhələdə həm siyasi, həm də hərbi baxımdan son dərəcə mürəkkəb və riskli ssenaridir.

Onun fikrincə, Vaşinqton İran daxilindəki proseslərin dərinliyini və nəticələrini dəqiq proqnozlaşdıra bilmir: “Bu qeyri-müəyyənlik ABŞ-ı tələsik qərarlardan çəkindirən əsas amillərdəndir. Sanksiyalar yalnız geniş beynəlxalq iştirak olduqda təsirli ola bilər, halbuki ABŞ-ın təkbaşına tətbiq edəcəyi məhdud sanksiyalar İran hakimiyyətini ciddi şəkildə geri addım atmağa məcbur etməyə bilər. Hərbi müdaxilə isə daha da problemlidir, çünki şəhər mühitində silahsız etirazçıların olduğu şəraitdə zərbələr humanitar fəsadlar doğura və siyasi baxımdan əks nəticəyə gətirib çıxarar. ABŞ yalnız aydın məqsəd, geniş koalisiya və uzunmüddətli strategiya olduğu halda sərt addımlar ata bilər. Əks halda, Vaşinqtonun mövqeyi ehtiyatlı təzyiq siyasəti ilə məhdud qalacaq”.

Yekun siyasi nəticə

İranda baş verən etirazlar mahiyyət etibarilə sosial iqtisadi problemlərdən qaynaqlansa da, prosesin gedişatı onu dar daxili narazılıq çərçivəsindən çıxararaq çoxölçülü siyasi və təhlükəsizlik müstəvisinə daşıyıb. Daxili struktur böhran, idarəetmə çatışmazlıqları və sanksiyaların yaratdığı təzyiq real zəmin formalaşdırsa da, xarici aktorların mövqeləri və bəyanatları etirazların geosiyasi kontekstdə şərh olunmasına səbəb olur. Mövcud vəziyyət İranın yalnız daxili sabitliyi deyil, regional balans və təhlükəsizlik arxitekturası baxımından da həlledici mərhələyə daxil olduğunu göstərir. Proseslərin nəticəsi daxili siyasi qərarlar və beynəlxalq mühitin davranışı ilə müəyyənləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri