İran üçün son iki gün: Rza Pəhləvi bu halda hakimiyyətə gələ bilər MÜSAHİBƏ
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, İranda artıq bir neçə gündür davam edən aksiyaların şiddəti getdikcə artır. Prosesin bu ssenari ilə davam etməsi necə nəticələnə bilər?
- İranda 1979-ci ildəki islam inqilabından bu yana müxtəlif təlatümlər olub. Amma indiki şəkildəki təlatümləri xatırlamaq çətindir. Üsyançıların hansısa şəhəri nəzarətə götürməsi kimi hallar İranda ilk dəfədir ki, baş verir. Polis belə etirazçıların ələ keçirdiyi şəhərlərə, qəsəbələrə daxil olmağa ehtiyat edir. Amma bu, o demək deyil ki, həmin ərazilər sona kimi etirazçıların nəzarətində qalacaq və polis, İslam Keşikçiləri Korpusu heç bir tədbir görməyəcək.
- Sizcə, prosesi ağırlaşdıran daha hansı məsələlər var?
- Hazırda İran hakimiyyəti içərisində olan fikir ixtilafı da məsələləri bir qədər ağırlaşdırır. Prezident Məsud Pezeşkian deyir ki, “etirazçılara atəş açmayın, onlarla dialoq qurun”. Bunun fonunda mühafizəkarlar çətin vəziyyətdə qalıblar. Digər tərəfdən İranın ali lideri Ayətullah Əli Xamenei də dialoqun tərəfdarı olduğunu deyib. Əslində Xamenei bu sözü deməyə məcburdur. Çünki ondan öncə Pezeşkian belə bir açıqlama verib. Amma digər tərəfdən ali lider prezidentdən fərqli olaraq iğtişaş yaradanlarla mübarizə aparacaqlarını bildirir. Bu isə o deməkdir ki, etirazçılara atəş açacağıq. İğtişaşlar başlayandan ölənlərin sayı 40-50 nəfərdir və bu getdikcə arta bilər.
- Mühafizəkarlar hakimiyyətdə olsaydı nə baş verərdi?
- İranda indiki Prezident də mühafizəkar olsa idi, onlar üçün qan tökərək etirazları yatırtmaq heç bir problem olmayacaqdı. Bu dəfə isə mühafizəkarlar əvvəllər etdiklərini edə bilmirlər. Çünki Pezeşkian hər halda İbrahim Rəisi deyil. (İranın mərhum prezidenti İbrahim Rəisi). Pezeşkian islahat şüarları altında prezident seçilib. Ona görə də etirazçılara dialoq təklif edir.
- Dialoq təklifi indiki halda nə dərəcədə effektiv görünür?
- Əslində indiki halda dialoq təklifi bir qədər qəribə görünür. Faktiki olaraq, bu gün İranda qalxan xalq hərəkatının lideri yoxdur. Belə olan halda kiminlə dialoq aparıla bilər? Hərəkatın lideri ona görə yoxdur ki, onu ya öldürəcəklər, ya da ki, həbsxanaya atıb çürüdəcəklər. Bu mənada İranda hazırda xaotik bir etiraz aksiyaları baş verir. Onların dialoq imkanları da yoxdur. Pezeşkian isə tələb edir ki, etirazçılara atəş açmayın. Amma atəş açılır, bunun nəticəsində ölüm sayında artım var. Belə olan halda vəziyyət getdikcə gərginləşə bilər.
- Aksiyaya kənardan edilən çağırışlar prosesin istiqamətini dəyişə bilərmi?
- İranda hazırkı gərgin vəziyyətin bu gün-sabah dəyişəcəyi ehtimalı var. Çünki ABŞ-də yaşayan keçmiş İran şahının oğlu Rza Pəhləvi yanvarın 8-9-da iranlıları etiraza səsləyib. Bu Pəhləvi ilə yanaşı, onu dəstəkləyən ABŞ və İsrail üçün nəbz yoxlamasıdır. Pəhləvi bununla İrandakı gücünü də müəyyənləşdirmək istəyir. Görünən odur ki, Pəhləvi bir qədər həvəslənib. Etirazçılar Tehranda pəhləvilər əleyhinə şüarlar səsləndirir. Rza Pəhləvi də elə bilir ki, indiki rejimə ən ciddi alternativ odur. Əgər bu gün və sabah İranda etirazlar daha da genişlənsə, ABŞ və İsrailin Rza Pəhləviyə dəstəyi daha da artacaq.
- İranda yaşayan bütün xalqların Rza Pəhləviyə münasibəti necədir?
- Bu ölkədə yaşayan bütün xalqların heç də hamısı Rza Pəhləvini dəstəkləmir. İranda yaşayan azərbaycanlılar molla rejimindən daha çox elə pəhləvilərdən zərbə alıb. II Dünya müharibəsindən sonra Güney Azərbaycan faktorunu ortadan qaldıran məhz Rza Pəhləvinin atası olub. O, azərbaycanlılara və İranda yaşayan digər millətlərə qarşı qəddarlıq edib. Ona görə də İrandakı azərbaycanlıların indiki rejimin yerinə Pəhləvi şah üsul- idarəsinin bərpasını tələb etməsi inandırıcı deyil.
- Pəhləvinin çağırışına İranda ciddi reaksiya olmasa nə baş verəcək?
- Bu zaman ABŞ və İsrail İranda alternativ qüvvələrin axtarışına başlayacaq.
- İranda baş verənlərin regiona təsiri ilə bağlı proqnozlar nədən ibarətdir?
- Bu ölkədəki proseslərin bölgəyə təsiri ilə bağlı proqnozlar çox azdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasında sülh prosesi əslində daha çox sürətlənə bilər. Çünki İrandakı indiki rejim sülh prosesinə mane olmağa çalışır. Hətta bu cür ağır vəziyyətdə olmasına baxmayaraq, ötən gün İran nümayəndə heyəti Ermənistana səfər edib. İranda mühafizəkarların başı özlərinə qarışsa, əllərini Cənubi Qafqazdan çəkərlər. Onsuz da onlar bölgədə gedən proseslərə mane ola bilmirlər. Azərbaycan Zəngəzur dəhlizi istiqamətində tikintiləri yekunlaşdırır. Nikol Paşinyan da seçkilərdə qalib gəlsə, gələn ilin ortalarından bu prosesə başlayacaq.
- Rusiyanın İrandakı hadisələrə müdaxilə ehtimalı varmı?
- Kremlin İrandakı hadisələrə müdaxilə ehtimalı çox zəifdir. Rusiya Suriyadakı hadisələrə də müdaxilə edə bilmədi. Onların əsas adamı olan Suriyanın sabiq prezidenti Bəşər Əsəd Moskvaya qaçdı. İranda da hadisələr bu istiqamətdə inkişaf edərsə, Moskva proseslərə qarışa bilməyəcək. Çünki Rusiyanın başı hazırda Ukrayna ilə müharibəyə qarışıb. Əgər, İranda xaos yaranarsa, biz oradakı soydaşlarımızın hüquqları uğurunda mübarizəyə dəstək verə bilərik. Çünki İrandakı azərbaycanlılara qarşı hər hansı bir addım bizə də təsir edəcək. Bu cür hadisələrin olması isə arzu olunmur. Əksinə İranda demokratikləşmə Azərbaycan dövlətinin maraqlarına cavab verir. Biz istəyirik ki, İrandan ölkəmizə qarşı normal münasibətlər olsun. Amma İrandakı mühafizəkarlar buna imkan vermirlər. İranda elə bir sistem qurulmalıdır ki, oradakı azərbaycanlıların bu ölkədə rolu artsın, tələbləri yerinə yetirilsin. Onlar dil, mədəni və siyasi statuslar əldə etsinlər. Bunların hamısı isə Azərbaycanla yanaşı Cənubi Qafqazın xeyrinə olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 08 Yanvar 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















