İraqlıları Azərbaycandan küsdürən sirli əl Viza alverinin arxasında kim dayanır?
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Məşhir ingilis diplomatı Henri Uottonun sözləridir: "Səfir öz ölkəsinin xeyri üçün başqa ölkəyə yalan danışmağa göndərilmiş vicdanlı adamdır".
Amma təəssüf ki, bu sözləri Azərbaycanın bəzi xarici ölkələrdəki səfir və diplomatları haqqında işlətmək mümkün deyil. Məsələ burasındadır ki, onlar xarici ölkələrdə Azərbaycanı deyil, özlərini, öz maraqlarını düşünürlər və nəinki əcnəbiləri, Azərbaycan rəhbərliyini də aldadırlar. Söhbət təkcə yalanlardan da getmir. Bəzi ölkələrdəki diplomatlarımız bütün iş-gücünü bir tərəfə atıb, öz bizneslərini qurmaq üçün min bir oyundan çıxırlar. Bürokratik əngəllər yaratmaqdan başlamış viza alverinə, rüşvət və korrupsiyaya qədər...
Bütün bu əməllərin nəticəsi isə o olur ki, xarici ölkəyə milli maraqlarımız təmsil etməyə, ölkə başçısının uğurlu xarici siyasət kursunu həyata keçirməyə, ölkəmizin beynəlxalq nüfuzunu qaldırmağa göndərilən diplomatların bəziləri nəinki bu istiqamətdə heç bir ciddi adam atmırlar, əksinə, Azərbaycanın adına xələl gətirir, imicini yerlə bir edirlər. Onların fırıldaqçılığı, biznes maraqları, vəzifə səlahiyyətlərindən yararlanıb milyonlar qazanmaq ehtirası bizə baha başa gəlir: həmin ölkədə Azərbaycana və xalqımıza qarşı mənfi münasibət formalaşır.
Digər tərəfdən, bu cür fəaliyyət turizmlə bağlı dövlət siyasəti ilə ziddiyyət təşkil edir və ona ağır zərbə vurur. Azərbaycan hökuməti bir sıra ölkələrlə gediş-gəlişi sadələşdirmək, ölkəyə turist axınını, təbii ki, həm də turizmdən gələn gəlirləri artırmaq yönündə siyasət yürüdür. Bəzi səfir və diplomatların süni əngəlləri, tətbiq etdikləri özünəməxsus "qaydalar", yaratdıqları turizm monopoliyası isə Azərbaycana səfər etmək istəyən əcnəbilər qarşısında "Çin səddi"nə çevrilir. Ölkəmiz külli miqdarda turizm gəlirləri və sərmayələrdən məhrum olur.

Götürək elə Azərbaycanın İraqdakı səfirliyini. Neçə illərdir ki, bu səfirliyin adı müxtəliv neqativ hadisə və qalmaqallarda hallanır. Bir neçə il əvvəl mətbutada İraqdan Azərbaycana səfər edən turistlərin viza alan zaman ciddi bürokratik əngəllər, rəsmi dövlət rüsumundan qat-qat baha olan məbləğlə üzləşmələrindən bəhs edən yazılar dərc olunurdu. Hətta 2020-ci ildə xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovun vəzifə səlahiyyətlərindən istifadə edərək, 10 ilə yaxın müddətdə ərəb turistlərin ölkəyə gəlişi ilə əlaqədar viza alveri etdiyi barədə faktlar açıqlandı və həmin ilin sentyabrında o, vəzifəsindən azad edildi. Nazir müavini postunu şəxsi gəlir mənbəyinə çevirən, verilən vizaları qeydiyyata almayan Nadir Hüseynovun bu yolla milyonalarla manat gəlir əldə etdiyi bildirilirdi. Eyni vəziyyətin İraqdakı səfirliklə bağlı yarandığı da qeyd olunurdu.
İraqdakı səfiriyimiz nə işlə məşğul olur?
Qeyd edək ki, hazırda Azərbaycanın İraqda səfiri yoxdur. Onun səlahiyyətlərini müvəqqəti işlər vəkili Elnur Məmmədzadə yerinə yetirir. Ona qədər isə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov idi. 2019-2023-cü illərdə İraqdakı səfirliyimizə müşavir, müvəqqəti işlər vəkili vəzifəsini tutan Nəsir Məmmədov 2023-cü ilin 29 avqustunda fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi. 16 dekabr 2024-cü ildə isə o, geri çağırılıb. Başqa sözlə, Nəsir Məmmədov səfir olduğu müddətdə viza qalmaqalını yoluna qoya bilməyib və uzun illərdir mövcud olan bu problem hələ də qalmaqdadır.
Elnur Məmmədzadə
Artıq vəziyyət o həddə çatıb ki, əvvələr sosial şəbəkələrdə şikayətlənən İraq vətəndaşları, iş adamları artıq Azərbaycanın dövlət qurumlarına, xaricə səfər edən rəsmi şəxslərə səfirliyimizin fəaliyyəti, viza və pasport alveri, süründürməçilik, bu sahədə monopoliya yaradılması, rüşvət tələb edilməsi ilə bağlı şikayət edirlər. Azərbaycana sərmayə yatırmaq istəyən İraq şirkətləri də bu vəziyyətdən narazıdırlar.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, vəziyyətdən narazı olanlardan biri də İraqda fəaliyyət göstərən "Alkaither" şirkətidir. Şirkətin nümayəndəsinin bildirdiyinə görə, səfirlik vizaların verilməsi sahəsində qeyri-rəsmi monopoliya yaradıb. Belə ki, viza rəsmiləşdirilməsi yalnız "Əl-Zaeem" adlı şirkət vasitəsilə həyata keçirilir. Nəticədə rəsmi rüsum 20 ABŞ dolları olsa da, viza İraq vətəndaşlarına 350-400 dollara başa gəlir.

"Alkaither" təmsilçisinin iddiasına görə, İratqdakı digər şirkətlər səfirliyə viza üçün sənədlər təqdim etdikdə müraciətlərə uzun müddət baxılmır, müxtəlif bəhanələrlə onlara cavab verməkdən imtina edilir. "Əl-Zaeem" şirkəti vasitəsilə edilən müraciətlər isə qısa zamanda müsbət həllini tapır.
İraqın sadə vətəndaşları da səfirliyin yaratdığı "viza monopoliyası"ndan əziyyət çəkirlər. Onlardan biri də Samer Faisal Abdulsaheb Smaysemdir. O, viza üçün müraciət etdiyi Azərbaycan səfirliyinin davranışından çox narazı qalıb.

Bakupost.az -a açıqlamasında S.Smaysem bildirib ki, bu il avqustun 27-də Azərbaycana viza almaq üçün səfirliyə müraciət edib. Ona müraciətin qəbul edildiyinə dair rəsmi bildiriş verilib. Lakin 15 gün ərzində məsələyə baxılacağı bildirilsə də, S.Smaysem ay yarım ərzində heç bir cavab ala bilməyib. Onun dediyinə görə, bu, “Əl-Zaeem” adlı şirkətin səfirliklə birgə yaratdığı monopoliya ilə əlaqədardır:
“Dostlarım məndən bir həftə sonra “Əl-Zaeem” şirkəti vasitəsilə viza üçün müraciət etdilər. Onlar 345 ABŞ dolları ödəyərək, 3 gün ərzində viza aldılar. Mənə də məsləhət gördülər ki, özünü yorma, viza almaq istəyirsənsə, yeganə yol “Əl-Zaeem”ə müraciət etməkdir".

S.Smaysemin sözlərinə görə, rəsmi müraciətlərə baxılması məqsədli şəkildə yubadılır, vasitəçi şirkətlərin xətti ilə edilən müraciətlər isə sürətlə və böyük məbləğ qarşılığında həllini tapır: "Bu, insanları manipulyasiya etmək və korrupsiyadır. Səfirliyin ədalətsiz davranışı səbəbindən mən tətilimi və səyahətimi təxirə salmalı oldum, ən əsası isə Azərbaycana etibarımı itirdim. Bu, sevdiyim və hörmət etdiyimiz ölkənin nüfuzuna zərər vurur”.
Qeyd edək ki, bu, İraq vətəndaşlarından olan ilk belə şikayət deyil. Bundan bir neçə il əvvəl Rania Moxsen və Zəhra əl-Cuburi adlı iki İraq vətəndaşı da ədalətsiz məhdudiyyətlərdən bəhs etmiş və bu məsələdə səfirliyi günahlandırmışdılar.
Göründüyü kimi, 20 dollarlıq viza İraq vətəndaşlarına öz dəyərindən 40-50 dəfə baha satılır. Bu biznesdən qazanılan milyonlarla dollar isə Azərbaycanın xarici siyasətinin etibar edildiyi "diplomatlar"ın və onların himayədarlarının cibinə gedir...
“Əl-Zaeem” şirkəti kimindir?
Yuxarıda qeyd etdiyimiz kimi, İraq vətəndaşları, iş adamları səfirliyimizlə yanaşı “Əl-Zaeem” şirkətinin də fəaliyyətindən narazıdırlar. Qeyd edək ki, "Əl-Zaeem" ərəb ölkələrində tanınmış brenddir. Bu brend altında Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İraqda bir neçə şirkətlər qrupu, hətta mühafisə, futbol klubları və s. fəaliyyət göstərir. Məsələn, mərkəzi ofisi Qətərdə yerləşən "Əl Zaeem Group" tibb, əczaçılıq və laboratoriya xidməti, səyahət və turizm, elektrik avadanlıqları və avtomobil ehtiyat hissələrinin satışı, restoran biznesi sahəsində fəaliyyət göstərir və şirkətin müxtəlif ölkələrdə onlarla filialı mövcuddur.
İraq vətəndaşlarının şikayətçi olduğu "Əl Zaeem Group" isə 2012-ci ildə yaradılıb və Bağdadın Əl-Mənsur rayonunda yerləşir. Turizm və səyahətlərin təşkili sahəsində ixtisaslaşan şirkətin baş direktoru Mohammed Alzaeemdir.

Sosial şəbəkə hesabındakı məlumatlarından aydın olur ki, onun yalnız səfirliyimizdə deyil, Azərbaycanda da ciddi əlaqələri var. Mohammed Alzaeem indiki vəzifəsinə qədər bir neçə il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Zaomi Travel"in baş direktoru olub. Ümumiyyətlə, "Əl Zaeem Group" yalnız turizm deyil, əmlak bazarında da ciddi fəaliyyəti ilə diqqət çəkir.

Şirkətin Dubay, Əbu Dabi, Bakı və digər şəhərlərdə ciddi biznes layihələri var. "Əl Zaeem Group"un Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak sahəsində ixtisaslaşan "Al Zaeem Real Estate" şirkətinin baş direktoru Əhməd Loubanidir. Şirkətin Bakı ofisi isə Xətai rayonu Mərkəzi bulvar küçəsi 5 ünvanında yerləşir.

Yuxarıda qeyd olunan şikayətlərlə bağlı Azərbaycan şəfirliyi ilə şərikli biznes qurmaqda adı hallanan “Əl-Zaeem” şirkəti ilə sosial şəbəkə üzərindən əlaqə saxladıq. Yaxın dostumuzun Azərbaycana səyahət etmək istədiyini bildirdik və viza məsələsində yardım istədik. Şirkətdən heç bir problem olmadığını, 500 ABŞ dolları qarşılığında viza və təyyarə bileti təşkil edə biləcəklərini söylədilər.

Qeyd edək ki, Bağdaddan Bakıya aviabiletlər uçuşdan bir neçə həftə əvvəl alındıqda onların qiyməti təqribən 160-190 ABŞ dolları edir. “Əl-Zaeem” şirkətinin açıqlamasından da aydın olur ki, Azərbaycana vizaların real qiyməti 20 dollar olsa da, bu, Bağdaddan Bakıya uşmaq istəyənlərə təqribən 300-350 dollar edir. Aviabilet və vizanın birlikdə qiyməti isə 500 dollar və ondan artıq təşkil edir.
Maraqlıdır, Azərbaycan XİN-də bu olaylardan xəbərdardırlarmı?
Məsələ ilə bağlı XİN-ə sorğu ünvanlasaq da, hələlik cavab almamışıq.
Zahid,BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 24 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















