“Beynəlxalq münasibətlər sistemi hazırda qeyri sabitlik mərhələsindən keçir“ ŞƏRH OLUNDU
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Donald Trampın səsləndirdiyi açıqlamalar indiki mərhələdə daha çox siyasi bəyanat xarakteri daşıyır və praktik reallaşma baxımından hələlik mübahisəli görünə bilər. Lakin bu bəyanatların mahiyyəti və ideoloji çərçivəsi onların təsadüfi ritorika olmadığını göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, Trampın çıxışları ABŞ xarici siyasətində köklü yanaşma dəyişikliyinin anonsu kimi dəyərləndirilə bilər və bu, mövcud beynəlxalq münasibətlər sisteminə ciddi təsir potensialına malikdir:
“Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ-ın özü tərəfindən formalaşdırılmış liberal-demokratik dəyərlər sistemi və Vudro Vilsonun Birinci Dünya müharibəsindən sonra irəli sürdüyü prinsiplər əsasında qurulan beynəlxalq münasibətlər modeli Tramp dövründə açıq şəkildə sual altına alınır. Uzun illər “qlobal nizamın memarı” kimi çıxış edən ABŞ, bu mərhələdə öz yaratdığı normativ çərçivədən uzaqlaşaraq fərqli, daha sərt və milli maraqlara əsaslanan bir yanaşma sərgiləyir.
Bu kontekstdə ABŞ-ın faktiki olaraq öz ideoloji mirasını zəiflətməsi və hətta aradan qaldırması barədə danışmaq mümkündür. Tramp administrasiyasının atdığı addımlar göstərir ki, Vaşinqton mövcud beynəlxalq münasibətlər sistemini qorumaqdan daha çox, yeni bir qlobal nizamın formalaşdırılmasına cəhd edir. Bu yeni nizam isə liberal beynəlxalqçılıqdan deyil, güc balansı və sərt realizm prinsiplərindən qaynaqlanır.
ABŞ-ın Venesuellaya münasibətdə sərgilədiyi müdaxiləçi mövqe, Qrenlandiya ilə bağlı səsləndirilən iddialar, eləcə də digər dövlətlərə qarşı aqressiv və iddialı ritorika bu yanaşmanın praktik təzahürləri kimi çıxış edir. Bu cür davranışlar göstərir ki, formalaşmaqda olan yeni dünya nizamı əvvəlki dövrlərdən fərqli olaraq beynəlxalq hüququn və çoxtərəfli mexanizmlərin üstünlüyü üzərində deyil, güc amilinin dominantlığı üzərində qurulacaq.
Bu proses tamamilə yeni deyil. Uzun müddətdir ki, beynəlxalq hüququn norma və prinsiplərinin real siyasi proseslərdə effektiv işləmədiyi müşahidə olunur. Ədalət və bərabərlik anlayışları çox vaxt formal xarakter daşıyır, dövlətlərin milli maraqları və strateji hədəfləri isə həm beynəlxalq hüququn, həm də BMT Nizamnaməsinin müddəalarından üstün tutulur. Trampın fərqi ondadır ki, o, bu reallığı gizlətmədən açıq şəkildə bəyan edir və beynəlxalq hüququn dövlətlərin atacağı addımlar üçün məhdudlaşdırıcı mexanizm olmadığını sözlü şəkildə təsdiqləyir.
Beynəlxalq münasibətlər sistemi hazırda dərin transformasiya və qeyri-sabitlik mərhələsindən keçir. Bu mərhələdə dövlətlər öz təhlükəsizliklərinin əsas təminatçısı kimi beynəlxalq institutları deyil, məhz öz milli imkanlarını və güc potensiallarını görürlər. Qlobal institutlar və beynəlxalq hüquq getdikcə zəmanət mexanizmi rolunu itirir, dünya siyasəti isə daha çox güc, maraq və qarşıdurma balansı üzərində formalaşmağa başlayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 16 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















