İran viran olur: ABŞ Pezeşkianı seçəcək, Türkiyənin ən böyük dərdi həll olacaq Əhməd Obalı ilə müsahibə
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Siyasəti şahmat ilə müqayisə edirlər. Çünki şahmatda vəziyyəti düzgün analiz etmək, mümkün gedişləri əvvəlcədən görmək və buna qarşı əks addımları hesablamaq lazım olur, lap siyasətdə olduğu kimi.
Şahmat taxtası (siyasət meydanı) yalnız fiqurların (proseslərin) düzülüşü deyil, həm də baxış bucağıdır. Burada vəziyyətə iki cür baxış var – “taxta üzərindən” və ya “müşahidəçi baxışı”.
Oturub oynayanla ayağa qalxıb baxan eyni mövqeni görmür.
Birincidə oyunçu taxta arxasında oturub vəziyyəti içəridən görməyə çalışır. Bu baxış oyunun içindəki detalları göstərir, oyunçunun masada verdiyi qərarları formalaşdırır. Bəzən təzyiq altında (seytnot) qərarlar vermək məcburiyyəti olur.
İkincisi isə ayağa qalxıb kənardan – müşahidəçi nöqteyi-nəzərindən baxışdır. Bu prizmada məsafədən görünən ümumi mənzərəni üzə çıxır, böyük şəkli görünür, oyunu kənardan oxumağa imkan yaranır.
Bu gün İranda baş verən olayları Azərbaycan vətəndaşlarının əksəriyyəti və Türk milləti dərin nigaranlıqla izləyir. Çünki bu gün türk millətinin böyük – 40 milyonluq bir hissəsinin – Güney Azərbaycan türklərinin, Qacar, Türkmən, Avşar və başqa türk xalqlarının taleyi həll olunur.
Girişə şahmatla başlamağımın səbəbi var idi. İranı həm içəridən, həm də kənardan görən şəxs baş verənləri daha dəqiq analiz edə bilər. 21 il Güney Azərbaycanda yaşamış, həbs olunmuş, rejimin ən qəddar üzünü görmüş, hazırda ABŞ-də yaşadığı üçün vəziyyəti kənardan izləyə bilən, İrandakı olaylarla maraqlanan şəxslərlə bu və ya digər şəkildə əlaqə yaratmaq imkanı, həmin ölkənin mediasına, siyasətinə yaxından bələd olan siyasi-mühacir, jurnalist Əhməd Obalı bu şəxslərdən biridir. Bu münasibətlə baş verənlərlə bağlı Güney Azərbaycanlı milli fəaldan müsahibə götürmək qərarına gəldik.
Beləliklə Günaz.TV-nin qurucusu Əhməd Obalı Bakupost.az-ın suallarını cavablandırır.
– Güney Azərbaycan türkləri təkcə azərbaycanlıları düşünməlidir, yoxsa hədəfi daha böyük götürərək başqa türkləri (Qaşqay, Avşar, Türkmənləri və s.) də yanına çəkməlidir? Həmin Türk torpaqlarına da sahib çıxmalıdırmı?
– Əlbəttə, könül istər ki, nə qədər böyük hədəflər götürüb ona sahiblənə bilək. Amma unutmayın ki, Şimali Azərbaycan müstəqilliyini elan edəndə torpqalarımızın bir hissəsini – Borçalı, Dərbənd, Qərbi Azərbaycanı itirdik. Ancaq dövlətin öncəliyi müstəqillik oldu və bu düzgün qərar idi. İndi Güneydə də bizim ərazilərə bitişik və azərbaycanlıların çoxluq təşkil etdiyi torpaqlar var. Güney Azərbaycan Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəngan, Qəzvin və Həmədan daxil olmaqla 6 ostandan (vilayət) ibarətdir. Burada azərbaycanlılar əksəriyyət təşkil edir. Hətta 3 vilayətdə – Ərdəbil, Şərqi Azərbaycan və Zənganda əhalinin 97 faizdən çoxu azərbaycanlılardır. Qərbi Azərbaycanda kürdlərin çox olduğu deyilsə də yalandır. Bu vilayətdə yaşayanların ən azı 75 faiz Azərbaycan türkləridir. Bizim ilk hədəfimiz həmin 6 vilayətin ərazisində Güney Azərbaycan dövlətini qurmaqdır. Düzdür, Qəzvində bir qədər fars, Həmədanda isə bir qədər fars və azacıq kürd də var. Amma Azərbaycan türklərinin çoxluq təşkil etdiyi üçün bu 6 vilayət qurulacaq Güney Azərbaycan dövlətinin olmalıdır.
Dövləti qurmaq çox önəmlidir. Necə ki, Böyük Atatürk ilk öncə öz doğulduğu məmləkəti Selaniki azad etməyə çalışmadı. Çünki onun nəzərində əvvəlcə Türkiyə Cümhuriyyətini qurmaq idi. Vəziyyət elə gətirdi ki, türklər və yunanlar yer dəyişdi və Türkiyə Selaniki birdəfəlik itirdi. Həmçinin adaların bir hissəsi də bu aqibətlə üzləşdi.
Düzdür, biz İrandakı bütün türkləri nəzərə almalıyıq. Amma siyasətdə və müharibədə praqmatik olmaq lazımdır. Sözümü ona gətirirəm ki, Azərbaycan indi Rusiyaya savaş elan edib Dərbəndi istəyə bilməz. 6 vilayətin ərazisində dövlət qursaq, sonra bu vilayətlərə bitişik, sonradan bizim əlimizdən alınıb digərlərinə verilən ərazilər (məsələn, rejim Bicəri kürdlərə, Sonqor və Qürrəni Kirmanşaha verdi) var. Beş il əvvəl Astaradan Ənzələyə qədər böyük ərazi Ərdəbildən alınıb Gilana qatıldı. Bununla da Ərdəbilin Xəzər dənizinə çıxışı bağlandı. Bu bizim torpaqlardır, əhalisi də Azərbaycan türkləridir. Biz həmin torpaqların hamısına sahib çıxmalıyıq. Bunun üçün ilk növbədə öz torpaqlarımızda dövlətimizi qursaq, o birilərinə də kömək etmək mümkün olar. Əks halda, dövlət olmayandan sonra Təbriz də əldən gedər, Ərdəbil də, Zəngan da. Buna görə dövlətin qurulması çox vacib məsələdir. Əgər bu mümkün olmasa, İran ən azı yüksək səviyyəli federalizmə çevrilməlidir. Bu federalların özünün ordusu, pulu və bütün dövlət rəmzləri olmalıdır. Amma ən idealı əvvəlcə Güney Azərbaycan dövlətinin yaranması və yekunda güney-quzeyin birləşib bütöv Azərbaycana çevrilməsidir.
– Güney Azərbaycanın Şimali Azərbaycandan və Türkiyədən gözləntisi nədir?
– Gözlənti böyük, vacib və məntiqlidir. Türkiyə sərhədinin cənubunda kürd zolağının yaranmasına icazə vermədi və kürdlərin Aralıq dənizinə çıxan yolunu kəsdi. Ankara bu addımı milli maraqlarını qorumaq üçün atdı. Türkiyə bilir ki, İrandakı kürdlər Naxçıvandan Loristana qədər əraziyə – Qərbi Azərbaycan torpaqlarına iddia edirlər. Türkiyə cənub sərhədlərində baş verənləri durdurduğu kimi, İranda da kürdlərin yalan iddialarına imkan verməməlidir. Çünki Azərbaycan torpaqlarını işğal etmək Türk dünyasının yolunu kəsmək deməkdir. Düzü bu iddia mümkün olan deyil. Amma yenə də kürdlərin məqsədləri budur. Və heç bir hərəkət olmasa bu siyasəti həyata keçirməyə çalışacaqlar.
Azərbaycandan isə gözlənti daha çoxdur. Çünki Türkiyə bizim qardaşımız, Azərbaycan isə özümüzdür. Təbii ki, Azərbaycan prezidentinin çıxışlarına qulaq asanda insanın həyəcandan tükləri biz-biz olur. Azərbaycan prezidenti çıxışlarında dəfələrlə Güney Azərbaycana eyhamlar vurur. Sonuncu dil barəsində çıxışında dedi ki, 50 milyonluq azərbaycanlının dili başqa dilin kölgəsində qalmamalıdır. Bu çıxışda nəyə eyham vurulduğu açıq-aşkar görünür. İranın dağılması ehtimalının yüksək olduğu tarixi zamanda biz Azərbaycan Respublikasından çox şey gözləyirik. Güneyli Azərbaycan türkləri şimaldan həm hərbi, həm məsləhət, həm də siyasi yardım umurlar. Həmin vəziyyətin yetişdiyi anda Azərbaycan NATO, ABŞ ilə danışmalı, Ankaranı inandırmalıdır ki, İranın dağılmasının Türkiyəyə xeyri var ki, ziyanı yoxdur. Əgər bu baş versə, Türk dünyası bütöv olacaq. İran və Bəşər Əsədin kürdləri Türkiyə əleyhinə qaldırırdı. Güney Azərbaycan azad olandan sonra tamamilə blokadaya düşən kürdlərin silahı yerə qoymaqdan başqa çarələri qalmayacaq. Məsələn PKK PJAK-la birlikdə Qərbi Azərbaycan torpaqlarında yerləşib. Güneyin azadlığı bu işbirliyini məhv edəcək.
– Pezeşkian bu gün türklər üçün nə etməlidir? İrandakı türklər Pezeşkiandan nə gözləyir?
– Pezeşkian fenomeni özünəinam məsələsində Güney Azərbaycan üçün şans oldu. Bu Pezeşkianın müsbət tərəfi deyil. Güneylilərin səsi sayəsində onun prezident seçilməsi çox mühüm idi. Bununla Güney Azərbaycanlılar birliyini nümayiş etdirdi. “Traktor” oyunlarında olduğu kimi bununla Azərbaycan Türkləri özlərinə inamı gücləndirdi. Özəlliklə irançıların tələblərinin əleyhinə olaraq, onun Şuşaya səfəri millətimizə müsbət təsir etdi. Amma biz Pezeşkiandan bundan artıq nəsə gözləyə bilmərik. Çünki özünün etiraf etdiyi kimi, o, sistemin içindən çıxmış adamdır. Təkcə sonuncu müsahibəsində “Etirazçıların çoxu terrorçudur” deməsi ilə xalqın gözündə qazandığı bütün reytinqi yerlə bir oldu. Pezeşkian şəxs olaraq fəsad girmədiyi və korrupsiyaya bulaşmadığı üçün təmiz adamdır. Amma o şəxsiyyət kimi özünü qoruyur. Rejimdən çəkindiyi üçün həddindən artıq diqqətlidir. Pezeşkian İranda olan sistemin prezidentidir, hansı ki, bu Azərbaycanın əleyhinədir. Ola bilər ki, Venesuelada olduğu kimi, rejimin devrilməsindən sonra ABŞ müvəqqəti olaraq Pezeşkianı postunda saxlasın və onunla işləməkdə davam etsin. Yeri gəlmişkən Pezeşkian özü də dəfələrlə Vaşinqtonla işləmək istəməsini dilə gətirib.
– Bir neçə il qabaq dəfn mərasiminə qatılan milyonlar indi Qasım Süleymaninin heykəlini yandırdı, dağıtdı. SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) güclü olmasına baxmayaraq rejimin xaricdə (İraqda) bəslədiyi yaraqlıları İranın gətirməsi nəticə verə bilərmi? Bu rejimin hətta SEPAH-a inanmaması deməkdirmi?
– Rejim, əlbəttə ki, SEPAH-a güvənir, əks halda çökər. Amma İrandakı etirazların yatırılması üçün SEPAH-ın canlı qüvvəsi kifayət etmir. Korpusun 125 min real, 25 min ehtiyat qüvvəsi var. Amma aksiyalar 100-lərlə şəhərdə keçirilir. 150 minlik qüvvə ilə SEPAH bütün aksiyalara müdaxilə edə bilməz. İraqdan “Həşdi-Şabi”, Livandan “Hizbullah” yaraqlılarının İrana gətirilməsi korpusa kömək məqsədi ilə edilib.
– Xameneinin “B planı” varmış. Qərb kəşfiyyatının məlumatına görə, rejim rəhbərinin Rusiyaya qaçmaq üçün hazırlıqlar görülür. Həftə boyu Rusiyaya uçan təyyarələrin sayında artım olub. Təyyarələrdə nə daşındığı haqda dəqiq məlumatlar yoxdur.
– Bu xəbər mətbuatda yayılan şayiəyə bənzəyir. Amma məntiq deyir ki, rejim bununla bağlı düşünüb və ağır durumun hesablamasını aparıb. Vəziyyətin gərginləşəcəyi halda gedəcəyi yerin planlarını hazırlasın.
– Pəhləvi atasına qarşı yaradılmış Rəcəvilər (Məryəm Rəcəvi) ilə müttəfiq ola bilərmi? (Rəcəvilər 1960-cı illərdə Məsud və Məryəm Rəcəvi tərəfindən İran şah rejiminə qarşı yaradılmış silahlı-ideoloji hərəkatdır. İslam və marksizm qarışığı ideologiyalı solçular sonradan radikal müxalifətə çevrilib. 1979-cu il İslam İnqilabından sonra Xomeyni rejimi ilə açıq silahlı qarşıdurmaya giriblər. Ötən yüzilliyin sonlarında bir çox ölkənin terrorçu hesab elədiyi təşkilat, 2000-ci illərdə Qərbin qara siyahısından çıxarılıb. Məsud Rəcəvi 2003-də yoxa çıxıb. Təşkilatın Fransada yaşayan lideri Məryəm Rəcəvi özünü İranın prezidenti hesab edir).
– Pəhləvi ilə Rəcəvilərin birləşəcəyinə inanmıram. İrançılıq siyasətində hər ikisi farsçı və türk düşmənidir. Amma öz aralarında problemləri var – bir-birlərini qəbul etmirlər. İranda monarxiyaya – yeni şah arzulayan yoxdur. Xaricdəki səs-küyə aldanmayın. Çünki Pəhləvinin ölkədəki bazası çox zəifdir.
– Trampın Pəhləvinin görüş və dəstək iddiasına cavab olaraq “Hər kəsə şans tanıyacağıq” deməsindən sonra Azərbaycan “Youtube” kanalının Təbrizdəki etiraz aksiyasından çəkilən görüntüləri “Truth Social” sosial şəbəkəsində paylaşması Güney Azərbaycana sətiraltı mesaj ola bilərmi?
– Pəhləvi babasını yolunu davam etdirmək niyyətini heç vaxt gizlətməyib. Heç zaman şah rejiminin törətdiyi cinayətləri pisləməyib. Baxmayaraq ki, 47 ildir ABŞ-də yaşayır, bu müddət ərzində insan hüququ barədə zərrə qədər də olsun danışmayıb. Demokratiya haqqında anlayışı yoxdur. O tamamilə faşist və diktatordur. Hələlik gücü olmadığına görə bəzən qulağa xoşgələn ifadələr işlədir. Ancaq etirazlarda bir dəfə adının çəkilməsi ilə mənəm-mənəmlik etməyə başladı. Halbuki, bu etirazlarda onun heç bir rolu olmadı. Sadəcə dalğanın üzərinə çökməyə çalışdı. “Burda mənəm, Bağdadda kor xəlifə” düşüncəsinə qapıldı, heç kəsə ehtiyac duymadığını bildridi. Çünki o hər zaman ətrafındakıları küsdürən, uzaqlaşdıran bir xarakter(sizliy)ə sahib olan şəxsdir. Əslində o həmin adamları qovmayıb, sadəcə elə bir vəziyyət yaradıb ki, yan-yörəsindəkilər çəkilib gedib. Onun İrana qayıtmasına inanmıram. Ən uzağı 10 faiz şansı var. Əgər hakimiyyətə qayıtsa, bu onun bacarığı yox, alternativsiz olmasına görə baş verə bilər. Çünki Qərb, xüsusilə ABŞ onun nə qədər boş, bivec adam olduğunu yaxşı bilir.
Belə görünür ki, Tramp üçün ən yaxşı variant rejimin içərisindən çıxan – Pezeşkian kimi bir nəfərin olmasıdır. ABŞ istəyir ki, həmin şəxs şərtləri – nüvənin zənginləşdirməsindən, ballistik raket strategiyasından, xaricdəki proksi qüvvələrin maliyyələşdirmsəindən imtina etsin. Bu səbəbdən Pezeşkian ABŞ-nin rejimdən sonrakı kriteriyasına tam uyğundur. Fikir verirsinizsə, Madurodan sonra hakimiyyətə sonuncu seçkidə 3/2 səs toplayan müxalifət yox, Venesuelanın vitse-prezidenti gəldi. ABŞ-lə işləmək şərti ilə, keçid dövründə prezidentlik Delsi Rodrigezə tapşırıldı. ABŞ məncə İranda da praqmatik davranacaq. Hakimiyyət ölkəni dağılmaqdan xilas edən bir şəxsə tapşırılacaq. Amma Pəhləvi gəlsə, İran tamamilə parçalanacaq, vətəndaş müharibəsi başlayacaq. Bu vəziyyətdə İran sonu naməlum prosesə girəcək. Amma bu ABŞ-yə sərf etmir. Vaşinqtonun ən böyük planı şərtlərini qəbul etdirmək və İranı Çinin təsirindən çıxarmaqdır. Bu uzunmüddətli strateji mübarizənin tərkib hissəsidir.
– Əgər Qərb İranın parçalanmasına imkan verməsə, Sizcə Güney Azərbaycan türkləri İranı türk dövlətinə çevirə bilərmi? Necə ki, 100 il əvvəl farslar ingilislərin köməyi ilə hakimiyyəti ələ keçirdi, indi vəziyyət 180 dərəcə dəyişsə, 100 il əvvəlki Qacar dövləti kimi, amma gerçək türk dövləti, türkdilli dövlət olması şansı ola bilərmi?
Yeri gəlmişkən Pezeşkian türkdür və ölkənin seçilmiş dövlət başçısıdır. İranın ordusundakı türklər güclü postlar tutur. Rejimin çökməsi halında vəziyyət bizim xeyrimizə dəyişə bilər. Bu vəziyyətdə Türkiyənin də dəstəyini nəzərə alsaq, bu plan əlçatmaz deyil.
Xahiş edirəm bu sualımı pafos kimi başa düşməyin. Çünki bəzi əsaslarım var. Məsələn, Lyuk Koffi bir müddət bundan qabaq “X”də Azərbaycan bayrağı ilə birlikdə “Hazır olun!” paylaşımı edib. Keçmiş ABŞ zabiti, Britaniyalı rəsminin bu paylaşımı İrandakı yüksək post tutan türklərə da mesaj ola bilərmi?
(Lyuk Koffi ABŞ ordusunun zabiti olub. 2005-ci ildə Əfqanıstanda xidmət edib. İstefaya gedəndən sonra Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə müşaviri, Müdafiə nazirinin xüsusi müşavir vəzifəsində çalışıb).
– Heç bir dövlət İranın parçalanmasını istəmir. Hətta istəsə belə bunu dilə gətirə bilməz. Çünki bu separatizm olduğu üçün BMT qanunlarına ziddir. Amma bir xalq özünün müstəqilliyini istəyirsə və bunun uğrunda mübarizə aparsa, heç bir dövlət buna qarşı çıxa bilməz. Məsələn, SSRİ dağılandan sonra 15 müstəqil dövlət meydana gəldi. Yuqoslaviyanın aqibətini yaxın keçmişdir. Sudanda Cənubi Sudan ayrıldı. Əgər millət ayrılmaq istəsə, onu saxlamaq mümkün olmayacaq. Buna görə, İranın parçalanması Qərbin istəyindən yox, xalqın iradəsindən asılıdır.
İranın türk dövlətinə çevrilməsi isə əsla mümkün deyil. Bu ehtimalın milyonda bir şansı yoxdur. Çünki İranda hakimiyyət farsların əlindədir və onlar da hakimiyyətdən əl çəkməz. İranda azərbaycanlılar, türkmən, bəlluclar, ərəblər var. Hər millət öz torpağında dövlətini qurmaq istəyir. Öz torpağımızda dövlətimizi qurmaq bizim üçün ən əlverişli variantıdır. Bu səbəbdən İranda türk dövlətinin yaranması mümkün deyil.
Lyük Kafinin Azərbaycan bayrağını qoyub “Hazır olun” paylaşımını gördüm. Mən Kafini tanıyıram. Münasibətlərimiz var. Hazırda Vaşinqtondayam və onu görsəm paylaşımının mənasını soruşacam. Məncə, Kafininn bu paylaşımı Cənubdan çox Şimali Azərbaycana ünvanlanıb. Məncə bunun altında yatan “Güney Azərbaycan məsələsi alovlanırsa, Şimal buna hazır olmalıdır” mesajıdır.
Cavid SƏRXANBƏYLİ, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 16 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















