İrandan Naxçıvana aksiz markasız siqaret gətirən Türkiyə vətəndaşı azadlığa buraxıldı
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan MR Culfa Rayon Məhkəməsində aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satmada təqsirləndirilən Türkiyə vətəndaşı İsmail Çiftkolun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və Türkiyə vətəndaşına 2 000 manat miqdarında cərimə cəzası təyin edilib. İsmail Çiftkolun həbsdə saxlandığı 63 gün müddət nəzərə alınıb, təyin edilmiş cərimə cəzası yüngülləşdirilib və onun üzərində 1 000 manat miqdarında cərimə cəzası saxlanılıb. Hökm qanuni qüvvəyə minənədək İsmail Çiftkolun barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbsdən azad olunub.
İttihama görə, İsmail Çiftkol 13 mart 2025-ci il tarixdə, saat 06 radələrində Naxçıvan Muxtar Respublikası Culfa rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postu vasitəsilə idarə etdiyi “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından gəlib. O, Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə gedərkən istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi ümumilikdə 490 qutu (9800 ədəd) müxtəlif markalı məcburi nişanlanma ilə nişanlanmalı olan, nişanlanmamış siqaretləri yük nəqliyyat vasitəsinin kabinində yerləşən yuxarı dolabın arxasında və qoşqunun soyuducu mühərrikinin dəmir konstruksiyasında olan boşluqlarda gizlədərək ölkə ərazisinə satış məqsədilə idxal edib. Həmin gün yük nəqliyyat vasitəsinin gömrük nəzarəti xəttində yoxlanılması zamanı isə qeyd olunan siqaretlər aşkar edilərək götürülüb.
Kamal Məmmədov


